Məhkəmə qərarları › İş №2(103)-308/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-308/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-308/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "X5" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1508/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "X5" ASC-yə (bundan sonra, cavabdeh) qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 2782sSUMb/21 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 5500 manat borcun əsassız hesab edilməsi və həmin borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus cavabdeh bank tərəfindən açılmış **********251610 nömrəli “Albalı” kredit kartı hesabından xx.xx.2022-ci il tarixdə naməlum şəxslər tərəfindən mobil tətbiq məlumatlarının qanunsuz olaraq ələ keçirilməsi ilə 9700 manat məbləğində pul vəsaiti gizli olaraq oğurlanmışdır. Baş vermiş faktla bağlı iddiaçının müraciəti əsasında Sumqayıt şəhər Polis İdarəsi tərəfindən 12 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Sonradan, cavabdehin özü tərəfindən görülən tədbirlər nəticəsində oğurlanmış 9700 manat pulun 4200 manat hissəsi geri qaytarılmış, qalan 5500 manat vəsaitin isə qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra, cavabdeh tərəfindən ona borc məbləği və faizlər hesablanmış, qanunazidd olaraq onun qohumlarına və valideynlərinə zənglər edilməyə başlanılmışdır. O, dəfələrlə cavabdehə bank/kart hesabı məlumatlarının ələ keçirilməsinin onların proqram tətbiqində və tranzaksiyalara nəzarətdə olan qüsur və çatışmazlıqlarla bağlı olduğunu bildirsə də, cavabdeh qanunsuz hərəkətlərini davam etdirməkdədir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh tərəfindən mobil bank tətbiqinin və kredit kartı məlumatlarının təhlükəsizliyi kifayət qədər təmin edilməmişdir. Pul vəsaitini oğurlamış şəxslər tərəfindən yalnız "xxxx" ASC-yə məxsus adətən istifadə etdiyi “8117” nömrəsinə göndərilmiş şifrə və onun mobil nömrəsi öyrənilməklə mobil tətbiqdə olan hesabı ələ keçirilmişdir. Əgər düzgün təşkil edilsə idi, digər bank tətbiqlərində olduğu kimi ondan kart nömrəsi tələb edilməli və ya ona kodun dəyişməsi barədə sms bildiriş gəlməli idi. Ona hər hansı sms bildiriş gəlməmiş və tərəfindən kiməsə kredit kartı məlumatları təqdim edilməmişdir. Lakin buna baxmayaraq, onun mobil tətbiqdə olan hesabı rahatlıqla ələ keçirilmişdir. Mobil tətbiqdə olan qüsuru digər tətbiqlərlə müqayisə etməklə asanlıqla görmək mümkündür. Bundan əlavə, cavabdeh tərəfindən tranzaksiyalara nəzarət təmin edilməmişdir. O, kartı uzun müddətdir ki, istifadə edirdi və ödənişlərinin həcmi adətən aylıq 500 manat civarında olmuşdur. Cavabdeh tərəfindən anidən onun hesabından 9700 manat kimi böyük məbləğin (tam limitin) köçürülməsi nəzarətə götürülməmiş və onun təsdiqi alınmamışdır. Qeyd edilənlər cavabdehin bank hesabı və məlumatların, həmçinin tranzaksiyaların təhlükəsizliyini düzgün təşkil etməməsinin və zərərin yaranmasında təqsirli olmasının göstəricisidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1508/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia rədd olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin məhkəmə tərəfindən işin hallarının lazımi qaydada araşdırılmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, öz mövqeyinin ziddiyyəti formada əsaslandırılması, maddi və prosessual normaların səhv tətbiq olunması, cavabdeh banka məxsus mobil tətbiqin asanlıqla ələ keçirilməsi və nəticədə iddiaçıya məxsus hesabdan onun sərəncam verməməsinə baxmayaraq, pulun hesabdan silinməsi, bankın öz öhdəliklərinin icrasına və müştərilərin bank məlumatlarının qorunmasına etinasız yanaşması və öhdəliklərini lazımi qaydada icra etməməsi və s. göstərilmişdir. Elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış sənədlərdən görünür ki, iddiaçı "xxxx" KB ASC cavabdeh İddiaçı qarşı “xx.xx.2021-ci il tarixli 2782sSUMb/21 saylı kredit müqaviləsi”nə əsaslanmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5542,59 manat əsas borcun, 1018,4 manat faiz, 72,48 manat cərimə, cəmi 6633,47 manat borcun və 86,79 manat ödənilmiş dövlət rüsumunun “Unibank» KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, həmin iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4641/2023 nömrəli (2(103)- 308/2024) mülki işi üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırlmışdır (Qubaqlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-509/2023 nömrəli qərardadı). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, "xxxx" KB ASC məhz hazırki iş üzrə mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli 2782sSUMb/21 saylı kredit müqaviləsindən irəli gələn borcun cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı 5542,59 manat əsas borcun, 1018,4 manat faiz, 72,48 manat cərimə, cəmi 6633,47 manat borcun və 86,79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin tələb üzrə mülki işə Qubadlı Rayon Məhkəməsində baxılır və hazırkı işə görə icraat dayandırılmışdır. Bankın qeyd olunan tələbi ilə hazırkı tələb eyni kredit müqaviləsinə əsaslanır. Bu səbəbdən, hazırkı iş üzrə iddianın baxılmamış saxlanması əsasları mövcuddur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirmiş, əlavə olaraq bankın iddiası əsasında Qubadlı Rayon Məhkəməsinin icraatında olan 2(006)-1508/2024 nömrəli iş üzrə İddiaçı 5542,59 manat əsas borcun, 1018,4 manat faiz, 72,48 manat cərimə, cəmi 6633,47 manat borcun və 86,79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iş olduğunu, həmin işin icraatının hazırkı işə baxılıb yekun qərar qəbul edilənədək dayandırıldığını, hər iki işin eyni kredit müqaviləsinə əsaslandığını bildirərək, hazırkı iş üzrə iddianın baxılmamış saxlanması məsələsninin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia baxılmamış saxlanılmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixli 2782sSUMb/21 saylı kredit müqaviləsi üzrə cavabdehə qarşı əsassız hesablanmış borcun silinməsini xahiş etmiş, bank isə digər məhkəmədə eyni kredit müqaviləsi üzrə analoji borcun iddiaçıdan tutulması barədə iddia qaldırmışdır. Göründüyü kimi, hər iki tələb eyni kredit müqaviləsindən irəli gələn borcla bağlıdır və mahiyyət etibarilə eynilik təşkil edirlər. Əsas iddia tələbi kredit müqaviləsindən irəli gələn borcun tutulması ilə bağlı bankın iddiasıdır və cavabdehin hazırki tələbi mahiyyət etibarilə həmin iddiaya qarşı etirazdır (yəni, iddiaçı faktiki olaraq kredit borcunun bankın iddia etdiyi məğləbdə olmamasını bildirir). Hazırki iddia tələbindən görünür ki, iddiaçı kredit müqaviləsi üzrə 5500 manat borcun əsassız hesablanmasını bildirir, bank isə iddia tələbində 5542,59 manat əsas, 1018,4 manat faiz, 72,48 manat cərimə olmaqla, cəmi 6633,47 manat kredit borcunun tutulmasını tələb etmişdir. Belə olan halda, iddiaçının kredit borcunun məbləği ilə bağlı hazırki dəlilləri məhz bankın kredit borcunun tutulması barədə iddiası çərçivəsində araşdırılmaqla mübahisəli məsələlərə hüquqi qiymət verilməlidir. Bu hal həmçinin mübahisə ilə bağlı hərtərfli, tam və obyektiv araşdırma aparılması və prosessual qənaət prinsipi baxımından da zəruridir. Həmçinin qeyd edilməlidir ki, hər iki iddiada tərəflərin bir-birinə qarşı analoji tələblər irəli sürməsi halı da vəziyyəti dəyişdirmir, mahiyyət etibarilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisənin mövcudluğu müəyyən edilir. Halbuki, MPM-in 259.0.4-cu maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarın 1.1-ci bəndinə əsasən, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "X5" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1508/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1508/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin, iddia baxılmamış saxlanılsın. Məhkəmə xərci İddiaçı aid edilsin. İddiaçıdan apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar