Məhkəmə qərarları › İş №2(103)-3093/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3093/2021

03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3093/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-985/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "İddiaçı” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)2950/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə ilə iddiaçı "İddiaçı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 42.760 manat pulun tutulması qət edilmişdir. İcra vərəqəsi xx xxxxxx 2015-ci il tarixdə icraya yönəldilərək Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 2015-ci il ərzində cavabdeh tərəfindən qeyd olunan borcdan təxminən 3000 manat ödənilmişdir. Lakin sonrakı illərdə cavabdeh hər hansı bir məbləğ ödəməkdən imtina etmişdir. Beləliklə məhkəmə qətnaməsinin qəbul edilməsindən və icraya yönəldilməsindən təxminən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq borclu qərəzli şəkildə qətnaməni icra etməkdən boyun qaçırır.İcra məmurları isə borclunun qadın olmasını əsas gətirərək bu günə qədər onun barəsində heç bir tədbirlər görməmişlər.Keçən müddət ərzində cavabdehin təşkilata olan borcunu ödəməməsi "İddiaçı”MMC-ni narahat etməklə yanaşı,cavabdeh onlara aid olan pul vəsaitinin qanunsuz olaraq özündə saxlamaqla müəssisəyə xeyli miqdarda ziyan vurmuşdur.Məlum olduğu kimi xidmət sektorunda fəaliyyət göstərən "İddiaçı”MMC həmin vəsaiti vaxtında əldə etsəydi bu vəsaitdən daha səmərəli şəkildə istifadə etməklə müəyyən miqdarda gəlir əldə edə və dövlət büdcəsinə vergilər ödəyə bilərdi.Qeyd olunanlara əsasən cavabdehdən 7783 mant pulun,və 30 manat dövlət rüsumunun "İddiaçı” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, məhkəmə qətnaməsi xx.xx.2015-ci il tarixdə icraya yənəldikdən sonra cavabdeh xx xxxxx 5000 AZN,xx xxxxxx 2018-ci il tarixdə 2500 AZN məbləğində ödəniş etmişdir. xx xxxxxx 2015-ci il trarixdən hesablanmaqla xx xxxxx 2018-ci il tarixədək olan dövrə artıq 38 ay keçdiyi nəzərə alınmaqla illik 5% hesablandıqda(42760 manat x illik 5%=2138 manat/12 ay=178.16 manat x 38 ay=6770)6770 manat təşkil edir.xx xxxxxx 2018-ci il tarixdən hazırkı dövrə qədər 900 manat ödəniş edilsə belə 34360 manat pul hissəsində qətnamə icra olunmamışdır.Buna görə də hazırkı dövrə kimi olan 25 aylıq dövr hesablanmaqla cavabdehdən(34360 x illik 5%=1718/12 ay=143,16 AZN x 25 ay =3579 manat)3579 manat pul tutulub iddiaçıya ödənilməlidir.Hər iki məbləğ toplandıqda isə hazırkı tələb 10349 manata bərabər olur.Ona görə də cavabdehdən 10349 mant pulun və 30 manat dövlət rüsumunun "İddiaçı”MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-985/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənişin 5 il müddətinə gecikdirilməsi ilə əlaqədar illik 5% olmaqla cəmi 8440 manat pul vəsaitinun və 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmidir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı MMC-nin Cavabdeh qarşı “gecikdirilmiş vaxt üçün illik beş faiz pul tələbinə dair” iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur, iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işdə olan sənədlərə, sübutlara, faktlara obyektiv hüquqi qiymət verməmiş, işin faktiki halları təhrif edilmişdir. İşdə olan ödəniş sənədlərindən göründüyü kimi, cavabdeh X1 2016-2020-ci illər ərzində mütəmadi olaraq iddiaçıya vurduğu ziyan məbləğindən hissə-hissə ödəniş etmişdir, yəni ziyanın ödənilməsindən yayınmamışdır. İddiaçı iddia tələbində ona məxsus pul vəsaitinin cavabdehin özündə saxlamasını, ondan istifadə etməsini və qazanc götürməsini qeyd etmiş, lakin bu dəlili təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Cavabdeh vurduğu ziyanın ödənilməsini də qəsdən, qərəzli olaraq gecikdirməmişdir. Cavabdehin maddi durumu imkan vermədiyindən məcburiyyət qarşısında qalaraq ziyanı hissə-hissə ödəmiş və ödəməkdə də davam edir. Ödənişin 2020-ci ildə az məbləğdə olmasına bütün Dünyanı bürümüş məlum pandemiyanın da təsiri olmuş, bir ildir ki, ölkə ərazisində əksər müəssisələr işləmir. Cavabdeh də xidmət sektorunda, mebel mağazasında satıcı işlədiyində bu müddət ərzində işləmədiyi üçün imkanı çatdığı qədər hər ay ödəniş etmişdir. Qeyd olunan pul məbləği iddiaçıya məxsus olan pul məbləği olmamış, iddiaçı tərəfindən cavabdehə borc verilməmişdir. Bu ziyan ehtiyatsızlıq nəticəsində baş vermiş avtonəqliyyat qəzasına görə yaranmış və ziyanın məbləğindən də göründüyü kimi çox yüksək məbləğdə də ziyan müəyyən edilmişdir. Belə olan halda, iddiaçı kreditorun (kreditor borc verən deməkdir) digər əsaslarla daha böyük məbləğ tələb etməsi üçün hansı əsaslar vardır və nəyə görə böyük məbləğ tələb edə bilmədiyindən gecikdirməyə görə illik 5% ödənilməsini tələb edir. Belə bir dəlil sübut iddiaçı tərəfindən təqdim edilməmiş və məhkəmədə də müəyyən olunmamışdır. İddiaçı tərəfindən cavabdehin vurduğu ziyanla bağlı ödənişlərinə dair heç bir-sənəd nə iddia ərizəsinə əlavə edilməmiş, nə də məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən qəbzlərdən görünür ki, cavabdehin 2018-ci ilədə ödədiyi 7500 manatı iddiaçı tərəfindən X3 adında şəxs etibarnamə ilə cavabdehdən qəbul etmişdir. Lakin bu pul məbləğinin iddiaçının hesabına ödənilməsinə dair məhkəməyə sənəd təqdim edilməmişdir. Bu barədə iddia ərizəsində heç bir qeyd yoxdur. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə verilmiş dəqiqləşmədə həmin məbləğin İcra Şöbəsinin verdiyi məktubda göründüyü qeyd olunmuşdur. Buradan aydın olur ki, cavabdehin ödənişləri iddiaçının hesabına mədaxil edilməmiş, ona görə də onun ziyanı ödəməkdən yayınması iddia edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən qeyd olunan iddia tələbi ilə bağlı xx.xx.2020- ci il tarixdə məhkəməyə müraciət edilmişdir. 2020-ci ilin mart ayında (məhkəmələr işləmədiyində işlə tanış olub tarixini dəqiqləşdirə bilməmişlər) iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq sentyabr ayında məhkəmələrin fəaliyyəti bərpa edildikdən sonra xx.xx.2020-ci il tarixdə mülki işə məhkəmə baxışı zamanı həmin ərizəni müzakirə etməmiş, ona hüquqi qiymət verməmiş, mahiyyəti üzrə iddia ərizəsinə baxmağa davanı etmişdir. Növbəti xx.xx.2020-ci il tarixli məhkəmə baxışında yenə də iddiaçının ərizəsinə qiymət verilmədən iddia tələbinə baxılması davam etdirilmişdir. Baxmayaraq ki, iclas başlanarkən məhkəmə iclas katibi məruzə edərək bildirmişdir ki, iddiaçı şəxsən İddiaçı MMC-nin direktoru X6 məhkəmə prossesindən sonra məhkəməyə gələrək iddia ərizəsindən imtina etdiyi halda, onu təkrartəkrar məhkəməyə çağırmaqla narahat etməmələrini tələb etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, R.Yolçiyev artıq müəssisənin direktoru deyildir. Lakin buna dair heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu vəziyyətdə də qanunsuz olaraq iddia tələbinə baxılmasını davam etdirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "İddiaçı” MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçı "İddiaçı” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddia tələbinin təmin olunan hissəsində mübahisələndirilmiş olsa da, məhkəmə tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-985/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı "İddiaçı” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli icra vərəqəsindən görünür ki,Cavabdeh "İddiaçı”MMC-nin xeyrinə 42760 manat ziyan və 20 manat ekspertiza xərci tutulmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, "İddiaçı”MMC-nin nümayəndəsi X4 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)2950/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamənin icrası ilə əlaqədar Cavabdeh 5000 manat qəbul etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, "İddiaçı”MMC-nin nümayəndəsi X4 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)2950/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamənin icrası ilə əlaqədar Cavabdeh 2500 manat qəbul etmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh borcundan X2 tərəfindən hissə-hissə 1500 manat Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)2950/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamənin icrası ilə əlaqədar ödənilmişdir.( Həmin pulların məhz qeyd olunan qətnamənin icrası ilə əlaqədar ödənildiyini və bütün ödənilmiş borcun cəmi məbləğinin 9000 manata bərabər olduğunu məhkəmə iclasında iddiaçının nümayəndəsi də etiraf etmişdir.) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək iddiaçının iddiasının qismən əsaslı hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının düzgün tətbiq etməməklə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iddia tələbinindən görünür ki, İddiaçı MMC-yə məxsus avtonəqliyyat vasitəsi Cavabdeh idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə cavabdeh tərəfindən Yol hərəkəti qaydalarının pozulduğu müəyyən edilmiş, qəza nəticəsində iddiaçının avtonəqliyyatına 42760 manat məbləğində ziyan vurulduğu müəyyən edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)2950/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "İddiaçı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 42.760 manat pulun tutulması qət edilmişdir. İcra vərəqəsi xx xxxxxx 2015-ci il tarixdə icraya yönəldilərək Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı cavabdeh tərəfindən məhkəmə qətnaməsini icra etmədiyinə görə hazırkı dövrə kimi olan (25 aylıq hesablanmaqla) 10349 manat pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 2016-2020-ci illər ərzində mütamadi olaraq iddiaçıya vurduğu ziyan məbləğindən hissə-hissə ödəniş etməsi iş materilları ilə sübut olunur. Bu halda isə cavabdehin vurduğu ziyanın ödənilməsindən qəsdən və qərəzli olaraq yayınmasından söhbət belə gedə bilməz. İddiaçı iddia tələbində ona məxsus pul vəsaitnin cavabdeh tərəfindən özündə saxlanılması, ondan istifadə etməsini və qazanc götürməsini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Qeyd olunan pul məbləği iddiaçıya məxsus olan pul vəsaiti olmamış, iddiaçı tərəfindən cavabdehə borc verilməmişdir. Bu ziyan ehtiyatsızlıq nəticəsində baş vermiş avtonəqliyyat qəzasına görə yaranmışdır. İddiaçının tələbi isə yalnız əldən çıxmış fayda ola bilər ki, bunun da sübut edilməsi iddiaçıların üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-985/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı "İddiaçı” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-985/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "İddiaçı” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar