Məhkəmə qərarları › İş №2(103)-3149/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3149/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3149/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(006)-591/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-13/2023 saylı, 19 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliliyi sübuta yetirilmədiyi üçün iddiaçıya bəraət verilərək, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. 2.İddiaçı barəsində qanunsuz olaraq seçilmiş qətiimkan tədbirinə görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən onun barəsində əsassız ittiham elan edilməsi, 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanılmağı, əsassız olaraq 06 oktyabr 2021-ci ildən 19 iyul 2023-cü ilədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri altında saxlanılmağı nəticəsində əldən çıxmış fayda kimi ona dəymiş 31.500 (otuz bir min beş yüz ) manat məbləğində maddi zərərin və 70000 (yetmiş min) manat məbləğində mənəvi zərərin, ümumilikdə isə 101500 (yüz bir min beş yüz ) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları onun yaşadığı evdən onu tutub 31-ci Polis Bölməsinə gətirmiş, orada təhqiqatçı dibçəyin içərisindən torpağı sallofan bükümə bükərək ona vermiş və onu videonun qarşısında həmin bükümü çıxardıb narkotik vasitə kmi istifadə etdiyini deməyə məcbur etmiş, o, buna axşama qədər razılıq verməsə də axşam onların təzyiqlərinə dözməyib buna razılaşmış və onlar iddiaçıyı videoya çəkərək guya üzərində narkotik vasitə çıxması ilə əlaqədar barəsində cinayət işi başlatmışlar. Bundan iki gün sonra, yəni 06 oktyabr 2021-ci ildə Suraxanı RPl-nin müstəntiqi onu aldadaraq, barəsində olan cinayətişinin bağlanmasını və onu buraxacağını deyib onu bütün sənədlərə imza etdirmişdir. O, barəsində olan cinayət işinin məhkəməyə getməsindən sonra onun barəsində Cinayət Məcəlləsinin 234.l-ci maddəsi ilə cinayət işinin başlanmasını bilmişdir. Belə ki, ona verilən ittihama əsasən guya o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, üstündə saxlamaqla daşımış xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Suraxanı RPl-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək, orada üzərində şəxsi axtarış keçirilərkən, əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 1.991 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı şəhəri Suraxanı rayon məhkəməsində cinayət işi üzrə ətraflı araşdırma aparılmış, işin bütün halları müəyyənləşdirilmiş, mənim ümumiyyətlə narkotik maddə istifadəçisi olmamağı, üzərində narkotik vasitənin olmaması sübuta yetirilmiş, bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-13/2023 saylı 19 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilərək, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Dövlət ittihamçısı bu hökmdən protest verməmişdir. Eyni zamanda Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-13/2023 saylı 19 iyul 2023-cü il tarixli Xüsusi qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işinin ibtidai araşdırma və istintaqını aparan zaman Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİnin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPl-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru X2 və Suraxanı RPİnin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində xüsusi qərar çıxarılmışdır. Göründüyü kimi müstəntiqin qanunsuz hərəkətləri nəticəsində ona əsassız olaraq şəxsi istehlak miqdardan artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, daşıma və saxlama cinayəti üzrə ittiham elan edilmiş, 04 oktyabr 2021-ci ildən 06 oktyabr 2021-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmış, 06 oktyabr 2021-ci ildən 19 iyul 2023-cü ilədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri altında saxlanılmışdır. Yəni il 9 ay 15 gün müddətinə o ittiham altında olmuş, bu dövrdə onun bütün hüquqları məhdudlaşdırılmışdır. Bütün bunların ən pisi isə onun yaşadığı ərazidə, qonşuların arasında onun adının narkoman kimi hallanması, narkotik vasitə daşıyıcısı kimi tutulmağı, şərəf və ləyaqətinin alçaldılması olmuşdur. Belə ki, o, ali təhsilli şəxsdir, ailəli, azyaşlı uşağı var və hər bir kəs onu qonşuluqda normal bir ailə başçısı kimi, nümunəvi bir şəxs kimi tanıyırlar. Onun bir narkoman kimi qələmə verilməyi isə onu yaşadığı ərazidə nüfuzdan salmışdır. Bütün bu hallar isə onun maddi və mənəvi zərər çəkməyinə səbəb olmuşdur. Göründüyü kimi Suraxanı Rayon Polis İdarəsinin müstəntiqinin onun barəsində elan etdiyi ittihamın əsassız olduğu, onun əsassız olaraq şübhəli şəxs qismində tutulmağı, 1 il 9 ay 15 günmüddətinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri altında saxlanmağının əsassızlığı məhkəmə hökmü ilə sübuta yetirilmişdir və bu hallar işin mübahisə edilməyən hallarıdır. Hətta Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-13/2023 saylı 19 iyul 2023-cü il tarixli xüsusi qərarında da müstəntiqin, təhqiqatçının və əməliyyatçıların hərəkətlərinin qanunsuzluğu öz əksini tapmışdır. Bütün bu hallar isə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. İbtidai araşdırma orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan etməsi onu bir çox işlərdən məhrum etməklə ona 31 500 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, o, bu dövrdə heç bir işdə işləyə bilməmiş, heç kim ona işə götürməmiş, o, işsiz qalmışa və tutulma dövründə aylıq qazancım 1500-2000 azn təşkil etdiyi halda onu narkotiklə bağlı həbs etdikləri üçün işlədiyi yerdən azad edilmişdir. Halbuki, o, həmin müddət ərzində işləsəydi hər ay minimum 1500 manat əmək haqqı alardım ki, bu da 21 ay ərzində 31 500 manat məbləğində pul vəsaiti təşkil edir. Onun 04 oktyabr 2021-ci ildən 06 oktyabr 2021-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmağı ilə və 06 oktyabr 2021- ci ildən 19 iyul 2023-cü ilədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri altında saxlanılmağı ilə onun şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələnmişdir ki, bununla da ona 70 000 manat məbləğində mənəvi zərər dəymişdir. Belə ki, o, Yeni Suraxanı qəsəbəsində yaşayıra və məhəllədə onu bütün qonşular nümunəvi bir şəxs kimi tanıyır. Hər bir vətəndaş kimi onun işgüzar nüfuzunu qorumaq hüququ vardır. Məhz ibtidai araşdırma orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan etməsi ilk əvvəl onun yaşayış yerində nüfuzuna ləkə gətirmiş, demək olar ki, bu cinayət işinin araşdırıldığı 2 il müddətində mən bu ləkə ilə yaşamalı olmuşdur. Hər bir kəs ona narkoman kimi baxmış, hətta onunla ünsiyyət qurmaqdan belə çəkinmişdirlər. Digər tərəfdən isə heç bir cinayət etmədiyi təqdirdə onun bir cinayətkar kimi tutulmağı, iki gün müddətində saxlama yerində saxlanılmağı, sonradan isə başqa yerə getməmək haqqında iltizam verilməklə onun ölkədən çıxmağına qadağan qoyulması, 2 ilə yaxın bir müddət ərzində məhkəmə iclaslarına gedibgəlməklə hər dəfə mənəvi əziyyət çəkməklə, qanunsuz olaraq azadlıq hüququmun məhdudlaşdırılması ilə o, 2 il müdətində mənəvi sarsıntılar keçirmişdir. Bu müddət ərzində o, istirahət etmək üçün nəinki xaricə, hətta ölkənin rayonlarına gedib-gələ bilməmiş, demək olar ki, ev dustaqlığı şəraitində yaşamışdır. 5.Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Anar Əsədov "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. 6.Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyini göstərmiş və tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunmuş–Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-13/2023 nömrəli xüsusi qərarı ilə İddiaçı barəsində cinayət işinin ibtidai araşdırma və istintaqını aparan zaman qanunsuz hərəkətlərə və kobud pozuntulara yol vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polismayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPİ-nin 31-ci PBdə CA üzrə əməliyyat müvəkkili, polis mayoru X2 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində xüsusi qərar qəbul edilməklə, onlar barəsində müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinə məlumat verilmiş və görülmüş tədbirlər barədə məhkəməyə məlumat verilməsi tapşırılmışdır. Göründüyü kimi iddiaçının hazırkı iddia tələbi üzrə ona ziyanı vurmuş təqsirkar şəxslər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)- 13/2023 nömrəli xüsusi qərarı ilə müəyyən olunsa da, iddiaçı yalnış olaraq tələbini Maliyyə Nazirliyinə qarşı yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti orqanı” kimi Maliyyə Nazirliyi müəyyən olunmamışdır, yəni ziyanı vurmaqla hüquq pozunutusunu bilavasitə törətmiş şəxs qarşı tərəfə vurduğu ziyanı ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı çıxış edir. Həmçinin, Konstitusiyanın 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analojiolaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Hesab edir ki, təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərəvurulmuş ziyanın dövlət büdcəsindən ödənildiyi nəzərə alınaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Belə olan halda fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə prosesinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə prosesinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu məhkəmə işinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz və hesab edirik ki, iddia tələbinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)- 13/2023 nömrəli xüsusi qərarı ilə müəyyən edilmiş şəxslərin cavabdehliyi ilə baxılmalıdır. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 mart 2024-cü il tarixli, 2(006)-591/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Əfsanə Heydərova) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 5.500 (beş min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan: 8.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-13/2023 saylı hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün İddiaçı bəraət verilməsi, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,991 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 1,941 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılması, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi, iş üzrə məhkəmə fizikikimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti dövlətə aid edilməsi, iş üzrə mülki iddianın olmaması, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru X2 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilməsi hökm edilmişdir. 8.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-13/2023 saylı xüsusi qərarı ilə, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırma və istintaqını aparan zaman Azərbaycan Repsublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru X2 və Suraxanı RPl-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində xüsusi qərar çıxarılması, xüsusi qərar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru X2 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin və 30 gün müddətindəgörülmüş tədbirlər barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. 9.İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona 31.500 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. 10.Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız olaraq barəsində başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi nəticəsində ona mənəvi zərər vurulmuşdur. 11.Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı 04 oktyabr 2021-ci ildən 06 oktyabr 2021-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmış və barəsində 06 oktyabr 2021-ci ildən 19 iyul 2023-cü ilədək, yəni 1 il 9 ay 13 gün müddətinə başqa yerə getməmək haqqında iltizam tətbiq edilmişdir. 12.Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2 gün müddətinə şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanıldığına görə, ona vurulmuş mənəvi ziyanın məbləğinin ədalətli hesab edilməsi üçün 21 ay 15 günlük müddətin son 15 günü üçün 250 manat mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsi daha ədalətlidir. 13.Məhkəmənin mövqeyinə görə iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 2 gün şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmasına və 21 ay 13 gün müddətinə başqa yerə getməmək haqqında iltizama görə 5.500 manat (bir ay üzrə 250 manat x 22 ay) məbləğində müəyyən olunmalıdır. 14.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 5.500 (beş min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, iddiaçının şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılması və iddiaçıya başqa yerə getməmək haqqında iltizam tətbiq edilməsi ona inamsızlıq, narahatlıq,məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. 15.Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3 və 9-cü; Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarına; Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1, 14.2, 81, 217.3, 217.4 və 216-220-ci maddələrlə istinadla əsaslandirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni qaydada əsaslandırılmış və əsas məzmunu ondan ibarətdir ki, iddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçının, cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 23.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 24.Maddə 5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 25.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 26.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 27.Maddə 12.Fiziki və mənəvi ziyan,Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmətərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraatmüddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmətərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinin dəlilləri həcmində qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası apellyasiya şikayətini və mülki iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(006)-591/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 33.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra, uzun müddət, xx.xx.2023-cü il tarixli bəraət hökmü verilənədək əsassız yerə istintaqa cəlb edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar onda inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər yaratmaqla nəticədə iddiaçıya mənəvi zərər dəymişdir. 34.Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və bununla da cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 35.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 37.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 38.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir.Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntununxarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq,narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, AvropaMəhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames vəVebster Birləşmiş Krallığa qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvizərər ödənilməsi qərarına gəlmişdir. 39.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə PraktikiQaydaları”nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyikompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyəkompensasiyasının təmin olunmasına yönəlib. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 41.Kollegiya cavabdeh tərəfin deliktin onun tərəfindən törədilməməsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 42.Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 43.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 44.Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 45.Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir. 46.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 48.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 49.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(006)-591/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar