Məhkəmə qərarları › İş №2(103)-31/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-31/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-31/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı ilkin, İddiaçı Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı tələblər üzrə (Açar sözlər: ümumi istifadədə olan yolun zəbt edilməsindən ibarət hərəkətlərin qanunsuz hesab edilməsi, zəbt olunmuş ərazinin boşaldılması; tikilinin sökülməməsinin qanunsuz hesab edilməsi, tikilinin cavabdehin hesabına sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh iştirakı ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(003)-216/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 1664A saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur.

2. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 1644 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur.

3. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Cavabdeh mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1644 saylı 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. İddiaçı1 tərəfindən quraşdırılmış darvaza onun mülkiyyətində olan Xəzər rayonu Mərdəkan qəsəbəsi 1664A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Cavabdeh mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1644 saylı 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə hasar çəkilişi aparıldıqda İddiaçı1 tərəfindən quraşdırılmış dəmir darvaza ilə Cavabdeh mülkiyyətində olan 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsi ola bilər.

4. İş materiallarında olan mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin smetasından görünür ki, ümumi smeta dəyəri 95 manat təşkil edir.

5. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2260 saylı rəyindən görünür ki, Cavabdeh mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1644 saylı 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. İddiaçı1 tərəfindən quraşdırılmış darvaza onun mülkiyyətində olan Xəzər rayonu Mərdəkan qəsəbəsi 1664A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Cavabdeh mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1644 saylı 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə hasar çəkilişi aparıldıqda İddiaçı1 tərəfindən quraşdırılmış dəmir darvaza ilə Cavabdeh mülkiyyətində olan 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsi ola bilər.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinə və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan keçid yolunun Cavabdeh tərəfindən zəbt edilməsindən ibarət hərəkətlərin və keçid yolunda düzdüyü mişar daşlarının sökülməməsindən ibarət hərəkətsizliyi qanunsuz sayılması, Cavabdeh qeyd edilən hərəkəthərəkətsizliyinə son qoymaq, cavabdehin öz hesabına iddiaçının mülkiyyətinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan keçid yolunun zəbt etdiyi hissəsini boşaltmaq, orada düzdüyü mişar daşlanın sökmək və yolun əvvəlki qismən asfalt təbəqəsini bərpa etmək vəzifəsinin Cavabdeh həvalə edilməsi, onun Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının gələcəkdə həyata keçirilməsinə yaradılacaq istənilən maneələrin (hərəkəthərəkətsizliyin) qadağan edilməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə verilmiş seriya RX ******* saylı, **********1 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun tam payda xüsusi mülkiyyətindədir.Cavabdeh onun dayısıdır. Dayısı Cavabdeh mülkiyyətində olan 1664 A saylı bağ sahəsinin qonşuluğunda olan 1644 saylı bağ sahəsinin sahibi və mülkiyyətçisidir. İlk öncə Cavabdeh ona məxsus bağ sahəsinə giriş-çıxış imkanını məhdudlaşdırdığından - bağ sahəsinə olan keçid yolunun başlanğıcında, ümumi istifadədə olan yolda dəmir darvaza quraşdırdığından və tikinti işləri apardığından, iddiası əsasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinə və 0.12 ha torpaq sahəsinə keçid yolunun başlanğıcında, ümumi istifadədə olan yolda Cavabdeh dəmir darvaza, qapı quraşdırması və mişar daşından sütunlar (tumbalar) və divar tikməsi qanunsuz sayılmış, qeyd edilən əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən ona məxsus bağ evinə keçid yolunun başlanğıcında, ümumi istifadədə olan yolda tikilmiş və quraşdırılmış dəmir darvazanın və qapının, mişar daşından sütunların (tumbalar) və divarın sökülməsi vəzifəsi Cavabdeh həvalə edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilərək, bununla bağlı xx.xx.2019-cu il tarixdə akt tərtib edilmişdir. Bundan sonra, Cavabdeh əvvəlki hərəkətlərini davam etdirərək, ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinə və 0.12 ha torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş, ümumi istifadədə olan keçid yolunu tamamilə yararsız hala salmış, yolun qismən asfalt təbəqəsini dağıdaraq keçid yolunun enini azaltmaqla yolu zəbt etmiş, həmin zəbt etdiyi hissəyə hasar tikmək üçün mişar daşlarından iki cərgə daş düzmüşdür. Bunun nəticəsində, onun mülkiyyətində olan bağ sahəsinə girişdə inşa edilmiş dəmir darvazanın bir hissəsinin qarşısı kəsilmiş, darvazanın sərbəst şəkildə açılıb-bağlanmasma maneçilik törədilmişdir. Bundan başqa, cavabdehin bu hərəkətləri nəticəsində onun həm mülkiyyətində olan bağ evimə sərbəst giriş-çıxış imkanı məhdudlaşdırılmış, həm də ümumi istifadədə olan keçid yolu zəbt edilməklə onun torpaq sahəsinə rahat şəkildə daxil olmaq imkanı aradan qalxmışdır. Bu hərəkətlər Cavabdeh tərəfindən qəsdən, düşünülmüş şəkildə edilmişdir. Belə ki, ilk əvvəl keçid yolunun başlanğıcında quraşdırılmış dəmir darvazanın, tumbaların və divarın sökülməsi barədə iddia tələbi üzrə Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ona məxsus əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması həvalə edilməsinə baxmayaraq, cavabdeh yenə də qanunsuz hərəkətlərini təkrarlamaqla, onun öz mülkiyyətindən sərbəst istifadə və sahiblik etməsinə maneçilik törətmişdir. Qeyd etmək istəmişdir ki, ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evi və 0.12 ha torpaq sahəsinə məxsus texniki pasportdan görünür ki, onun bağ sahəsinə giriş hissənin eni 5.70 metr nəzərdə tutulmuşdur. Texniki pasporta əsasən keçid yolunun eni hər tərəfdə eyni olmaqla, ona məxsus bağ sahəsinin girişinə qədər uzanır. Bu isə o deməkdir ki, mübahisələndirilən keçid yolunun eni minimum 5.70 metr olmalıdır. Hətta, tərəfindən müvafiq ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, mübahiləndirilən keçid yolunun baş tərəfində (giriş hissəsində) yolun eni 5.40 metr təşkil edir. Lakin Cavabdeh keçid yolunu zəbt etməsi nəticəsində hazırda həmin keçid yolunun eni təxminən 3 metr qalmışdır. Bundan əvvəlki məhkəmə mübahisəsinə baxılarkən həmin keçid yolunun fotoşəkilləri ilə hazırda çəkilmiş fotoşəkilləri müqayisə etdikdə açıq-aşkar müəyyən etmək olur ki, Cavabdeh ümumi istifadədə olan keçid yolunun enini xeyli zəbt etmişdir. Hətta, düşünür ki, ümumiyyətlə, Cavabdeh məxsus bağ evinin və torpaq sahəsinin sərhədləri (döngə nöqtələri) keçid yolu istiqamətində müəyyən edilərsə, onun keçid yolundan əlavə digər torpaq sahələrini də zəbt etdiyini müəyyən etmək mümkündür. Cavabdeh dayısı Cavabdeh böyükləri vasitəsi ilə bu hərəkətlərinə son qoyaraq, onun mülkiyyətində olan bağ evinə və torpaq sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun zəbt etdiyi hissəsini boşaltması, orada düzdüyü mişar daşlarının sökülməsini və yolun əvvəlki qismən asfalt təbəqəsinin bərpa edilməsini xahiş etsə də, cavabdeh onun bu tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən qeyd olunan məsələ ilə bağlı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh İddiaçı1 qarşı tikilinin sökülməməsinin qanunsuz hesab edilməsi, tikilinin cavabdehin hesabına sökülməsi və sairə tələbi barədə qarşılıqlı iddia tələbi barədə məhkəməyə müraciət edərək, Zərifə Əliyeva tərəfindən mülkiyyətində olan 1664 saylı bağ sahəsinin girişində quraşdırılmış dəmir darvazanın sökülməməsindən ibarət hərəkətsizliyin və bu hərəkətsizlik nəticəsində İddiaçı1 tərəfindən onun mülkiyyətində olan 1644 saylı bağ sahəsinə hasar çəkməsinə maneə yaradılmasının qanunsuz sayılması, İddiaçı1 mülkiyyətində olan 1664 saylı bağ sahəsinin girişində quraşdırılmış dəmir darvazanın İddiaçı1 hesabına sökülməsi vəzifəsinin ona həvalə edilməsinə və onun mülkiyyətində olan 1644 saylı bağ sahəsi üzərində hüquqlarını pozacaq şəkildə yenidən quraşdırılmasının qadağan edilməsi, İddiaçı1 mülkiyyətində olan 1664 saylı bağ əsinə giriş-çıxış zamanı onun mülkiyyətində olan 1644 saylı bağ sahəsinə icazəsi olmadan daxil olmasının qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət itəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixində 04143 qeydiyyat nömrəsi ilə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 1664 saylı bağ sahəsi onun tam mülkiyyətindədir. Mülkiyyətində olan bu bağ sahəsinin yanından keçid yolu ilə sərhəd boyu (bağ sahəsinin ərazisindən kənara çıxmamaqla) hasar çəkmək məqsədilə mişar daşlarını cərgə ilə düzmüşdür. İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehin tələblərindən biri həmin mişar daşlarından ibarət cərgənin onun tərəfindən sökülməməsindən ibarət həkətsizliyin qanunsuz sayılması və həmin mişar daşlarından ibarət cərgənin sökülməsi vəzifəsinin məhkəmə tərəfindən ona həvalə edilməsidir. Artıq xeyli müddətdi ki, mülkiyyətində olan bu bağ sahəsinin yanından keçən keçid yolu ilə sərhəd boyu (bağ sahəsinin -razisindən kənara çıxmamaqla) hasar çəkmək istəsə də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 onun mülkiyyət hüquqlarına xələl gətirən hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. Belə ki, onun mülkiyyətində olan 1644 saylı bağ sahəsi ilə yanaşı yerləşən qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan 1664 saylı bağ sahəsinin girişində quraşdırılmış iki taylı dəmir darvaza onun bağ sahəsinin kənarı ilə hasar çəkməsinə mane olur, həmin darvaza açılarkən darvazanın bir tayı tam olaraq onun bağ sahəsinə daxil olur. Bundan əlavə, sözügedən darvaza elə quraşdırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinə keçid yolu ilə hərəkət edən şəxslər, nəqliyyat vasitələri keçid yolunun sənədlərlə müəyyən edilmiş sahəsindən kənara çıxaraq onun mülkiyyətində olan bağ sahəsinin ərazisindən onun icazəsi olmadan keçərək qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinə giriş-çıxış edirlər. Halbuki, qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinin giriş hissəsinin eninin 5.70 metr nəzərə alaraq, həmin darvaza elə quraşdırıla bilər ki, keçid yolu ilə qarşılıqlı iddia üzrə bağ sahəsinə girişçıxış zamanı onun mülkiyyətində olan bağ sahəsinə daxil olmadan girmək mümkün olsun, həmçinin həmin darvaza açılarkən onun bir tayı onun bağ sahəsinə daxil olmasın. Qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinə aparan keçid yolunun müvafiq sənədlərlə təsdiq en ölçüləri imkan verir ki, həmin keçid yolu ilə hərəkət edən şəxslər onun əmlakına daxil birbaşa qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinə giriş-çıxış edə bilsinlər. Məsələ ilə əlaqədar qarşılıqlı iddia üzrə cavabdehə müraciət edərək onun bağ sahəsinin girişində quraşdırılmış iki taylı dəmir darvazanın sökülməsini, beləliklə də onun bağ sahəmin kənarı ilə hasar çəkməsi üçün maneənin aradan qaldırılmasını, həmçinin onun icazəsi olmadan bağ sahəsinin ərazisinə daxil olmamağı xahiş və tələb etmişdir. Lakin qarşılıqlı iddia üzrə cavabdeh onun bu müraciətinə məhəl qoymayaraq, öz əmlakına giriş-çıxış hüququndan sui-istifadə edərək, qəsdən hərəkətsizlik nümayiş etdirərək onun mülkiyyət hüquqlarıma ciddi xələl gətirməkdədir.

10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(003)- 216/2021 nömrəli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) İddiaçı1 Cavabdeh qarşı ümumi istifadədə olan yolun zəbt edilməsindən ibarət hərəkətlərin qanunsuz hesab edilməsi, zəbt olunmuş ərazinin boşaldılması və sairə tələbinə dair ilk iddia tələbinin, Cavabdeh İddiaçı1 qarşı tikilinin sökülməməsinin qanunsuz hesab edilməsi, tikilinin cavabdehin hesabına sökülməsi və sairə tələbi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 145 manatın 72.5 manatı İddiaçı1, 72.5 manatı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcələsinin 84cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 206.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və ilkin iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 və Cavabdeh məxsus bağ sahələrini birləşdirən ümumi istifadədə olan keçid yolunun eni və uzunluğunu müəyyən etmək üçün tərəflərin adına olan torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış döngə nöqtələrinin koordinatları və bu koordinatlar arasındakı məsafə əsas götürülməli, ona uyğun ölçmə işləri aparılmalı, rəy məhkəməyə təqdim edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Digər prosessual hərəkətlər

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-31/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli protokol qərardadı ilə mülki iş üzrə İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir.

d) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

22. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

23. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda qətnaməni yalnız ilkin iddia üzrə iddiaçı ilkin iddianın təmin edilməməsi hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(003)-216/2021 nömrəli qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinə və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan keçid yolunun Cavabdeh tərəfindən 5.70 metr hissəsində zəbt edilməsindən ibarət hərəkətlərin və keçid yolunda düzdüyü mişar daşlarının sökülməməsindən ibarət hərəkətsizlik qanunsuz hesab edilməli, qeyd edilən hərəkət-hərəkətsizliyə son qoymaq, İddiaçı2 mülkiyyətin olan torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan keçid yolunun zəbt edilən 5.70 metr hissəsini boşaltmaq, orada düzülmüş mişar daşlarının sökmək və yolun əvvəlki qismən asfalt təbəqəsini bərpa etmək vəzifəsinin Cavabdeh həvalə edilməli, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının gələcəkdə həyata keçirilməsinə yaradılacaq istənilən maneələrin (hərəkət-hərəkətsizliyin) Cavabdeh qadağan edilməli, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməlidir.

34. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. İş materiallarından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh cəlb olunmaqla) hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsinin plan-ölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin edilməsi bərədə iddia tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

36. İş materiallarından görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixli icraatın dayandırılmasına dair vəsatətinə əsasən, hazırkı mülki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10831/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə dayandırılmış, sözügedən inzibati mübahisə isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-485/2023 nömrəli qərarı ilə həllini tapmış, qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-485/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-3132/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

38. Yuxarıda adıçəkilən məhkəmə qərarı ilə Cavabdeh adına reyestrdə qeydə alınmış 1644 saylı torpaq sahəsi ilə ondan əvvəl həmin torpaq sahəsinə dair verilmiş ilkin sənədlərdə (Roza Məmmədovanın adına verilmiş plan-ölçüdə) uyğunsuzluq olduğu, 1664 A saylı bağ sahəsi üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolunun bir hissəsinin Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alındığı öz təsdiqini tapmışdır. Qeyd olunan məhkəmə qərarına uyğun olaraq Bakı şəhər Xalq Deputatları Sovetinin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1968-ci il tarixli, 6 saylı protokoluna əsasən X2 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1644 saylı torpaq sahəsinin sonradan Cavabdeh adına reyestrdə qeydə alınarkən İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolunun Cavabdeh məxsus bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli) və torpaq sahəsinin plan-ölçüsünə daxil edilməsindən ibarət cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilmiş və İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə girişçıxış üçün nəzərdə tutulmuş keçid yolunun daşınmaz əmlakın dövlət reyestrində və torpaq sahəsinin plan-ölçüsündə əvvəlki vəziyyətə - 5.70 metr enində bərpa edilərək, bu barədə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli), torpaq sahəsinin plan-ölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin və dəyişikliklərin edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

39. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Adıçəkilən məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun daşınmaz əmlakın dövlət reyestrində və torpaq sahəsinin plan-ölçüsündə əvvəlki vəziyyətə - 5.70 metr enində bərpa edilməlidir.

40. İşin bu halı onu deməyə əsas verir ki, iddiaçının öz mülkiyyət hüquqlarını heç bir məhdudiyyət olmadan sərbəst qaydada həyata keçirilməsinin təmin olunması məqsədilə bağ sahəsinə giriş-çıxış yolunun zəbt edilməsinə əsas verən hərəkətlərə cavabdeh tərəfindən son qoyulmalıdır.

41. İddiaçının hüquqlarını məhdudlaşdıran hallar bilavasitə cavabdehin hərəkəthərəkətsizliyi ilə əlaqəli olduğundan, qeyd olunan halların aradan qaldırılması ilə bağlı ümumi istifadədə olan keçid yolunun zəbt edilən 5.70 metr hissəsini boşaltmaq, orada düzülmüş mişar daşlarının sökmək və yolun əvvəlki qismən asfalt təbəqəsini bərpa etmək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində iddianı təmin etməməkdə haqlı olmamışdır.

43. Belə ki, məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, ilk və qarşılıqlı iddia tələbi üzrə iddiaçılar onların mülkiyyətlərində olan torpaq sahələrində reyestrin düzgünlüyü prezumpsiyası əsasında qanunlara onlar aid hissələrdə tikinti işləri aparmış, yəni hasar çəkilmiş, dəmir qapılar qoymuşlar və s. Belə olan halda hər iki iddiaçının mülkiyyət üzrə hüquqları pozulmamaqla onlara məxsus torpaq sahəsinin zəbt olunması, yolun zəbt edilməsi və onlara məxsus torpaq sahəsində hər hansı tikilinin inşa edilməsi halı müəyyən olunmamışdır.

44. Kollegiya məhkəmənin qeyd edilən mövqeyi ilə bağlı qeyd edir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin reyestrinin aparılmasında yanlışlığa yol verildiyi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğundan, məhkəmə qərarına əsasən, iddiaçının mülkiyyət hüquqlarının rəsmi dövlət qeydiyyatında edilməli düzəlişlər əsas götürülməklə hazırkı mülki iş üzrə hüquqi qiymətləndirilmə edilməlidir.

45. Göründüyü kimi, mübahisəli torpaq sahəsində ilkin iddia üzrə iddiaçının 5.70 metr hissədə mülkiyyət hüquqları bərpa olunduğundan hazırkı iddia tələbi də həmin hissədə təmin olunmalıdır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, ilkin iddia iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(003)-216/2021 nömrəli qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinə və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan keçid yolunun Cavabdeh tərəfindən 5.70 metr hissəsində zəbt edilməsindən ibarət hərəkətlərin və keçid yolunda düzdüyü mişar daşlarının sökülməməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilsin, qeyd edilən hərəkət-hərəkətsizliyə son qoymaq, İddiaçı2 mülkiyyətin olan torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan keçid yolunun zəbt edilən 5.70 metr hissəsini boşaltmaq, orada düzülmüş mişar daşlarının sökmək və yolun əvvəlki qismən asfalt təbəqəsini bərpa etmək vəzifəsi Cavabdeh həvalə edilsin. İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının gələcəkdə həyata keçirilməsinə yaradılacaq istənilən maneələr (hərəkəthərəkətsizliyin) Cavabdeh qadağan edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (elektron qaydada) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar