Məhkəmə qərarları › İş №2(103)-314/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-314/2023

05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-314/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-314/2023 (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı 05 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesi, döngə 7 ünvanında yerləşən bir otaqlı yaşayış evi 2015-ci ildən İddiaçı faktiki istifadəsindədir.

2. 2019-cu ilin mart ayında həmin fərdi yaşayış evinin yerləşdiyi ərazidə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d=200 mm, l=30 p/m ölçülü boru vasitəsilə yeni kanalizasiya xətti çəkilmiş və 2 ədəd baxış quyusu tikilmişdir. Görülmüş tədbirlər nəticəsində tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal boru xətti mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılmışdır. Bunun nəticəsində həmin sahədə torpaq sahəsi çökməyə başlamış və iddiaçının istifadəsində olan evə zərər dəymişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh ASC-yə qarşı “fərdi yaşayış evinin tikilərək əvvəlki vəziyyətə bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi döngə 7-də yerləşən və faktiki olaraq ona məxsus fərdi yaşayış evinin Cavabdeh ASC tərəfindən tikilərək əvvəlki vəziyyətə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, Cavabdeh ASC tərəfindən ona dəymiş maddi ziyana görə 15.000 manat pul vəsaitinin və ödədiyi 10 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tututalaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi döngə 7 də yerləşən fərdi yaşayış evini 2015-ci ildə faktiki olaraq almış və bu fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bələdiyyə qərarı olan şəxs ona etibarnamə vermiş və həmin ildə də bir otaqlı evi ona təhvil vermişdir. Bu fərdi yaşayış evinin aşağı hissəsində istifadə edilməyən su borusu olmuş və 2019-cu ilin mart ayında, o, xəstəxanada olarkən bu su borusu Cavabdeh ASC-nin əməkdaşları tərəfindən kəsilərək götürülmüş və nəticədə kanalizasiya xətti yararsız hala düşmüş, evin aşağı hissəsində torpaq sahəsi çökməyə başlamışdır. Bütün bu səbəblərdən də fərdi yaşayış evinin qırmızı kərpicdən olan hissələri, ümumiyyətlə hər bir tərəfində çatlar yaranmış, fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür və yaşayış üçün yararsız haldadır. O, bu barədə dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək evin tikilib əvvəlki vəziyyətinə bərpa edilməsini xahiş etsə də nəticəsiz qalmışdır. Onun müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Agentliyi tərəfindən əraziyə baxış keçirilmiş və verilmiş cavabda müraciətdə qeyd edilənlərin təsdiqini tapması göstərilmişdir. Lakin buna baxmayaraq bu günə kimi heç bir tədbir görülməmişdir. Onun 40 yaşında bir xəstə oğlu vardır, özü yaşlıdır, aldığı pensiyadan başqa heç bir gəliri yoxdur və bu fərdi yaşayış evi onların yeganə yaşayış yeridir. Hal-hazırda məcburdur ki, kiryədə yaşasın. Ev yararsız vəziyyətə düşmüşdür və onun öz hesabına tikməyi mümkünsüzdür.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın qismən təmin edilməsi, Cavabdeh ASC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 7.128 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, dövlət rüsumunun kəsiri 20 manatın 75%-i, yəni 15 manatının iddiaçıdan, digər 25%-i, yəni 5 manat məbləğində pul vəsaitinin isə Cavabdeh ASC-dən tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin 50%-i, yəni 50 manatı iddiaçıdan, digər 50%-i, yəni 50 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 103.2, 113.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus tökmə torpaq üzərində inşa edilmiş yaşayış evi Cavabdeh ASC-nin balansında olan diametri 1420 mm olan yerüstü iki paralel xəttin arasında (7-8 m intervalla) yerləşir. Cavabdeh ASC-nin əməkdaşları yerin üzərində yerləşən xətlərdən birini istehsalat zərurəti ilə əlaqədar sökərkən qeyd olunan ünvanda heç bir qazıntı işləri aparmamış və sözügedən evə hər hansı bir ziyan vurmamışlar. İnşa edilmiş tikili nəticəsində iddiaçı tərəfindən qüvvədə olan Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunun, Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun, “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilən, xx.xx.2015-ci il tarixdən qüvvədə olan və **********0004 qeydiyyat nömrəsi ilə X5 Reyestrində qeydiyyata alınan 2.11-1 nömrəli AzDTN-nin (Su təchizatı. Xarici Şəbəkə və qurğular) 13.2.4.1-ci bəndinə əsasən diametri 1000 mm-dən yuxarı magistral sudaşıyıcı boruların sanitariya-mühafizə zolağının eni kənar sudaşıyıcı borudan 20 m məsafədə müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi, sözügedən tikili ilə boru arasındakı məsafə 7-8 metr təşkil edir. Bu da yaşayış sahəsinin sanitar-mühafizə zonasında qanunsuz olaraq tikildiyini təsdiq edir. Digər tərəfdən, sözügedən fərdi yaşayış sahəsi tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Tikinti bir kiçik vaqondan və ona bitişik ölçüləri 5.4mx6m olan boşluqlu kərpicdən inşa olunmuş bir otaqdan ibarət olmaqla Vulkan dağının ətəyində tökmə torpaq üzərində tikilmişdir. Bu cür inşa edilmiş tikilinin yağıntılar nəticəsində belə çökməsi mümkündür. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert təkcə qonşunun sözünə əsasən belə bir nəticəyə gəlmişdir. Belə ki, evə ekspertlə birgə baxış keçirilən zaman çəkilmiş fotoşəkillərdən də göründüyü kimi, evə hər hansı bir ciddi ziyan dəyməmiş, sadəcə olaraq evin qarşısının çökdüyü müəyyən edilmişdir. Bundan başqa, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, fərdi yaşayış evində həm rütubətin və nəmişliyin, həm də çatların aradan qaldırılması, evin tam təmir-bərpası yolu ilə mümkün ola bilər. Buna münasibət olaraq bildirir ki, evin nəmişliyinin və rütubətinin yaranmasının borunun çıxarılması ilə nə kimi əlaqəsinin olması anlaşılan deyildir. Həmçinin, evin kosmetik üsulla təmirinin mümkün olmaması, yalnız tam təmir olunması fikri ilə də razılaşmır. Belə ki, öncədən də təmirsiz vəziyyətdə olmuş evin tam təmir olunması öhdəliyinin cavabdeh qarşısında qoyulması əsaslı deyildir. Qeyd edir ki, evin vaqon hissəsinə ümumiyyətlə ziyan dəyməmişdir, ekspert isə bunu nəzərə almadan fərdi yaşayış evinin ümumi sahəsinin (bir vaqon və bir otaq) ölçüsünə uyğun təmir xərcini hesablamışdır. Digər tərəfdən, iddiaçı məhkəmə iclasında dəfələrlə ona məxsus evi 6000 manata aldığını qeyd etmiş, lakin məhkəmə qətnamə qəbul edərkən bu faktı nəzərə almamış evin təmir olunması üçün 7.128 manat məbləğin tutulmasını qət etmişdir. İddiaçı evinə dəymiş hər hansı ziyanın məhz sözügedən borunun çıxarılmasından sonra yaranmasını sübut etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9354/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.ƏSgərov, A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüququ normalarına uyğun əsaslandırmışdır.

ç) Kassasiya instansiya məhkəməsində icraat

13. Cavabdeh ASC-nin nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2834/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev, A.Abbasov və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 9354/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

15. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Cavabdeh həm birinci instansiya məhkəməsində verdiyi yazılı etirazında, həm də apellyasiya şikayətində iddiaçıya zərər vurulması ilə nəticələnən iddia olunan hərəkətin, yəni köhnə metal borunun sökülməsinin qanunsuz olmamasını, ərazidə yeni kanalizasiya xəttinin çəkilməsini, iddiaçının evinin isə özbaşına tikili olmaqla, cavabdehin balansında olan borunun üzərində və mühafizə zonasında inşa olunmasını göstərsə də, məhkəmələr həmin istiqamətdə ümumiyyətlə araşdırma aparmamışlar. Halbuki, deliktə görə məsuliyyətin yaranması üçün belə məsuliyyətə cəlb edilən şəxsin hərəkətinin qanunsuz olmasının müəyyən edilməsi zərəruridir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlili üzrə yalnız göstərmişdir ki, apelyator fərdi yaşayış sahəsinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyinə dair sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının istifadəsində olan evin özbaşına tikili olması, yəni müvafiq icazələr alınmadan inşa olunması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdehin göstərdiyi həmin dəlil, yəni iddiaçının zərərə uğradığı yaşayış sahəsinin cavabdeh təşkilatın balansında olan su xəttinin üzərində və mühafizə zonasında inşa olunması müvafiq ekspertiza keçirilməklə müəyyən oluna bilərdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə məhkəmə tikinti-texniki ekspertizaları təyin olunarkən bununla bağlı müvafiq suallar ekspertin qarşısında qoyulmamışdır. Apellyasiya məhkəməsi özü də, apellyasiya şikayətinin bu dəlilinə uyğun ekspertizanın keçirilməsi məsələsini tərəflərlə müzakirə etməmiş, müvafiq araşdırma aparmamışdır. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış ekspert rəylərini MPM-in 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirməmişdir. Belə ki, ekspertin 11 mart 2021-ci il tarixli rəyində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mühəndisi M.Nəbiyevin tərtib etdiyi mütəxəssis rəyinə istinad olunur ki, həmin mütəxəssis rəyinin necə alınması iş materialları ilə müəyyən olunmur və surəti işdə yoxdur. Ekspertin 27 may 2021-ci il tarixli rəyində isə iddiaçının fərdi yaşayış evinin bərpa olunaraq əvvəlki vəziyyətə gətirilməsi üçün ümumilikdə 7128 manat məbləğində vəsait tələb edildiyi göstərilsə də, rəyin tədqiqat hissəsində evin əvvəlki vəziyyətinin hansı qaydada müəyyən edilməsi qeyd olunmamış və təmir-bərpa işlərinin smeta xərcləri göstərilməmişdir. Belə olan halda, evin tam təmiri üçün zəruri olan vəsaitin cavabdehin üzərinə qoyulmasının səbəbi qeyri-müəyyən qalmışdır...”

d) Proses iştirakçılarının izahatı

16. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

17. Təkrar apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh ASC-yə ünvanladığı 02/12-11-11/11-31/93 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaşın ailə vəziyyətini, eyni zamanda maddi durumunu nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və fərdi yaşayış evinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə metal borunun götürüldüyü ərazidə məhkəmləndirmə tədbirinin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.

35. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 02/01-2/2/916 saylı məktubundan görünür ki, qeyd edilən ərazidə Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin balansında olan kanalizasiya şəbəkəsi yoxdur və ərazidə yerləşən fərdi yaşayış evlərində yaranan çirkab suları sakinlər tərəfindən primitiv üsulla çəkilmiş xətlər vasitəsilə açıq kanal formasında ərazidən kənarlaşdırılır. Bu da öz növbəsində antisanitariya vəziyyəti yaratmışdır. Tərəflərindən görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d = 200 mm, İ = 30 p/m ölçülü boru vasitəsilə ilə yeni kanalizasiya xətti çəkilmiş və 2 (iki) ədəd baxış quyusu tikilmişdir. Hal-hazırda qeyd olunan ərazidə çirkab suların açıq şəkildə axıdılmasının qarşısı alınmış və yaranmış neqativ hal öz müsbət həllini tapmışdır.

36. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 04/01-5/4/10921 saylı məktubundan görünür ki, sonuncuya məxsus tökmə torpaq üzərində inşa edilmiş yaşayış evi Cavabdeh ASC-yə məxsus diametri 1420 mm olan yerüstü iki paralel xəttin arasında yeləşir və üzərində yerləşən həmin xətlər sökülərkən qeyd olunan ünvanda qazıntı işləri aparılmamış və Cavabdeh ASC tərəfindən evə xətər dəyməmişdir. Evə dəyə biləcək hər hansı ziyana görə Cavabdeh ASC məsuliyyət daşımır.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının 10/3143 saylı, 11 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal borcu xəttinin mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılması tikilidə fasadların yaranmasına səbəb olmuşdur. İddiaçının qonşularının dediklərinə görə D-1 metr olan su borusunun ərazidən Cavabdeh ASC-nin işçiləri kəsib aparmış və torpağın qazılması qrunt strukturunun (boşalmasına) dəyişməsinə səbəb olmuşdur.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının 10/1728 saylı, 27 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin bərpa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi mümkündür. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7də yerləşən fərdi yaşayış evinin təmir-bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 7.128 manat məbləğində müəyyən olunur.

39. Apellyasiya icraatı zamanı obyektiv həqiqətin müəyyən olunması və kassasiya instansiya məhkəməsinin göstərişlərinin yerinə yetirilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının 10/6688 saylı, 27 yanvar 2023-cü il tarixli ekspert rəyindən göstərilmişdir ki, Azərsu” Açıq Səhmdar Cəmiyyətinin iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinə yaxın ərazidən su borusunun yerdən çıxarılması, sökülməsi mövcud qanunverciliyə və qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. İddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin ətrafından "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansında olan su borusu kənarlaşdırılmışdır, buna görə də hal-hazırda fərdi yaşayış evinin "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansında olan su borusunun mühafizə sonasına düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Azkommunlayihə KLİ-nin direktoru Sahib Qarayevin imzası ilə təsdiq edilmiş 29 yanvar 2021-ci il tarixli, Azkommunlayihə KLİnin mühəndisi M.Nəbiyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal boru xəttinin mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılması tikilidə fəsadların yaranmasına səbəb olmuşdur. (Qeyd: fərdi yaşayış bir kiçik vaqondan və onun ətrafında planda ölçüləri 5.4mx6m olan boşluqlu kərpicdən inşa olunmuş tikilidir, örtüyü 1 yamaclı, döşəməsi torpaq üzərində sement-qum məhlulu qatındandır). İddiaçının qonşularının dediklərinə görə D-1 metr olan su borusunun ərazidən "xxxx" ASC-nn işçiləri kəsib aparmış və torpağın qazılması qruntun strukturunun (boşalmasına) dəyişməsinə səbəb olmuşdur. Tədqiq olunan fərdi yaşayış təmirinə sərf edilə biləcək pul vəsaitinin (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləği, 1,0 m²-nin təmirinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 220,00 manat təşkil etdiyi müəyyən edilir. Belə olan halda, tədqiq olunan fərdi yaşayış evinin ümumi sahəsinin 32.4 m² təşkil etdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin təmirinə çəkiləcək xərcin ümumi dəyəri 7128,00 (32.4x220,00) manat məbləğində təşkil edir. Beləliklə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin təmir-bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 7128,00 manat məbləğində müəyyən olunur.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

41. Məhkəmə kollegiyası ekspertiza rəylərinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy iddianın əsaslı olmamasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilər. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından ekspertiza rəyini hazırki mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edir.

42. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

44. Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

45. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

46. Göründüyü kimi həm birinci instansiya məhkəməsinin, hazırki apellyasiya baxışı zamanı iş üzrə verilmiş ekspert rəylərindən müəyyən olunur ki, iddiaçının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinə zərərin dəyməsinə Cavabdeh ASC tərəfindən görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d=200 mm, l=30 p/m ölçülü boru vasitəsilə yeni kanalizasiya xətti çəkilməsi və 2 (iki) ədəd baxış quyusu tikilməsi, görülmüş tədbirlər nəticəsində tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal borcu xəttinin mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılması səbəb olmuşdır.

47. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinə yaxın ərazidən su borusunun yerdən çıxarılması, sökülməsi mövcud qanunvericiliyə və qaydalara uyğun olması ilə bağlı da cavabdeh tərəfindən hər hansı bir sənəd sübut təqdim olunmamışdır.

48. Digər tərəfdən, qüvvədə olan Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunun, Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən müəyyən olunur ki, ərazidən su borusunun yerdən çıxarılması, sökülməsi və s. başqa şəxsin əmlakına ziyan vurmamaqla həyata keçirilməlidir.

49. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması nəticəsində fövqəladə hallar istisna olmaqla, insanların həyatına, sağlamlığına, hüquqi və fiziki şəxslərin əmlakına vurulan ziyan qüvvədə olan qanunvericiliyə əsasən zərərçəkənlərə qurğunun mülkiyyətçisinin və ya istismarçısının vəsaiti hesabına ödənilir.

50. bununla yanaşı, hər iki ekspert rəyləri ilə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin təmir-bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 7128 manat məbləğində müəyyən olunur.

51. Beləliklə, Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsinə dair nəticəyə gəlmişdir, apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar