Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3141/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-67/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində sahəsi 10 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində (bundan sonra – Fərdi yaşayış evi) təmir və yenidənqurma işlərinin görülməsi məqsədilə 2023-cü ilin yanvar ayında iddiaçı ilə cavabdeh şifahi razılığa gəlmişlər. Şifahi razılığa aəsasən tərəflər ilk öncə fərdi yaşayış evinin içərisində təmir işlərinin aparılması, həyətdə hamam, sanitar qovşağın və su quyusunun tikilməsi barədə razılığa gəlmişlər. Sonradan iddiaçı qeyd edilənlərdən əlavə olaraq fərdi yaşayış evini əhatə edən hasarın sökülüb yenidən tikilməsi, həyətdə yaşıllıq sahəsinin salınması və evin ikinci mərtəbəsində açıq eyvanın böyüdülməsindən ibarət işlərin görülməsini də cavabdehə həvalə etmişdir.
2. Mənzilin təmirinə görə muzdun ümumi məbləği 65000 manat müəyyən edilmiş, iddiaçı tərəfindən hissə-hissə olmaqla muzdun 55 000 manat hissəsi cavabehə ödənilmiş, lakin təmir işləri tam başa çatmamış tərəflər arasında mübahisə yaramış və işlər yarımçıq saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehdən 35 000 manat borc və ödənilmiş 195 manat ödədiyi dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin yanvar ayında fərdi yaşayış evini almışdır. Həmin evi aldığı zaman ev təmirsiz olmuş, divarlar mişar daşından hörülmüş, dam örtüyü köhnə olması səbəbindən onu qane etmədiyi üçün dəyişmək istəmiş və evi tam təmir etdikdən sonra köçmək istəmişdir. Həmin müddət ərzində sürücü kimi tanıdığı Ağəli Gözəlovla danışmış, o cavabdehin onun qonşusu olduğunu, onun yaxşı əl işinin olduğunu, ev təmir etdiyini bildirmişdir. O, cavabdehin əl işlərinə baxmaq istədiyini bildirdikdə, Ağəli ona bir neçə təmir edilmiş ev göstərmiş və iddiaçı onun əl işini bəyənmişdir. 2023-cü ilin mart ayında Ağəli cavabdehlə birlikdə onun ünvanına gələrək təmir barədə söbət etmişlər. Cavabdeh ona məxsus fərdi yaşayış evini tam olaraq təmir edib ona təhvil verəcəyini vəd vermişdir. Evi tam olaraq təmir edib, evin hasarını yenisi ilə əvəz edib, həyətyanı sahəni abadlaşdırıb həyətdə su quyusu, hamam və sanitar qovşaq tikmək, həyətin işıqlandırılması, qazon salınması, dekorativ ağaclar və güllərin əkilməsi, həyətin işıqlandırılması və darvazanın üzərindən taxtadan çardaq tikilməsi üçün ümumilikdə ondan 65000 manat pul istəmişdir. İlkin olaraq işə başlamaq üçün 20000 manat pulu yaşadığı ünvanda Ağəliyə vermiş, o da pulu sayıb cavabdehə vermişdir. Təxmini 1 həftə sonra cavabdeh işə başlamışdır. Evin divarını suvaq etməyə, həyətdə su quyusu tikməyə, sonra köhnə hasarı dağıdıb yenisi ilə əvəz etməyə başlamışdır. Cavabdehlə danışıqlar zamanı ona terrası da düzəltdirmək istədiyini, terrasla da birlikdə ona 65000 manat ödəyəcəyini bildirmiş cavabdeh də razılaşmışdır. 2023-cü ilin aprel ayında cavabdehlə danışdığı zaman o, terrası tikməyə başlamaq üçün 12000 manat pul istəmiş bacısı oğlu Ehtirama 10000 manat pul vermiş, o da Sumqayıt şəhəri 2-ci mikrarayon ərazisində yerləşən “İdeal” parfumeriya mağazasının qarşısında pulu cavabdehə vermişdir. Bundan sonra cavabdeh terrası tikməyə başlamışdır. Bundan sonra da sement, metlax almaq üçün ondan 10000 manat pul istəmiş, o da 5000 manata gücü çatdığını deyərək, bacısı oğlu Ehtiram vasitəsilə may ayında Sumqayıt şəhəri 2-ci mikrarayon ərazisində yerləşən “İdeal” parfumeriya mağazasının qarşısında pulu cavabdehə çatdırmışdır. Sonra da cavabdeh mütəmadi olaraq ondan pul tələb etməyə başlamış, o da bacısıoğlu Ehtiram vasitısilə 2023-cü ilin may ayında 6000 manat, iyun ayında 6000 manat, sonuncu dəfə Sumqayıt şəhəri 2-ci mikrarayon ərazisində yerləşən “İdeal” parfümeriya mağazasının qarşısında 8000 manat olmaqla, ümumilikdə 55 000 manat pul vermişdir. Pulu verdikdən sonra, o həmin evə cavabdehin gördüyü işlərə baxmaq üçün getdiyi zaman cavabdehin yalnız evin divarlarına suvaq vurduğunu, terrasın beton dayaqlarını düzəltdirdiyini, köhnə daş hasarı sökdüyünü, yenisini tikdiyini, həyətdə su quyusu tikdiyini görmüşdür. O, cavabdehə bildimişdir ki, verdiyi məbləğin qarşılığında az iş görüb, cavabdeh bildirdi ki, hazırki vaxta qədər gördüyü işlərə 48700 manat pul xərcləmişdir. O, cavabdehdən pulun qalan hissəsini qaytarmasını istəyəndə cavabdeh ona əlində pulun qalmadığını, bütün pulu təmirə xərclədiyini, iddiaçının təmir xərcini düzgün hesablamadığını bildirmişdir. O, cavabdehdən evin təmir işlərini dayandırmasını və bu günə qədər gördüyü işin təmir xərclərini hesablayıb, qalan pulu qaytarmasını tələb etmişdir. Hazırki vaxta qədər cavabdehdən pulu tələb etsə də, qaytarmamışdır. Cavabdehə ümumilikdə 55000 manat pul ödəsə də, o həmin məbləğdə təmir işləri görməmişdir. O, öz ustasının iştirakı ilə məbləği hesabladığında, ustaların zəhmət haqqında qiymət fərqi olmuşdur. Cavabdehdən pulun yarı qiymətini yəni 35000 manat məbləği qaytarmasını istəmiş, cavabdeh yenədə razılaşmamışdır. Xərclədiyi pulu hesablanmasını istədiyi zaman cavabdeh ona verdiyi puldan 6233 manat qaldığını, 55000 manatdan 2000 manat dəyərində dizaynerə, 28000 manat ustalara, yerdə qalan pulu materialara sərf etdiyini bildirmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, evin tam təmir olunmasını iddiaçı ilə 65 000 manata razılaşmışdır. İddiaçı evin təmir edilməsinə görə ayrıayrı vaxtlarda ona ümumilikdə 55 000 manat pul vermişdir. O, iddiaçı ilə yalnız evinin içini və həyətdə sanitar qovşaq və su quyusu tikəcəyi barədə razılığa gəlmişdir. İlkin olaraq Ağaəli Gözəlovun yanında iddiaçıdan işi başlamaq üçün 20 000 manat pul almış, həmin pula evin dizayn işlərini, bölgü işlərini, söküntü işlərini birinci və ikinci mərtəbə arasında beton piləkən işlərini, bölgüyə uyğun hörgü işlərini, eyni zamanda həyətdə su quyusu tikməyə başlamışdır. Sonradan iddiaçı ona telefonla zəng edərək həyətin hasarının yararsız vəziyyətdə olduğu üçün sökülərək yenidən tikilməsini və suvaqlanmasını, həyətdə 50 kv.m terrasın tikilməsini, həyətdə yaşıllıq sahəsinin salınmasını, evin ikinci mərtəbəsində açıq balkonun böyüdülməsini ona bildirmişdir. O da öz növbəsində bildirmişdir ki, danışıqlarda bu işlərin görülməsi yoxdur. İddiaçı demişdir ki, işlərə başlasın, bu işlərin əlavə xərci nə olacaqsa, sonda hamısını ödəyəcəyək. 10 gündən sonra o, iddiaçıya təxminən bu işlərə 30 000 manat pul çıxacağını bildirmişdir. İddiaçı razılaşmışdır. İddiaçı bu pulu hissə-hissə ödəyəcəyini bildirmiş və ona ayrı-ayrı vaxtlarda 55 000 manat pul vermişdir. O, ümumilikdə işlərə 48767 manat pul xərcləmiş, X2 2000 manat, X10 oğluna 26 000 manat, dizayın işlərinin görülməsi üçün isə X3 2000 manat pul vermişdir. Bu işlərin görülməsi üçün tikinti materiallarına, ümumilikdə 12 534 manat pul xərcləmişdir. Qalan 6233 manat isə onun öz zəhmət haqqıdır.
6. Cavabdeh məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, əlavə olaraq bir sıra işlər görülmüşdür ki, onlar ekspert rəyində qeyd edilməyib, ancaq razılaşdıqları kimi ödənilmiş muzdun daxilində idi. Belə ki, Şamaxı şəhərindən həyətyanı torpaq sahəsi üçün əlavə torpaq gətirilmişdir ki, bunun dəyəri 1500 manat təşkil edir. Fərdi yaşayış evində pəncərələr genişləndirilmişdir, bunun dəyəri 1300 manata razılaşdırılmışdır. Fərdi yaşayış evinin həyətinə setka döşənmişdir ki, onun da dəyəri 440 manat olmuşdur. Fərdi yaşayış evini əhatə edən hasar sökülmüşdür, onun dəyəri 500 manat təşkil etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-67/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, 24 571 manat pul və 136,50 manat dövlət rüsumu olmaqla, cəmi 24 707,50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 58,50 manat hissəsinin İddiaçı aid edilməsi, 100 manat ekspertiza xərcinin 70 manat hissəsinin Cavabdeh, 30 manat hissəsinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 425.1, 442, 443.1, 752.1, 762.1, 762.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə yazılı surətdə etiraz verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddia ərizəsinə etiraz edərək bildirir ki, iddia üzrə İddiaçı iddia tələbi açıq-aşkar əsassızdır və qanunsuzdur. Belə ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi evi tam olaraq təmir edib ona təhvil verəcəyini vəd etmişdir. Həmin evin tam təmir olunmasını iddiaçı ilə 65 000 manata razılaşmışdıq. İddiaçı evin təmir edilməsinə görə ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 55 000 manat pul vermişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki,”cavabdeh hasarını yenisi ilə əvəz edib, həyatyanı sahəni abadlaşdırıb, həyətin işıqlandırılması, qazon salınması, dekorativ ağaclar və güllərin əkilməsi, darvazanın üzərində taxtadan çardaq tikilməsi, həyətdə terrasın tikilməsi üçün ümumilikdə məndən 65 000 manat pul istəmişdir.” Bununla bağlı bildirir ki, iddiaçı ilə yalnız evinin içini və həyətdə sanitar qovşaq və su quyusu tikəcəyi barədə razılığa gəlmişdirlər. İddiaçı ilə evin təmiri ilə bağlı razılığa gələrkən yanlarında Ağəli Gözəlov iştirak etmişdir. Zərurət yaranarsa Ağali Gözəlov məhkəmə iclasına dəvət olunub şahid qismində dindirilə bilər. Qeyd edir ki, ilkin olaraq Ağaəli Gözəlovun yanında iddiaçıdan işi başlamaq üçün 20 000 manat pul almışdır. Həmin 20 000 manat pula ilkin olaraq evin dizayn işlərini, bölgü işlərini, söküntü işlərini birinci və ikinci mərtəbə arasında beton pilləkən işlərini, bölgüyə uyğun hörgü işlərini eyni zamanda həyətdə su quyusu tikməyə başlamışdır. Sonradan iddiaçı cavabdehə telefonla zəng edərək həyətin hasarının yararsız vəziyyətdə olduğu üçün sökülərək yenidən tikilməsini və suvaqlanmasını, həyətdə 50 kv.m terrasın tikilməsini, həyətdə yaşıllıq sahəsinin salınmasını, evin ikinci mərtəbəsində açıq balkonun böyüdülməsini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, aralarında olan danışıqlarada bu işlərin görülməsi yoxdur. İddiaçı da bu işlərin gördürmək istədiyini və qiymətini soruşdu. Cavab olaraq bildirib ki, bu işlərin qiymətini təxminən 10 gün ərzində hesablayıb deyəcək. İddiaçı isə cavabdehə bildirdi ki, sən işlərə başla, bu işlərin əlavə xərci nə olacaqsa sonda hamısını ödəyəcəyəm. 10 gündən sonra iddiaçıya təxminən bu işlərə 30 000 manat pul çıxacağını demişdir. İddiaçı bununla razılaşdı. İddiaçı bu pulun hissə-hissə ödəyəcəyini bildirdi və iddiaçı ayrıayrı vaxtlarda 55 000 (əlli beş min) manat pul verib. Bildirir ki, 55 000 manatın qarşılığında aşağıdakı işləri görmüşdür. 1.Terrasın tikilməsi 2.Balkonun tikilməsi 3. Su quyusunun tikilməsi 4. Evin iç hisssəsinin ara divarlarının sökülməsi 5. Birinci mərtəbədən ikinci mərtəbəyə olan beton pilləkən tikilməsi 6. Həyətin hörgü işləri 7. Evin içinin hörgü işləri 8. Evin birinci mərtəbəsinin doldurulması, 9. Pəncərə yerlərinin su mişarı ilə kəsilib böyüdülməsi 10. Həyət hasarının düzdüyünü (sokol) çıxardılması 11. Köhnə qapı və pəncərənin yerinin bağladılması 12. Terassın doldurulması 13. Evin həyətinin düzlüyünün çıxarılması, köhnə hasarın sökülməsi, 14. Evin iç hissəsinə suvağın vurulması 15. Evin çöl hissəsinə suvağın vurulması 16. Hasarın altında beton işlərinin aparılması, tumbaların qurulması, beton verilməsi 17. Köhnə darvazanın çıxarılması. Qeyd olunan işlərə görülməsi üçün tikinti materiallarına da pul xərcləmişdir. Ümumilikdə bu işlərə 48767 (qırx səkkiz min yeddi yüz altmış yeddi) manat pul xərcləmiş, X2 2000 (iki min) manat, X10 oğluna isə 26 000 (iyirmi altı min) manat pul vermişdir. (Bu barədə X4 və X10 oğlu Sumqayıt Şəhər Polis İdarəsində izahat vermişlər və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir.) Dizayn işlərinin görülməsi üçün isə X3 2000 (iki min) manat pul vermişdir. Zərurət yaranarsa X4, X10 oğlu və X5, həmin evdə işləyən digər ustalar şahid qismində məhkəməyə dəvət olunub dindirilə bilərlər. Məhkəmənin mövqeyi ilə razılaşmaq olmur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən,əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bildirir ki , birinci instansiya məhkəməsində yazılı etiraz verərək gördüyü işlərin hamısını etirazda qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd etdikləri tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən 2 dəfə ekspertiza keçirilsə də işçilik haqqı ümumiyyətlə hesablanmamış, həmçinin görülən işlərin ölçüləri olduğundan aşağı qeyd olunmuşdur. 2 dəfə ekspertiza keçiriləndən sonra əlavə ekspertiza keçirilməsi barədə birinci instansiya məhkəməsində vəsatət versə də vəsatəti təmin edilməmişdir. Həmçinin bildirir ki, birinci instansiya məhkəməsində vəsatət verərək mülki iş üzrə şahidlərin dindirilməsini xahiş etmişdir. Vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilib şahidlər dinidirilsə də həmin şahidlər verdikləri ifadələrə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
21. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki halda cavabdeh qətnaməni tam mübahisələndirərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, hazırki halda qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-67/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Belə ki, tərəflər arasında fərdi yaşayış evində təmir işlərinin aparılması ilə bağlı şifahi formada podrat müqaviləsinin bağlanması (qanunla podrat müqaviləsinin yazılı formasına dair məcburi göstəriş yoxdur) işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə fərdi yaşayış evində və həyətyanı sahədə təmir və yenidənqurma işlərinin görülməsi işini tapşırmış, cavabdeh isə həmin sifarişi qəbul edərək həmin işləri yerinə yetirib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər yerinə yetiriləcək işlərlə bağlı muzd barədə də şifahi formada razılığa gəlmişlər.
31. Həmçinin, fərdi yaşayış evində təmir işlərinin görülməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 55 000 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır. Cavabdeh bu halı qəbul etsə də, iddiaçının “muzda daxil olan işlərin hamısının yerinə yetirilməməsi səbəbilə cavabdeh tərəfindən icra edilməyən işlərə görə pulun qaytarılması” hissəsində iddia ilə razılaşmır.
32. Kollegiya hesab edir ki, iddiaçı aralarındakı ləğv olunmuş müqavilə üzrə cavabdehdən icra etmədiyi işlərə görə aldığı pulun geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
33. 10/9358 saylı xx.xx.2024-cü il tarixli rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olan Fərdi yaşayış evinə və həyətyanı sahədə yerinə yetirilmiş təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun olaraq görülən işlərin ümumi dəyərinin 20599 manat (işçilik və materialla birlikdə) məbləğində o cümlədən, tədqiq olunan evin içərisində və çöl divar hissəsində faktiki olaraq aparılan təmir işlərinə sərf edilmiş işçilik xərcinin 3384 manat, evin terras hissəsində aparılmış işlərin işçilik xərcinin 1650 manat, fərdi yaşayış evinin həyətini əhatə edən hasarda aparılmış işçilik xərcinin 1056 manat, ümumilikdə 26689 manat olduğu müəyyən olunur.
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsinin miqdarına qiymət verərək düzgün hesab etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu 10/9358 saylı xx.xx.2024-cü il tarixli rəyi (ikinci rəy) əsas götürülməlidir. Belə ki, iş üzrə təyin edilmiş birinci xx.xx.2024-cü il tarixli ekspert rəyində birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadında ekspert qarşısında qoyulmuş birinci və dördüncü suallar üzrə fərdi yaşayış evində aparılmış təmir işləri barədə suallara cavab verilsə də, işçilik xərci barədə suallar üzrə heç bir tədqiqat aparılmamış, həmin suallara heç bir cavab verilməmişdir. Məhz bu əsaslara görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə hesablamalar aparılarkən natamam olan ekspert rəyi nəzərə alına bilməz.
35. Kollegiya hesab edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, ekspert rəyi daha mötəbər sübut qismində qiymətləndirilir.
36. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında ekspert rəyində qeyd edilənlərdən əlavə Şamaxı şəhərindən həyətyanı torpaq sahəsi üçün əlavə torpaq gətirilməsini, fərdi yaşayış evində pəncərələrin genişləndirilməsini, fərdi yaşayış evinin həyətinə setka döşənməsini, fərdi yaşayış evini əhatə edən hasarın sökülməsini, sadalanan işlərin görülməsinin iddiaçı tərəfindən etiraf edilməsini, cavabdehin söylədiyinə əsasən görülən işlərin ümumi dəyərinin 3740 manat təşkil etməsini, iddiaçının isə qiymətlə bağlı cavabdehin bildirdiyi halları təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməməsini nəzərə alaraq qeyd olunan pul məbləğinin də fərdi yaşayış evində və həyatyanı sahədə tikinti və yenidənqurma işlərinə sərf edilmiş pul məbləğinə daxil edilməsinə dair gəldiyi nəticə düzgün olmuşdur.
37. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, şahid ifadələri hazırki işin halları üzrə ümumi xarakter daşımaqla cavabdeh tərəfindən icra edilməmiş işlərə görə hesablanmış pul məbləğinin onun tərəfindən ödənilməməsinə əsas verən hər hansı bir halı müəyyən etməyə imkan vermir. Həmçinin cavabdeh apellyasiya şikayətində ekspert rəyləri ilə işçilik haqqının hesablanmadığını qeyd etsə də, 10/9358 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə cavabdeh tərəfin istinad etdiyi halın formal mülahizə olmaqla düzgün olmadığı müəyyən edilir.
38. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
39. Beləliklə, kollegiya 10/9358 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyini və cavabdehin birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirdiklərini nəzərə alaraq hesab edir ki, fərdi yaşayış evində və həyatyanı sahədə tikinti və yenidənqurma işlərinə sərf edilmiş pul vəsaitinin məbləği 30 429 (20599 + 3384 + 1650 + 1056 +3740 = 30 429) manat məbləğində müəyyən edilir. Bu halda, tikinti və yenidənqurma işlərinə sərf edilməmiş pul vəsaitinin məbləği 24571 (55 000 – 30 429 =24 571) manat təşkil edir. Belə olan halda fərdi yaşayış evinin tikintisinə xərclənməmiş 24571 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
40. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin 168 manat məbləğində dövlət rüsmunun tutulması hissəsində qismən təmin edilərək, dövlət rüsumu və ekspertiza xərcinin iddianın təmin edilməsi nisbətində (iddia tələbi təqribən 70% nisbətdə təmin edilməlidir) tərəflərə aid edilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-67/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.