Məhkəmə qərarları › İş №2(103)-3076/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3076/2023

17.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3076/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X2 cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-61/2023 saylı qərardadından İddiaçı1 Xanlar oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X2 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-61/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz, icra məmurunun hərəkətlərindən şikayət qaydasında müvafiq məhkəməyə müraciət olunmalıdır.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı 24 noyabr 2021-ci il tarixli qərardadına və Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. İddiaçı1 Xanlar oğlu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır və qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Lakin məhkəmə qanunda konkret göstərilməyinə və qanun olmasına baxmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına istinad edərək, iş üzrə icraata xitam vermişdir.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 131.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli, 02/2021 saylı qərardadının 32ci bəndində göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

14. Belə ki, mülki işin materiallarından hazırki iş üzrə iddiaçıların tələbkar olduqları icra sənədi üzrə borcluya məxsus daşınmaz əmlakla bağlı hərracın keçirilib-keçirilmədiyi müəyyən edilmir.

15. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən hərracın sifariş edilib-edilmədiyini, edildiyi təqdirdə hərracın keçirilib-keçirilmədiyini müəyyən etdikdən sonra işə iddia icraatı qaydasında baxılmalı olub-olmaması barədə qərar qəbul edə bilərdi.

16. Lakin işdən göründüyü kimi, birinci instansiya məhkəməsi bunu araşdırmadan iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-61/2023 saylı qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar