Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3121/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-893/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-893/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin icraatının Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar X2, X5 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “Bakı Çayçəkici ASC-yə) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair e-2-1(112)- 10740/2024 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim olunmuş Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçının digər şəxslərə qarşı eyni adlı tələbinə dair iş Bakı İnizabti Məhkəməsində davam edən (2-1(112)- 10740/2024) icraatla əlaqədar dayandırılmış və Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli 2(103)-1086/2025 saylı qərardadı ilə Bakı Çayçəkici ASC tərəfindən verilmiş şikayət təmin olunmamış, həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, həmin işlə hazırki iş arasında tələb və tərəf baxımından bağlılıq aşkardır. Belə ki, iddiaçı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılmasını” tələb edir. Cavabdeh isə Bakı Şəhər İcra Hakimiyyətinin 248 nömrəli sərəncamın ləğv edilməsini tələb edir.Hansı ki, iddiaçı həmin sərəncama əsasən cavabdehə qarşı Bakı şəhər Sabunçu Rayon Məhkəməsində hazırki iddianı irəli sürmüş və cavabdehdən ona məxsus olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsində mübahisə tam həll edilməyənədək hazırki işə baxıla bilməz.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçının nümayəndəsi X10 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-893/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayəti həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx"ASC olaraq müəyyən tikinti planları mövcuddur. Həmin tikinti planları müəyyən zaman ərzində icra olunmalıdır ki, üzərinə götürdükləri öhdəliklər icra olunsun. Tikinti üzrə razılıq əldə edə bilmədiyi Cavabdeh razılıq əldə edilməsi üçün mübahisələndirilən torpaq sahəsi və mənzilin dəyərindən kifayət qədər artıq məbləğdə 4 ədəd mənzil təklif etməyinə baxmayaraq qarşı tərəf bu təkliflərə razı olmamış, dəyərindən dəfələrlə artıq bir məbləğ tələb etmişdir. Belə ki, iş materiallarından görünür ki, 0.03 ha torpaq sahəsində yerləşən sahəsi 226.7 kv. m olan Bakı şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, Əkrəm Cəfərov küçəsi, ev 3 Cavabdeh mülkiyyətindədir olmuşdur. Hazırda isə müəssisələri tərəfindən cavabdehə Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsində yerləşən tikilən yeni tikilidən 4 ədəd mənzilin verilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, cavabdehə təklif olunan şərtlər kifayət qədər ədalətlidir, onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməməlidir. Çünki cavabdehə yeni tikilən binadan ümumi sahəsi 77.5, 77.5, 98, 50 kv m olan mənzillərin verilməsi iddia tələbinini əsasını təşkil edir. Cavabdehin mülkiyyətində olan mənzilin 226.7 kv m olması və yeni tikili olmaması, müəssisələri tərəfindən təklif olunan mənzillərin ümumi ölçüsünün 303 kv.m olması və yeni tikili olması qeyd etdiyi faktları təsdiq edir. Cavabdeh isə bu şərtlərlə razılaşmayaraq dəyərindən dəfələrlə artıq bir məbləğ tələb edir. Belə olacağı təqdirdə aparılan tikintinin heç bir mənası qalmayacaq. Əksinə müəssisə zərərə uğrayacaq. Buna görə də Cavabdehla onların istədiyi şərtlərlə razılaşmaq mümkün deyildir. Qarşı tərəf Cavabdeh hazırkı iş üzrə icraatın dayandırılması barədə vəasatətlə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə icraat dayandırılmışdır. Lakin bundan öncə xx.xx.2025-ci il tarixdə Cavabdeh eyni vəsatətlə hakimə müraciət etdikdə Adilə Paşayeva xx.xx.2025-ci il tarixdə həmin vəsatəti təmin etməmişdir. Eyni məzmunlu vəsatətin xx.xx.2025-ci il tarixdə təmin edilməmiş, xx.xx.2025-ci il tarixdə isə təmin edilmişdir. Hazırkı iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X12 işlə tanış olmaq üçün iclası xx.xx.2025-ci il tarixə kimi təxirə salmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasda Sabunçu Rayon Məhkəməsinin hakimləri Şəbnur Qədirova və Ruslan Mirzəliyevin icraatında olan işlərdə də eyni məzmunlu vəsatətin verilməsi, həmin vəsatətlərin təmin edilməməsi məhkəmənin diqqətinə çatdırılmışdır. Çünki hər iki hakim xx.xx.2024-cü il tarixlərdə keçirilmiş iclasda həmin vəsatətləri təmin etməmişdir. Lakin X12 iclasda fasilə vermişdir. Sonradan gəlib qarşı tərəfin vəsatətini təmin etmişdir. xx.xx.2025-ci il tarixli iclasın audio-video yazılarında da iclasda fasilə elan etməsi aşkar şəkildə görünür. Məhkəmələrin bu hissədə nəzərə almadığı önəmli nüans Bakı əhəlisinin sayının günügündən artması və buna görə də yaranmış mənzil tələbatıdır. Belə ki, paytaxtda çoxmərtəbəli yaşayış binalarının tikilməsinin birinci səbəbi şəhərdə getdikcə əhali sayının artması, eyni zamanda urbanizasiyanın nəticəsi olaraq şəhərin həddən artıq böyüməsidir: “Nəticə etibarı ilə tələb artır və bu tələb zərurət yaradır. İnsanlar almaq üçün mənzil tapmaqda çətinlik yaşayır. Bu səbəblə bir sıra MTK-lar yeni mənzillər inşa edərək vətəndaşların ehtiyaclarını qarşılayaraq dolayısı ilə dövlətin siyasətini yerinə yetirirlər. İddiaçı da müəssisə olaraq Bakı Şəhər İcra Hakimiyətinin müvafiq Sərəncamı istiqamətdində tikinti işləri ilə məşğul olur. Vətəndaşlara isə edilən təkliflər ədalətli olur. Hazırkı işdən görünür ki, cavabdehin mənzili 226.7 kv.molmasına baxmayaraq ona yeni tikiləcək mənzildən 80 kv.m-ə yaxın əlavə edilməklə 4 ədəd ümumi həcmi 303 kv.molan mənzil təklif olunur. Yəni, müəssisə vətəndaşı mənzillə təmin edir, burada vətəndaş qazanclı çıxır. 1 ədəd mənzildə 226 kv.m əvəzinə 4 ədəd fərqli kv.m olan ümumilikdə 303 kv.m mənzil cavabdehə təklif olunur. Mənzillərin kv.m ölçülərində dəyişiklik istəyərsə cavabdehin istədiyi həcmdə (ümumi həcmi 303 kv.m-dən çox olmamaqla) dəyişiklik etmək üçün cavabdehə şərait yaradılır. Bir sözlə cavabdehin mənzildən çıxarılması qarşılığında ədalətli kompensasiya müəssisə tərəfindən cavabdehə verilir. Onlar bütün iclaslarda yüzlərlə vətəndaş qarşısında öhdəlikləri olduğunu, onlara kirayə haqqını verdiyini bildirmişdir. Tikintinin qısa müddət ərzində yekunlaşmalı olduğu da məhkəmənin nəzərinə çatdırılmışdır. Tərəflərindən verilmiş iddia tələbinə dəqiqləşdirmədə də cavabdehə 77 kv.m əlavə olmaqla yeni tikilidən mənzil təklif etmişlər. Ədalətli kompensasiya necə olmalıdır? Məhkəmə isə icraatı dayandıraraq bütün tikinti işlərinə maneçilik yaratmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı mövcuddur və bu Sərəncam iddiaçı tərəfindən icra olunmalıdır. Bunun üçün milyonlarla kredit götürülmüş, aidiyyatı orqanlardan icazə alınmışdır. Lakin bu hallar ümumiyyətlə məhkəməyə maraqlı olmur. Buna görə də tikinti işləri mümkünsüz bir vəziyyətə gəlir. Məhkəmə hazırkı iş üzrə icraatı dayandırarkən Bakı İnzibati Məhkəmənin icraatında olan iş üzrə qərarın qüvvəyə minməsinədək dayandırılmasını qərara almışdır. Lakin, qeyd edir ki, İnzibati Məhkəmələrdə baxılan işlər kifayət qədər uzun bir zaman alır, bu zaman hətta illəri əhatə edir. Həmin iş üzrə qərarın qəbul edilməsi, qərardan şikayətin verilməsi və yekunda qərarın qüvvəyə minməsi kifayət qədər zaman alacaq. Sonradan yenidən Sabunçu Rayon Məhkəməsində işə baxılması və digər hərəkətlərin edilməsi isə ayrıca bir uzun zaman alacaqdır. Bununla da müəssisənin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mümkünsüz olacaqdır. Çünki qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi müəyyən planla, müəyyən zamanla baş verir. Həmçinin bildirir ki, aralarında razılıq əldə olunmuş yüzlərlə vətəndaşa müəssisələri tərəfindən hər ay kirayə haqqı ödənilir, onların mənzillə təmin olunma öhdəliyində müəssisədən asılı olmayan səbəblərdən müəyyən gecikmələr baş verir. Bununla da iddiaçı kifayət qədər artıq məbləğdə zərərə məruz qalır. Halbuki iddiaçı qısa zaman ərzində vətəndaşları mənzillərlə təmin etmək vəzifəsi daşıyır. Həmçinin tikinti işləri kifayət qədər gecikir. Qeyd edir ki, bir çox vətəndaşlarla aralarında razılıq əldə olunmuş və müqavilə bağlanmışdır. Lakin, sadəcə az sayda vətəndaşla razılıq əldə edə bilməməyi və hazırkı məhkəmə işlərinin mövcudluğu səbəbindən digər vətəndaşları mənzillə təmin etmək öhdəliyi icra etməkdə çətinlik çəkməkdədir. Ümümilikdə göründüyü kimi bir vətəndaşın mənafeyi nəzər alınır, lakin yüzlərlə vətəndaşın mənzillə təmin olunması öhdəliyi məhkəmə tərəfindən nəzərə alınmır. Bu isə vətəndaşlarıın hüquqlarını pozur. Əgər Bakıda çox mərtəbəli binalar tikilməsə vətəndaşların mənzillə təmin olunması necə həyata keçiriləcək? Məhkəmə icraatı dayandırarkən bu işin yenidən baxılması üçün bəlkə də illərlə vaxtın lazım olmasını nəzərə almamışdır. Bu zaman ərzində vətəndaşlara ödənilən kirayə haqlar, icarəyə götürülən texnikalara ödənilən xərclər, işçilərin maaşları və digər xərclərin ödənilməsi necə təmin olunacaq? Məhkəmə isə bu qərardadı qəbul etməklə tikinti işlərini dayandırmağa şərait yaratmışdır. Təəssüflər olsun ki, yüzlərlə vətəndaşın mənzillə təmin olunma öhdəliyi məhkəmə tərəfindən nəzərə alınmır. Oxşar işlər üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsində Şəbnur xanım Qədirova vəRuslan Mirzəliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadlarla iş üzrə icraatın Mirzəliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadlarla iş üzrə icraatın dayandırılması vəsatəti rədd edilmişdir. X3 icraatında olan oxşar məzmunlu iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə icraatın dayandırılması vəsatəti rədd edilmişdir. Adilə xanım Paşayeva eyni məzmunlu işlər üzrə eyni məhkəmənin 3 qərardadının olmasını nəzərə almamışdır. Bu isə onlarda çaşqınlıq yaradır. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə verilmiş iddia ərizəsinin perspektivi mövcud deyildir. Çünki iş üzrə yerquruluşu planı, baş plan, müvafiq orqanlardan icazələr mövcuddur ki, bu da iş materialları ilə təsdiq olunur. Buna görə də hesab edir ki qəbul edilmiş qərardad hüquqlarını məhdudlaşdırdığından və pozduğundan tamamilə ləğv edilməlidir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. İş üzrə Cavabdeh şikayətə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, şikayətin təmin edilməməmsini xahiş etmiş, etirazında qeyd etmişdir ki, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı 248 saylı 21 noyabr 2022-ci il tarixli sərəncamı (bundan sonra Sərəncam) ilə ünvan 1 ünvanda yerləşən, "Bakı Çayçəkici Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların stifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı "xxxx" ASC mənə qarşı iddia qaldıraraq ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əkrəm Cəfərov küçəsində yerləşən fərdi evin sökülməsi, onun və ailə üzvlərimin həmin torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmağım barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mən Bakı İnzibati Məhkəməsində Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 248 saylı, 21 noyabr 2022-ci il tarixli Sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsi tələbi ilə iddia qaldırmışdır. Bundan sonra, mən Sabunçu rayon məhkəməsinə vəsatət verərək Bakı İnzibati Məhkəməsində Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısının 248 saylı, 21 noyabr 2022ci il tarixli Sərəncamı ilə bağlı mübahisə həll edilənədək bu iş üzrə icraatı dayandırılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə icraat inzibati mübahisə bitənədək dayandırılmışdır. Sabunçu rayon Məhkəməsinin qərardadı prosessual qanunvericiliyin imperativ tələbinə əməl edilərək qəbul edilmişdir. Göründüyü MPM-nin 254-cü maddəsi məhkəmələr qarşısında imperativ tələb qoyur, hər hansı dispozitiv yanaşmaya və disskresiya imkan tanımır. İmperativ norma əsasında qəbul edilmiş hər hansı qərarın qanuniliyini və əsaslığını mübahisələndirmək üçün həmin normanın hipotezasında göstərilən əsasların olmadığını əsaslandırmaq lazımdır. MPM-nin 254.1.4-cü maddəsinin dispoziyasında iki hipoteza vardır: birincisi, başqa məhkəmənin icraatında iş olmalıdır və ikincisi, həmin işə baxılmayınca dayandırılması müzakirə olunan işə baxılması mümkün olmamalıdır. İddiaçı ASC yazır ki, şikayətində nə bu hipotezanı ümumiyyətlə müzakirə etmir, nə belə işin olmadığını iddia edir, nə də həmin işə baxılmadan hazırki işə baxılmasının mümkün olduğunu iddia edir. Faktiki olaraq ASC məhkəmədən imperativ normanın tətbiq edilməsinə, ağlabatanlıq prizmasından yanaşmağı, diskresiya tətbiq etməyi tələb edir. Əgər iddianın perespektivliyi müzakirə edilməlidirsə, hazırki iş üzrə verilən iddianın perespektivliyi müzakirə edilə bilər. ASC-nin bu iddianı qaldırmaq səlahiyyəti yoxdur. İddiaçı ilə cavabdeh arasında hər hansı mülki hüquq münasibəti mövcud deyil. Mülki Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulan cavabdehin iddiaçı qarşında hər hansı bir öhdəliyini yaradacaq hər hansı əsas mövcud deyildir. İddiaçı ilə cavabdeh arasında mülki münasibətlər yaradan müqavilə yoxdur, həmçinin cavabdehin iddiaçı qarşısında öhdəliyin əmələ gətirəcək zərər vurulma, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar mövcud deyildir. Mənim mülkiyyət hüququm titulludur və məni bu hüquqdan birtərəfli qaydada məhrum etmək yalnız qanun əsasında müəyyən edilmiş (hər hansı yox) inzibati orqanın səlahiyyətinə aid ola bilər. Hər hansı yoldan keçən şirkətin bunu etməsi hüquqi özbaşınalıq ola bilər. Bəzi hüquqi şəxslər dövlət funksiyalarını (inzibati səlahiyyətləri) yerinə yetirə bilər (hüquqda buna “delegation” deyilir), lakin bu səlahiyyət də həmin hüquqi şəxslərə qanun əsasında verilməlidir. Hazırki işdəki, ASC-yə qanunla belə səlahiyyət verilməyib. Buna rəğmən ASC belə səlahiyyəti Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı 248 saylı 21 noyabr 2022-ci il tarixli sərəncamı əsasında aldığını iddia edir. O zaman isə inzibati məhkəmədə məhz bu Sərəncam mübahisələndirilir. Belə olan halda bu iki mübahisə arasında birbaşa əlaqə var. ASC-nin özünün iddia etdiyi kimi onun hüquqlarının, o cümlədən mənə qarşı iddia qaldırmaq hüququnun əsasını təşkil etdiyi Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı 248 saylı 21 noyabr 2022-ci il tarixli sərəncamının etibarsız sayılması barədə iddiaya baxılmayınca onun bu sərəncam əsasında qaldırdığı hər hansı iddiaya baxılması mümkün deyildir. Bu da MPM-nin 254.1.4-cü maddəsinin hipotezasında olan əsasi mövcudluğunu göstərir.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: Maddən 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; Maddə 256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: Maddə 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; Maddə 258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, iddiaçı hazırkı iddiasında ünvan 3 ünvanında yerləşən mənzilin sökülməsini, Cavabdeh məxsus olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi ölçüsü, ümumi sahəsi 356 kv m olan mənzilin əvəzinə müəssisə tərəfindən Sabunçu Rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni tikiləcək binadan yeni tikilən binada 2-ci mərtəbədə yerləşməklə (5c blok) ümumi sahəsi 98 kv.m mənzil, yeni tikilən binada 2-ci mərtəbədə yerləşməklə (5c blok) ümumi sahəsi 77.5 kv.m mənzil, yeni tikilən binada 3-cü mərtəbədə yerləşməklə( 5c blok) ümumi sahəsi 77.5 kv.m mənzilin cavabdehə verilməsini, yeni mənzillər inşa edilənədək "xxxx" ASC tərəfindən Cavabdeh hər ay 400 manat kirayə haqqı ödənilməsini və Cavabdeh ailə üzvləri ilə birlikdə 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi ölçüsü 356 kv m olan ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmasını xahiş etmişdir.
11. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddiaçılar X2, X5 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “Bakı Çayçəici ASC-yə) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair iddia qaldırmışdır və iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, həmin işlə hazırkı iş arasında tələb və tərəf baxımından bağlılıq aşkardır. Belə ki, iddiaçı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılmasını” tələb edir. Cavabdeh isə Bakı Şəhər İcra Hakimiyyətinin 248 nömrəli sərəncamın ləğv edilməsi tələb edir. Hansı ki, iddiaçı həmin sərancama əsasən cavabdehə qarşı Bakı şəhər Suraxanı Rayon Məhkəməsində hazırki iddianı irəli sürmüş və cavabdehdən ona məxsus olan fərdi yaşayış evindən və torpaq sahəsində çıxarılmasını tələb etmişdir. 12.Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsində mübahisə tam həll edilməyənədək hazırkı işə baxıla bilməz. 13.Belə ki, hazırki iş üzrə iddiaçının tələbi Bakı Şəhər İcra Hakimiyyətinin 248 nömrəli Sərəncamına əsaslanır və Bakı İnzibati Məhkəməsinin icaatında olan iş üzrə iddiaçılar X4 və X8 tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “Bakı Çayçəici ASC-yə) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair iddia qaldırılaraq həmin sərəncamı mübahisələndirilir.
14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirə salınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılmasının əsası məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.
15. İşin hallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2- 1(112)-10740/2024 saylı iş üzrə iddia tələbinə veriləcək hüquqi qiymət hazırkı iddia tələbinin əsasına birbaşa təsir etməklə hazırkı iş üzrə icraatın dayandırılmasını zəruri edir.
16. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 254-ci maddəsinin tələblərinə müvafiq surətdə Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)- 10740/2024 saylı işə baxılıb qurtarmayanadək hazırki işə baxılması mümükün olmadığından mülki işin icraatını dayandırmaqla qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-893/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fuad Babayev Fərrux Qasımov