Məhkəmə qərarları › İş №2(103)-3150/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3150/2025

13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3150/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “məhkəməyə müraciət etmək hüququna qadağanın etibarsız sayılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun məhkəməyə müraciət etmək hüququna qadağa qoymasını etibarsız sayılması, cavabdehin özünün 2-1(81)-1095/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərarının icrasını təmin edilməsi, cavabdehin ona vurduğu maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 250.000 manat, mənəvi ziyan əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə dair işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə iddianın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə aid hissədə baxılmamış saxlanılmasını qərara almışdır (bundan sonra – “birinci qərardad”). “Birinci qərardad” onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdeh kimi yalnız Cavabdeh göstərilmişdir. Maliyyə Nazirliyi iddia ərizəsində cavabdeh kimi qeyd edilməmiş və iddiaçı tərəfindən Maliyyə Nazirliyinə qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli digər qərardadla iddianın bir qismi, yəni “cavabdehin iddiaçının onun məhkəməyə müraciət etmək hüququna qadağa qoymasını etibarsız sayılması, cavabdehin özünün 2-1(81)-1095/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərarının icrasını təmin edilməsi barədə qətnamə qəbul edilməsi barədə” hissəsində iş üzrə icraata xitam verilməsini qərara almışdır (bundan sonra – “ikinci qərardad”). “İkinci qərardad” onunla əsaslandırılmışdır ki, iddianın “cavabdehin iddiaçının onun məhkəməyə müraciət etmək hüququna qadağa qoymasını etibarsız sayılması, cavabdehin özünün 2-1(81)-1095/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərarının icrasını təmin edilməsi barədə qətnamə qəbul edilməsi barədə” hissəsinə ümumi məhkəmə tərəfindən baxıla bilməz, həmin tələbə inzibati mühakimə icraatı çərçivəsində baxılmalıdır. İddiaçı hər iki qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. “Birinci qərardaddan” Rayon Məhkəməsinə şikayət vermiş iddiaçı, qərardadın ləğv edilməsini və Maliyyə Nazirliyinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh 2-1(81)-1095/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərarın icrasını təmin etmir, bununla da, həmin iş üzrə iddiaçı olmuş İddiaçı maddi və mənəvi zərər vurur. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehin yerləşdiyi ünvan üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh dövlət hakimiyyəti orqanıdır. Dövlət hakimiyyəti orqanın vurduğu zərər dövlət büdcəsindən Maliyyə Nazirliyi vasitəsi ilə tutulur. Buna görə də, iddiaçı cavabdehə qarşı verdiyi iddia ərizəsində xahiş etmişdir ki, cavabdehin ona vurduğu maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 250.000 manat, mənəvi ziyan əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat məbləğində pul Maliyyə Nazirliyi vasitəsi ilə cavabdehdən tutulsun. Lakin Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etdikdən 5 ay sonra belə nəticəyə gəlmişdir ki, iddianın Maliyyə Nazirliyinə aid hissəsi baxılmamış saxlanılmalıdır. Halbuki, bu məsələyə iddia ərizəsi məhkəməyə daxil olan ərəfədə qiymət verilməli idi. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, Maliyyə Nazirliyi iş üzrə cavabdeh deyilsə, onda Nazirlik müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməli idi. “Birinci qərardaddan” verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. “İkinci qərardaddan” Rayon Məhkəməsinə şikayət vermiş iddiaçı, qərardadın ləğv edilməsini və Maliyyə Nazirliyinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bu şikayət isə onunla əsaslandırılmışdır ki, inzibati məhkəmə inzibati orqan deyil, inzibati orqanlar üzərində dövlətin nəzarətini həyata keçirən orqandır. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh 2-1(81)-1095/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərarla İddiaçı iddiasını qismən təmin edərək, həmin iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin üzərinə diskression səlahiyyətləri daxilində məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla İddiaçı mənzillə təmin olunması ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını qərara almışdır. Həmin qərar qüvvəyə minsə də, ötən illər ərzində borclu Xidmət tərəfindən icra edilmir, Cavabdeh isə özünün qəbul etdiyi qərarın icrasına nəzarət etmir, qərarın icrasının təmin edilməsini borcludan tələb etmir. Bu səbəbdən də, İddiaçı həmin qərarın icrasının təmin edilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh onun məhkəməyə müraciət etməsinə qadağa qoymuşdur. Bununla da Cavabdeh iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmış, iddiaçıya maddi və mənəvi zərər vurmuşdur (Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş və iddia ərizəsinə əlavə edilmiş “Sistemdən çıxarışdan” görünür ki, Cavabdeh İddiaçı müraciəti ilə bağlı Sistemə “İddia ərizəsi imtina edilmişdir (İddia ərizəsi deyil. Dəftərxanaya təqdim edin)” nəticəsini yerləşdirmişdir). Göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında yaranmış mübahisə inzibati münasibətdən irəli gəlmir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. “İkinci qərardaddan” verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətlərə yazılı icraat qaydasında baxaraq, şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, barəsində şikayət verilmiş hər iki qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (maddə 50.3.). İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır (maddə 149.3.). İddiaçı, Maliyyə Nazirliyinə qarşı tələbinin olmadığını şikayətdə göstərsə də, iddia ərizəsinin məzmunundan görünür ki, o, cavabdehin ona maddi və mənəvi zərərin vurduğunu iddia edərək, həmin zərərin əvəzinin Maliyyə Nazirliyi vasitəsi ilə cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin, o, iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh kimi göstərməmişdir. Başqa sözlə, iddia ərizəsi MPM-in göstərilən tələblərinə cavab vermir. Belə olan müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi MPM-in 259.0.12-ci maddəsinə əsaslanaraq iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Çünki qeyd edilən prosessual normanın mənasına görə, iddia ərizəsi MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə və işin baxılması zamanı iddiaçı həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır (maddə 259.0.12.). Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının “birinci qərardaddan” verdiyi şikayət əsassızdır. Məhkəmə, “ikinci qərardadın” və ondan verilmiş şikayətin əsaslılığını araşdıraraq hesab edir ki, qərardad əsaslı, şikayət isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda müəyyən edilir ki, yuxarıda qeyd edilən tələbə ümumi məhkəmə tərəfindən və mülki mühakimə icraatı qaydasında baxıla bilməz, çünki iddia ərizəsindən də görünür ki, İddiaçı tələbinin əsasında inzibati məhkəmənin inzibati fəaliyyətindən irəli gələn hərəkət (hərəkətsizlik) durur. Belə olan müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi MPM-in 261.0.1-ci maddəsinə əsaslanaraq qeyd edilən tələb üzrə işin icraata xitam verməkdə haqlı olmuşdur. Çünki qeyd edilən prosessual normanın mənasına görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının “ikinci qərardaddan” verdiyi şikayət əsassızdır. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş hər iki qərardad qanuni və əsaslıdır. Həmin qərardadlardan verilmiş şkayətlərin dəlilləri əsassızıdır və formal mülahizə xarakteri daşıyır. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli qərardadlar dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qərardadın “iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi “icraata hissəvi xitam verilməsi barədə” qərardadın dəyişdirilmədən saxlanılması barədə” hissəsindən, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Hazırkı qərardadın “iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi “iddianın bir hissəsinin baxılmamış saxlanılması barədə” qərardadın dəyişdirilmədən saxlanılması barədə” hissəsi dərhal qüvvəyə minir və qərardadın həmin hissəsindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar