Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3107/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh “Azərişıq" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azərişıq" ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-701/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Azərişıq" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inəyinin tələf olması ilə əlaqədar dəymiş 900 (doqquz yüz) manat maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırdığını, ailəsini xırda və iri buynuzlu heyvanlardan əldə etdiyi gəlir hesabına saxladığını qeyd etmişdir. 31 oktyabr 2021-ci il tarixdə özünə məxsus mal-qaranı örüş sahəsinə ötürmüş, həmin gün gündüz saat 3 radələrində şəxsi təsərrüfatında olan boz rəngli, orta köklükdə, təxminən 240 kq. çəkidə olan bir baş inək elektrik xəttinə toxunmuş, elektrik cərəyanı vurmasından ölmüşdür. Baytar həkim Nəsirov Fikrət həmin gün inəyin cəsədini yarıb müayinə etmiş, həqiqətən də ona məxsus inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi yarma protokolu ilə təsdiqlənmişdir. Orta köklükdə olan inəyin təxminən 240 kq. çəkisi vardır və 1 kq. mal ətinin satış qiyməti 11 manat olduğundan ona 900 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-701/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 900 (doqquz yüz) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə heç bir prosessual araşdırma aparılmadan, işə səthi yanaşaraq əsassız qətnamə qəbul edilmişdir. İddiaçının istinad etdiyi halların heç bir sübut olmadığı bir halda tələb qanunsuz olaraq təmin olunmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərin mötəbərliyi, iş üzrə rəy vermiş səxlərin yarma aparması və hansı əsaslara görə inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə prosesində elektrik dirəyi və xəttlərin məhz "xxxx" ASC-yə aid olub-olmaması faktı da araşdırılmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə ölmüş heyvanın hansı şəraitdə və harada basdırılması məsələsinə də hüquqi qiymət verilməmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı tərəflərindən hakimə təqdim edilən sübutlara (cavabdehlə aralarında olan yazışmalar, fotoşəkillər,) məhkəmə prosesi zamanı münasibət bildirilməmiş, həmçinin qətnamədə də sübutlara hüquqi qiymət verilməmişdir. Belə ki, bu prosessual pozuntu əslində məhkəmənin tərəflərindən təqdim edilmiş, tam şəkildə iddianın əsasını təşkil edən sübutlara hüquqi qiymət vermədiyini təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərişıq" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən hadisə yerində olan elektrik dirəyinin və xətlərin məhz "xxxx" ASC-yə aid olub-olmaması faktı da araşdırılmamış və iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kürdəmir rayon Baytarlıq İdarəsi Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş 31.10.2021ci il tarixli yarma protokoluna əsasən, İddiaçı məxsus inək elektrik cərəyanı vurması nəticəsində ürək-damar, ağ ciyər çatışmazlığı, baş-beyin, onurğa beyni iflicindən tələf olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir RİHB-nın Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi S.E.Eminov tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus bir baş inək elektrik cərəyanının vurması nəticəsində ölmüşdür. İş materiallarında olan Sabirabad rayon “Fərid” mal qara alqı-satqı bazarı tərəfindən verilmiş arayışdan görünür ki, hazırda mal-qara bazarında 1 baş diri çəkisi təxminən 240 kq. olan inəyin orta bazar qiyməti 700-900 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kürdəmir rayon Baytarlıq İdarəsi Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş 31.10.2021-ci il tarixli yarma protokolu və Azərbaycan Respublikası Kürdəmir RİHB-nın Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi S.E.Eminov tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus bir baş inək elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, iddiaçıya məxsus 1 baş iri buynuzlu heyvanın elektrik cərəyanının vurması nəticəsində tələf olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə zərərin mövcud olması, cavabdehin yüksək təhlükə mənbəyi ilə bağlı risklərin qarşısının alınması üçün zəruri olan tədbirləri görməməklə hərəkətsizlik etməsinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, yüksək gərginlikli elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh qəbul olunmuş Qaydaların tələblərinə riayət olunmasını və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağının təhlükəsizliyini və həmin zonaya kənar müdaxilələrin məhdudlaşdırılmasını təmin etmədiyindən birinci instansiya məhkəməsi iddiaçıya dəymiş zərərin əvəzi olaraq 900 manat məbləğində pul vəsaitinin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli olması nəticəsinə haqlı olaraq gəlmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin məhkəmə baxışı zamanı tərəflərindən hakimə təqdim edilən sübutlara (cavabdehlə aralarında olan yazışmalar, fotoşəkillər,) məhkəmə prosesi zamanı münasibət bildirilməməsini, həmçinin qətnamədə də sübutlara hüquqi qiymət verilmədiyini bildirsə də, iş materiallarında iddiaçı ilə cavabdeh arasında olan yazışmalar eləcə də cavabdeh tərəfindən hər hansı digər sübut movcud olmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə cavabdehə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın qiyməti 900 manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azərişıq" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-701/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh “Azərişıq" ASC-yə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3107/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3107/2022
11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver