Məhkəmə qərarları › İş №2(103)-3091/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3091/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3091/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi ilə, İddiaçı Cavabdeh (LPO “xxxx” Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-2249/2020 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **-ZO-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilə cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 33290 manat, mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili vəsatət verərək, sığorta şirkətinin təqdim etdiyi aktla razı olmadığını, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-2249/2020 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və mülki iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Cavabdeh icraatın dayandırılmasına aid hissədə qərardaddan şikayət verərək, həmin hissədə qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda ödənilməsini tələb etdiyi zərərin məbləği artıq sığorta şirkəti və faydalanan şəxs tərəfindən müəyyən edilərək, razılaşdırılaraq ödənilmişdir. Ona görə də məhkəmə tərəfindən yenidən avtomobilə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə hər hansı zərurət olmamışdır. Çünki, faydalanan şəxlsə zərərin miqdarı razılaşdırılmış və ona ödənilmişdir. Cavabdehin şikayəti məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, qanunvericilikdə ekspertiza təyin olunduğu halda iş üzrə icraatın dayandırılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə məhkəmə, ekspertiza təyin edildiyindən, icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas tapmır. Şikayətdə isə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsini zəruri edən hər hansı əsas göstərilməmişdir. Şikayətdə qeyd olunan səbəblər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 2249/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar