Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3094/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 84/2021 saylı, 14.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 05 noyabr 2018-ci il tarixli aktının və Audit rəyinin, "xxxx" MMCnin 18 yanvar 2018ci il tarixli aktının və audit rəyinin etibarsız hesab edilməsi (ləğv edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 15 iyun 2009-cu ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi X5 tərəfindən həmin Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş və müəssisənin mənfəətlə işləməsinə nail olmuşdur. Buna baxmayaraq, heç bir əsas olmadan Cəmiyyətinin təsisçisi tərəfindən 18.09.2017-ci il tarixdən MMC-nin direktoru vəzifəsindən qanunsuz olaraq kənarlaşdırıldıqdan və onun göstərişinə əsasən MMC-yə 19.09.2017-ci il tarixdən buraxılmadığından bir neçə gün sonra 25.09.2017-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında audit yoxlamasının aparılması barədə müqavilə bağlanmışdır. 01.01.2016 - 30.09.2017-ci il dövrü üçün pul vəsaitlərinin uçotunun auditi və 25.09.2017-ci il tarixədək MMC-nin anbarında olan mal qalığının inventarizasiyanın aparılması məqsədi ilə audit yoxlamasının keçirilməsi planlaşdırılmışdır. Bildirir ki, MMC-də auditin planlaşdırılmasından onun məlumatı olmayıb, nədənsə o, audit aparılmasına dəvət edilməmişdir və həmin audit iştirakı olmadan keçirilmişdir. Belə ki, 18.01.2018-ci il tarixli audit aktında "xxxx" MMC-nin direktoru auditlə əhatə olunan dövr ərzində "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə direktor İddiaçı və baş mühasib Seyid Qədirovun cavabdeh olduqlarını, heç bir əsas olmadan baş mühasibin xəstəlik və məlum olmayan digər səbəblərdən audit yoxlamasında iştirak etmədiyini gösiərmiş, lakin onun audit yoxlamasına dəvət olunub-olunmaması, dəvət olunmuşdursa, hansı səbəbdən iştirak etməməyi barədə heç bir açıqlama verməmişdir. Auditin nəticəsinə dair 18.01.2018-ci il tarixli audit aktı tərtib olunmuşdur. Həmin aktda ƏDVnin əvəzləşdirilməsi hüququndan istifadə edilməməsi, müəyyən pul vəsaitlərinin rəsmi sənədlərlə təsdiq olunmadan xərclənməsi və s. nəticəsində onun tərəfindən 628.961,72 manat ziyan vurulması qeyd olunsa da, bu vəsaitin mənbəyi müəyyən edilməmişdir. Baxmayaraq ki, o, pul və əmtəə sərvətlərinə xidmət göstərməmişdir və bu fakt onunla bağlanmış nə əmək müqaviləsi, nə də vəzifə təlimatı ilə təsdiq olunmur. Eləcə də, maddiməsul şəxs olmamışdır və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Bildirir ki, əvvəllər "xxxx" MMC "xxxx" MMC-nin 31 dekabr 2015-ci ilə kimi maliyyə vəziyyəti hesabatını, hərtərəfli gəlir hesabatı, kapitalda dəyişiklər üzrə hesabat və başa çatan il üzrə maliyyə axınlarının hesabatı və digər əhəmiyyətli mühasibat sənədlərini və izahlı qeydləri yoxlamışdır. Bununla bağlı, 28 iyul 2016-cı ildə rəy vermişdir. Həmin audit təşkilatının rəyinə əsasən, müşayiət edilən maliyyə hesabatları ədalətli şəkildə, bütün material aspektlərdə, 31 dekabr 2015-ci ilə kimi "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı vəziyyətini X2 Standartlarına uyğun olaraq başa çatmış illər üzrə maliyyə axınlarını təqdim edir. Sonradan "xxxx" MMC 23.07.2018-ci ildə bağladığı müqaviləyə əsasən "xxxx" MMC-də 01.01.2015 - 20.09.2017-ci il dövrün maliyyə hesabatlarının auditini aparmışdır. Üç audit yoxlamasının təhlili zamanı aşağıda göstərilənlər müəyyən edilmişdir: "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 01.01.2015-ci il tarixdən 30.09.2017-ci il tarixədək olan dövrü üzrə 2 audit təşkilatı ilə bağlanmış müqavilələrə əsasən 3 dəfə audit yoxlamaları keçirilmişdir, o cümlədən: - "xxxx" MMC tərəfindən 28.06.2016-cı il tarixdə 2015-ci ilin audit yoxlaması; - "xxxx" MMC tərəfindən 18.01.2018-ci il tarixdə 01.01.2016 - 30.09.2017-ci illər üçün audit yoxlaması. - "xxxx" MMC tərəfindən 05.11.2018-ci il tarixdə 01.01.2015 - 30.09.2017- ci illər üçün təkrar audit yoxlaması. Hər üç aktın arasında kəskin ziddiyətin olması müəyyən edilmişdir və bu yoxlamalar ilə bağlı aşağıdakıları bildirir: 18.01.2018-ci və 05.11.2018-ci il audit yoxlamaları həmin vaxt direktor vəzifəsində çalışdığı onun və baş mühasib - Seyid Qədirovun məlumatı və iştirakı olmadan keçirilmiş, şirkətin kassasında 31.12.2015-ci il tarixə 7.719,45 manat qalığın olduğunu, 2016-2017-ci illərdə şirkətin kassasında mədaxil - məxaric əməliyyatları nəticəsində (1.099.207-1.097.083=2.124) 9.825,32 manat qalığın olduğunu göstərmiş və Cəmiyyətdə maliyyə əməliyyatlarının keçirildiyi zaman bir sıra çatışmazlıqların aşkarlandığını qeyd etmişdir. "xxxx" MMC və "xxxx" MMC-nin audit aktlarının araşdırılması zamanı hər üç aktın arasında kəskin ziddiyətin olması müəyyən olunmuşdur. Belə ki, Cəmiyyətin maliyyətəsərrüfat fəaliyyətini əks etdirən hcsabatlarındakı eyni göstəricilər barədə hər iki audit ayrı-ayrı qənaətə gəlmişlər. Keçirilən hər üç yoxlamanın nəticələrinin təhlili göstərir ki, birinci audit yoxlamasında o, iştirak etdiyi halda o və baş mühasib Seyid Qədirov digər iki yoxlamaya qanunvericiliyin tələblərinə zidd olaraq dəvət olunmamışlar. Məhz bu səbəbdən "xxxx" MMC-nin keçirdiyi iki yoxlama arasında kəskin ziddiyət vardır. Buna misal olaraq, "xxxx" MMC 2015-ci ildə "xxxx" MMC-nin maliyyə-təsərrüfatı fəaliyyəti dövründə nöqsanlara yol verilmədiyi barədə müsbət rəy təqdim etmişdir. Ancaq, 28 ay sonra həmin audit Cəmiyyətdə təkrar keçirdiyi yoxlamada ciddi maliyyə pozuntularına yol verilməsi haqqında yeni akt təqdim etmişdir. "xxxx" MMC-nin tərtib etdiyi "xxxx" MMC-nin 2015-ci ilin əvvəlinə kassa qalığı 0 manat göstərildiyi halda, "xxxx" MMC-nin həmin dövr üçün tərtib etdiyi ikinci aktda kassa qalığı 552.350 manat və 2015- 2017-ci hesabat ili ərzində Cəmiyyətin kassasına 2.022.203 manat vəsaitin mədaxil edildiyi, 2.723.857 manat vəsaitin məxaric olunduğu əks olunmuşdur. Müqayisəli təhlil nəticəsində yaranmış - 701.654 manat (mənfi) fərq, ikinci akta əlavə edilmiş 4 və 5 nömrəli cədvəllərdə sənədsiz kassa xərcləri kimi «əsaslandırılmışdır». Qeyd etmək lazımdır ki, auditor Afıq İsrəfılov birinci və ikinci audit aktlarına əlavə etdiyi cədvəllərdə xərclərin təsnifatı və məbləğlərində ciddi fərqlərin olduğu (cədvəl B) müəyyən edilmişdir. Bu tipli uyğunsuzluqlar həmin sənədlərdə kifayyət qədərdir. "xxxx" MMCnin keçirdiyi yoxlama nəticəsində isə bu ziddiyyət daha da dərinləşmişdir. Aşağıda göstərilən «A» və «B» cədvəllərindən aydın görünür ki, 3 audit yoxlamaları arasında ciddi ziddiyətlər mövcuddur, "xxxx" MMC-nin auditoru Afiq İsrəfilov iki dəfə yoxlama keçirdiyi zaman MMC-nin 2015-ci ilin maliyyə təsərrüfat fəaliyyətini yoxlayarkən bir-birinə tam zidd olan nəticələrə gəlmiş və həmin dövr üçün "xxxx" MMC tərəfindən keçirilmiş auditin nəticələri ilə uyğun gəlmir və tam ziddiyətlidir. Hesab edir ki, auditorlar - Afiq İsrəfilov və Nazim Cəfərov tərəfindən "xxxx" MMC-nin qeyd olunmuş dövrləri üzrə keçirilmiş maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamaları nəticəsində buraxılmış çoxlu səhvlər, rəylərin arasında olan ziddiyətlər, həmin sənədlərdə mövcud olan ilkin sənədlərlə təsdiq olunmayan rəqəmlər və s. tərəfindən "xxxx" MMC-yə külli miqdarda zərərin vurulması faktını təsdiq etmir. Ona görə, iş materiallarına qoşulmuş bu sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməli və nəzərə alınmamalıdır. Belə halda sual doğur: Görəsən 2015-ci ilə görə "xxxx" tərəfindən tərtib olunmuş hər iki hesabatlardan (aktlardan) hansı düzgün tərtib olunmuşdur və hansı hesabat kassa qalığını sübuta yetirə bilər? Belə ki: əgər birinci aktın bütün hesabatlarında (auditor tərəfindən təsdiq olunmuş aktda, balansda və maliyyə nəticələrində) 01.01.2015- ci tarixinə kassa qalığı 0 manat göstərilibsə, onda cədvəl A-da 2015-2016-2017-ci illər üzrə mədaxil və məxaric əməliyyatlarının ardıcıllığı nəticəsində 30.09.2017-ci il tarixinə kassa qalığı mənfi -701.654 manat təşkil etməlidir. Bunları nəzərə alaraq, demək olar ki, ikinci aktda 01.01.2015-ci ilə görə göstərilmiş 552.350 manat kassa qalığı həqiqətə uyğun deyil, məsul şəxsləri məsuliyyətə cəlb etmək məqsədilə 28 aydan sonra yazılmış süni surətdə uydurulmuş bir məbləğdir və 30.09.2017-ci il tarixə yaranmış mənfi -701.654 manat kassa qalığı, 2015-ci il üçün ikinci dəfə tərtib edilmiş aktın cədvəl 4-də göstərilən 701.029 manat əksikliyin qərəzli şəkildə yaradılmasını, həqiqətə uyğun olmadığını təsdiq edir. Yuxarıda göstərilən məbləğə nəzər yetirən hər hansı bir peşəkar auditor onun dərhal süni şəkildə yaradılmış olduğunu görəcək. Yox əgər ikinci aktda 01.01.2015-ci il tarixinə göstərilən 552.350 manat qalıq realdırsa, yenə də 30.09.2017-ci il tarixin sonuna nağd kassa əməliyyatları nəticəsində mənfi 149.304 manat yaranması şübhə yaradır (fiziki pul mədaxil olunandan cox xərclənə bilməz) və cədvəl 4-də göstərilən 552.907 manat əksikliyin süni şəkildə yaradılmasını təsdiq edir. "xxxx" MMC tərəfindən təqdim olunan məlumatların təhlili göstərir ki, ikinci aktda göstərilən məlumatlar yanlışdır, süni şəkildə yaradılıb və şişirdirilməsi məqsədilə uydurulmuşdur. Auditorun 2015-ci ilə dair birinci aktla bağlı hazırlanmış və təsdiq edilmiş hesabatlarında: gəlir -2.166.900 manat, xərc - 2.285.681 manat, ziyan - 118.781 manat əks etdirildiyi halda, sonradan 552.350,25 manat kassa qalığının əmələ gəlməsi çox maraqlıdır. "xxxx" MMC-nin ikinci aktının 1 və 2 səhifələrində («Kassa əməliyyatları») - xərc maddələri eyni məbləğlərdə səhfə yol verilmiş, cədvəl 1-də 432.668,05 manat və cədvəl 4- də isə 432.986,05 göstərilmiş, fərq -322 manat yaranmışdır. Balansda fərq ola bilməz, bu faktın özü məbləğlərin uydurulmasını göstərir. "xxxx" MMC-nin 2015-ci ilə dair aktında nağd və ya köçürmə yolu ilə yığılmış xərclər aşağıdakı kimi göstərilib: - bənd 5 - 263.556 manat (1.168.847 manat material xərcləri istisna olmaqla); - bənd 6 - 377.031 manat (20.141 manat benzin, 39.065 manat amortizasiya, 129.000 manat icarə və 18.900 manat bank xərcləri istisna olmaqla); - bənd 7 - 248.584 manat; Cəmi xərclər - 889.171 manat (bu rəqəmlər aktda, balansda və maliyyə nəticələri hesabatlarında xərclər maddəsində adbaad öz əksini tapıb və auditor tərəfindən təsdiq olunub). "xxxx" MMC-nin 2015-2017-ci illər üzrə tərtib olunmuş aktında 2015-ci il üçün nəğd qaydada yığılmış xərclər (3, 4 və 5 cədvəldə göstərilib) - 794.115 manat tamam başqa xərclər adı ilə sənədsiz və əsassız xərc məqsədlərinə istifadə olunması qeyd olunur. Bank vasitəsilə aparılmış xərc əməliyyatlarının sənədləri təqdim olunduğu halda, yuxanda qeyd olunan aktda şişildirilmiş 794.115 manat xərc azala bilər. Beləliklə, "xxxx" MMC tərəfindən 2015-2017-ci illər üzrə tərtib olunmuş aktda cədvəl 4-də göstərilən 794.115 manat məbləğ, 2016-cı ildə 2015-ci il üçün tərtib olunmuş aktla müqayisə olunduqda xərc maddələri şübhə yaradır və saxtalaşdırılmış hesab edilir. Cədvəldən göründüyü kimi, 2015-ci və 2016-cı illərin fəaliyyətinə görə: iki dəfə "xxxx" MMC (iki aktın təhlili nəticəsində - kassa qalıqları, gəlir və xərc maddələri və maliyyə nəticələri böyük fərqlə əks etdirilib), bir dəfə "xxxx" MMC (kassa qalıqları, gəlir və xərc maddələri, və maliyyə nəticələri tam ayrı məlumatlar göstərilməklə). Təqdim olunmuş aktların müqayisəsi nəticəsində bütün gəlir, xərc və nəticə məlumatlarında böyük fərqlər aşkar olunmuşdur. Nəzərə alınmalıdır ki, MMC-nin 2014, 2015 və 2016-cı illərə dair fəaliyyəti ilə bağlı "xxxx" MMC tərəfindən audit yoxlaması keçirilmiş və müsbət rəy verilmişdir. Bilindiyi kimi, auditor tərəfindən verilən rəy dəyişdirilə bilməz və bir il üçün eyni auditor iki müxtəlif rəy verə bilməz. Bundan əlavə qeyd edir ki, 2018-ci ildə aparılmış audit yoxlamalarında göstərilmiş nöqsanlardan biri hesabatlarda əksini tapsaydı, hec bir hesabatların nəticəsi balans verə bilməzdi. Xüsusi ilə nəzərə alınmalıdır ki, beynəlxaq standartların tələblərinə əsasən hazırlanmış hesabatlar - auditor rəyləri və s. (4 ədəddən ibarət olur) bir-biri ilə bağlı hesabatlar sayılır. Bu onu deməyə əsas verir ki, hesabatları hazırlayan auditor saxtakarlıq edib, göstəriciləri böyük fərq ilə əks etdirərək mənalarını dəyişib, mühasibatlıqda bu mümkün olan hal deyil və yol verilməz sayılır. Həmçinin bütün auditor aktları, hesabatları müəssisənin rəhbəri tərəfindən təsdiq edilməlidir. Mübahisələndirilən sözügedən auditor aktları, hesabatları və s. Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiqlənməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2021 saylı, 14.12.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 295 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, 300 manat ekspertiza xərcinin İddiaçı tutularaq «X3» MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov). Qətnamədən iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi N.Cəfərov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçının mübahisələndirdiyi audit aktları, rəy və hesabatları öhdəlik yaradan sənədlər olmayıb, sübut əhəmiyyətinə malikdir. Yəni, iddiaçı həmin audit aktlarını, rəy və hesabatları başqa mübahisəyə baxılan zaman sübut qismində məhkəməyə təqdim edə bilər və həmin sənədlər də Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirilə bilər. Belə olan halda, birinci instansiya məhkəməsi öhdəlik yaratmadığından məhkəmə həmin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməkdə haqlı olmamışdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2021 saylı, 14.12.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2021 saylı, 14.12.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3094/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3094/2022
29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver