Məhkəmə qərarları › İş №2(103)-309/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-309/2024

12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-309/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qapalı səhmdar cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «istehlakçı hüquqlarının pozulması ilə əlaqədar qüsurlu avtomobilin yenisi ilə əvəz olunması və mənəvi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh qapalı səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-153/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. 09 iyun 2022-ci il tarixli 94/22 saylı alqı-satqı müqaviləsinə əsasən 2022-ci il istehsalı 1 ədəd Göy rəngdə “X7” sedan tipli (XW8ZZZCKZNG021500) mühərrik nömrəsi CWV958270 yeni minik avtomobili Cavabdeh QSC tərəfindən alıcı İddiaçı satılmışdır.

2. Cavabdeh QSC-nin 94/22 nömrəli avtomobilin təhvil-təslim Aktına əsasən VW Polo Exclusive markalı, şassi nömrəsi - XW8ZZZCKZNG021500 olan avtomobil 09 iyun 2022-ci il tarixdə satış meneceri - Efendiyev Elxan tərəfindən alıcı – İddiaçı təhvil verilmişdir.

3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** MO *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” minik avtomobili xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyatdan keçmişdir.

4. TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla İddiaçı tərəfindən 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə olunmuşdur.

5. 048438 saylı İddiaçı verilmiş Arayışda 22 avqust 2022-ci il tarixdə, saat 13:00 dəqiqədə Bakı-Quba yolunun 15-ci km-də Wolkswagen Polo markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi xarici əzintilər aldığı göstərilmişdir.

6. Cavabdeh QSC tərəfindən tərtib edilmiş Qüsur Aktında cəmi iş haqqı - 4141.8 AZN, cəmi E/H-nin qiyməti - 20655 AZN, cəmi təmir xərcləri - 24796.8 AZN qeyd olunmuşdur.

7. Cavabdeh QSC-nin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosu, Vəkil1 ünvanladığı 18 oktyabr 2022-ci il tarixli № 1710 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Volkswagen” Polo Exclusive markalı avtomobil cənab Əliyevə satılarkən, istifadəyə tam yararlı və bütün zəmanət şərtlərinə uyğun şəkildə təhvil verilmişdir, həmçinin, avtomobil təqdim edilərkən, müştəriyə onun istismar təlimatı verilmişdir. Bu təlimatla tanış olmağa və avtomobili ona uyğun istifadə etməyə müştərinin öhdəliyidir. Avtomobiliin istismar təlimatında göstərilmiş məlumata əsasən, təhlükəsizlik yastıqlarının açılması bir neçə faktorla əlaqəlidir və mümkün deyil ki, təhlükəsizlik yastıqları istənilən zərbə nəticəsində açılsın. Daha ətraflı məlumat üçün İstismar Təlimatının müvafiq “Təhlükəsizlik” bölməsi ilə ətraflı tanış olmağınız tövsiyyə olunur.

8. Cavabdeh QSC-nin İddiaçı ünvanladığı cavab məktubunda qeyd olunmuşdur ki, qəza nəticəsində aldığınız kəllə-beyin travmaları və yastıqların açılmamasının səbəbləri göndərdiyiniz şəkillərdən və avtoservisə gətirilmiş avtomobildən müəyyən etmək olmur. Kəllə-beyin travmalarının xüsusiyyətləri və dərəcəsi, həmçinin yaranma səbəbləri müvafiq həkim tərəfindən təsdiq edilməlidir. Aldığınız travmalar və yastıqların açılmaması arasında mütləq əlaqəli səbəb olmalıdır. Baş vermiş qəza ilə bağlı müvafiq dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəd mövcud olmalıdır. İstismar təlimatında təhlükəsizlik yastıqlarının açılma mexanizmi təsbit edilmişdir. Məsəl üçün, təhlükəsizlik kəmərlərinin bağlı və ya toqquşma zamanı sürətin yüksək olmaması yastıqların açılmamasına gətirib çıxarda bilər. Avtomobilin texniki müayinəsinin nəticəsində qeyd edə bilərik ki, kuzovun güc çərçivəsinin kritik zədəsi yoxdur. Eyni zamanda müəyyən olunur ki, qəza zamanı avtomatik əyləc funksiyası işə salınmışdır. Odur ki, zədə olmadığından, hava yastığı idarəetmə bloku isə zərbəni qeydə aldığından, zərbə təhlükəsizlik yastıqlarının açılması üçün tələb olunan səviyyəyə çatmamışdır. Yəni, avtomobilə dəyən zərbə hava yastıqlarının işə salınması üçün kifayət deyildi.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı Cavabdeh qapalı səhmdar cəmiyyətinə qarşı istehlakçı hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona satılmış qüsurlu avtomobilin müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi və dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiada göstərilir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə (AZERBAİJAN VOLKSWAGEN VÖEN:**********) bağlanmış 09 iyun 2022-ci il tarixli 94/22 nömrəli Avtomobilin alqı-satqı müqaviləsinə əsasən 2022-ci il istehsalı olan 1 ədəd Göy rəngdə “X7” sedan tipli (XW8ZZZCKZNG021500) mühərrik nömrəsi CWV958270 yeni minik avtomobilini almışdır. Həmin avtomobilin alınması üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" ASC-də olan bank hesabına 35600 (otuz beş min altı yüz) manat vəsait ödəmişdir. Mülkiyyətində olan “Volkswagen” Polo Exclusive markalı avtomobilin qabaq hissəsi, 22 avqust 2022-ci il tarixdə saat 13:00-da Bakı-Quba yolunun 15 km-də magistral avtomobil yolunun hərəkət hissəsində, qadağan olunmuş ərazidə dayanmış X8 məxsus “Ford Tranzit” markalı, ** KU *** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılaraq ağır zərbədən yararsız hala düşmüşdür. Avtomobilə dəyən zərər təxminən 20.000 (iyirmi min) manatdan yuxarı olan məbləğdədir. Lakin avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin avtoservisinə təqdim olunmuşdur. Həmin şirkət tərəfindən tərtib edilmiş Qüsur aktına əsasən avtomobilə dəymiş zərər 24796.8 (iyirmi dörd min yeddi yüz doxsan altı manat, səksən qəpik) AZN qiymətləndirilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “X7” markalı avtomobil digər avtomobillə toqquşduğu anda təhlükəsizlik yastıqları açılmamışdır. Bu səbəbdən də, özü də xəsarət alaraq kəllə-beyin travması almış, hərəkətlərində müvəqqəti pozğunluq yaranmış, mənəvi - psixi sarsıntı keçirmişdir. Bildiyinə görə, təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır. Qəza zamanı çəkilən fotoşəkillər və video görüntülərdə əks olunan belə ağır zərbədən avtomobilin təhlükəsizlik yastıqlarının hansı səbəbdənsə açılmaması əşyanın qüsurlu olmasına dəlalət edir. Avtomobil aşağı surətdə də belə toqquşduğu an sistem dərhal aktivləşməli idi. Hava yastıqlarının iş prinsipini göstərən sistem SRS (X2 - X9) adlanır ki, həmin sistemdə də görünür nasazlıq olmuşdur və qəza zamanı həmin sistem işə düşməmişdir. Hesab edir ki, bu hal həm istehsalçının və həm də satıcının (dillerin) xətası ilə bağlı olan haldır. İstisna olunmur ki, ona məxsus bu avtomobilə aid olan, ölkədə satılan bu partiya avtomobillər qeyd olunan qüsurla əhaliyə satılmışdır. Aralarında bağlanmış 09 iyun 2022-ci il tarixli 94/22 nömrəli Avtomobilin alğı-satqı müqaviləsinin 3.1.2-ci bəndinə əsasən Satıcı avtomobilin AZS standartına və keyfiyyətə uyğun olmasını təmin edir. Ümumi qəbul olunmuş digər ekvivalent dünya standartlarına uyğunluq sertifikatları əlavə olaraq təqdim oluna bilər. 09 iyun 2022-ci il tarixli 94/22 nömrəli Avtomobilin alğı-satqı müqaviləsinin 3.1.5. b) bəndinə və Müqaviləyə 1 nömrəli Əlavənin 1- ci bəndinə əsasən avtomobilin Alıcıya təhvil verilməsi tarixindən etibarən onun keyfiyyətinə 3 (üç) il müddətinə 100.000 km qaçış məsafəsinə tam zəmanət verilir. Satıcı avtomobilin göstərilən zəmanət şərtlərinə uyğun olaraq yaranacaq nasazlıqları öz hesabına aradan qaldırmağı öhdəsinə götürür. Bəhs olunan avtomobilin müşahidəedici sənədləri, yəni istifadə qaydaları ölkənin qanunvericiliyinin tələblərinin əksinə olaraq milli dildə deyildir. Ona dəymiş həm maddi, həm də mənəvi zərərin əvəzi olaraq satılmış qüsurlu avtomobilin müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi tələbi ilə həmin şirkətə müraciət etmişdir. Lakin Cavabdeh QSC-nin baş direktorunun imzası ilə ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən qarantiya çərçivəsində avtomobilin təmir etməsindən və kompensasiya ödənilməsindən imtina olunmuşdur. Daha sonra o və vəkili ilə birgə xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC-nin baş direktoru Camal Quliyevin qəbulunda olmuş, tələbi ilə bağlı yalnız onlara məxsus şirkətdə avtomobil təmir olunarsa servisin Qüsur aktına əsasən qiymətləndirilən dəyərdən təxminən 1500-2000 AZN çıxmaqla güzəşt edilə bilər və yaxud, başqa təmir sexində avtomobil təmir olunarsa Cavabdeh QSC-dən alınan detalların qiymətlərində 10% aşağı qiymət güzəşt ediləcəyini bildirdi. Bu təklif onu təmin etmədiyindən, təbii ki, bu təkliflə razı olmadığını bildirmişdir. Habelə, avtomobildə yaranmış qüsurlara aydınlıq gətirilməsi məqsədilə müvafiq vəkil sorğusu ilə müraciət etsələr də yenə də, Cavabdeh QSC tərəfindən qoyulan suallara əvvəlki məktubunun məzmununa uyğun şablon və əsaslandırılmamış xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq cavab verməkdən yayınmışdır. Qoyulan suallara cavab verilməməsi, həmçinin, satıcı şirkətin bu partiya avtomobillərin AZS standartına və keyfiyyətinə uyğun olmasını təmin edən və müvafiq dövlət qurumlarında qeydiyyatdan keçən normativ sənədlərinin mövcud olmadığı, sertifikatlaşdırılmadığı, ümumi qəbul olunmuş dünya standartlarına uyğunluq sertifikatlarının olmaması qənaətinə gətirir (məktublar əlavə olunur). Bu baxımdan, ona dəymiş maddi ziyan Cavabdeh QSC-dən alınaraq ödənilməlidir. Bundan başqa, yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Volkswagen” Polo Exclusive markalı avtomobil digər avtomobillə toqquşduğu anda təhlükəsizlik yastıqları açılmadığı üçün özü də xəsarət alaraq kəllə-beyin travması almışdır, hərəkətlərində müvəqqəti pozğunluq yaranmış, mənəvi - psixi sarsıntı keçirmişdir. Hazırda tələbədir, işləyib min bir əziyyətlə pul yığıb maşın almış, mövcud vəziyyətlə bağlı pis maddi durumla qarşılaşmış, avtomobili yararsız vəziyyətdədir, onun təmirinə belə maddi vəsaiti yoxdur. Ödədiyi bu qədər vəsait müqabilində şirkət tərəfindən ona qüsurlu avtomobil verilməsi, həqiqətən mənəvi iztirab çəkməyinə, əsəb sisteminin pozulmasına gətirib çıxarıb. Hazırki vəziyyətdə həm maddi, həm də mənəvi ziyandan əziyyət çəkir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-153/2023 saylı, 07 iyun 2023cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia tələbinin təmin edilməməsi və keçirilmiş ekspertiza tədqiqatınn dəyərinin də iddiaçıdan tutulması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1128.1-ci maddəsinə görə isə, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. İddiaçı müvafiq iddia tələblərini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələblərinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni qəzanın avtomobilin sürətlər qutusunda yaranan problemin malın (konkret halda avtomobilin) qüsurunun nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Nə qədər ki, qəza iddiaçının özünün təqsiri üzündən törədilmiş və qəzanın məhz avtomobildə yaranmış nasazlıq ilə əlaqəli olduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən Cavabdeh QSC tərəfindən ona satılmış qüsurlu avtomobilin müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi hissəsində tələb əsassız olduğu üçün təmin edilməməlidir. Başqa sözlə, avtomobilin istehlakçıya (iddiaçıya) texniki qüsurlu vəziyyətdə verildiyi sübuta yetirilməmişdir; bu isə malın istehsalçısının və ya satıcısının məsuliyyətini istisna edir. İddiaçının tələbi mənəvi zərər hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı təhlükəsizlik yastıqlarının açılmaması səbəbindən kəllə-beyin travması almasını, hərəkətlərində müvəqqəti pozğunluq yaranmasını, mənəvi-psixi sarsıntı keçirməsi və sağlamlığının pozulması hallarını sübut edə bilməmişdir. İddiaçı təhlükəsizlik yastıqlarının açılmaması nəticəsində 10000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Volkswagen” Polo Exclusive markalı avtomobil digər avtomobillə toqquşduğu anda təhlükəsizlik yastıqları açılmadığı üçün xəsarət alaraq kəllə-beyin travması almış, hərəkətlərində müvəqqəti pozğunluq yaranmış, mənəvi-psixi sarsıntı keçirmişdir. Ödədiyi bu qədər vəsait müqabilində şirkət tərəfindən ona qüsurlu avtomobil verilməsi, həqiqətən mənəvi iztirab çəkməyinə, əsəb sisteminin pozulmasına gətirib çıxarmışdır. Hazırki vəziyyətdə həm maddi, həm də mənəvi ziyan çəkir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında Cavabdeh qapalı səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə və nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 587.2.1. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (maddə 624.1.1); alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2); malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3.); malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (maddə 624.1.4). Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Maddə 1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Maddə 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Maddə 1131. Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Maddə 4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. Ancaq iddia ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

26. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı yol nəqliyyat hadisəsi törədərkən mülkiyyətində olan avtomobilin təhlükəsizlik yastığının açılmaması qeyd olunan avtomobilin qüsurlu olduğuna və ona həqiqətən də cavabdeh tərəfindən zərər vurulduğu qənaətinə gəlmək üçün əsas vermir. Çünki, bu faktla cavabdeh tərəfin hərəkətləri yaxud hərəkətsizliyi arasında birbaşa səbəbli əlaqə mövcud deyildir.

27. Belə ki, mülki iş birinci instansiya məhkəməsinin icraatında ekspertiza keçirilmiş və 06 fevral 2023-cü il tarixli, № 8/109 saylı rəyində qeyd edilmişdir ki, yol-nəqliyyat hadisələrinin ekspertizası qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, hadisənin baş verməsinə səbəb ola bilən (sükan, tormoz və s.) sistemlərində yaranmış nasazlıqların aşkar olunması və bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Odur ki, qeyd olunan suallar yol-nəqliyyat hadisələri ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Məhkəmə tərəfindən göstərilən XW8ZZZCKZNG021500 ban nömrəli X5 markalı avtomobildə avtomatik əyləc funksiyası (AEB) zavod tərəfindən təchis olunmamışdır. X3 Əyləc və ya X1 və ya X10 sistemi sürücü heç bir şəkildə reaksiya vermirsə və toqquşma riski hələ də yüksəkdirsə, sistem X10i işə salan sistemdir. Sürücü əyləc pedalına basarsa, lakin kifayət qədər güclü deyilsə, sistem pedallara güc əlavə edərək ona kömək edir. Digər tərəfdən, sürücü sükan çarxını güclü şəkildə döndərməyə başlayarsa, qaz pedalına basarsa, dönmə siqnalını yandırarsa, AEB bunu maneənin ətrafından keçmək cəhdi kimi qəbul edir və həmin funksiya sönür. Ancaq yadda saxlamaq lazımdır ki, AEB tam etibar etməməli olduğu sürücüyə yardım sistemidir. Bəzi çətin vəziyyətlərdə sistem avtomobili toqquşmadan tam qoruya bilmir.

28. Apellyasiya baxışı zamanı iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə, eləcə də ekspert rəyi tam olmadığından mülki iş üzrə əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilməsi və ekspertizanın keçirilməsinin "xxxx" MMC-nin mütəxəssis(mühəndis və.s) rəyi alınmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınaraq ekspert və mühəndis qarşısında İddiaçı mülkiyyətində olan “X7” markalı avtomobilin iddia olunan tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik yastıqlarının hansı səbəbdən açılmaması, buna səbəb istehsal qüsuru yaxud təhlükəsizlik kəmərindən istifadə etməmə ola bilib-bilməməsi, əgər istehsal qüsuru olmamışdırsa qeyd olunan hadisə zamanı yaxud digər hallarda təhlükəsizlik yastıqlarının açılması üçün hansı gücdə(ölçüdə) zərbənin təsiri yetərli olmalı olduğu, kuzovun güc çərçivəsinin kritik zədəsi deyəndə hansı ölçü vahidinin nəzərdə tutulduğu, zərbə zamanı təhlükəsizlik yastıqlarının açılması üçün avtomobilin hansı hissəsində sensorlar yerləşdirildiyi və həmin sensorların işə düşməsi və ya zərbəni hiss etməsi üçün hansı surət həddinin olması, hansı ölçüdə zərbənin kifayət etməsi labüd olması, avtomobildə neçə təhlükəsizlik yastığı olduğu və hansı hissələrdə yerləşdiyi, təhlükəsizlik yastıqlarının iş prinsipini göstərən sistem SRS (X2 - X9) qəza zamanı hansı səbəbdən işə düşmədiyinə dair suallar qoyulmuşdur.

29. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli məktubda ekspert qarşısında qoyulmuş suallar məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının həll etdiyi xüsusi texniki bilik tələb edən suallara aid olmadığından ekspertiza keçirilməsindən imtina edildiyi bildirilmişdir. "xxxx" MMC isə 08 dekabr 2023-cü il tarixli məlumatında isə qeyd olunub ki, Toyota Bakı Mərkəzi” MMC Toyota markalı avtomobillərin satışını və təmirini həyata keçirən rəsmi diller şirkətidir. Rəsmi diller olaraq yalnız Toyota markalı avtomobillərinin təmiri üzrə ixtisaslaşmış xidmət mərkəzidir və əməkdaşları yalnız Toyota markalı avtomobillərinin təmiri üzrə ixtisaslaşmışdır. Şirkət rəsmi diller olduğundan digər marka və modeldən olan avtomobillərin təmiri və baxışı Şirkətə qadağan edilmişdir. Bu səbəbdən Şirkət 18 illik fəaliyyəti dövründə digər markadan olan nqliyyat vasitələrinin təmirini həyata keçirməmişdir. Ona görə də "xxxx" MMC-də “Volkswagen” markalı nəqliyyat vasitəsi ilə bağlı mütəxəssisləri olmadığından hər hansı rəyin verilməsi mümkün deyil.

30. Apellyasiya instansiya məhkəməsi yenə də mülki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə əlavə mütəxəssis (mühəndis və.s) rəyi alınmalı olduğu qənaətinə gəlsə də eyni suallara bu dəfə "xxxx" MMC-yə müraciət olunmuş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məlumatında əməkdaşlarının yalnız KİA markalı avtomobillər üzrə sertifikasiya və təlim keçdiyi üçün qeyd edilən avtomobil isə Kia markalarına aid olmadığına görə sorğuya cavab verə bilmədiyini, bütün avtomobil istehsalçıları təhlükəsizlik sisteminin işləməsi üçün müxtəlif alqoritimlərə, eləcə də fərqli dizayn xüsusiyyətlərinə malik olduqlarını qeyd etmişdir.

31. Göründüyü kimi, baxmayaraq ki, tərəfin əvəzinə sübut toplamaq və təqdim etmək apellyasiya instansiyası məhkəməsinin vəzifəsinə aid deyil, ancaq yenə də mübahisənin xarakteri nəzərə alınmaqla iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə edilən bütün cəhdlərə baxmayaraq iddianın əsaslı olduğu öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumatlarla da təsdiq olunur ki, iddiaçının qüsurlu saydığı avtomobil qəzadan sonra elektron diaqnostika olunmuş və qəzadan sonra airbagblokunda olan məlumat- qəza vaxtı avtomatik tormuzlanmanın işə düşməsi olmuşdur. Bu isə o deməkdir ki, airbag bloku funksional və işlək olmuşdur. Demək ki, airbag-blokunun özünün nasaz olması ilə bağlı heç bir məlumat olmamış, yəni avtomobilin təhlükəsizlik sistemində heç bir qüsur qeydə alınmamışdır. Ona görə də, avtomobilin təhlükəsizlik sistemində qüsur yoxdursa, iddia özü-özlüyündə əsassız olmuş və təmin edilməməsi də düzgün olmuşdu.

32. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

33. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

34. Hazırki işdə də, iddiaçı yol nəqliyyat hadisəsi baş verən zaman təhlüksizlik kəmərindən istifadə etdiyini və hadisə zamanı fiziki zərərə məruz qaldğını göstərsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdehin gətirdiyi dəlillər və təqdim etdiyi məlumatlar daha mötəbər sayılır. Çünki, mübahisə predmet olan avtomobil idarə olunarkən təhlükəsizlik kəmərləri bağlı yaxud toqquşma zamanı sürət yüksək olmadıqda təhlükəsizlik yastıqları açılmır və ağlabatan mühakiməyə əsasən də açıla da bilməzdi. Başqa sözlə, istənilən toqquşma zamanı təhlükəsizlik yastıqları açılmalı deyil. Yəni, zərbə təhlükəsizlik yastıqlarının açılması üçün tələb olunan səviyyəyə çatmalıdır. Demək ki, avtomobilə dəyən zərbə hava yastıqlarının işə salınması üçün kifayət olmamışdır.

35. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-153/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-153/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar