Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3080/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «qanunsuz zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-506/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki, "xxxx" QSC-nin X1 İdarəsinin verdyi xx.xx.2003-cü il tarixli, 10 saylı orderə əsasən Cavabdeh1 sahəsi 30 kv.m olan, 10 saylı otaq ailə üzvləri ilə birlikdə ayrılmışdır.
2. "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixdə təsdiq etdiyi siyahıda xx.xx.2015-ci il tarixinədək mənzil növbəsində olan və ev verilməsi nəzərdə tutulan işçilərin siyahısında Biləcəri qəsəbəsi, Y.Hüseynov 12 ünvaninda yaşayan, ailə tərkibi 4 nəfər olan Cavabdeh1 mənzil verilməsi planlanmışdır.
3. "xxxx" QSC-də xx.xx.2015-ci il tarixində alqı-satqı müqaviləsinin təqdim olunmasına dəvət olunmuş şəxslərin siyahısında Cavabdeh1 ilə 694 №-li müqavilə imzalanmışdır.
4. "xxxx" QSC-nin Biləcəri Stansiyası tərəfindən verilmiş 18 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh1 xx.xx.1981-ci il tarixdən stansiyada operator vəzifəsində çalışır, hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır.
5. ünvan 1 ünvanında yerləşən yataqxana 1714 nömrə ilə "xxxx" QSC-nin balansında olan daşınmaz dövlət əmlakı kimi registrdə qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ADY-nin balansında olan ünvan 1 ünvanında yerləşən yataqxananın qanunsuz olaraq zəbt edilmiş 10 nömrəli otağının Cavabdeh1 tərəfindən boşaldılaraq ADY-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiada göstərib ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) balansında olan ünvan 1 ünvanında yerləşən yataqxanada 10 nömrəli otaq Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı, ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə qanunsuz zəbt edilmiş ərazinin boşaldılması barədə cavabdehə xəbərdarlıq edilmiş, ona həmin otağın qanunsuz zəbt edilməsinin qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş otaq boşaldılmamış və təhvil verilməmişdir. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-506/2025 saylı, 12 mart 2025ci il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbinin təmin edilərək “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan ünvan 1 ünvanında yerləşən yataqxananın 10 nömrəli otağının Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 tərəfindən boşaldılması və iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluq prinsipinin tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu hüququn konstitusion mahiyyətini dəyişməməlidir. Hazırki mübahisə predmeti olan yataqxana otağı iddiaçının balansında, mülkiyyətindədir və cavabdehlərin həmin ünvanda yaşaması, iddiaçının təkidinə baxmayaraq, ünvanı tərk etməməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqdadır. Həmçinin cavabdeh iddiaçı təşkilatın əməkdaşı olmaqla özünün etirafı ilə həmin yataqxanada mənzili tutmuş, lakin sonradan iddiaçı qurum bir çox işçilərinin mənzil problemini həll etmiş, həmçinin cavabdehə də yeni tikili binada ailə tərkibi nəzərə alınaraq 3 otaqlı mənzil verilmişdir. Göstərilən xüsusatları cavabdeh də təsdiq etmiş, lakin yeni verilən mənzili borcu və səhhətində problemləri olduğuna görə satdığını və şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Münasibətlərin yarandığı dövrü tənzimləyən mənzil qanunvericiliyi isə istər yataqxana otağı, istərsə də xidməti mənzildən sonradan işçiyə digər yaşayış sahəsi verilməklə çıxarılmasını mümkün hesab etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3 otaqlı yeni tikili mənzil aldıqlarını etiraf etmiş və onu təmir etmək və şəxsi ehtiyacları üçün satdıqlarını bildirmişdir. Lakin bu hal, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə uyğun olaraq ətraflı şəkildə dəyərləndirilməyib. Məhkəmənin müəyyən etdiyi müddət və prosedurda cavabdehə qarşı tətbiq olunan qərar sosial ədalət və qanun normalarına uyğun deyildir. Cavabdeh, qeyd edilən yataqxananın otağını zəbt etməmiş, əksinə, orada ailə vəziyyəti və tibbi səbəblərə görə uzun müddət qalmağa məcbur olub. Cavabdehə verilən yeni mənzilin tam olaraq şəxsi ehtiyaclar üçün istifadə edilməsi cavabdehin hüquqları daxilindədir. Bu maddəyə əsasən, dövlət və ya onun nəzarətində olan qurumlar (burada ADY dövlət şirkətidir) vətəndaşı faktiki yaşayış yerindən çıxararkən sosial vəziyyəti və real alternativin mövcudluğunu nəzərə almalıdır. Əgər alternativ real və istifadə üçün yararlı deyilsə, çıxarılma qeyri-mütənasibdir. "xxxx" QSC tərəfindən 80-ə yaxın əməkdaşa mənzil təqdim edilsə də, onların əksəriyyəti yeni mənzilə köçməmiş, əvvəlki yaşayış yerlərində yaşamlarını davam etdirmişlər. Lakin yalnız cavabdeh və ailə üzvlərinə qarşı Binəqədi Rayon Məhkəməsinə iddia qaldırılmış və yaşadıqları 32 illik mənzildən çıxarılmaları tələb edilmişdir. Cavabdeh ailəsi ilə birlikdə hazırda yaşadıqları bu ünvandan çıxarılarsa, onların alternativ yaşayış yeri yoxdur. Belə bir qərar onları evsiz qalmaq, müalicə imkanlarını itirmək, sosial təhlükə altına düşmək, insan ləyaqətinə zidd şəraitdə yaşamaq məcburiyyətində qalmaq kimi hallarla qarşılaşdıracaqdır. Avropa Sosial Xartiyasının 31-ci maddəsinə əsasən, dövlət üzərinə götürür ki, evsizliyin qarşısını almaq, sosial cəhətdən zəif təbəqələri qorumaq üçün tədbirlər görsün. Yəni, cavabdeh şəxsin yeganə yaşayış sahəsindən çıxarılması, onu evsiz qoyacaqdır. Cavabdeh ailəsi ilə birlikdə hazırda yaşadıqları bu ünvandan çıxarılarsa, onların alternativ yaşayış yeri yoxdur. Belə bir qərar onları evsiz qalmaq, müalicə imkanlarını itirmək, sosial təhlükə altına düşmək, insan ləyaqətinə zidd şəraitdə yaşamaq məcburiyyətində qalmaq kimi hallarla qarşılaşdıracaqdır. Cavabdeh və ailəsi səhhətində problem olduğu üçün və müəyyən miqdarda borcu olduğu üçün pula ehtiyacı var idi. Əslində, evi 5 illik müddətində satmaq ixtiyarı yox idi. Məcbur qalaraq ADY QSC-nin həmkarların sədri Fəzail müəllimə müraciət edərək evin satılmasına icazə aldılar. Evi satdıqdan sonra pulun bir qismini borcunu ödədi. Özü 5 dəfə əməliyyat olub. Həyat yoldaşı ağır şəkər xəstəsi və çarəsi tapılmayan fil xəstəliyindən əziyyət çəkir. 2 ayağı da şişdir, güclə gəzir. Müalicəsi daimidir. Qızları sinir xəstəliyindən əziyyət çəkirlər, hazırda müalicələri davam edir. Məhkəmə araşdırma zamanı tərəflər arasında mübahisəni doğru və obyektiv şəkildə araşdırmamışdır. Məhkəmənin müəyyən etdiyi müddət və prosedurda cavabdehə qarşı tətbiq olunan qərar sosial ədalət və qanun normalarına uyğun deyildir. Cavabdeh mənzilə olan ehtiyacını şərh edərək həmin otağı təmir edə bilmədiyini, öz şəxsi ehtiyacları üçün satdığını bildirmişdir. Məhkəmə bu sosial faktları və cavabdehin həyat şəraitini nəzərə almadığı üçün düzgün qərar qəbul etməmişdir. Hazırda cavabdehin və ailə üzvlərinin səhhəti aşağıdakı kimidir: Cavabdeh özü 5 dəfə cərrahi əməliyyat keçirmiş və səhhəti daim nəzarətdə saxlanılmalıdır. Həyat yoldaşı Cavabdeh3 ağır şəkər xəstəsidir və həmçinin fil (limfedema) xəstəliyindən əziyyət çəkir. Hər iki ayağı şişmiş, hərəkət qabiliyyəti son dərəcə məhdudlaşmışdır, davamlı müalicəyə ehtiyac duyur. Qızları Cavabdeh2 və Cavabdeh4 xroniki sinir sistemi pozuntularından əziyyət çəkir və onların da müalicəsi hal-hazırda davam etdirilir. Həmçinin o da qeyd edilməlidir ki, maddi imkanların aşağı səviyyədə olması səbəbilə cavabdeh uzun müddət kirayədə yaşamış, lakin 1993-cü ildə Biləcəri qəsəbəsi, İlqar Kərimov küçəsi 23 ünvanında yerləşən, "xxxx" QSC-nin balansında olan, yaşayış üçün yararsız vəziyyətdəki yataqxana binasında bir otağa ailəsi ilə birlikdə köçmüşdür. Həmin dövrdə otaqda heç bir yaşayış şəraiti mövcud olmamış, lakin cavabdeh ailəsinin təhlükəsizliyi və sığınacaq ehtiyacını ödəmək məqsədilə öz vəsaiti hesabına məkanın minimum yaşayış üçün yararlı vəziyyətə salınmasına nail olmuşdur. Hesab edir ki, yuxarıdakı hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdilər.
12. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC nümayəndəsi Nümayəndə1, apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
15. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsi:
Maddə 105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; [79] yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.
Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
24. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
25. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
27. Əvvəla, qətnamədən cavabdehlərdən yalnız Cavabdeh1 öz adından apellyasiya şikayəti verib, digər cavabdehlər isə qətnaməni mübabahisələndirməyib. Deməli, digər cavabdehlərin adından apellyasiya şikayəti vermək səlahiyyəti olmadığından qətnamə yalnız Cavabdeh1 aid hissədə yoxlanılır.
28. İşdən müəyyən edilir ki, cavabdehlərin çıxarılmasını istədiyi yataqxana otağı iddiaçının balansındadır və daşınmaz əmlakın dövlət registrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Demək ki, qeyd olunan otaq iddiaçının balansında olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.
29. Belə ki, iddiaçının vəsaiti hesabına cavabdehə 2015-ci ildə mənzilə ehtiyacı olan işçi kimi 3 otaqlı 120 kv. metr sahəsi olan mənzil verilməsi işin mübahisəsiz halıdır. Bunu cavabdeh tərəf hər hansı bir formada təkzib etmir. Cavabdeh həmin mənzili özünün və ailəsinin şəxsi ehtiyacını qarşılamaq məqsədi ilə satdığını bildirsə də, bu barədə, yəni konkret hansı tarixdə, qaydada və formada, eləcə də neçəyə satdığı, əldə edilən vəsaiti necə və nəyə sərf etməsi, artıq nə qədər vəsait qalması barədə məhkəməyə mötəbər sübut təqdim etməyib. Buna baxmayaraq, qeyd olunan mənzilin həqiqətən cavabdeh tərəfindən əvəzi ödənilməklə özgəninkiləşdirməsi də hazırkı iddianın əsaslılığına heç bir təsiri ola bilməz. Çünki iddiaçı təşkilat tərəfindən əvəzsiz verilən yeni mənzilin satılması cavabdehə çıxarılması tələb edilən yataqxana otağında qalmasına əsas vermir. Başqa sözlə, cavabdehə yeni mənzil ona görə verilib ki, o, iddiaçının balansında olan yataqxana otağını tərk etsin. Lakin cavabdeh yeni mənzil verildiyi vaxtdan 10 ilə yaxın müddət keçsə də mübahisəli otaqdan çıxmaq istəmir.
30. Bundan əlavə, cavabdeh şikayətində qeyd edir ki, verilən yeni mənzilin tam olaraq şəxsi ehtiyaclar üçün istifadə edilməsi cavabdehin hüquqları daxilindədir. Göründüyü kimi, cavabdeh hüquqlarından istifadəni yaxşı bilsə də nədənsə vəzifələrini sanki unudur yaxud olmadığını düşünür. Üstəlik dövlət və ya onun nəzarətində olan qurumların (burada ADY dövlət şirkətini nəzərdə tutur) vətəndaşı faktiki yaşayış yerindən çıxararkən sosial vəziyyəti və real alternativin mövcudluğunu nəzərə almamaqda qınayır. Düzdür, cavabdehin düşdüyü vəziyyət anlaşılan ola bilər, ancaq iddiaya münasibəti başadüşülən deyildir. Bu cür yanaşma daha çox hüquqdan suiistifadə xarakteri daşıyır.
31. Bundan başqa, iddiaçının yeni mənzil təqdim etdiyi 80-ə yaxın əməkdaşının həmin mənzillərə köçməməsi, əvvəlki yaşayış yerlərində yaşamaları həqiqi olsa belə bu hal da iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Əvvəla, cavabdeh buna dair sübut təqdim etməyib. İkincisi, iddiaçının həmin şəxslərə qarşı iddia irəli sürməməsi, həmçinin cavabdehin çıxarılması tələb edilən otaqdan çıxarılacağı təqdirdə vəziyyətinin arzuolunmaz olacağı da bu iddianı rədd etmək üçün əsas deyil. Çünki iddiaçı iddiasında israrlıdır, məhkəmə onu iddiasından imtina etməyə məcbur edə bilməz. Hətta cavabdehin və ailə üzvlərinin sağlamlıq vəziyyəti də fərqli qərar qəbul etməyə hüquqi imkan vermir. Buna görə də, mübahisələndirilən qətnamə ədalətsiz görünə bilər, lakin əsassız və qanunsuz deyildir. Göstərilənlərə baxmayaraq, qətnamənin qanuni qüvvəsini alacağı təqdirdə icra icraatı çərçivəsində tərəflər mübahisəni barışıq sazişi ilə həll edə yaxud icra sənədinin icrasının təxirə salınması barədə razılaşa bilərlər.
32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-506/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-506/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.