Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3106/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi»” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-621/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinməsi və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 300 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.2-ci maddələrinə əsasən İddiaçı təyin olunmuş cərimə və azadlıqdan məhrum etmə cəzaları tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza 300 manat məbləğində cərimə və 3 il müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməsi, İddiaçı təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən İddiaçı təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, İddiaçı təyin edilmiş sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində İddiaçı üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişdirmək vəzifəsi qoyulması, sınaq müddəti ərzində İddiaçı yeni cinayət törətməzsə cəza icra olunmaması, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir.
2. Goranboy rayon İcra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 91584/2018 saylı arayışa əsasən İddiaçı 300 manat cərimə məbləğini ödəmiş və ona təyin olunmuş 01 sınaq müddəti bitdiyi üçün cəzasını çəkib qurtarmışdır.
3. "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı məxsus olan əmək haqqı kartı üzrə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2017-ci – xx.xx.2017ci il üzrə 6274,30 AZN məxaric və 6274,54 AZN mədaxil olunmuşdur.
4. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1- 1(104)-44/2022 saylı ilkin baxış qərarına əsasən apellyasiya protestinin təmin edilməsi, Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 1(098)-295/2017 saylı hökmü və 05 oktyabr 2017-ci il tarixli 1(098)-295/2017 saylı hazırlıq iclasının qərarının ləğv edilməsi, cinayət işinin yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılması qərara alınmışdır.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə DİN-in müvafiq uçotlarında qeydlər aparılmışdır.
6. AO № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində xidmətə uyğunsuz hesab edilərək işdən çıxarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 14 avqust 1980-cü il tarixində Goranboy rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 06 oktyabr 1998-ci ildən 15 yanvar 1999cu ilə qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş, 1999-cu il yanvarın 15-dən N saylı hərbi hissəyə keçirilmiş və burada xidmətdə olarkən 20 oktyabr 1999-cu ildən 15 may 2000-ci ilə qədər gizir hazırlıq kursuna cəlb edilərək kursu uğurla bitirmişdir. Kursu bitirdikdən sonra gizir rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətini Müdafiə Nazirliyinin düşmən Ermənistan silahlı birləşmələri ilə keçmiş təmas xəttində yerləşən müxtəlif hərbi hissələrində davam etdirmişdir. Xidmət dövründə çoxsaylı təşəkkürnamə, fəxri diplom və 2008-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin davamı kimi 21 iyun 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qət-imkan tədbiri seçilmişdir. 19 iyul 2017-ci il tarixində Tərtər Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. 29 avqust 2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 ay olmaqla, 07 noyabr 2017-ci il tarixədək uzadılmışdır. 25 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyati üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 29 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3- cü maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilmişdir. İddiaçı tərəfindən 300 manat cərimə müvafiq qaydada ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 05 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Pərviz Cəlilova həvalə edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 33.1-cü maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddsilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3- cü maddələrindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 iyun 2022-ci il tarixli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.2.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihama bəraətverici əsasla xitam verilmişdir. İddiaçı Azərbaycan Ordusunda 19 illik xidmətinə baxmayaraq əsassız ittihamlara məruz qalmış, 21 iyun 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, 1 ay həbsdə qalmış, sonra ev dustaqlığına buraxılmış, irəli sürülmüş ittihamla təqsirli bilinərək 300 (üç yüz) manat cərimə və şərti tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin iyun ayında gizir rütbəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirmiş, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqım 2017-ci ilin iyun ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1045 (bir min qırx beş) manat təşkil edirmiş, İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin iyun ayından 2018-ci ilin yanvar ayına qədər, yəni 2018-ci ilin yanvarında yenidən işə çıxana qədər 06 (altı) ay - iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr 2017-ci il tarixləri ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 6270 (altı min iki yüz yetmiş) manat edir (1045x6=6270). Göstərilənlərə əsasən İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiyanın və 6270 (altı min iki yüz yetmiş) manat maddi ziyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-621/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 6600 manat məbləğində mənəvi zərərin, 6270 manat məbləğində maddi zərərin, ümumilikdə 12.870 manat məbləğində pulun tutularaq ona verilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus olan əmək haqqı kartı üzrə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı orta aylıq əmək haqqı məbləği 1045 manat təşkil etmişdir. (6270 ümumi mədaxil : 6 ay= 1045 manat). Göründüyü kimi, o, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində 6 ay (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, daha sonra isə öz əvvəlki işinə bərpa edilmişdir) ərzində cəmi 6270 manat (1045 manat x 6 ay) məbləğində əmək haqqından məhrum olmuşdur. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və 12 ay sınaq müddəti müəyyən edilməklə şərti cəza tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 ay müddətinə həbs qətimkan tədbirinə görə 1000 manat, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinə görə 2000 manat (bir ay üzrə 500 manat x 4 ay), 12 aylıq sınaq müddəti müəyyən edilməklə tətbiq edilən şərti cəzaya görə 3600 manat (bir ay üzrə 300 manat x 12 ay) olmaqla ümumilikdə 6600 manat məbləğində müəyyən olunmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində mənəvi zərərin, 6270 (altı min iki yüz yetmiş) manat məbləğində maddi zərərin, ümumilikdə 12870 (on iki min səkkiz yüz yetmiş) manat məbləğində pul ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanuna, Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, əvvəlki redaksiyada verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsinə, Cinayət Prosessual Məcəlləsinin 155.3.1-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 81, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli2(006)-621/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikasıqanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan RespublikasıQanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanında da bunun bağlı hər hansımüddəa müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan RespublikasınınMaliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı(orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdu. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçünQanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Digər tərəfdən əməkhaqqı məbləğinin hesablanması və iddiaçıya cavabdeh Maliyyə Nazirliyi tərəfindən ödənilməsi hissəsində də məhkəmə tərəfindən pozuntuya yol verilmişdir. Belə ki, iddiaçıya əməkhaqqının hesablanması və ona ödənilməsi onun işəgötürəni tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərəfindən əsassız olaraq işəgötürən tərəfindən yerinə yetirilməli olan öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. ddia tələbindən də göründüyü kimi iddiaçının hüquq-mühafizə və məhkəmə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və NazirliyinNəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
18. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
19. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, hazırkı iddiasında iddiaçı Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinməsi və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 300 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 3 il müddətə məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.2-ci maddələrinə əsasən İddiaçı təyin olunmuş cərimə və azadlıqdan məhrum etmə cəzaları tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza 300 manat məbləğində cərimə və 3 il müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
27. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsaslı olması və xeyrinə maddi ziyanın tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərara əsasən ********* nömrəli işi üzrə İddiaçı hərbi qulluqçunu döyməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 329.2.1- ci maddəsi ilə istintaq olunan hissəsinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, İddiaçı X1 təhqir etməsi xüsusatına Azərbaycan Respublikası CMP-in 39.1.11-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.
28. Belə olan halda müəyyən edilir ki, iddiaçının təqsirsizliyi sübuta yetirilmiş və o qanunsuz həbsdə saxlanıldığı müddətə maddi itkilərə məruz qalmışdır.
29. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı məxsus olan əmək haqqı kartı üzrə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2017-ci – xx.xx.2017-ci il üzrə 6274,30 AZN məxaric və 6274,54 AZN mədaxil olunmuşdur. Göründüyü kimi İddiaçı orta aylıq əmək haqqı məbləği 1045 manat təşkil etmişdir. Beləliklə, iddiaçı qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində 6 ay (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr) ərzində cəmi 6270 manat (1045 manat x 6 ay) məbləğində əmək haqqından məhrum olmuşdur.
30. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
31. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
32. İşin hallarından və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarından belə nəticəyə gəlmək olur ki, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olmuşdur.
33. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edildiyi üçün ona vurulmuş maddi və mənəvi ziyan Maliyyə Nazirliyindən deyil, ziyan vurulmasına səbəb ola dövlət orqanı tərəfindən tutulmalıdır.
34. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilir.
35. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
36. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlətin maliyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğu üçün məhkəmənin hökmünə əsasən iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
37. Cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq mənəvi ziyanın ödənilməsi ilə bağlı tutulan məbləğin əsassız olaraq şişirdilməsini qeyd etsə, şikayətin dəlilinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
39. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-621/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev