Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3127/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Bəhruz Kəngərli və Kooperativ küçəsinin kəsişməsində yerləşən, 89.8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Səlimov X2 rayonundan məcburi köçkün olmaqla həmin ünvanda yaşayırlar.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Bəhruz Kəngərli və Kooperativ küçəsinin kəsişməsində yerləşən 89.8 kv.m ibarət olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin qeyri-yaşayış sahəsində yaşaması səbəbindən aldığı və hazırda mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsindən bu günə kimi istifadə edə bilmir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-489/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar məcburi köçkün kimi 1995-ci ildən həmin ünvanda məskunlaşıblar. Həmin bu yerə 10-16 min (on-on altı min) manat pul xərcləyərək buranı yaşanılası ev halına gətiriblər. Yaşadığımız evə indiyə kimi 45 min (qırx beş min) manata yaxın xərc qoyub. Məhkəmə bu məbləği nəzərə almayıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdeh Pərvanə Cavabdova da apellyasiya şikayətini müdafiə etdiyini bildirdi.
12. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi də məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Dövlət Komitəsi xx.xx.2025-ci il tarixli məktubla məhkəmənin sorğusunu cavablandırmış və bildirmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq Zəngilan rayonunun Ağalı kəndindən olan məcburi köçkün ailələrinin 1-ci mərhələsində köçürülməsi aparılan zaman Cavabdeh1 da ailəsi ilə birgə öz doğma yurdlarına köçürülməsi məqsədilə təklif edilmiş, ancaq onlar müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişlər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ona aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti oilan hissədə işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
20. Hazırkı iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan onun həmin qeyri-yaşayış sahəsinə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi işdə iştirak etməyə cəlb olunmuş, həmin orqana ünvanlanmış sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, cavabdehlər mübahisəli ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq Zəngilan rayonunun Ağalı kəndindən olan məcburi köçkün ailələrinin 1-ci mərhələsində köçürülməsi aparılan zaman Cavabdeh1 da ailəsi ilə birgə öz doğma yurdlarına köçürülməsi məqsədilə sorğu aparılmış, lakin onlar müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişlər.
22. Dövlət Komitəsi adı çəkilən məktubda həmçinin göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq Zəngilan rayonunun Ağalı kəndindən olan məcburi köçkün ailələrinin növbəti mərhələdə köçürülmə başlanan zaman sözügedən ailənin də ailə tərkibinə uyğun doğma yurduna köçürülməsi nəzərə alınacaqdır. Köçürülmə vaxtı mənzil boşaldılaraq mülkiyyətçiyə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaqdır.
23. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 17 yanvar 2025-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.