Məhkəmə qərarları › İş №2(103)-3127/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3127/2024

15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3127/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, maraqlı şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC (kreditor-ipoteka saxlayan), İddiaçı (alıcı ipoteka qoyan), X6 (satıcı) və X4 (birgə borcalan) arasında bağlanmış 519/ZBGF/1 nömrəli xx.xx.2015-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Fərdi yaşayış evinin satış qiyməti 100.000 manatdır, fərdi yaşayış evinin dəyərinin 50.000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 50.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 519/ZBGF saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan fərdi yaşayış evini bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 519/ZBGF saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditoripoteka saxlayana ipotekaya verir.

2. Bank "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İddiaçı və X2 PAİD-2023/1624 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir.

3. İş materiallarına Bank "xxxx" ASC tərəfindən 519/ZBGF saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 42.619,50 manat məbləğində borcun iki gün müddətində ödənilməsi barədə İddiaçı və X2 MXD-2022/5444 nömrəli xx.xx.2022-ci il tarixli xəbərdarlıq edilməsi barədə bildiriş əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı (maraqlı şəxs: "xxxx" ASC, üçüncü şəxs: X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 8i-4884 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə qanunvericiliyin imperativ göstərişlərinə əməl edilməyib, daha dəqiq desək, a) Bank "xxxx" ASC ona icra qeydinin aparılacağına dair bildiriş göndərməməklə qanunda nəzərdə tutulan icra qeydinin verilməsindən öncəki prosedur qaydalara riayət etməyib; b) cavabdeh - Bakı şəhəri 17 saylı notariat ofisi icra qeydini tərtib etməzdən öncə ona bildiriş göndərilibgöndərilmədiyini, borcun həqiqətdə mövcud olub-olmadığını, varsa, bu borc məbləğinin mübahisəsiz olub-olmadığını araşdırmayıb; c) "xxxx" MMC hərrac keçirilməsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişləri ona göndərməyib və nəticədə o, evini tam itirmək təhlükəsi ilə üz üzə qalıb. Odur ki, hüquq və qanuni mənafeləri kobud şəkildə pozulduğundan, onun cavabdehə qarşı müvafiq tələblə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən tərtib edilmiş 02 iyun 2023-cü il tarixli 8İ-4884 reyestr nömrəli icra qeydi aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassızdır, buna görə də sözügedən icra qeydi ləğv edilməlidir: İcra qeydinin tərtib edilməsindən öncə qanunla nəzərdə tutulmuş qaydada icra qeydinin aparılacağına dair bildiriş ona HEÇ VAXT göndərilməyib: İddiaçı Bank "xxxx" ASC-nin 08 sentyabr 2023-cü il tarixdəki telefon zənginə qədər bütün prosesdən xəbərsiz olub. Onun nə 02 iyun 2023-cü il tarixli 8İ-4884 reyestr nömrəli icra qeydindən, nə də icra qeydi əsasında iki dəfə keçirilən, lakin alıcı olmadığı üçün baş tutmayan hərrac iclaslarından xəbəri olmayıb. Bank "xxxx" ASC icra qeydinin aparılmasından öncə ona bu niyyətini ifadə edən heç bir bildiriş göndərməyib. O, yalnız 08 sentyabr 2023-cü ildə hərrac təşkilatının təqdim etdiyi sənədlərin içində ilk dəfə icra qeydini görüb. cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi onun Bank "xxxx" ASC qarşısında həqiqətən də ödənilməmiş, əvvəlki aylardan yığılmış kredit borcu olub-olmadığını, əgər belə borc mövcuddursa, borc məbləğinin mübahisəsiz olub-olmadığını araşdırmayıb, bu faktı təsdiq edə biləcək müvafiq sübutların təqdim edilməsini Bank "xxxx" ASC-dən tələb etməyib. İcra qeydinin mətnindən də açıq görünür ki, bank yalnız əsas borcu və yalnız bundan sonra 15 il üçün ehtimal edilən 218 manat “faiz borcu”nu tələb edib. Elə burdan görünür ki, icra qeydinin verilməsini təmin edən notarius ən azından kredit və ipoteka müqaviləsini araşdırmalı, əgər gecikdirmə yoxdursa, həmçinin, bütün şərtlərinə tam riayət edilən kredit və ipoteka müqavilələri qüvvədədirsə icra qeydinin verilməsindən imtina etməli idi, yalnız bunun əksini təsdiq edən sənədlər olduğu halda icra qeydi verilə bilinərdi. Hazırkı mülki iş özü mahiyyət etibarilə mübahisəlidir. Çünki yuxarıda da qeyd edildiyi kimi, o, sağlamlıq problemi, sonrasında isə pandemiyanın başlaması ilə 2022-ci ilin sentyabr ayınadək (beş il ərzində) 1-2 dəfə qısamüddətli (ən çox halda 2-3 ay) gecikmələr etsə də hər dəfə həmin ayın sonunda gecikmiş bütün kredit ödənişlərini və faizlərini tam məbləğdə birdəfəlik icra edib. Həmin ərəfə Bank "xxxx" ASC ilə onun arasında yaranmış vəziyyətlə əlaqədar hər hansı narazılıq olmayıb. Digər bir tərəfdən və ən vacib olan hal odur ki, o, 2022-ci ilin sentyabr ayından bugünədək, yəni son 12 ay ərzində müqavilə üzrə öhdəliyini kredit müqaviləsinin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında, tam və lazımınca icra edib və etməyə də davam edir. Hal-hazırda o və Bank "xxxx" ASC arasında qüvvədə olan müqavilə hüquq münasibətləri davam etməkdədir, o da öz növbəsində kredit ödənişini hər ay gecikdirmədən həyata keçirir, onun nə icra qeydinin verildiyi vaxt, nə ondan sonra, nə də indi banka bir manat belə olsa borcu olmayıb və indi də yoxdur.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-483/2024 saylı, 14 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh Bank "xxxx" ASC tərəfindən borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiaçıya yazılı bildirişlər göndərilməmiş, notariat ofisi isə iddiaçının hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilələr üzrə yoxlama aparmadan əsassız icra qeydi vermişdir. İş materiallarında borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin surətləri olsa da, Bank "xxxx" ASC tərəfindən həmin bildirişlərin iddiaçıya çatdırılmasına və ya digər formada təqdim edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd olunan bildirişlərin əldə edilməsi faktı öz təsdiqini tapmamışdır.

8. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162 , 169-1-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlı şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Borclu İddiaçıQüdrət oğlu isə kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, ona dəfələrlə Bank tərəfindən şifahi və yazılı qaydada xəbərdarlıqlar edilmişdir. Lakin bütün xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən öhdəliklər icra olunmadığı üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə yazılı bildirişlər göndərilmiş, daha sonra isə ipoteka predmetinə tutmanın yönəldilməsi, icra qeydinin aparılması üçün notariat orqanına müraciət olunmuş və xx.xx.2023-cü il tarixli 8İ-4884 nömrəli icra qeydi aparılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Maraqlı şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

«Notariat haqqında» Azərbaycan Respublikası Qanunu

14. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

15. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

18. Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

19. Bənd 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə "xxxx" ASC tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

24. Qanunun yuxarıda göstərilən tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməzdən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

25. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, baxılan iş üzrə icra qeydinin aparılması barədə iddiaçıya xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş çatdırılmamışdır.

26. Cavabdeh bank iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, kredit müqaviləsinin müddəti xx.xx.2036-cı il tarixdə bitir və aylıq kredit ödənişinin məbləği 410.21 manatdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2024-cü illər üzrə mədaxil qəbzlərindən görünür ki, sonuncu banka qeyd olunan tarix aralığında hər ay 410.21 manat məbləğində ödəniş etmişdir. Bu isə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərin icrasından yayınmadığını göstərir.

28. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

29. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

30. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

31. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

32. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Maraqlı şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar