Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3109/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (X4, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1718/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020-023 saylı icra sənədi üzrə tələbin yönəldiyi onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilin həbsdən azad edilməsi, həmin mənzilin bazar qiyməti ilə satışı həyata keçiriləcək əldə edilən məbləğin kreditor "xxxx" QSC-yə ödənilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehlər "xxxx" QSC və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1718/2023 saylı, 02 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin qəbulundan imtina edilmiş, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmış, iddiaçıya birinci tələblə bağlı müvafiq icra şöbəsinə və ikinci tələblə bağlı isə birinci instansiya məhkəməsinin qətnaməsindən qanunvericiliklə nəzərdə tutulmuş müddət və qaydada şikayət vermək hüququ izah edilmiş, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq ona geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1718/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsini, bunun mümkün olmadığı halda, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020-023 saylı icra sənədi üzrə tələbin yönəldildiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin, 117 nömrəli mənzilin həbsdən azad edilməsi, həmin mənzilin bazar qiyməti ilə satışı həyata keçirilərək əldə edilən məbləğin kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə razılıq verilməsi öhdəliyi cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi üzərinə qoyulması ilə bağlıdır. Hesab edirlər ki, bu iddia tələbinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış 2(004)-570/2020 saylı işin davamı kimi qəbul etmək yanlışdır. Belə ki, bu tələb tamamilə müstəqil bir tələb olub, mülkiyyət hüququ kobud şəkildə pozulan vətəndaşın, mülkiyyətində olan evin üzərində olan həbsin götürülməsini, əmlakın həbsdən azad edilməsini əhatə edir. Təbii ki, iddia tələbini dəqiqləşdirmə imkanı işin hazırlıq mərhələsində mövcuddur. Belə olan halda iddiaçının iddia ərizəsinin icraata götürülməsindən imtina olunması onun mülkiyyət hüququnu pozduğu kimi, məhkəməyə müraciət hüququnu da pozmaqdadır. Məhkəmə bu tələbləri də pozaraq, qərardad qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(006)-1718/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2023cü il tarixli, 2(006)-1718/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən həm iddia icraatı, həm də icra icraatı qaydasında mənzilin həbsdən azad edilməsi məsələsi qaldırıla bilər. Lakin hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin, 117 nömrəli mənzili kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin kredit öhdəliyinin lazımi qaydada icra edilməməsi səbəbindən yaranmış məhkəmə mübahisəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 06 noyabr 2020-ci il tarixdə qəbul edilmiş 2(004)-570/2020 saylı qətnamə ilə yaranmış kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə, o cümlədən bu mənzilə yönəldilməsi qət edilmişdir. Bununla belə, hazırda iddiaçı satış qiyməti və qaydası qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mənzilin satış qiymətinin və qaydasının müəyyən edilməsini və məhz bu məqsədlə mənzilin həbsdən azad edilməsini tələb edir. Bu da öz növbəsində iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini və iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsi ilə İddiaçı iddiasını iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1718/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1718/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3109/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3109/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver