Məhkəmə qərarları › İş №2(103)-3136/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3136/2020

05.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3136/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X6, X4 və X7, Cavabdehin nümayəndəsi, vəkil X8 iştirakları ilə, İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X12, X9, X13 və X5 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-305/2018 saylı qətnaməsindən iddiaçı və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2010-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 4161 “a” saylı bağ evi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. 2016-cı ilin aprel ayından başlayaraq cavabdeh təşkilat onun və digər bağ evlərinin çox yaxınlığında öz dağıdıcı, tələb olunan texniki göstəricilərə cavab verməyən köhnə avadanlıqlar quraşdıraraq ətraf mühiti və yaşayış məntəqələrini radiasiyalı daş tozuna bürümüşdür. Nəticədə həmin ərazinin ekoloji vəziyyəti kəskin şəkildə korlanaraq insanların həyatı üçün real təhlükə yaranmışdır. Cavabdeh təşkilat Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş x xxxxxxxx 2014-cü il tarixli “Dağ-mədən ayırması” aktını əsas tutaraq fəaliyyət göstərir. Dəfələrlə rəsmi qaydada həmin Nazirliyə müraciət edərək, sözügedən aktın ləğv edilməsi və həmin daş karxana təsərrüfatının insan həyatı üçün təhlükəli fəaliyyətinin dayandırılması xahiş olunsa da, bunun heç bir nəticəsi olmamış və müraciətlər cavabsız qalmışdır. Bundan başqa, Bakının Xəzər sahili ətrafı ərazilərində yerləşən istrahət, kurort zonaları, hətta vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri də daş karxanaları tərəfindən zəbt edilərək, həmin ərazilərin həm daş, həm də münbit torpaq qatı yararsız hala salınmaqla, ekoloji fəlakət zonasına çevrilmişdir. Cavabdeh təşkilat isə Abşeron rayonu, Xəzər sahili qəsəbələri ərazisində qanunsuz fəaliyyət göstərən karxanalardan ən təhlükəlisidir. Belə ki, cavabdeh təşkilat bağ evləri ilə Nardaran qəsəbəsi arasında yerləşən hamar səthli ərazidə, o cümlədən onun bağ evinin 20-30 metrliyində qadağan olunmuş köhnə daşkəsən avadanlıqları quraşdıraraq insan həyatı üçün çox təhlükəli olan fəaliyyətini daha da genişləndirmiş, ətraf mühiti radiasiyalı daş tozuna bürümüş, həmin zonaları zibilxana-üfunət məkanına çervirmişdir. xx xxxxxx 2017-ci il tarixdə cavabdeh təşkilatın fəaliyyət göstərdiyi əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda yaşayış evlərindən cəmi 10-20 metr aralıda, bir neçə hektar sahədə karxana təsərrüfatının 2 ədəd köhnə və istismardan çıxarılmış daşkəsən kombaynı, eləcə də 1 ədəd traktoru işləməkdədir. Karxana işçiləri və yaxınlıqdakı ev sahibləri təsdiq etmişlər ki, burada işlər 24 saat ərzində, gecə və gündüz dayanmadan davam edir, eyni zamanda daş olmayan, münbit torpaq sahələri də traktor vasitəsi ilə qazılır və kənara daşınaraq satılır. Ərazidə yerin səthinin 10-15 santimetr dərinliyində zəhərli daş tozları ilə örtüldüyü və ətrafa toz dumanın yayıldığı, eyni zamanda daş hasilatı işlərinin görüldüyü ərazinin yaxınlığında hektarlarla ərazini əhatə edən dərin bir dərə yarandığı müəyyən edilmişdir. Həmin dərə-zibilxana əvvəlki illərdə karxana təsərrüfatının dağıdıcı, məhvedici fəaliyyəti, təbiətin tarazlığının vəhşicəsinə pozulması nəticəsində yaranmışdır. Eyni zamanda cavabdeh təşkilat torpaqdan istifadəyə görə aidiyyəti qurumlarla müqavilə bağlamamış, dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı aidiyyəti orqandan rəy almamışdır. Cavabdeh təşkilat istismar etdiyi torpaq sahələri üzərində hüquqlar əldə etmədən, həmin müqaviləni dövlət qeydiyyatından keçirmədən, torpaq sahələrini zəbt edərək ərazini yararsız hala salmışdır. Aidiyyəti orqanlar isə bu pozuntulara göz yumaraq cavabdeh təşkilata Nardaran qəsəbəsinin ətrafında daş istehsalı üçün “Dağ-mədən ayırması” aktı vermişlər. Buna görə də həmin akt qanunsuzdur və hüquqi qüvvəsi yoxdur. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X12, X9, X13, X11 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)- 305/2018 saylı qətnaməsi ilə İddiaçı, habelə üçüncü şəxslər X6, X4, X7 və X5 iddia tələbləri rədd edilmişdir. İddiaçı və üçüncü şəxslər X12, X9, X13, X11 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilmiş dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)- 5728/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı, üçüncü şəxslər X9, X12, X13, X11 və onların vəkili Bağırov Sadiq Tofiq oğlunun kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli, 2(103)-3671/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X9, X13, X5 iddia ərizələri təmin edilmiş, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X12, X9 və X13 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh-nin etibarnamə əsasında nümayəndəsi, vəkil X14 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən X11 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, SSRİ Dövlət X10 Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən verilmiş “Dağ-mədən ayırması” aktına əsasən yerin təki sahəsindən yeraltı (açıq) üsulla “Nardaran” əhəng yataqlarının işlənib hazırlanması məqsədilə “Nardaran karyer təsərrüfatı xüsusi məişət təmir-tikinti” Trestinə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, 1, 2, 3, 4, 4a, 13, 14, 15, 16, 17, 18, 19, 20 saylı künc nöqtələri ilə nömrələnmiş 34,5 ha ərazidə dağ mədən işlərinin həyata keçirilməsinə icazə verilmiş və “Dağ mədən ayırması” aktı xx xxxxxx 1988-ci il tarixdə 10 nömrə ilə Komitənin reyestr kitabında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxx 1994-cü il tarixli qərarı ilə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 saylı X18 X1 dövlət qeydiyyatına alınmaqla, həmin təşkilatın hüquqi şəxs kimi rəsmi fəaliyyətinə icazə verilmişdir. Sonradan həmin təsərrüfatın hüquqi varisi kimi onun bazasında Cavabdeh təsis edilmiş və xx xxxx 2003-cü il tarixdə Cəmiyyətin Nizamnaməsi dövlət qeydiyyatına alınmaqla, bu barədə Cəmiyyətin adına 0103-P7-37400 saylı “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamə verilmişdir. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X23 təsərrüfatının ərazisində yerləşir. Fövqəladə Hallar Nazirliyi tərəfindən cavabdeh təşkilata Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X23 təsərrüfatının ərazisində 5 il müddətində “dağ-mədən işləri, dağ və buruq qazmaları”nın aparılmasına qeydiyyat nömrəsi FHN/40-01296 olan xx xxxxxx 2013-cü il tarixli lisenziya verilmiş və həmin lisenziyanın müddəti xx xxxxxx 2018-ci il tarixdə bitmişdir. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh təşkilata Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, Markşeyder planı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “Nardaran” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə olmaqla 00879 saylı “Dağ-mədən ayırması” aktı verilmiş və bu akt xx xxxxxxxx 2014-cü il tarixdə Nazirliyin reyestr kitabında 879 nömrə ilə qeydiyyata alınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq departament tərəfindən xx xxxx 2018-ci il tarixdə sözügedən karxanada və karxana ətrafında yerləşən yaşayış məntəqəsində monitorinq işləri həyata keçirilmiş və müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə normadan artıq təsir göstərildiyi müəyyənləşdirilmişdir. Monitorinq nəticələrinə əsasən cavabdeh MMC-nin ərazisində kombaynın yaxınlığında toz 8.7 mq/m3, səs-küy 84.8 dBA, yaşayış binasının qarşısında toz 6.8 mq/m3, səs-küy 68.3 dBA olmuşdur. Yaşayış məntəqələrində yol verilən qatılıq həddi, toz üçün 0.5 mq/m3, səs-küy üçün 60.0 dBA olduğundan kombaynın yanında toz 17.4 dəfə, səs-küy 1.4 dəfə, yaşayış binasının qarşısında isə toz 13.6 dəfə, səs-küy 1.1 dəfə yol verilən qatılıq həddindən yüksək olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddəti cavabdeh təşkilat tərəfindən yerin təkindən istifadəyə dair qanunvericiliyin tələblərinin pozulması aşkar edildiyindən xx xxxxxx 2018-ci il tarixli, 63/ü saylı əmrlə dayandırılmışdır. Nəhayət iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının və üçüncü şəxslərin mülkiyyətlərində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində torpaq sahələri və bağ evləri olmaqla, onlar həmin evlərdə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi sanitariya və tibbi sosial yardıma təminat verir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların-sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək; insan həyatına vəətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək; ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq və sair hüquqları vardır. Həmin Qanunun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə lahiyədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Qanunun 59-cu maddəsinin 2-ci bəndinə əsasən, ətraf mühitə zərərli təsir göstərən fəlaiyyətlə bağlı olan vəzifəli şəxslər məcburi qaydada lazımı ekoloji hazırlığa vəətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin əsaslarına dair biliklərə malik olmalıdırlar. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi; yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi və sair hallar yerin təki istifadəçisinin vəzifəsi sayılır; Həmin Qanunun 11-ci maddəsinə əsasən əgər yaşayış məntəqələrinin, şəhərətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən və ya tamamilə qadağan edilə bilər; Qanunun 18-ci maddəsinə əsasən xüsusi razılığın və ya icazənin qüvvədə olma müddəti qurtardıqda; xüsusi razılıq və ya icazə hüququndan məhrum edən faktlar meydana çıxdıqda yerin təkindən istifadə hüququna xitam verilir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxs kimi qeydiyyata alınmaqla yerin təkinin istifadəsi ilə bağlı fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Ekologiya və Təbil Sərvətlər Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq əsasında və bunun üçün nəzərdə tutulmuş hüdudlarda aparıldığı üçün iddia tələbləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarı ilk olaraq onunla əsaslandırılmışdır ki, Cavabdeh-nin daş istehsalı ilə bağlı fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduğuna görə yerin təkindən istifadə münasibətlərinə aiddir. Cavabdeh MMC yerin təkindən istifadə üçün icazələr almış və onların yerin təkindən istifadə hüququ yaranmışdır. Qanunvericilik yerin təkindən istifadə hüququna xitamın və bu hüququn məhdudlaşdırılmasının (dayandırılmasının) həm əsaslarını, həm qaydasını müəyyən etmişdir. Qanuna müvafiq olaraq məhz xüsusi razılıq və ya icazə verən orqan bir sıra hallarda, o cümlədən yerin təkindən istifadə ilə əlaqədar işlər aparılan sahələrdə yaşayan və işləyən əhalinin həyat və sağlamlığına qarşı bilavasitə təhlükə yarandıqda, yerin təkinin istifadəçisi xüsusi razılığın şərtlərini pozduqda və s. yerin təkindən istifadə hüququnu məhdudlaşdıra(məsələn dayandıra) bilər. “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən istifadə hüququnun dayandırılmasını dövlət orqanı həyata keçirməlidir. İddiaçılar həmin orqana müraciətdən sonra onun qəbul etdiyi qərardan razı qalmadıqları təqdirdə isə inzibati-iqtisadi məhkəməsinə müraciət etməyə haqlıdırlar. Ali Məhkəmə həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh-nin daş istehsalı ilə bağlı fəaliyyətini heç bir müddət və şərt ilə əlaqələndirmədən dayandırmaqla səhvə yol vermişdir. Ümumiyyətlə, iddiaçıların Cavabdeh-nin daş istehsalı ilə əlaqədar fəaliyyətinin dayandırılması ilə bağlı tələbi özünün müvəqqəti xarakterinə görə uğurlu tələb hesab oluna bilməz. Bundan başqa, iş üzrə obyektiv nəticənin alınmasına nail olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsində və ya onların əməkdaşlarının iştirakı ilə ekoloji ekspertizanın keçirilməsi mümkün olduğu halda buna əməl olunmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli 63/ü saylı əmrinə istinad olunsa da, mülki işin materiallarına belə bir əmr və ya onun lazımi qaydada təsdiq olunmuş surəti əlavə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında araşdırılmamış, mülki işə əlavə olunmamış, mövcudluğu heç bir mötəbər sübutla təsdiq olunmayan fakta istinad olunması əsaslı hesab oluna bilməz. Məhkəmə kollegyiası iddia ərizələri üzrə toplanmış materialların nəzərdən keçirərək hesab edir ki, iddialar əsaslıdır. Məhkəmə kollegyiasının qənaətinə əsasən, cavabdeh təşkilatın Bakı şəhərinin Ləhiş bağ massivi ərazində divar daşlarının istehsalı ilə bağlı apardığı fəaliyyət nəticəsində ətraf mühütə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədilməsi, fəaliyyətin ekoloji tələblərə uyğun olmaması və qanunsuz olaraq istismar işlərini davam etdirilməsi iş üzrə sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxx 2018-ci il tarixli məktubuna əsasən Cavabdeh, eləcə də “X24” MMC tərəfindən sahibkarlıq fəaliyyəti nəticəsində ərazi istehsalat tullantıları ilə yararsız vəziyyətə salındığından Azərbaycan Respublikası İXM-in 244.1-ci maddəsinə əsasən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxx 2019-cu il tarixli məktubuna əsasən Cavabdeh-yə məxsus daş karxanada aparılan monitorinq araşdırmaları zamanı MMC-nin yataqayırma hüdudlarından kənara çıxmaqla qanunsuz istismar işlərini davam etdirdiyi məlum olmuşdur. Araşdırmanın nəticəsi olaraq, Cavabdehnin üzərinə akt tərtib olunmuş, təbiətə vurduğu ziyan müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh şirkətin fəaliyyəti nəticəsində iddiaçıların sağlamlığına, onların əmlaklarına bilavasitə zərər vurulduğundan, onların hazırki iddia ilə bilavasitə məhkəməyə müraciət etmək hüquqları olmuş və iddiaları əsaslıdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçıların bilavasitə məhkəməyə müraciət etmək hüququna malik olmamasına dair cavabdeh təşkilatın və həmin dəlildən irəli gələn Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilatın fəaliyyətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş hüquq müəyyənedici sənədlər hazırda qüvvədə olmadığından, iddiaçıların məhkəməyə müraciət etməmişdən əvvəl həmin sənədləri verən orqanlara müraciət etmək zərurəti aradan qalxır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli 63/ü saylı əmrinin təsdiq olunmuş surəti olmasa da, belə əmrin mövcudluğu tərəflərlə mübahisələndirilmir. Belə ki, cavabdeh təşkilatın kassasiya şikayətinin dəlillərindən biri həmin əmrin məhkəmə qaydasında mübahisələndirilməsi olmuşdur. Daha sonra məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh təşkilatın fəaliyyəti ilə bağlı verilmiş lisenziyanın “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanına əsasən müddətsiz hesab olunması, iddiaların rəddi üçün əsas ola bilməz. Belə ki, cavabdehin fəaliyyəti lisenziyanın qüvvədə olub-olmamasından asılı olaraq qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Nəhayət məhkəmə-ekoloji ekspertizanın keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişi ilə bağlı qeyd olunmalıdır ki, əvvəlki apellyasiya araşdırması zamanı iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan mütəxəssis cəlb edilməklə, belə ekspertiza təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxx 2019-cu il tarixli məktubu ilə həmin ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza və yaxud tədqiqat aparılması üçün xüsusi şəraitin olmaması, habelə Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın təsnifatında məhkəmə-ekoloji ekspertizası daxil edilməməsi əsası ilə məhkəmənin qərardadı icra olunmadan geri qaytarılmışdır. Bu səbəbdən iş üzrə məhkəmə ekspertizasının keçirilməsi qeyri-mümkün olduğundan, iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən xx xxx 2019-cu il tarixli məktubla məhkəməyə təqdim olunmuş yuxarıda qeyd olunan məlumatlar iş üzrə mötəbər sübut qismində qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi,385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2, 385 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X12, X9, X13 və X11 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)- 305/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X9, X13, X11 tərəfindən verilmiş iddia ərizələri təmin edilsin. Cavabdeh-nin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsində (massivində) daş istehsalı ilə bağlı fəaliyyəti dayandırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar