Məhkəmə qərarları › İş №2(103)-3101/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3101/2022

25.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3101/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(006)-1654/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı əvvəlcə iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçıla Cavabdeh2 ASC arasında bağlanmış 30 aprel 2008-ci il tarixli 260 saylı kredit və ipoteka müqavilələrinin ləğv edilərək öhdəliklərə xitam verilməsi, ona məxsus olan avtomobilin həmin bank tərəfindən müqavilə şərtləri pozulmaqla satılması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi qismində 7500 manat, mənəvi zərərin əvəzi qismində 10000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının qohumu X3 Cavabdeh2 ASC-dən girovlu kredit götürmək üçün həmin banka müraciət etmiş, bank tərəfindən ona bildirilmişdir ki, kredit yalnız Bakı şəhərində qeydiyyatda olan şəxslərə verilir. Buna görə də onlar öz aralarında şifahi razılığa gəlmiş, Elnur Məmmədov “Mercedes Benz 190” markalı Az ** XT *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adına keçirmiş, iddiaçı tərəfindən Elnur Məmmədova avtomobilə dair etibarnamə verilmişdir. İddiaçı 30 aprel 2008-ci il tarixdə Cavabdeh2 ASC ilə kredit və ipoteka müqavilələri bağlayaraq bankdan 18 ay müddətinə qaytarmaq şərtilə 28 faiz dərəcəsi ilə 5112 manat məbləğində kredit götürmüş, həmin avtomobili kreditin qaytarılmasının təminatı kimi girov qoymuş, götürdüyü krediti Elnur Məmmədova vermişdir. Aralarında olan şifahi razılaşmaya görə kredit Elnur Məmmədov tərəfindən qaytarılmalı idi. Bir neçə aydan sonra kreditin qaytarılmasında problemlər yaranmış, buna görə də bank tərəfindən iddiaçıya xəbərdarlıq edilmişdir. 2010-cu ilin sentyabr ayında bankın problemli kreditlər şöbəsinin müdiri Cavabdeh1 avtomobili Elnur Məmmədovun əlindən alaraq bankın müvəqqəti duracağına yerləşdirmiş, 01 fevral 2011-ci il tarixdə Cavabdeh1 tələbinə əsasən iddiaçı həmin avtomobilə dair Kürdəmir rayon sakini X2 adına etibarnamə vermişdir. Cavabdeh1 bildirməsinə görə avtomobil hərracda satılıb əldə olunan vəsait borcun silinməsinə yönəldilməli idi. Avtomobil götürülərkən Cavabdeh1 tərəfindən heç bir sənəd verilməmişdir. 2018-ci ilin dekabr ayında İddiaçı bankdan kredit götürmək istəyərkən ona məlum olmuşdur ki, onun Cavabdeh2 ASC-yə 5900 manat borcu qalmışdır. Bundan sonra bankın əməkdaşı Cavabdeh1 tərəfindən aldadıldıqlarını başa düşüb X8 rayon prokurorluğuna və polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ASC-nin problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş Cavabdeh1 girov predmeti olan avtomobili Elnur Məmmədovun əlindən alaraq bankın müvəqqəti duracağına yerləşdirmiş, sonradan avtomobilə dair ayrıayrı şəxslərə etibarnamələr verilmiş, avtomobil 14 oktyabr 2014-cü il tarixdə bank tərəfindən satılsa da, borc bağlanmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı hesab edir ki, Cavabdeh1 bankın işçisi kimi fəaliyyət göstərib ona maddi və mənəvi zərər vurduğundan, hər iki cavabdeh vurulmuş zərərə görə məsuliyyət daşıyır. Bundan əlavə, kredit və ipoteka müqavilələrinin şərtləri bank tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə həmin müqavilələr ləğv edilib öhdəliklərə xitam verilməlidir. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, avtomobil 2010-cu ilin sentyabr ayında götürüldüyünə görə iddiaçı hüquqlarının pozulduğunu həmin vaxtdan bilmiş, lakin 10 illik ümumi iddia müddətini də buraxmaqla məhkəmədə iddia qaldırmışdır. İddia müddəti buraxılmaqla yanaşı, iddiaçı ona zərər vurulmasını da sübut edə bilməmişlər. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vəsatətlə məhkəməyə müraciət edərək bank ləğv etmə prosesində olduğuna görə “Banklar haqqında” Qanunun 72.1.3-cü və MPM-in 261.0.1-ci maddələrinə əsasən hazırkı işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(006)- 1654/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi kimi 7500 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən həmin qətnamədən apellyasiya şikayətləri verilmişdir. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, bank tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli şəkildə pozulduğuna görə kredit və ipoteka müqavilələrinin ləğv edilməsinə kifayət qədər əsaslar olduğu halda, məhkəmə maddi hüquq normalarını pozaraq iddianı həmin hissədə təmin etməmişdir. Bundan əlavə, Cavabdeh1 bankın işçisi kimi ona ziyan vurduğundan, ziyanın əvəzinin ödənilməsinə görə bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu onunla birlikdə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə maddi hüquq normalarını pozaraq iddianı Fonda qarşı hissədə təmin etməmişdir. Delikt nəticəsində iddiaçıya mənəvi zərər vurulması da aşkar olduğu halda, məhkəmə əsassız olaraq bu hissədə də iddianı təmin etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçıya zərər vurulması sübuta yetirilmədiyi və iddia müddəti keçdiyi halda, məhkəmə işin faktiki hallarını tam araşdırmayaraq əsassız olaraq iddianı ona qarşı hissədə təmin etmişdir. Bundan əlavə, Cavabdeh1 bankın işçisi kimi fəaliyyət göstərdiyindən, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən iddiaçı qarşısında mülki məsuliyyəti bank daşıyır və iddia banka qarşı qaldırılmalı idi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh1 nümayəndəsi Nümayəndə təmsil etdikləri şəxslərin apellyasiya şikayətlərini müdafiə edərək həmin şikayətlərin təmin edilməsini, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri X6 və X5 isə şikayətlərin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(006)-1654/2021 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 ASC ilə 30 aprel 2008-ci il tarixdə kredit və ipoteka müqavilələri bağlayaraq bankdan 18 ay müddətinə qaytarmaq şərtilə 28 faiz dərəcəsi ilə 5112 manat məbləğində kredit götürmüş, 1990-cı il buraxılışlı, sedan tipli, ban nömrəsi WDB2010241A535033, mühərrik nömrəsi **********6050 olan tünd göy rəngli “Mercedes Benz 190” markalı Az ** XT *** dövlət qeydiyyat nişanlı avtomobili kreditin qaytarılmasının təminatı kimi girov qoymuşdur. (i.v.58-62) Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, nəticədə İddiaçı banka borcu yaranmışdır. 01 may 2009-cu il tarixdən 30 sentyabr 2012-ci il tarixədək Cavabdeh2 ASC-nin Problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş Cavabdeh1 2010-cu ildə həmin avtomobili Elnur Məmmədov adlı şəxsdən götürərək bankın dayanacağına yerləşdirmiş, bundan sonra avtomobil dəfələrlə etibarnamə ilə ayrı-ayrı şəxslərin istifadəsinə verilmiş, 14 oktyabr 2014cü il tarixdə isə alqı-satqı müqaviləsi ilə başqa şəxsə satılmışdır. (i.v.55, 57) 30 aprel 2008ci il tarixli 260 saylı kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə 19 yanvar 2021-ci il tarixinə İddiaçı bank qarşısında 4061,82 manat əsas, 771,57 manat faiz borcu, cəmi 4833,39 manat borcu yaranmışdır. Buna görə də 05 mart 2021-ci il tarixdə LPO Cavabdeh2 ASC tərəfindən İddiaçı borcun ödənilməsi tələbi barədə bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 avqust 2021-ci il tarixli 9/2801 saylı rəyinə əsasən, “Mercedes 190” markalı 1990-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin 2011-ci ildə orta bazar qiyməti təxminən 7500 manat müəyyən edilir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir: Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İş materiallarından və işin faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olmuş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə girov qoyulmuş 1990-cı il buraxılışlı, sedan tipli, ban nömrəsi WDB2010241A535033, mühərrik nömrəsi **********6050 olan tünd göy rəngli “Mercedes Benz 190” markalı Az ** XT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 ASC-nin Problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş Cavabdeh1 tərəfindən qanunsuz olaraq 2010-cu ildə qanuni sahibindən götürülərək bankın duracağına yerləşdirilmişdir. Bu hal Cavabdeh1 Zərdab Rayon Prokurorluğunda araşdırma aparılarkən verdiyi izahatı ilə təsdiq olunur. Həmin avtomobil Cavabdeh2 ASC ilə bağlanmış ipoteka müqaviləsinə əsasən bankın razılığı olmadan özgəninkiləşdirilə bilməzdi və bu fakt Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş çıxarışda da qeyd olunmuşdur. (i.v.55) Avtomobil 2010-cu ildə bankın dayanacağına yerləşdirildikdən sonra dəfələrlə etibarnamə ilə ayrı-ayrı şəxslərin istifadəsinə verilmiş, 14 oktyabr 2014-cü il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh2 ASC-nin 30 aprel 2008-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə uzun müddət məhkəmədə iddia qaldırmaması və yalnız 05 mart 2021-ci il tarixdə iddiaçıya bildiriş göndərməsi, avtomobilin harada olması ilə maraqlanmaması və nəhayət 14 oktyabr 2014-cü il tarixdə satılması bankın həmin avtomobilin iddiaçının qanuni sahibliyindən çıxıb faktiki olaraq bankın sahibliyinə keçməsindən məlumatlı olması barədə nəticəyə gəlməyə kifayət qədər əsas verir. İşin faktiki hallarından görünür ki, avtomobil qanunsuz olaraq İddiaçı və onun etibarnamə verdiyi Elnur Məmmədovun sahibliyindən götürülüb satılsa da, İddiaçı banka olan borcunun ödənilməsinə sərf olunmamış, nəticədə ona maddi ziyan dəymişdir. İşdən göründüyü kimi, iddiaçıya maddi ziyan vurulması ilə nəticələnmiş delikti bankın işçisi olan Cavabdeh1 törətmişdir. Buna görə də Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, bank öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli Qərarında qeyd edilir ki, işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Ona görə də Cavabdeh1 məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən hazırkı iddiaya cavab verməli olan şəxs deyil, bu iddia üzrə törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımır və törətdiyi delikt nəticəsində iddiaçıya vurulan zərərin əvəzini işçisi olduğu Ləğv prosesində olan Cavabdeh2 ASC ödəməlidir. Ləğv prosesində olan Cavabdeh2 ASC də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən Cavabdeh1 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququna malikdir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İddia ərizəsindən görünür ki, iddia tələbləri ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı deyil, bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmişdir. Mülki Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir. Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. Bankın içşisinin törətdiyi mülki hüquq pozuntusuna görə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və müqavilənin ləğv edilməsi barədə iddialar müflis elan olunmuş Cavabdeh2 ASC-nin hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı olduğundan, iddia tələbləri LPO Cavabdeh2 ASC-yə qarşı qaldırıla bilərdi. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Göründüyü kimi, ləğv olunması tələb olunan kredit və ipoteka müqavilələri üzrə tərəflər İddiaçı və Cavabdeh2 ASC-dir. Buna görə də bu tələb də bankın hüquq qabiliyyətindən irəli gələn tələb olduğuna görə tələb bilavasitə banka qarşı yönəlməli idi. Əmanətlərin Sığortalanması Fondunun əsas fəaliyyəti iştirakçı banklardan əmanətlərin sığortalanması üçün sığorta haqlarını toplamaq, qanuna uyğun olaraq Fondun pul vəsaitinin təhlükəsizliyini təmin etmək və bankda sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə sığortalanmış əmanətlərin ödənilməsini təmin etməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yenə Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, kredit və ipoteka müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia bilavasitə müqavilənin tərəfi olan LPO Cavabdeh2 ASC-yə qarşı, bankın işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə vurulmuş maddi və zərərin əvəzinin ödənilməsi barədə iddia işçinin işlədiyi LPO Cavabdeh2 ASC-yə qarşı yönəldilməli olduğundan, iddia tələbi ona cavab verməli olmayan Cavabdeh1 və LPO Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəldiyindən, təmin edilə bilməz. Kollegiya hesab edir ki, iddia əsl cavabdehə qarşı yönəlmədiyindən, kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, iddiaçıya maddi və mənəvi zərərin vurulması və iddia müddətinin tətbiqi barədə məsələnin araşdırılmasına lüzum yoxdur. Qeyd olunan məsələlər iddia tələbi əsl cavabdehə qarşı irəli sürüldüyü halda araşdırma predmeti ola bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(006)- 1654/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar