Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3102/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ( "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 476/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X3, İddiaçı (bundan sonra iddiaçı), X6, X12 və X7 müştərək qaydada ümumilikdə 85.991,75 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 42 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun tutularaq, "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetlərinə, o cümlədən İddiaçı məxsus ünvan 3, 4 nömrəli evin, 10 nömrəli mənzilinə yönəldilməklə, həmin əmlakların açıq hərracda satılması, ünvan 3, 4 nömrəli evin, 10 nömrəli mənzilin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş və mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 3, 4 nömrəli evin, 10 nömrəli mənzilin ilkin satış qiyməti kimi likvid qiymətinin 32.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilməmiş saxlanılmışdır. Bu qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Cavabdeh1 hərracın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli sifariş məktubu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, "Əmlak hərrac mərkəzi” MMC-yə və İddiaçı göndərilmişdir. Həmin mənzilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu hərracın keçirilməsinin tarixi və yeri barədə “Birjanyus” X4, eləcə də, "Əmlak hərrac mərkəzi” MMCnin rəsmi internet saytında elan verilmiş, həmçinin, tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamış və həmin tarixə təyin edilmiş açıq hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş, bununla bağlı ilkin hərracda olduğu kimi maraqlı şəxslərə müvafiq bildiriş göndərilmiş və internet informasiya ehtiyatlarında zəruri məlumatlar yerləşdirilmişdir. Lakin bu hərracda da iştirakçının olmaması səbəbi ilə baş tutmamış və xx.xx.2023-cü il tarixdə bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra hərrac təşkilatçısı tərəfindən "xxxx" QSCyə mənzilin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə əldə edilməsi təklif edilmiş (20.400 manat) və həmin təklif İddiaçı və İcra İdarəsinə də göndərilmişdir. Nəticədə mənzil cavabdeh "xxxx" QSC tərəfindən qeyd edilən qiymətə əldə edilmiş və bununla bağlı Cavabdeh2 MMC ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixdə “X18 barədə” 145/23 saylı protokol imzalanmışdır. Mənzilə dair "xxxx" QSC-nin mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3ndə 4 nömrəli evin, 53.9 kv.m. ümumi, 31,4 kv.m yaşayış, 22,5 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, hərracın yekunları barədə 145/23 saylı, xx.xx.2023-cü il tarixli Protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən "AccessBank” ASC-nin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1080/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 sifarişi ilə mülkiyyətindəki ipoteka predmeti olmuş ünvan 3ndə 4 nömrəli evin, 53.9 kv.m. ümumi, 31.4 kv.m. yaşayış 22.5 kv.m. yardımçı sahədən ibarət 10 saylı mənzili “Əmlak Hərrac Mərkəzi" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac baş tutmadığından "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq, yuxarıda qeyd etdiyi yaşayış evi X18 barədə 145/23 saylı, xx.xx.2023-cii il tarixli Protokola əsasən tələbkar "xxxx" ASC tərəfindən 20.400 manata əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən yaşayış evi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Onun Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı "xxxx" MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan xəbəri olmamışdır. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə bildiriş göndərilməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. Bununla da, həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərrac keçirilməsi qaydaları ilə bağlı "İpoteka haqqında" Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Ona görə də, həmin qanunla müəyyən edilmiş qaydaların pozulması ilə keçirilən hərrac nəticələri və yaşayış evinə dair hərracın yekunları barədə 145/23 saylı, xx.xx.2023-cü il tarixli Protokola əsasən daşınmaz əmlakın dövlət reyestrindən "AccessBank” QSC-nin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir.
4. Cavabdeh2 MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh1ndən Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2023cü il tarixli sifariş məktubuna əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə ilkin satış dəyəri 32.000 manat olmaqla, ünvan 3 ünvanında yerləşən, 4 nömrəli evin, 10 saylı mənzilinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi xx.xx.2023-cü il tarixinə, saat 10:00-a təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclular X13, X8, X11. İddiaçı, X15, eləcə də tələbkar "xxxx" QSC-yə 711/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixdə elektron kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış, “Birjanyus” X4 (Portalında) (wuw.birianews.az) dərc olunmuş və həmin elan, eyni zamanda, hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 27.200 manata olmaqla xx.xx.2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixdə kütləvi informasiya vasitəsi olan “Birjanyus” X4 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X4 (Portalında) (www.birianews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 932/23 saylı bildirişə əsasən təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hərracın baş tutmamasma dair xx.xx.2023-cü il tarixli protokola əsasən xx.xx.2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 1064/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" QSC ipoteka predmetini təklif edilən 20.400 manat məbləğinə əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X5" nəzdində "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 145/23 saylı “X18 barədə Protokol" tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə "Əmlak Hərrac Mərkəzi” MMC-nin 1195/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir.
5. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, hərrac qanunvericiliyə uygun keçirilmişdir. Tərəflər hərrac barədə məlumatlı olmuşdular. Çünki tərəflə hərrac dövründə belə danışıqlar aparılmışdır. İddiaçının da qeyd etdiyi kimi, əmlak xx.xx.2023-cı il tarixli, 145/23 nömrəli “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün X18 Barədə Protokol tərtib edilərək, banka borc qarşılığında satılmışdır. Məhkəməyə qədər, icra mərhələsində və Hərrac dövründə borclu və ipotekaqoyan hərracdan məlumatlı olmuş və bankdan güzəştlər təklif edilsə də, dəyərləndirməmişdir. Hazırki iddia qanunvericiliyin verdiyi hüquqlardan sui-istifadədir və qət edilmiş qətnamənin icrasını yubatmaq məqsədi daşıyır. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən müqavilənin etibarsızlığı üçün iddai müddəti 1 il olmasına baxmayaraq, artıq 2 ilə yaxın zaman keçmişdir və iddia müddətinin iddaçı tərəfindən pozulmasi aşkardır və ötürülmüşdür.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 476/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1nə və üçüncü şəxs "xxxx" QSC-yə qarşı “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakim X14)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada ipoteka qoyana təqdim olunması təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 416.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac onun xəbəri və iştirakı olmadan keçirilmiş və bununla da hüquqları pozulmuşdur. Lakin, məhkəmə qəbul etdiyi aktla onun pozulmuş hüquqlarını bərpa etməmişdir. Məhkəmə, icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh “Əmlak Hərrac Mərkəzi “MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bu etirazı da iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
17. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir.
18. Məhkəmə kollegiyası F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə üçüncü şəxs "xxxx" QSC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq, iddiaçı mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, Vəli Xuluflu küçəsində 4 nömrəli evin, 10 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi səbəbindən onların arasında məhkəmə mübahisəsi yaranmışdır. Həmin mübahisənin nəticəsi olaraq, məhkəmə qaydasında iddiaçıdan "xxxx" QSC -nin xeyrinə kredit borcu tutulmuş və tutma ipoteka predmetinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında müvafiq icra şöbəsi tərəfindən verilmiş sifariş üzrə Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac (ilkin və təkrar) baş tutmamış və bunun nəticəsi olaraq, həmin əmlak sonuncunun təklifinə əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Bununla bağlı onların arasında xx.xx.2023-cü il tarixdə “X18 barədə” protokol imzalanmış və əmlak xx.xx.2023-cü il tarixdə dövlət reyestrində "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir.
24. Hazırda iddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar olunmadığını, hərracın təşkilatçısında onun xəbərdar edilməsi ilə bağlı heç bir mötəbər sübutun olmadığını iddia edir və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi yeri və vaxtı barədə xəbərdar olunmaması və bunun nəticəsi olaraq hərracda iştirak etməməsi səbəbindən “X18 barədə” xx.xx.2023-cü il tarixli protokolun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edir.
25. Məhkəmə kollegiyası iddiaçının mövqeyinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilikdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə, habelə media və internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Başqa sözlə, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi internet saytlardan çıxarışları ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir.
27. Belə ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanın (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsi səbəbindən müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif üsullarının (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır. Müəyyən edilmiş məlumatlandırma üsullarına uyğun olaraq da hərrac təşkilatı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən məlumatlandırmanın həyata keçirilməsi bu əsasla hərracın etibarsız hesab edilməsini istisna edir.
28. Hazırki iş üzrə də qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməklə hərrac təşkilatı (cavabdeh) tərəfindən həm xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin, həm də xx.xx.2023-cü il tarixlərdə keçirilmiş təkrar hərraclar barədə iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə “Birjanews” X4 (www.birjanews.az) ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar dərc etdirilmişdir. Lakin bildirişlərin olduğu zərflər “köçüb” qeydi ilə iddiaçıya təqdim edilmədən geri qaytarılmışdır (zərflər üzərində olan qeydlər də bildirişlərin həqiqətən də göndərilməsini təsdiq edir). Bundan başqa, ilkin və təkrar hərracın baş tutmaması barədə protokollar tərtib edilmiş və bu barədə də “Birjanews” X4 (www.birjanews.az) elanlar dərc edilmişdir.
29. Bununla belə, Cavabdeh2 MMC hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, qanunvericiliklə müəyyən edilmiş üsullara uyğun olaraq məlumatlandırmanı həyata keçirmişdir. Göndərilən bildirişlərdə əks olunmuş məlumatlar tamlığı baxımından da qanunvericiliyin tələblərinə tam uyğundur. Belə olan halda, həmin bildirişlərin hər hansı səbəbdən iddiaçı tərəfindən qəbul edilməsinin mümkün olmaması, habelə onun “Birjanews” internet informasiya ehtiyatı barədə məlumatlı olmaması və ya orada yerləşdirilmiş məlumatları izləməməsi apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dəlalət etmir və iddiaçının istinad etdiyi əsaslarla hərracın etibarsız hesab edilməsini birmənalı şəkildə istisna edir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə istinadən qeyd edir ki, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsi icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmasını nəzərdə tutmur.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-476/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.