Məhkəmə qərarları › İş №2(103)-3082/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3082/2021

13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3082/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı maddi və mənəvi zərərin əvəzinin, habelə əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(008)-3018/2020 saylı qətnaməsindən iddiaçı və cavabdehlərin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı maddi və mənəvi zərərin əvəzinin, habelə əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ziyanın əvəzi kimi 9660 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat, əldən çıxmış faydanın əvəzi kimi 15000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı və X7 ərizə ilə məhkəməyə müraciət edərək X4 da iddiaçı kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə Ermənistan SSR-dən qaçqın düşmüş və 1998-ci ildə hazırda yaşadıqları ünvanda onlara 29 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpağı əkib-becərmiş, ev tikmiş və təndir qurmuşlar. 2018-ci ilin mart ayının sonunda cavabdehlər Cavabdeh1 və X6 yeznələri Ramillə birlikdə hücum çəkərək üç ədəd təndirlərini dağıtmış, çoxlu bar verən ağaclarını kökündən çıxarmış və istifadələrində olan 19 sot torpağı zorakılıq yolu ilə əlindən almışlar. Üç ədəd təndirin dağıdılmasına görə ona 450 manat, təndirin taxtadan ibarət 8 metr uzunluğunda, 7 metr enində şifer çardağının dağıdılmasına görə 4600 manat, 100 ədəd bar verən ağacların, 8 ədəd şam ağacının və 7 ədəd çinarın kökündən çıxarılmasına görə 1000 manat, 15 ədəd dəmir setkaya görə 450 manat, 70 ədəd 20-lik armatura görə 140 manat, 4 maşın mişar daşına görə 1500 manat, 1 maşın quma görə 300 manat, 5 maşın peyinə görə 100 manat, 20 ədəd fanerkaya görə 320 manat, 1 ədəd soyuducuya görə 500 manat, 1 ədəd paltaryuyan maşına görə 300 manat olmaqla ona cəmi 9660 manat maddi ziyan dəymişdir. Bundan əlavə, onlar təndirdə çörək bişirib satmaqla gündə 40-50 manat məbləğində gəlir əldə edirdilər. 2018-ci ilin mart ayında həmin təndirlər dağıdıldığına görə 15000 manat məbləğində gəlirdən məhrum olmuşlar. Cavabdehlərin qanunsuz hərəkətləri ona mənəvi zərər vurulmasına da səbəb olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(008)- 3018/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi kimi 1000 manat, mənəvi zərərin əvəzi kimi 500 manat pulun cavabdehlər Cavabdeh1 və X1 tutularaq İddiaçı və X4 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı və X7 iddia tələbinin təmin olunmamasına dair hissədə qətnamənin ləğv olunaraq iddianın tam təmin olunmasını, Cavabdeh1 və X6 isə iddianın qismən təmin olunması hissəsində qətnamənin ləğv olunaraq iddianın tam rədd olunmasını xahiş etmişlər. İddiaçı və X4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 3 ədəd təndirin dağıdılmasını qəbul etdiyi halda, təndirin üzərində quraşdırılmış çardağın dağıdılmasına qiymət verməmiş, ağacların və onlara məxsus olan əmlakın dağıdılması hissəsində iddianı əsassız olaraq təmin etməmiş, mənəvi zərərin əvəzi kimi tutulan pul zərərin həcminə uyğun olmamışdır. Cavabdeh1 və X6 isə apellyasiya şikayətini belə əsaslandırmışlar ki, İddiaçı və X7 qaçqın kimi İsmayıllı rayonunda məskunlaşaraq orada pasport qeydiyyatına alınmış, torpaq islahatı zamanı onlara İsmayıllı rayonunun ərazisində torpaq sahəsi verilmişdir. Onlar 2013cü ildə cavabdehlərə məxsus olan torpaq sahəsini zəbt edərək hasarı uçurmuş, ağacları məhv etmiş, dəfələrlə cavabdehlərə qarşı zorakılığa yol vermişlər. İddia ərizəsində qeyd olunan əmlakların İddiaçı və Mirəndam Qarayevə məxsus olması barədə iş materiallarında heç bir sübut yoxdur. Onlar təndirdə çörək bişirib satmaqla məşğul olduqları təqdirdə dövlətə vergi verməli və vergi ödəyicisi kimi qeydiyyatda olmalı idilər. Bundan əlavə, İddiaçı əmlaklarının 2018-ci ilin mart ayında dağıdıldığı halda, bundan iki il sonra məhkəməyə müraciət etməsinin səbəbini izah edə bilməmiş, məhkəmədə ziddiyyətli izahatlar vermişdir. Tərəflərin izahatları məhkəmə iclas protokollarında düzgün əks olunmamış, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və Cavabdeh1 öz apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdilər. Digər cavabdeh X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı və X4 apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh1 və X2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(008)-3018/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, İddiaçı və X7 1988-ci ildə Ermənistan SSR-dən qaçqın düşərək Azərbaycan SSR ərazisində məskunlaşmış və hal-hazırda İsmayıllı rayonunun Uştal kəndində pasport qeydiyyatındadırlar. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə həmin ailəyə 7,82 ha pay torpaq sahəsi verilmişdir. İddiaçı və X5 Bakı şəhəri Pirşağı Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07.11.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Binəqədi-Pirşağı şosesi 25 saylı sahədə yerləşən 0,3641 ha torpaq sahəsi “Əli” kiçik müəssisəsinin mülkiyyətindədir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, “Əli” kiçik müəssisəsinin təsisçiləri X8 və qeyriləridir. İş materiallarında olan Ələddin və Nəciməddin İsmayılovların şikayət ərizələri ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 dekabr 2015-ci il, 26 yanvar 2018-ci il, 28 mart 2018-ci il tarixli qərarlardan görünür ki, tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı dəfələrlə münaqişə baş vermiş, X12 İsmayılovu, İddiaçı isə Nəciməddin İsmayılovu döyməyə görə ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı və X4 birgə ərizəsi əsasında Mirəndam Qarayevi iddiaçı qismində tanımaqla səhvə yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, iddia İddiaçı tərəfindən qaldırılmışdır. Mülki prosessual qanunvericilikdə iddia ərizəsində iddiaçı kimi qeyd olunmayan şəxsin prosesin gedişində əlavə iddiaçı qismində tanınması nəzərdə tutulmamışdır. Konkret halda Mirəndam Qarayev cavabdehə qarşı iddia irəli sürməklə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində və ya iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb oluna bilərdi. Buna görə də hazırkı işdə X4 prosessual statusu iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin statusuna uyğun gəlir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən 23 oktyabr 2020-ci il tarixli iclas protokolunda əks olunan cavabdeh X2 iddiaçıya məxsus təndirləri dağıtmasına dair izahatına (i.v.133) və həmin təndirlərin iddiaçıya məxsus olması barədə şahid qismində dindirilmiş X9 ifadəsinə (i.v.134) istinad etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdehlər bütün məhkəmə iclaslarında iddianı etiraf etmədiklərini bildirmişlər. Bundan əlavə, X6 protokola dair qeyd verərək 23 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatın təhrif olunduğunu, iddiaçılara məxsus olan kürələri dağıtması barədə izahat vermədiyini, əksinə məhkəmə iclaslarında iddiaçılara məxsus olan kürələri dağıtmadığını bildirməsini göstərmiş və qeydlərin düzgünlüyünün təsdiq olunmasını xahiş etmişdir. Digər Cavabdeh1 da məhkəməyə protokola dair qeydlər barədə ərizə vermişdir. Ərizəyə tərəflərin, o cümlədən cavabdehlərin iştirakı olmadan baxılmış və ərizələr təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, “Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehin həmin məhkəmədə 2013-cü ildən sonra 1500 ABŞ dollarının nağd şəkildə iddiaçıya verməsinə dair izahatına istinad edərək iddia müddətinin kəsilməsi nəticəsinə gəlməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir: Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu maddənin tələblərinə görə, faktın etiraf olunması məhkəmə iclasının protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Lakin C.Əzimov məhkəmə iclasının protokolunu imzalamamış, əksinə protokolda qeyd olunan etiraf izahatı ilə bağlı etirazını təqdim etmişdir. C.Əzimovun məhkəmə iclasının protokoluna dair qeydləri apellyasiya instansiyası məhkəməsi tərəfindən onun iştirakı olmadan baxılmış və 27 noyabr 2017-ci il tarixli qərardadla rədd edilmişdir. Göründüyü kimi, sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməmişdir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; - qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Protokol yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edildikdə hüquqi əhəmiyyət daşıyır. Məhz düzgün tərtib edilmiş protokol sübutların obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və nəticə etibarilə qərarın ədalətli və əsaslı olmasına mühüm töhfə verir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır.” İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən X2 iddiaçıya məxsus təndirləri dağıtmasına dair izahatına istinad etsə də, ziyanın, o cümlədən maddi ziyanın əvəzinin hər iki cavabdehdən tutulmalı olması qənaətinə gəlmişdir. Kollegiya həmçinin vurğulayır ki, iddiaçı ona ziyan vurulması ilə nəticələnən hadisənin 2018-ci ilin mart ayında baş verməsini göstərsə də, iddia ərizəsinin bundan iki il sonra, 2020ci ilin mart ayında məhkəməyə verilməsini əsaslandırmamışdır. Həmçinin 2018-ci iln mart ayında iddiaçının qeyd etdiyi tərəflər arasında baş vermiş münaqişə, o cümlədən iddiaçıya məxsus olan əmlakın məhv olunması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunması barədə iş materiallarında heç bir sənəd yoxdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, 2018-ci ilin mart ayının 8də Cavabdeh1 İddiaçı tərəfindən döyülməsi barədə material üzrə araşdırma aparılmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı və X7 hazırda məskunlaşdıqları torpaq sahəsinə dair hər hansı hüquqlarının olması, habelə həmin torpaq sahəsində quraşdırılmış kürədə çörək bişirib qanuni şəkildə gəlir əldə etmələri, vergi ödəyicisi kimi qeydiyyata alınmaları, dövlətə vergi ödəmələri barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və X5 məxsus olan əmlakın cavabdehlər tərəfindən məhv edilməsi barədə iş materiallarında kifayət qədər sübut yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yenə həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyi halda, birinci instansiya məhkəməsi iddianı qismən təmin etdiyinə görə Cavabdeh1 və Nəciməddin İsmayılovun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(008)-3018/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. İddiaçı və Mirəndam Qarayevin apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və X4 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 və X2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(008)- 3018/2020 saylı qətnaməsi maddi zərərin əvəzi kimi 1000 manat, mənəvi zərərin əvəzi kimi 500 manat pulun cavabdehlər Cavabdeh1 və X1 tutularaq İddiaçı və X4 xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar