Məhkəmə qərarları › İş №2(103)-3117/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3117/2024

26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3117/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-449/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzinə əsasən Cavabdeh **********6944- 431302 saylı hesabına həmin tarixdə 9.210 manat məbləğində pul mədaxil edilmişdir. Şəmkir Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarına əsasən X7 və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı 9.210 manat pul tələbi ilə əlaqədar mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9.210 manat pulun və 114 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır. Özünə avtomobil almaq istəyirdi, ona görə də dost-tanışına bu barədə məlumat vermişdir. Xəyal Babayev adlı tanışı onun Almaniyada tanışı olduğunu və oradan daha sərfəli qiymətə və keyfiyyətdə avtomobil alacağını bildirmiş, o da avtomobilin Xəyalın tanışı vasitəsilə alınması ilə razılaşmışdır. X9 yaşayan tanışı Elçin Əliyevlə telefon vasitəsilə əlaqə saxlayaraq, avtomobil almaq istədiklərini bildirmişdir. O da bununla razılaşaraq avtomobil göndərə biləcəyini söyləmişdir. Bundan sonra danışığa əsasən Elçin Əliyevin şəriki olan Cavabdeh xx.xx.2023-cü il tarixdə 9.210 manat məbləğində pulu "xxxx" ASC vasitəsilə göndərmişdir. Onlar avtomobili təqdim edəcəklərinə söz vermiş olsalar da, sonradan dəfələrlə telefon vasitəsilə əlaqə saxlamağına baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirərək, nə ona satacaqları avtomobili vermişlər, nə də ki pulunu qaytarmışdılar. Halbuki, o avtomobilin alqı-satqısına görə Cavabdeh 9.210 manat pul göndərmişdir və o həmin pulu bankdan götürmüşdür. Cavabdehla dəfələrlə telefon vasitəsilə əlaqə saxlayanda o pulu Elçin Əliyevə göndərdiyini, tezliklə onun pulunu qaytaracağını bildirmiş olsa da, heç bir nəticəsi olmamışdır. Nəticədə o pulu qaytarmamışdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 449/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 9.210 manat məbləğində pul vəsaitinin və 114 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsini qət edilmişdir (hakim X16).

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Belə ki, iddiaçının başqa şəxslə olan podrat müqaviləsinin icrası ilə bağlı cavabdehin hesabına köçürülmüş 9.210 manat məbləğində vəsaitə hər hansı hüquqi əsası yaranmamışdır. Yəni iddiaçı ilə üçüncü şəxsin arasında olan razılığa əsasən və üçüncü şəxsin istəyi ilə iddiaçı tərəfindən cavabdehin hesabına hər hansı vəsaitin köçürülmüş olması, onlar arasında yox, əksinə cavabdehlə üçüncü şəxs arasında hər hansı müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, nə tərəflər arasında üçüncü şəxsin xeyrinə bağlanan müqavilə münasibətləri, nə də öhdəliyin üçüncü şəxs tərəfindən icrasını şərtləndirən münasibətlər olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, tədqiq edilmiş sübutlarla cavabdehin hesabına köçürüldüyü təsdiq edilən 9.210 manat məbləğdə vəsaitə cavabdehin hüquqi əsası olmadığından, həmin vəsait əsassız varlanma qaydalarına uyğun olaraq məhrum olanın tələbinə əsasən geri qaytarılmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 404-cü, 425-ci, 427-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 752.1-ci, 1091-ci, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.3-cü, 77.1-ci, 80-cı, 88-ci, 89.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, avtomobil alveri ilə məşğul olmur, iddiaçını tanımır, onun Elçin Əliyev adlı şəriki yoxdur, iddiaçı ilə hər hansı şifahi əqd bağlamamışdır. İddiaçı kiminlə razılaşma əldə edibsə, məhkəməyə cavabdeh qismində həmin şəxsi cəlb etməli idi. Birinci instansiya məhkəməsində cavabdeh əsl cavabdehlə əvəz olunmalı idi. O, iddiaçının göstərdiyi Elçin Əliyevi tanıyır. Belə ki, 2013-cü il tarixindən 2015-ci il tarixədək onunla birlikdə Süd emalı zavodunda işləmişdir. O, orada fəhlə, Elçin Əliyev isə ekspeditor işləmişdir. Elçin Əliyev ilə tanışlığı həmin vaxtdan yaranmışıdr. 2021-ci ilin oktyabr ayında o, Türkiyə Respublikasına getmiş və həmin vaxt Elçin Əliyevlə orada görüşmüşdür. İki həftə sonra o, Türkiyədən Bakıya qayıtmış və onun "xxxx" debet kartı Türkiyə Respublikasında cibindən düşərək Elçin Əliyevin avtomobilində qalmışdır. O, Bakıdan Elçin Əliyevlə əlaqə saxlamış və kartının avtomobilə düşdüyünü bildirmişdir. Elçin Əliyev ona narahat olmamağı və Bakıya gəldikdə kartı qaytaracağını bildirmişdir. Bundan sonra o, həmin kartı bağlatmaq üçün "xxxx" ASC-yə müraciət etmişdir. Onun qeydiyyata düşməyə yeri olmadığından və bu səbəbdən Binəqədi rayon Polis idarəsinin İnzibati binası üzrə qeydiyyata düşmüşdür. Həmin ərəfədə onu polis idarəsində qeydiyyatdan çıxarmışdırlar və Bankdan ona vəsiqəsinin etibarsız olduğunu, buna görə də bankda hər hansı əməliyyat apara bilməyəcəyini bildirmişdilər. Nəticədə, o, bank kartını bağlada bilməmişdir. O, ölkədən kənara 2021-ci ildə çıxmış və iki həftə sonra ölkəyə geri qayıtmışdır. İddiaçı tanımır və iddiaçının Elçin Əliyevlə hər hansı alverindən xəbəri yoxdur. İddiaçının onun kartına pul vurmasını sonradan məhkəmə qətnaməsi qəbul edildikdən sonra bilmişdir. Əgər məhkəmə banka sorğu verərsə, İddiaçı tərəfindən onun kartına pul vurulmasını və həmin pulun hansı ölkədən çıxarılmasını müəyyən edə bilər. O, qeyd olunan tarixlərdə Bakıda olmuş, Almaniyada olmamışdır və iddiaçı ilə hər hansı telefon danışığı aparmamışdır. Əgər məhkəmə Nar mobile şirkətinə sorğu verərsə, onun istifadəsində olan 070 ***-**-** nömrəli telefonla iddiaçı arasında hər hansı danışığın olmadığını müəyyən edə bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apеllyаsiyа şikаyətiinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və haqlı olaraq iddianı təmin etmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobil almaq məqsədilə iş yoldaşı olan X10 vasitəsi ilə Elçin Əliyev adlı şəxslə əlaqə yaratmışdır. Belə ki, X10 bu şəxsin Almaniyada yaşaması, avtomobillərin alqı-satqısı ilə məşğul olması və onun vasitəsi ilə daha əlverişli qiymətlə avtomobilin əldə edilməsinin mümkün olması barədə iddiaçıya məlumat vermişdir. X15 adlı şəxslə iddiaçı arasında avtomobil və onun qiyməti ilə bağlı razılıq əldə edilmiş və iddiaçı bu şəxsin təklifinə əsasən iş üzrə cavabdehin "xxxx" ASC-də olan hesabına 9.210 manat məbləğində pul köçürmüşdür. Bu hallar məhkəmə kollegiyas tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və qəbul edilmiş şahid X6, onun anası X3 ifadəsi, habelə xx.xx.2023-cü il tarixdə cavabdehin "xxxx" ASC-də olan bank hesabına 9.210 manat məbləğində pulun köçürülməsinə dair qəbzlə təsdiq edilir. Hər iki şahid öz ifadəsində məhz Elçin Əliyevin təklifi ilə iddiaçının pul vəsaitini cavabdehin bank hesabına göndərdiyini qeyd edir.

19. Cavabdeh Elçin Əliyev adlı şəxsi tanıdığını, vaxtı ilə onunla bildikdə Süd emalı zavodunda işlədiyini, onunla hər hansı iş birliyinin olmadığını, sadəcə olaraq 2021-ci ilin oktyabr ayında Türkiyə Respublikasında olan zaman onunla görüşdüyünü və həmin vaxt ona məxsus olan "xxxx" ASC-nin debet kartının Elçin Əliyevin avtomobilində qaldığını, vəd verilməsinə baxmayaraq, sonuncunun onun kartını qaytarmadığını, Binəqədi rayon Polis idarəsinin İnzibati binası üzrə pasport qeydiyyatına alındığını və sonradan çıxarılması nəticəsində şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi səbəbindən kartın bağlanması ilə bağlı "xxxx" ASC-də əməliyyat apara bilmədiyini, iddiaçını tanımadığını, iddiaçı ilə Elçin Əliyev arasında olan münasibətlərdən məlumatlı olmadığını, onun kartına pulun köçürülməsini məhkəmə qətnaməsi qəbul edildikdən sonra bildiyini qeyd edir və qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş edir. Lakin öz mövqeyinə uyğun olaraq hər hansı sübutu, o cümlədən qeyd edilən məsələ ilə bağlı banka müraciət etməsini təsdiq edən müraciəti (bankın imtinasını) məhkəməyə təqdim edə bilmir. Hər bir halda, "xxxx" ASC-nin müvafiq proqram tədbiqini telefona yükləməklə də sözü gedən kartı bloklaşdırılmaq olardı. Digər tərəfdən cavabdeh öz mövqeyi çərçivəsində də qeyd edilən bankda hesabının olduğunu etiraf edir, eyni zamanda, iddia edilən məbləğin həmin hesaba köçürülməsini təkzib etmir.

20. Bununla belə, Elçin Əliyev adlı şəxslə iddiaçı arasında avtomobilin əldə edilməsindən (pulun göndərilməsi, həmin pul vəsaiti hesabına istəyinə uyğun seçdiyi avtomobilin alınması və sonradan iddiaçıya göndərilməsi) irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində cavabdehin deyil, məhz həmin şəxsin təklifi əsasında 9.210 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehin "xxxx" ASCdə olan hesabına köçürülmüşdür. Hüquqi nəticə etibarı ilə iddiaçı ilə cavabdeh arasında hər hansı, o cümlədən üçüncü şəxsin xeyrinə bağlanan və öhdəliyin üçüncü şəxs tərəfindən icrasını şərtləndirən müqavilə münasibəti olmamış (yaranmamış), bu baxımdan cavabdehin həmin vəsaitə hər hansı hüququ yaranmamışdır. Mövcud vəziyyətdə qeyd edilən hesabın sahibi olaraq, məhz cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 9.210 manat məbləğində pulu əldə etmiş və sonuncuya məxsus olan bu məbləğ hesabına əsassız olaraq varlanmış şəxs kimi qiymətləndirilir. Bu səbəbdən həmin vəsait əsassız varlanma qaydalarına uyğun olaraq məhrum olanın, yəni iddiaçının tələbinə əsasən cavabdehdən alınaraq ona qaytarılmalıdır.

21. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, hazırki mübahisə birbaşa cavabdehin maraqlarına toxunan məsələ olmasına baxmayaraq (birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş və apellyasiya şikayəti məhz cavabdeh tərəfindən verilmişdir), cavabdeh iş üzrə keçirilmiş hər hansı məhkəmə iclasında iştirak etməmiş və pulun ondan tutulmasını istisna edən arqumentlərini sübut etməyə hər hansı təşəbbüs belə göstərməmişdir. Bu da onu göstərir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla sadəcə məhkəmə qətnaməsinin icrasını mümkün qədər gecikdirmək, bununla da pulun qaytarılmasından yayınmaq müddətini mümkün qədər uzatmaq məqsədini daşıyır.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-449/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar