Məhkəmə qərarları › İş №2(103)-315/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-315/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-315/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3rşı “kompensasiyanın ödənilməsi, əmlakın verilməsi və ya əmlakın dəyərinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “kompensasiyanın ödənilməsi və digər tələblər barədə” iddiasına dair mülki işə baxmış Sumqayıt İnzibati Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla (iş № 2-1(118)-2227/2022) ilə iddianın mümkün sayılmamasını qərara almışdır. Bundan sonra iddiaçı cavabdeh Agentliklərə qarşı “dəymiş ziyanın kompensasiyası tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X1suz hərəkətləri və ya hərəkətsizliyi tələbinə dair kompensasiya olaraq ümumilikdə16.206 manat pul vəsaiti, 800 kq. bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməsi, çəkilən məhkəmə xərclərinin xeyrinə ödənilməsi barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixindən X6 “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sistemində” iş axtaran vətəndaş kimi qeydiyyata alınmış, həmçinin, arıçılıq üzrə X2 cəlb edilmək üçün xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixində X8 tərəfindən həmin Proqram çərçivəsində 20 pətəkdən ibarət arı ailəsi ilə təmin edilmişdir. Lakin, arı ailələrinə baxış zamanı onların faktiki olaraq lazımi standartlara cavab vermədiyi məlum olmuşdur. Bu barədə o, X5 9 saylı Ərazi Məşğulluq filialına etiraz məktubu ünvanlayaraq mövcud təsərrüfatın yararsız olması və acınacağlı durumu barədə məlumat verməklə, müvafiq baxışın keçirilməsi, çatışmazlıqların aradan qaldırılması və hər-hansı xoşagəlməz hadisədən qorunmaq üçün verilən təsərrüfatın sığortalanmasını xahiş etmişdir. Dəfələrlə müraciətlərdən və cəhdlərdən sonra nəhayət ki, təsərrüfata baxış keçirilmiş, çatışmazlıqlar barədə aktlar tərtib edilərək gələcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə planlar hazırlanmışdır. Lakin cavabdeh orqanların və təsərrüfatın hərtərəfli inkişafı üçün cavabdehlik daşıyan digər inzibati orqanların səhlənkarlığı ucbatından iddiaçının təsərrüfatı tələf olmuş və nəticədə ona iddia tələbində qeyd etdiyi miqdarda ziyan dəymişdir. İddiaçı çəkdiyi bütün xərcləri və məsrəfləri hesablayaraq ümumilikdə kompensasiya olaraq 16.206 manat pul vəsaiti; 800 kiloqram bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməsi barədə cavabdehə təklif irəli sürmüş lakin verdiyi tələb cavabdeh Agentlik tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq iddiaçı, Aqrar Xidmətlər Agentliyinin və X5 Özünüməşğulluq Proqramı çərçivəsində xx.xx.2021-ci il tarixli, 142 saylı müqaviləyə əsasən təmin etdiyi arıçılıq təsərrüfatının müqavilədə qeyd edilən şərtlərə cavab vermədiyi, onu süründürməçiliyə saldıqları, əlavə qulluğa görə əhəmiyyətli vaxt itkisi ilə üzləşməyi, təqdim edilən təsərrüfatın yararsızlığı səbəbindən əlavə vəsaitlər xərcləməli olduğunu, qışa hazırlıqsız və zəif olduqları üçün 75% itki ilə çıxdığı və digər 25%-in zəif və qeyriməhsuldar olduğuna görə mövsümü gəlir əvəzinə ziyanla və artımsız (itki ilə) başa vurduğu üçün ona dəymiş zərərin yuxarıdakı hesablamaya uyğun kompensasiya edilərək ödənilməsini və tələf olan arı pətəklərinin Dövlət Proqramında olan “Ağıllı arı ailələri” ilə təmin olunmasını ədalətli hesab edərək məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaya dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla (iş № 2(103)-1040/2024) apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini qərara almışdır. Həmin qərardadla iddiaçıya izah olunmuşdur ki, o, eyni məzmunlu iddia ərizəsi ilə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Cavabdeh X8 tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla (iş № 2(102)-2204/2024) kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin əsasını xüsusi hüquq qaydalarının təşkil edib-etməməsini, tərəflərin müqavilə bağlayarkən xüsusi hüququn bərabərhüquqlu subyektləri kimi çıxış edib-etməməsini, tərəflər arasında müvafiq müqavilələr bağlandığı halda onlar arasındakı münasibətlərin həmin müqavilə şərtlərinə müvafiq olaraq və həmin şərtlər nəzərə alınmaqla xüsusi hüquq normaları ilə tənzimlənməli olub-olmamasını, inzibati orqanların hakimiyyət səlahiyyətini qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirib-keçirmədiyi məsələlərini kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir. İddiaçının verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılan zaman məlum olmuşdur ki, bu məsələdə həm hakimlər, həm də məhkəmələr arasında olduqca fərqli mövqelər və fərqli yanaşmalar mövcud olduğuna görə hazırkı tələbin mülki yoxsa inzibati iddia olduğuna aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək hazırkı tələblə bağlı mülki işə apellyasiya qaydasında baxılması ilə əlaqədar inzibati orqanın qanunla ona həvalə olunmuş inzibati funksiyanı yerinə yetirməklə bağladığı müqavilənin inzibati müqavilə və ya mülki hüquqi müqavilə hesab olunması baxımından şərh edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu tərəfindən xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müraciətinə baxılaraq belə qərara alınmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələlərə dair Konstitusiya Məhkəməsi Plenumununhüquqi mövqelərinin mövcud olması, eləcə də bu Qərardadla bəzi məsələlərə aydınlıq gətirilməsi nəzərə alınaraq hazırkı vəziyyətdə müraciət üzrə ayrıca qərar qəbul edilməsinə ehtiyac duyulmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərardadında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm tərəflər arasında bağlanmış müqavilənin xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Müraciətin edilməsinə səbəb olmuş “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilələrlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 35ci maddəsinin Vİİİ hissəsinə əsasən dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Məşğulluğa kğmək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsasların, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müdafiə etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanunun 24-cü maddəsində özünüməşğulluğun təşkilinə dair müqavilə əsasında ğzünüməşğulluğa cəlb olunmuş şəxsin məsuliyyəti ilə bağlı, habelə müqavilə münasibətlərini tənzimləyən bir sıra normalar müəyyən olunmuşdur. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiqlənmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 7 və 8-ci maddələri ilə özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı özünüməşğulluğa cəlb olunmuş şəxslə X5 müvafiq yerli qurumları və ya DOST mərkəzləri arasında müqavilələrin bağlanması, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkəzlər tərəfindən dövri monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Beləliklə, inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmiş, şərtləri isə tərəflər üçün məcburi xarakterə malikdir və məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Bütün deyilənlərdən belə qərara gəlinir ki, qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (maddə 2.1.). Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (maddə 2.2.1.). İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (maddə 2.2.3.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarına görə, məhkəmə aidiyyəti əsassız və qeyriqanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş ümumi məhkəmənin icraatına qəbul edilmişsə, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırkı işin icraatının başlanmasına əsas olmuş iddia tələbinə (mülki icraat qaydasında) baxmaqla səhvə yol vermiş, məhkəmə aidiyyətini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.1-ci maddəsinin mənasına görə isə, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə isə, yuxarıda qeyd edilən hal apellyasiya icraatı zamanı aşkar edilərsə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-in 261, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, o, mövcud mübahisə ilə bağlı inzibati orqana – cavabdeh Agentliklərə qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar