Məhkəmə qərarları › İş №2(103)-3145/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3145/2022

31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3145/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 20000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, 2017-ci ilin əvvəlində evinin təmiri məqsədi ilə qonşusu olan usta Cavabdeh ilə razılığa gəlmişdir. Həmin razılıq əsasında cavabdeh onun evinin 1-ci mərtəbəsini təmir etməli idi. Ümumi olaraq təmirə xərclənən məbləğ 20000 manat təşkil etmişdir. Həmin məbləğin 10000 manatını o, cavabdehə əlmuzdu kimi vermiş, 10000 manatı isə tikinti materialı təşkil etmişdir. Cavabdehlə razılaşmalarına əsasən təmir qarajda, dəhlizdə, sanitar qovşağında, otaqlarda, evin bayır hissəsində aqlay vurmaqla aparılmalı idi. Həmçinin evin qaz xəttinin çəkilməsini də cavabdehlə razılaşmışdır. Təmir 2017-ci ilin sonlarında bitmiş, cavabdehlə o, tam olaraq hesablaşmışdır. Təmir işləri başa çatdıqdan 7-8 ay sonra evin təmiri günü-gündən yararsız hala düşməyə başlamış, qarajın divarında çatlar yaranmağa, dəhlizin və otaqların döşəməsi çökməyə, divar kağızları qopmağa başlamış, evin bayır hissəsinə vurulan aqlay daşları tökülməyə eyni zamanda küçədə keçən vətəndaşlar üçün təhlükə yaratmağa başlamışdır. Evin pəncərələrinin araları genişlənmişdir. Cavabdeh tavanda qaz xəttini rezin boru ilə çəkmiş, nəticədə qaz sızıntısı baş vermişdir. O, hər gün 3,50 manat qaza görə əlavə ödəniş etmiş, bir ilə 1000 manata yaxın ziyana düşmüşdür. O, cavabdehə dəfələrlə müraciət edərək bütün bu çatışmazlıqları aradan qaldırmasını və yaxud ödənişi geri qaytarmasını tələb etsə də, cavabdeh tərəfindən heç bir hərəkət olunmamışdır. Ekspert rəyində qüsurla görülməsi müəyyən olunan bütün işlər cavabdeh tərəfindən görülmüşdür. Yaxın qonşu olduqlarından o, cavabdehə etibar edib verdiyi pul barədə hər hansı bir sənəd almamışdır. Cavabdeh tərəfindən təmir işlərini yararsız aparması nəticəsində ona dəyən zərərə görə 20000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)- 458/2021 saylı qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 8643,20 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 8673,20 manat pulun İddiaçı xeyrinə tutulması, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulması, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddanın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən ona zəhmət haqqı kimi cəmi 2300 manat pul verilməsi, hətta 200 manat borclu qalması, həmin pulu verməməsi, iddiaçının 4 ildən sonra məhkəməyə müraciət etməsi, iddia müddətinin keçməsi, iddia müddətinin tətbiqi barədə ərizə verməsi, lakin nəzərə alınmaması, ekspertiza rəyinin düzgün olmaması və s. kimi əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, cavabdeh gördüyü işin müqavilində iddiaçıdan 2300 manat pul almışdır ki, həmin pulu da qaytarmağa razıdır. O, iddiaçının evində malyar, pol, aboy, alçipan və s. işləri görmüş, aqlayı isə başqa usta vurmuşdur. Ola bilər ki, təmirdə bəzi qüsurlar olmuşdur, lakin qüsurların həcmi və dəymiş zərərin məbləği ilə razı deyildir. Ekspertiza tədqiqatında şəxsən iştirak etsə də, ekspertin rəyi ilə razı deyildir. Həmçinin bildirir ki, usta kimi həmin qüsurları aradan qaldıra bilər. Lakin, bu istiqamətdə iddiaçı ilə razılığa gələ bilmirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə cavabdehə müraciət edərək təmirdə olan qüsurlar barədə məlumat vermiş, lakin cavabdeh ona əhəmiyyət verməmişdir. O, təmir işini məhz cavabdehlə danışmış, cavabdeh təmiri işini görərək ona rəhbərlik etmiş, pulu da cavabdehə vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX № ******* seriyalı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi 84 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 24507 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2425 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Məmmədxanov küçəsi 84 saylı evdə yaşayış otağının tavanı boya ilə rənglənmiş, divarlarına şpaklyovka çəkilərək divar kağızı ilə üzlənmiş, döşəməsinin altı reyka ilə yığılaraq arasına beton tökülmüş, üzərinə döşəmə üçün taxta vurulmuş və laklanmışdır. Dəhlizə bitişik inşa olunmuş qaraj tikilisinin divarları suvanmış, şpaklyovka çəkilərək boya ilə rənglənmişdir. Yaşayış evinin fasadı aqlay daşla üzlənmişdir. Evdə faktiki olaraq aparılmış təmir-tikinti işlərinin həmin işlərin görüldüyü tarixə orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 12492,2 manat məbləğində müəyyən olunmuşdur. Evin dəhlizinin və otaqlarının döşəməsinin çökməsi (döşəməsində taxtanın eroziyaya uğrayaraq parçalanması, aralanması) döşəmənin altında hava dövranın olmaması səbəbindən baş verə bilər. Eyni zamanda yaşayış evində aparılmış təmir işlərindən uzun müddət keçdiyindən divara vurulmuş divar kağızının aralanmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Qaraj tikilisinin divarlarında yaranmış çatlar aparılmış tikinti işlərində tikinti qaydalarına (divara vurulmuş suvağın və şpaklyovkanın qurunma müddətini gözlənməməyini) riayət olunmamasından baş verə bilər. Fasad divarlara vurulmuş aqlay daşlarının tökülməsi, daşların altında olan boşluğun olması, həmin daşların keyfiyyətsiz olmasından baş verə bilər. Yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 8643,20 manat təşkil edir (iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). İşin birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Məmmədxanov küçəsi 84 saylı fərdi yaşayış evində aparılmış qüsurlu təmir işləri nəticəsində iddiaçıya 8643,20 manat maddi ziyan dəyməsi öz təsdiqini tapmışdır, bu səbəbdən də iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarına əsasən tərəflər arasında iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Məmmədxanov küçəsi 84 saylı evdə müəyyən təmir işlərinin aparılması sahəsində podratla bağlı münasibətlər yaranmışdır. İddiaçı hesab edir ki, cavabdeh təmir işlərini qüsurlu aparmış, nəticədə ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-nin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. MM-nin 764-cü maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə (Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2021-ci il tarixli, 10/2425 saylı rəyi) müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Məmmədxanov küçəsi 84 saylı evdə aparılmış təmir tikinti işlərində tikinti qaydalarına riayət olunmaması nəticəsində müəyyən qüsurlar yaranmış, qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 8643,20 manat təşkil edir. Cavabdeh həmçinin ekspertiza rəyi ilə razılaşmamasını, rəyin əsassız olmasını göstərsə də, bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Bununla yanaşı, cavabdeh özü də izahatında gördüyü təmir işlərində müəyyən qüsurların olmasını inkar etməmiş, sadəcə qüsurların həcmini və dəymiş zərərin məbləği ilə razı olmamasını, iddiaçıya yalnız zəhmət haqqı kimi aldığı 2300 manat pulu qaytarmağa razı olmasını bildirmişdir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları (həmçinin, apellyasiya şikayətinin dəlillərini) əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, araşdırılmış və tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış evində həyata keçirilmiş təmir işlərinin qüsurlu olması, nəticədə iddiaçıya ziyan dəyməsi müəyyən olunmuşdur. Mülki Məcəllənin 385.1, 386.1-cı maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin müəyyən edilmiş məbləğdə zərəri iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermiş, lakin nəzərə alınmamışdır. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı məsələyə də hüquqi qiymət verərək qeyd edir ki, MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-in 776.1-ci maddəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Görundüyü kimi, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən binaya aid tələbini beş il ərzində irəli sürə bilər. İşdən və tərəflərin izahatlarından görünür ki, təmir işləri 2017-ci ildə bitmiş, iddiaçı isə hazırki tələbini 2020-ci ilin iyul ayında irəli sürmüş, bununla da iddia müddətini ötürməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh həmin hissədə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)- 458/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar