Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3095/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 12 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh verdiyi izahatında qeyd edir ki, 40 ildən çoxdur ki, DİO-da xidmət etmişdir. İddiaçı ərizəsi ilə tanış oldu. Əvəz onun bacanağıdır. Əvvəllər normal münasibətləri olub. Rusiya Federasiyasında DİO-da xidmətdə olduğu zamanlardan onunla münasibəti olub və ona köməklik etmişdir. Əvəzə hər zaman maddi köməklik etmişdir. Ağcabədi rayonunda market açmaq üçün 2012-ci ildə ona 50 000 manatdan çox pul vermişdir. Əvəzin yoldaşı Esmira xanım xəstə olduğu zaman da onun müalicəsinə 200 000 manatdan pul xərcləmişdir. Əvəz də hər zaman ona borclu olduğunu ona demişdir.Yas mərasimlərini də Əvəzin yerinə özü vermişdir. 2015-ci ildə isə nəvəsinin xəstəliyi ilə bağlı böyrək transplentasiyası üçün Əvəzlə danışdığı zaman borc pul istəməməsinə baxmayaraq Əvəz ona 40 000 ABŞ dolları pul göndərmişdir. Lakin bu pulu Əvəz ona edilən yaxşılıqların əvəzi qarşılığında göndərmişdir. Əvəzin ondan şikayt etdiyini eşitdikdə təəccüblənmişdir. Əvəz kimlərinsə onu öyrətməsinə görə şikayət edərək pul qazanmağa çalışır. Lakin hər bir halda söz söhbəti bitirmək üçün Əvəz ilk şikayət etdiyi zamandan özünə məxsus Toyota Prado markalı avtomobili 2021-ci ilin fevralında 60-70 min manat dəyərində avtomobili borc hesab etdiyi nəvəsinin müalicəsi üçün ona verdiyi 40 000 ABŞ dolları qarşılığında ona versə də Əvəz yenə də şikayətinə davam etmişdir. Halbuki, həmin zaman 1 dollar 1,05 AZN olmuşdur. Onun Əvəzə 89760 manat pul borcunun olmasını Əvəzin bu borcu necə hesablaması aydın deyil.Bu günkü kursla belə hesablandıqda yenə də 68 000 manat edir. Bütün bunları əvəz etməsinə səbəb işlərinin yaxşı getməməsidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq ümumilikdə 89.760 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2015-ci ilin mart-aprel aylarında qohumu olan Cavabdeh 20 gün müddətinə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları və 10.000 manat, manat ekvivalenti ilə ümumilikdə 89.760 manat məbləğində pul vermişdir. Cavabdeh qeyd edilən məbləği ondan qəbul etsə də, bugünədək hər hansı məbləğdə ödəniş etməmişdir. Sadəcə olaraq, həmin borcun əvəzi olaraq 2021-ci ilin fevral ayında “Toyota Prado” markalı avtomobili ona vermişdir. Lakin avtomobil onun üçün zəruri olmadığından, o, hazırda avtomobili deyil, tərəfindən verilmiş borcun tam məbləğinin ödənilməsini tələb edir. Məsələ ilə bağlı o, bir neçə dəfə hüquq mühafizə orqanlarına müraciət etmiş, nəticədə 3 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, 2 dəfə bu qərarlar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. Sonuncu qərarda cavabdeh qeyd edilən məbləğdə pulu borc aldığını etiraf etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aralarında şifahi borc müqaviləsinin bağlandığını və bu müqaviləyə əsasən cavabdehə 10.000 manat (12.800 Abş dolları) məbləğində pulu borc verdiyini iddia edən iddiaçı bu halları sübuta yetirməli idi. Lakin bu halları təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh də iddiaçının ona bu məbləğdə pul vermədiyini bildirir. İddiaçının şikayəti əsasında Nərimanov rayon Polis idarəsi tərəfindən aparılmış araşdırma zamanı da cavabdeh öz izahatında 10.000 manat məbləğində pula ümumiyyətlə toxunmamışdır. Bununla belə, belə bir məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verilməsi öz təsdiqini tapmamış, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı da belə bir hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsasssız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “cavabdeh 40.000 ABŞ dolları pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona 40.000 ABŞ dolları məbləğində pulun verildiyini etiraf edir, lakin bu pulun borc olaraq iddiaçıdan almadığını, əksinə 2012-2014-cü illər ərzində iddiaçıya verdiyi borc məbləğlərinin bir hissəsi olduğunu və könüllü olaraq iddiaçı tərəfindən ona məhz verdiyi borcun bir hissəsinin əvəzi olaraq ona qaytarıldığını bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Bu səbəbdən məhkəmə iddiaçının mövqeyini əsaslı hesab edir və belə qənaətə gəlir ki, tərəflər arasında 2015-ci ilin mart ayında şifahi borc müqaviləsi bağlanmış və bu müqaviləyə uyğun olaraq iddiaçı cavabdehə 40.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Lakin nəzərə alınmalıdır ki, bu müqavilədən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmişdir. Başqa sözlə, qüvvədə olan mülki qanunvericiliyin tələbləri baxımından iddiaçı onun pozulmuş bu hüququnun müdafiəsi üzrə tələb (iddia) irəli sürməsi üçün konkret müddət (3 il), yəni iddia müddəti müəyyən edilmişdir ki, iddiaçı da bu müddəti keçirmişdir (ötürmüşdür). Belə ki, iddiaçı iddia ərizəsində borc məbləğinin 20 gün müddətinə, məhkəmədə verdiyi izahatında isə 1-2 ay müddətinə verildiyini bildirir. Bununla belə, həmin müqavilədən irəli gələn pulun ödənilməsinə dair öhdəliklər üzrə iddia müddətinin axımı 2015-ci ilin may ayından başlamış və 2018-ci ilin may ayında bitmişdir. Lakin iddiaçı bu münasibətlərindən yaranan mübahisələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hazırki iddia ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət edərək, hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır və iddiaya iddia müddəti tətbiq edilməlidir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 383, 385.1, 427.3, 442, 443.1, 435, 448.1, 448.2, 739.2, 740-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edərək iddia tələbinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı və cavabdeh qohumluq münasibətində olmuş və eyni zamanda iş materialından da göründüyü kimi daimi olaraq ödənişlərin ediləcəyinə dair vədlər verərək iddia müddətinin axımın uzadılmasına şərait yaradılmışdır. Eyni zamanda iddia müddəti 2021-ci ilin fevral ayında “Toyota Prado” markalı avtomobilin iddiaçıya verilməsi hissəsindən sonrakı tarixə hesablanmalı olan məbləğdir. Yuxarıda göründüyü kimi tərəflər arasında işgüzar münasibətlərin də qurulması vədi olmuş, lakin cavabdeh tərəfindən verilən vədlər yerinə yetirilməmiş və nəticə etibarı ilə iddiaçının da səhhətində olan müəyyən nasazlıqlar səbəbindən iddia ilə məhkəməyə müraciət etməmişdir. Bunun qarşılığında isə daimi olaraq borcu şifahi formada etiraf edən cavabdeh, daha sonra bunun təzahürü kimi işin mübahisəsiz halı olan 2021-ci ilin fevral ayında “Toyota Prado” markalı avtomobili iddiaçıya borcun bir qisminin qarşılığı olaraq vermişdir. Mülki Məcəllənin 380.1-ci madəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Bu maddəyə məhkəmə tərəfindən istinad edilsə belə, yekun olaraq qətnamədə buna münasibət bildirilməmiş və nəticədə iddia müddətinin tətbiqinə dair ərizə əsas götürülməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən borcun hansı qaydada həll edilməli olduğu barədə qeyd aparılmamışdır. İddia müddəti tətbiq edilməyəcəyi təqdirdə iddianın təmin və ya rədd olunacağı, yəni əsaslı olub-olmaması ilə bağlı heç bir münasibət qətnamədə mövcud deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, cavabdeh onun bacanağı olmuşdur. Təxminən 2015-ci ildə ondan 100 min manat pul istəmişdir.O amma özünə lazım olduğu üçün verməyib. Daha sonra oğlu gəldi ondan xahiş edib ki, pulu versin. O da çoxlu xahişlərdən sonra 50 minə razılaşıb. O kürəkənə zəng edib deyib ki, pulu ver. O, amma ona dedi ki, 40 min dollardır, 10 mini də manatla verir. Pulu daha sonra oğluna verib. Oğlu dedi ki, əgər atasının məsələsi həll edilməsə evi satıb borcu ödəyəcək, yubatmayacaq. Cavabdeh pulu ona görə istəmişdir ki, evi rəsmiləşdirib satacaqdı, ona da yarım milyon verəcəkdi. Uşağın xəstəliyi ilə bağlı heç nə bilmir, elə şey olmayıb. O, bacanağının yanına təxminən pulu verəndən sonra 1 il sonra gedib ki, pulu ondan alsın. Amma o yenə də yayındı. Ona dedi ki, sənəd düzəlir, Dubaydan evi almağa gələcəklər. Oğluna zəng edəndə ona dedi ki, evi satmağa qoyublar. Maşını 2021-ci ildə öz adına keçirib. Onu da 24.700 dollara razılaşıb. Həmin maşın 2012ci ilin maşınıdır. Maşını bu yaxınlarda satıb. Cavabdehin qardaşı Ağaların bütün vardövlətini dağıtmışdır. Pulu 2015-ci ildə verib. Onlar müddət danışmayıblar. Təxminən 2-3 aya pulu qaytaracaqdılar. Amma konkret müddət qoymayıblar.Təxminən 2015-ci ilin fevralmart ayları olardı. Cavabdehlə 52.800 dollar pul danışıqları olmuşdur. Ağalar ona 200 min pul verə bilməz, onun o qədər pulu olmayıb. 2003-2008-ci illərdə Ağaların maşın kredit olmuşdur. Ağalar ona maşın verəndə demişdi ki, kürəkəni xəstədir. İddiaçı onun işlədiyi yerə gedəndə ondan pulu soruşanda ona heç nə cavab vermədi. Daha sonra 5-6 gün sonra evinə gedib. Deyib ki, pulunu yavaş-yavaş qaytar. Ağalar həmin zamanda kövrəldi. Oğlu maşının işıqlarını da götürmüşdür ki, istifadə etsinlər. Maşını kürəkəninə vermişdir. 2000 manat kartına pul göndərib.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, tərəflər arasında konkret müddət müəyyən edilməmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 2012-2014-cü illərdə iddiaçının Moskvada şuba mağazası olmuşdur yəni, onun pula ehtiyacı olmamışdır. Yetərincə maddi imkanı olmuşdur. Əgər bu barədə hansısa qəbz varsa cavabdeh təqdim etsin. 40 min pulun yas mərasiminə xərclənməsi də absurd fikirdir. Bu barədə sübutları da yoxdur.Cavabdehin qızının səsi də var deyir ki, biabır olublar, məsələ ictimailləşdirilib, pulu onlar iddiaçıya qaytaracaqlar. Həmçinin, iddia müddəti də tətbiq oluna bilməz. Çünki, tərəflərin hesablaşması 2021-ci ildə olmuşdur. Pradonun verilməsi zamanı həmin söhbətdə o da iştirak edib. Onlar 2021-ci ildən əvvəlki dövrdə verilən pulları istəsəydilər, rayon məhkəməsinin qətnaməsi ilə razılaşardılar. Çünki, onlar 2005-ci ildə verilən pulu mübahisləndirmirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən cavabdehin iştirakı təmin olunmalıdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Yalnız onun ərizəsi əsasında rayon məhkəməsi kifayətlənmişdir. Hazırda şahidlərimərhumun qızı və yeznə də gəliblər. İddiaçının qızı da bildirir ki, Ağalar pul verməmişdir, yasla bağlı xərc çəkməmişdir. Cavabdeh də iclasa gəlmir, suallar cavabsız qalır, nümayəndə cavablandıra bilmir. Aralarında olan pul münasibətləri 2015-ci ildə davamlı olmuş, 2021-ci ildə barışıq məsələsi ilə bağlı olaraq yeznələr dəqiqləşmələr edirlər və borcu sıfırlayırlar. Buna görə də iddia müddətinin axımı dayanmışdır. Maşını iddiaçıya veriblər ki, pulu tam qaytaranda maşın da qaytarılacaq. 2021-ci ildə aralarındakı münasibətlər təzələnmişdir.
13. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı və cavabdeh bacanaqdırlar. Uzun müddətdir ki, bir-birlərinə dəstək olublar. Onların aralarında daima pul münasibətləri olub. İddiaçı cavabdehdən pul alan tərəf olmuşdur. İddiaçının yoldaşı onkolji xəstə olduğu üçün ona daim dəstək olmuşdur. 2012-2014-cü illərdə 50 min, 200 min pul iddiaçıya verilib. Yas xərcləri cavabdeh tərəfindən ödənilib,ayrıca xərc çəkilib. Bu da qohumluq münasibətlərindən irəli gələn bir haldır.Cavabdeh pulu borc kimi vermişdir, iddiaçı da demişdir ki, pulu qaytaracaq. Daha sonra 2015-ci ildə cavabdehə pul lazım olur və iddiaçı 40 min dolları borcundan qaytarmışdır.Yəni, cavabdehin iddiaçıya deyil, iddiaçının əslində cavabdehə borcu var. 40 min pul da iddiaçının yoldaşının yası ilə bağlı cavabdeh xərcləmişdir. 10 min manat söhbəti də olmayıb. Hesab edir ki, cavabdehin iddiaçıya borcu yoxdur. Həmçinin, iddia müddətini də iddiaçı ötürmüşdür. İddiaçı sadəcə borcunun bir hissəsini qaytarmışdır, borc verməmişdir. Pulun əvvəl onlara verilməsini təsdiq edəcək sübutları hazırda yoxdur. Maşının ona görə cavabdeh verib ki, iddiaçı davamlı cavabdehin ailəsini narahat edirdi. Cavabdehin kürəkəni sonda iddiaçıya deyib ki, Pradonu götür, məsələni bağlasınlar. İddiaçı bununla razılaşıb, maşını götürüb. Amma, sonradan iddia qaldırıb. Maşının hansı formada verilməsi barədə məlumatı yoxdur. Səhv etmirsə etibarnamə verilmişdi. Əvvəllər verilmiş pulun qarşılığında iddiaçı cavabdehə borcunun bir hissəsini vermişdir. Bu barədə yazılı heç nə olmayıb. 50 min pulun hara və kimə xərclənməsi barədə qəbz yoxdur. 200 min pul iddiaçının yoldaşı onkoloji xəstə olduğu üçün ona verilmişdir. Müalicəsi üçün ona verilib. Təxminən 2012-2014-cü illərdə olmuşdur. Bu barədə qəbz yoxdur, uzun müddət keçirmişdir. 40 min pulun yas mərasiminə xərclənməsi barədə iddiaçının qohumları da bilir. Konkret hara xərclənib bilmir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 383. Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. (31 may 2016-c il tarixədək qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iddiaçı cavabdehdən 40.000 ABŞ dolları və 10.000 manat məbləğində pulun tutulmasını tələb edir.
21. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2015-ci ilin mart-aprel aylarında qohumu olan Cavabdeh 20 gün müddətinə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları və 10.000 manat, manat ekvivalenti ilə ümumilikdə 89.760 manat məbləğində pul vermişdir.
22. İddiaçı iddia tələbinə dair məhkəməyə sübut qismində 12 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı təqdim etmişdir. Həmin qərardan müəyyən olunur ki, Cavabdeh izahatında - 2015-ci ildə Əvəzlə danışdığı zaman borc pul istəməməsinə baxmayaraq Əvəzin ona 40 000 ABŞ dolları pul göndərdiyini qeyd etmişdir.
23. Göründüyü kimi iddiaçının cavabdehə 2015-ci ildə 40000 ABŞ dolları pul verməsi cavabdehin etirafı ilə təsdiq olunmuşdur. 10000 manat pulun verilməsinə dair isə işdə heç bir sübut yoxdur.
24. Birinci instansiya məhkəməsində qətnamə qəbul edilənədək cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında 2015-ci ilin mart ayında şifahi borc müqaviləsi bağlanmış və bu müqaviləyə uyğun olaraq iddiaçı cavabdehə 40.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Lakin nəzərə alınmalıdır ki, bu müqavilədən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmişdir. Başqa sözlə, qüvvədə olan mülki qanunvericiliyin tələbləri baxımından iddiaçı onun pozulmuş bu hüququnun müdafiəsi üzrə tələb (iddia) irəli sürməsi üçün konkret müddət (3 il), yəni iddia müddəti müəyyən edilmişdir ki, iddiaçı da bu müddəti keçirmişdir (ötürmüşdür). Belə ki, iddiaçı iddia ərizəsində borc məbləğinin 20 gün müddətinə, məhkəmədə verdiyi izahatında isə 1-2 ay müddətinə verildiyini bildirir. Bununla belə, həmin müqavilədən irəli gələn pulun ödənilməsinə dair öhdəliklər üzrə iddia müddətinin axımı 2015-ci ilin may ayından başlamış və 2018-ci ilin may ayında bitmişdir. Lakin iddiaçı bu münasibətlərindən yaranan mübahisələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hazırki iddia ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət edərək, hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür.”
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü iddia ərizəsində pulun 2015-ci ildə 20 günlük müddətə verdiyini qeyd etmişdir. Apellyasiya baxışında izahatında isə cavabdehdən pulu təxminən pulun verilməsindən 1 il sonra tələb etdiyini bildirmişdir. Həmçinin iddiaçı bildirir ki, 2021-ci ildə cavabdehə məxsus avtomobili götürmüş və satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, avtomobil iddiaçıya verildiyi zaman iddiaçı 2015-ci ildə verdiyi pulu tələb etmək üçün 3 illik müddəti artıq ötürmüşdür.
26. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev