Məhkəmə qərarları › İş №2(103)-3151/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3151/2022

17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3151/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Əjdər Əhmədovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X6 və Cavabdeh4 MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair 2(001)-131/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X6 və Cavabdeh4 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan «Hundai Sonata» markalı avtomobili yararsız vəziyyətə saldıqlarına görə 3736 manatın, mənəvi zərərə görə 2000 manatın, ekspertiza tədqiqatına görə ödədiyi 300 manatın, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11.09.2020-ci il tarixdə mülkiyyətində olan 2014-cü il buraxılışlı “Hundai Sonata” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, M.Müşfiq küçəsində hərəkətdə olarkən avtomobilin mühərriki qəfil dayanmış və idarə olunmaz vəziyyətə düşmüşdür. O, həmin vaxt evakuator çağıraraq avtomobili Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən Cavabdeh1 MMC-nin X25 aparmışdır. X26 ustaları avtomobili kompüter diaqnostikasından keçirib mühərrikinin dağıldığını, avtomobilin mühərrikinin sökülüb yenidən yığılacağını, bunun üçün 2505 manat ödəniş etməli olduğunu ona demişlər. O, da Hundai şirkətinin Servisi olduğuna görə onlara güvənib avtomobili servisin ustalarına təhvil vemiş və 2505 manat pulu X26 kassasına köçürmüşdür. Həmin vaxt usta ona yağ nasosunun dəyişməli olmasını deməmişdir. O, təxminən 20.10.2020-ci il tarixdə avtomobili X21 təhvil almışdır. 24.10.2020-ci il tarixdə avtomobili idarə edərkən onun hərəkət etmədiyinin şahidi olub dərhal X25 yaxınlaşmış Servisin Vasif adlı mühərrik ustası avtomobilin mühərrikini işə salıb qaz verməsini demiş, o, qaz verərkən motor səs etmiş, bundan sonra Vasif usta motoru yığanda yağ nasosunu dəyişmədiyini, yağ nasosunun dərhal dəyişdirilməli olmasını ona demişdir. Lakin ona təklif olunan yağ nasosu bahalı olduğundan o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Ştutqard mağazasından 1050 manata yağ nasosu alaraq Vasif ustaya vermiş, Vasif usta avtomobilin motorunu yenidən açıb, yeni yağ nasosusunu qoyub 27.10.2020-ci il tarixdə avtomobili ona təhvil vermişdir. Həmin vaxt ondan əlavə 375 manat servis pulu alınmışdır. Avtomobili təhvil aldıqdan sonra o, bir həftə sürmüş, mühərrikdən yenə səs gəlməsini görmüşdür. Dərhal Vasif ustaya zəng edərək vəziyyəti ona bildirmişdir. Vasif usta maşını sürməməsini, onu evakuatorla servisə gətirməsini demişdir. O, da maşını evakuatora mindirib X25 aparmış, servisin ustası motoru yenidən açmış, yağ nasosunun keyfiyyətsiz olmasını, ona görə motoru yenidən döyməsini demişdir. O, Ştutqard mağazasına getmiş, mağazanın ustaları X25 gəlib yerində mühərrikə və yağ nasosuna baxaraq onların satdığı yağ nasosunda heç bir problem olmamasını sübut etmişlər. Avtomobilin mühərriki birinci dəfə yığılanda köhnə nasos qoyulduğuna görə mühərrik zədə almış, buna görə də yeni yağ nasosunu da sıradan çıxarmışdır. O, avtomobilinin və onun sökülmüş motor hissələrini başqa bir maşına yığıb X21 çıxarıb Gənclik Avtoservis müəssisəsinin nəzdində fəaliyyət göstərən usta X13 yanına aparmışdır. Bundan sonra hüquqlarının müdafiəsi üçün fərdi qaydada fəaliyyət göstərən Vəkil2 ilə müqavilə bağlayaraq avtomobilinə dəymiş zərərin əvəzinin cavabdehlərdən alınması ilə bağlı hüquqi yardım göstərməsini xahiş etmişdir. Vəkil2 müraciəti əsasında Bakı şəhərində fəaliyyət göstərən «X14» MMC onun mülkiyyətində olan 2014-cü il buraxılışlı, Hundai Sonata markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərlə bağlı əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. «X14» MMC-nin eksperti X1 onun, Gənclik Avtoservis müəssisəsinin nəzdində fəaliyyət göstrən usta X13 iştirakı ilə avtomobilə və mühərrikinin sökülmüş hissələrinə baxış keçirib bundan sonra 25.11.2020-ci il tarixli 413 nömrəli ekspert rəyini tərtib etmişdir. Ekspert rəyinə əsasən 2014-cü il buraxılışlı Hundai Sonata markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin mühərrikinin hazırki vəziyyətdə təmir-bərpa xərci 3361 manat müəyyən edilmişdir. O, 20.11.2020-ci il tarixdə X25 müraciət edərək servisin kassasına ödədiyi 2880 manat pula dair çek verilməsini xahiş etmiş, ona fiziki şəxs X4 imzası və möhürü ilə təsdiq edilmiş arayış verilmiş, həmin arayışda 2020-ci ilin sentyabr-oktyabr aylarında Hundai Sonata markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin təmir edildiyi, təmirə görə ümumilikdə 2355 manat pul ödəndiyi qeyd edilmişdir. O, 2880 manat ödədiyini, həmin məbləğə dair arayış verilməsini tələb etsə də, servisin əməkdaşları 525 manat pulu digər servisdəki val yonan ustaya verdiklərini, ona görə həmin məbləğlə bağlı çek verə bilməyəcəklərini ona bildirmişlər. Bundan sonra o, istehlakçı hüquqlarının müdafiəsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmiş, lakin şikayətinin nəticəsi ilə bağlı ona məlumat verilməmişdir. Beləliklə o, Cavabdeh1 MMC-nin X23 avtomobilinin keyfiyyətli və zəmanətli təmir ediləcəyinə inanaraq və güvənərək Hundai Sonata markalı avtomobilini həmin şirkətin servisinə əmanət etmiş, lakin X23 Cavabdeh1 MMC-nin ustaları deyil, fiziki şəxs X3 işlətdiyi ustalar onun avtomobilini keyfiyyətli təmir etmək əvəzinə avtomobilin mühərrikini yararsız vəziyyətə salmış, onu 3736 manat zərərə salmışlar. O, uzun müddət nəqliyyat vasitəsinin keyfiyyətli təmir edilməməsinə görə əsəbləşmiş, stres, sarsıntı keçirmiş, avtomobilinin təkrar təmir etdirməsi üçün əlavə vəsait xərcləmiş, dəfələrlə ustaya gedib gəldiyinə görə əsəbləşmiş nəticədə ona mənəvi ziyanda dəymişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X2 maddi ziyana görə 2933 manat, mənəvi ziyana görə 500 manat, məhkəmə xərclərinə görə 830 manat olmaqla, cəmi 4263 manatın İddiaçı xeyrinə tutulması, X2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Distribüter Cavabdeh1 MMC ilə diler X10 arasında bağlanmış 28.12.2019-cu il tarixli dilerlik müqaviləsinə əsasən diler distibüterə məxsus olan Hyundai markalı avtomobillərin dilerin məsul olduğu ərazidə satışı və servisi üzrə birgə əməkdaşlıq edir. X3 fərdi sahibkar olaraq bağladığı əmək müqavilələri əsasında işə götürdüyü ustaları İddiaçı məxsus Hyundai Sonata markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobili təmir etmişlər. İddiaçıya yağ nasosunun təzyiqinin dəyişməli olması deyilmiş, lakin iddiaçı pulunun olmaması səbəbindən dəyişmək istəməmiş, köhnəsinin saxlanılmasını demişdir. İddiaçı ikinci dəfə yenidən gəldiyi zaman yağ nasosunun dəyişmək lazım olduğunu, onlarda olan yağ nasoslarının qiymətini bildirdiyi zaman iddiaçı baha olduğunu əsas gətirərək "xxxx" MMC-nin satış mağazasından yağ nasosu alıb gətirmişdir. Bu zaman iddiaçıya servis tərəfindən kənardan gətirilən ehtiyat hissələrinə zəmanət verilmədiyi bildirilmişdir və buna rəğmən iddiaçı cavabdehlə razılaşmışdır. Həmçinin X7 öz ifadəsində iddiaçıya kənardan gətirilən ehtiyat hissələrinə servisin zəmanət vermədiyini, buna rəğmən iddiaçının razılaşdığını bir daha qeyd etmişdir. Məhkəmə isə şahid ifadələrindən yalnız X15 ifadəsini əsas sübutlardan biri olaraq qəbul edib hüquqi qiymət vermişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş məktubla da müəyyən olunmuşdur ki, yağ nasosunun dəyişmək üçün mühərrik tam sökülmür, əgər yağ nasosunu dəyişdirmək üçün mühərrikin tam sökülməsinə ehtiyac yaranarsa, bu səbəbdən mühərrik yarasız hala düşə bilməz. Yağ nasosunun quraşdırılması üçün mühərrikin yağ karteri açılır və yağ nasosu quraşdırılır. Həmçinin mühərrikin normal işləməsi üçün yağ nasosunun orijinal olması vacibdir və hər bir avtomobilin ban nömrəsinə uyğun olaraq hökmən orjinal yağ nasosunun quraşdırılması vacibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə tərəfindən iş materiallarında olan sübutlar qiymətləndirilərkən mütəxəssis rəyləri nəzərə alınmamış və məhkəmə işi obyektiv, ətraflı araşdırılmamışdır. Onu da qeyd etmək lazımdır ki, məhkəmə prosesi zamanı "xxxx" MMC tərəfindən yağ nasosunun original olmasına dair keyfiyyət sertifikatı təqdim edilməmişdir. Eyni zamanda iş materiallarında olan malların anbar siyahısındakı ştrix kod ilə satılmış malın ştrix kodu arasında uyğunsuzluqlar olmasına baxmayaraq məhkəmə tərəfindən bu fakta hüquqi qiymət verilməmiş, ancaq formal mülahizələrə istinad edərək iddiaçı tərəfin «müəyyən etdiyi» halları təkrarlayaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh X3 təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh4 MMC-nin təmsilçisi apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və Cavabdeh1 MMC-nin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh X3 apellyasiya şikayətinə əsasən iddianın təmin edilmiş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, AD N 598726 saylı 02.09.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, «Hyundai Sonata» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. X10 tərəfindən verilmiş 20.11.2020-ci il tarixli, 02 saylı arayışda qeyd olunmuşdur ki, «Hyundai Sonata» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 2020-ci ilin sentyabr, oktyabr aylarında S.M.Allahverdiyevin sahibkarlıq fəaliyyəti altında olan avtoservisdə mühərriki təmir etdirmiş və ümumilikdə 2355 manat – o, cümlədən 1735 manat ehtiyat hissələrinə, 620 manat servis xidmətinə görə ödəniş etmişdir. Gənclik Avtoservis müəsisəsinin nəzdində fəaliyyət göstərən fiziki şəxs (VÖEN **********) mühərrik ustası X16, «Hyundai Sonata» markalı 2014-cü il buraxılışlı, ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçı və «X14» MMC-nin eksperti Fikrət Vəliməmmədov tərəfindən tərtib olunan 20.11.2020-ci il tarixli baxış protokolunda qeyd olunmuşdur ki, mühərriki tamamilə yararsız hala düşdüyü üçün yenidən təmirə ehtiyacı olan, 2014-cü il buraxılışlı «Hyundai Sonata» markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, mühərrik sökülərək avtomobilin salonuna və yük yerinə yerləşdirilmiş hissələrə baxış keçirildikdə usta tərəfindən mühərrikin pərçim (stuk) olaraq, yarasız hala düşməsi, yağ radiatoru və yağ nasosunun ilkin təmir zamanı dəyişdirilməməsi səbəbindən baş verdiyi bildirildi. Usta bildirdi ki, «Hyundai Sonata» markalı avtomobilin mühərriki açılaraq təmir edildikdə birinci növbədə yağ nasosu və yağ radiatorunun yenisi ilə əvəz edilməsi zəruridir. Həmin detalların vaxtında dəyişdirilməməsi mühərrikin sıradan çıxmasına səbəb olmuşdur. Hazırda pərçimlənərək (stuk) yarasız vəziyyətə düşmüş mühərrikin aşağıdakı hissələrin yenisi ilə əvəz edilməsinə (dəyişdirilməsinə) zərurət yaranmışdır: dirsəkli val, remkomplekt vkladş dəsti, yağ nasosu, yağ radiatoru, 4 ədəd porşen, kolsa dəsti, 1 ədəd şatun, remkomplekt prokladka, 4 ədəd qilz, yağ, filtr və antifliz. «X14» MMC-nin 25.11.2020-ci il tarixli, 413 saylı rəyində göstərilir ki, 20.11.2020-ci il tarixdə Gənclik avtoservis müəssisəsində saxlanılan İddiaçı məxsus 2014-cü il buraxılışlı «Hyundai Sonata» markalı 1999 sm3 həcmli mühərrikli ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilmiş, baxışın nəticəsi 20.11.2020-ci il tarixli baxış aktı ilə rəsmiləşdirilmişdir. Baxış zamanı avtomobilin mühərriki sökülərək avtomobilin salonuna və yük yerinə yerləşdirilmiş şəkildə, yəni zədəli və yarasız vəziyyətdə olması müşahidə edilmiş, usta tərəfindən mühərrikin tökülməsi (yararsız vəziyyətə düşməsi) yağ radiatoru və yağ nasosunun ilkin təmir zamanı dəyişdirilməməsi səbəbindən baş verdiyi bildirildi. Belə ki, «Hyundai Sonata» markalı avtomobilin mühərriki açılaraq təmir edildikdə birinci növbədə yağ nasosu və yağ radiatorunun yenisi ilə əvəz edilməsi zəruridir. Həmin detalların vaxtında dəyişilməməsi mühərrikin sıradan çıxmasına səbəb olmuşdur. Hazırda tökülərək yarasız vəziyyətə düşmüş mühərrikin aşağıdakı hissələrinin yenisi ilə əvəz edilməsinə zərurət yaranmışdır: dirsəkli val, remkomplekt vkladış dəsti, yağ nasosu, yağ radiatoru, 4 ədəd porşen, kolsa dəsti, 1 ədəd şatun, remkomplekt prokladka, 4 ədəd piliz, yağ, filtr və antifriz. Rəyin tədqiqat hissəsində qeyd olunan xüsusatlara əsasən 2014-cü il buraxılışlı «Hyundai Sonata» markalı 1999 sm3 həcmli mühərrikli ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrikinin hazırkı vəziyyətdə təmir-bərpa xərci cəmi 3361 manat müəyyən edilir. O cümlədən dəyişməli hissələrin dəyəri 2561 manat, xidmət xərci 800 manat. «X14» MMC-nin 23.11.2020-ci il tarixli, FRB 320186 seriyalı kassa mədaxil orderi qəbzinə əsasən, Vəkil2 ekspertiza xərci olaraq 300 manat ödəniş etmişdir. 19.11.2020-ci il tarixli, GSU 245953 saylı qəbzdən görünür ki, İddiaçı hüquqi xidmətə görə Vəkil2 500 manat ödəniş etmişdir. X12 28.10.2020-ci il tarixli qaiməsinə əsasən, müştəri Rəvana 1 ədəd yağ nasosu 1050 manata satılmışdır. Distribütor Cavabdeh1 MMC ilə diler X10 arasında bağlanmış 28.12.2019-cu il tarixli dilerlik müqaviləsindən görünür ki, tərəflər bu müqavilədə göstərilən, həmçinin onlar arasında qarşılıqlı surətdə razılaşdırılmış və imzalanmış digər sənədlərlə təsbit olunmuş şərtləri nəzərə almaqla distibüterə məxsus olan «Hyundai» markalı avtomobillərin dilerin məsul olduğu ərazidə satışı və servisi üzrə birgə əməkdaşlıq edir. «Hyundai» Gənclik Servisinin 12.09.2020-ci il tarixli iş əmrindən müəyyən olunur ki, servisə mühərrikin yığılması məqsədi ilə qəbul edilən «Hyundai Sonata» markalı ** UF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində ehtiyat hissələrinə görə (4 ədəd porşen, 1 ədəd kolsa, 1 dəst remkomplekt, 1 ədəd geramika, 5 ədəd vkladış korennoy, 4 ədəd vkladış şatunnı, 6 litr 5W30 shell ultra, 1 ədəd yağ filtri, 5 litr antifriz, 1 ədəd yağ farsunkası, 1 ədəd uspokaitel, 1 ədəd başmaq, 2 ədəd bolt, 1 ədəd sep, 1 ədəd vanusun korpusu) 1.403 manat, mühərrikin Vasif usta tərfindən yığılması ilə bağlı 300 manat, mühərrikin Zaur usta tərəfindən çıxarılıb qoyulması üçün 150 manat, elektrik işinə görə 50 manat, kompüterə görə 20 manat olmala 520 manat, cəmi 1.923 manat ödənilmişdir. Həmçinin, iş əmrinin aşkar edilərək müştəri tərəfindən imtina edilən qrafasında servis tərəfindən hər hansı bir qeyd aparılmamışdır. «Hyundai» Gənclik Servisinin 28.10.2020-ci il tarixli iş əmrindən müəyyən olunur ki, servisə mühərrikin təmiri məqsədi ilə qəbul edilən «Hyundai Sonata» markalı ** UF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində ehtiyat hissələrinə görə (5 ədəd korennoy kladış, 4 ədəd şatunnı kladış, 6 litr 5W30 shell ultra, 1 ədəd yağ filtiri, 1 litr antifris) 275 manat, yağ nasosunun Vasif usta tərəfindən dəyişməsi ilə bağlı 100 manat ödənilmişdir. Həmçinin, iş əmrinin aşkar edilərək müştəri tərəfindən imtina edilən qrafasında servis tərəfindən hər hansı bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.08.2021-ci il tarixli, 9/3765 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə X8 25.11.2020-ci il tarixli rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Hyundai Sonata» markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi təbiq edilməklə təxminən 2933 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. "xxxx" MMC-nin 18.11.2021-ci il tarixli 133 saylı məktubundan müəyyən olunur ki, mühərrikin yağ nasosu kilidləşən zaman dirsəkli val, bir və ya bir neçə şatun və vkladişlər sıradan çıxa bilər, bunların nəticəsi olaraq mühərrik kilidləşə bilər. Yağ nasosunun dəyişmək üçün mühərrik tam sökülmür. Yağ nasosunu dəyişdirmək üçün mühərrikin tam sökülməsinə ehtiyac yaranarsa, bu səbəbdən mühərrik yarasız hala düşə bilməz. Yağ nasosunun quraşdırılması üçün mühərrikin yağ karteri açılır və yağ nasosu quraşdırılır. Mühərrikin normal işləməsi üçün yağ nasosunun orjinal olması vacibdir. Hər bir avtomobilin ban nömrəsinə uyğun olaraq hökmən orjinal yağ nasosunun quraşdırılması vacibdir. Mühərrikin kilidlənməsinə səbəb yağ nasosunun keyfiyyətsiz olması ola bilər. Yağ nasosunu dəyişərkən mühərrikin açılmasına ehtiyac yoxdur. X7 birinci instansiya məkəməsinin iclasında ifadə verərək bildirmişdir ki, o, nəqliyyat vasitələrinin mühərrik ustası kimi 14 illik iş təcrübəsinə məlikdir. Fiziki şəxs X17 ilə 05.10.2020-ci il tarixdə bağladığı müddətsiz əmək müqaviləsinə əsasən «Hyundai» Gənclik servisdə mühərrik üzrə çilingər işləyir. 2020-ci ildə İddiaçı özünə məxsus olan «Hyundai Sonata» markalı ** UF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini onların servisinə gətirmiş, o, avtomobilin mühərrikinə baxmış, sürücünün şikayəti yağ itkisindən olmuşdur. Avtomobildə 4 ədəd porşenlər, 4 ədəd kalsolar, 16 ədəd klapan sanniklər dəyişdirilməli idi. Həmin vaxt o, Rəvana yağ nasosunun təzyiqinin zəif olmasını demişdir. Lakin Rəvan pulunun olmamasını, köhnəsinin saxlanmasını demişdir. İkinci dəfə Rəvan gələndə avtomobil 3000-5000 km. sürülmüş, o, yenidən yağ nasosunu dəyişmək lazım olmasını, onlarda olan yağ nasoslarının qiyməti barədə Rəvana demiş, Rəvan baha olmasını deyib Ştutqartdan yağ nasosu alıb gətirmişdir. Onlar kənardan gələn ehtiyat hissələrinə zəmanət vermədikləri barədə Rəvana xəbərdarlıq etmiş, Rəvanın aldığı yağ nasosu original olmamışdır. Yağ nasosu dəyişdikdən sonra işləmiş, sonradan Rəvan avtomobili yenidən servisə gətirmiş, həmin vaxt Xırdalandan öz ustalarını da gətirmişdir. Yağ nasosu original olmadığından problem aradan qalxmamışdır. X11 ifadəsində göstərmişdir ki, o, Politexnik İstitutunu bitirmiş, 18 illik iş təcrübəsi vardır. Fiziki şəxs X10 ilə bağladığı 17.04.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən sex müdiri vəzifəsində işləyir. Qaydalara əsasən sürücü servisə yaxınlaşır, usta təyin olunur və usta nəqliyyat vasitəsinə baxış keçirir, problemi müəyyən edir, ehtiyyat hissələrini təyin edir. Bundan sonra qiymət müəyyən edilir. İddiaçı özünə məxsus olan Hyundai Sonata markalı ** UF *** qeydiyyat nişanlı nəqliyyat onların servisinə gətirmiş, birinci dəfə yağ nasosunda problem olmadığı üçün Rəvana yağ nasosunun dəyişməli olması Rəvana deyilməmişdir. İkinci dəfə Rəvana yağ nasosunda problem olması, dəyişdirilməsi deyilmiş, Rəvan yağ nasosu baha olduğundan, kənardan alıb gətirmişdir. "xxxx" MMC-dən aldığı yağ nasosu original olmadığından mator dağılmışdır. Ehtiyat hissələri onlardan alındığı halda onlar gördükləri işə 1 il zəmanət verirlər. Usta Vasifin sözlərinə əsasən o, tələb olunan ehtiyat hissələrinə dair 12.09.2020-ci il tarixli və 20.10.2020-ci il tarixli iş əmrlərini yazmışdır. Birinci dəfə görülən işlərə zəmanət verilmiş, 10 gündən sonra Rəvan ikinci dəfə gəlmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindidirlən "xxxx" MMC-də servis mühəndisi vəzifəsində işləyən X19 izahatında göstərmişdir ki, mühərrik həcmi 2,4 olan 2011-2016-ci il buraxılışlı «Hyundai» markalı avtomobillərin mühərriklərinin təmiri zamanı yağ nasosunun təzyiqi yoxlanmalı, təzyiq zəifdirsə yağ nasosu mütləq açılıb baxılmalı, ya yağ nasosu yuyulmalı, ya da, dəyişdirilməlidir. Təmirdən sonra yağ nasosunun təzyiqi müvafiq standartlara cavab verir. Yağ nasosunda təzyiq 2-dən aşağı olmamalıdır. Kənardan alınan ehtiyat hissələrinə adətən servislər zəmanət vermirlər. İddiaçı baxış keçirilməsi üçün ona təqdim etdiyi yağ nasosu kilidlənmiş vəziyyətdə olmuş, açılmamışdır. Yağ nasosunun kilidlənməsi mühərrikdən və nasosun özündən asılıdır, kilidlənən yağ nasosu açılmır. Hər bir yağ nasosunun kodu eyniləşdirildikdən sonra avtomobilə qoyula bilər. Yağ nasosunun kodu onun qutusunun üzərində yazılır. Kod uyğun deyilsə usta həmin yağ nasosunu nəqliyyat vasitəsinə qoya bilməz. İddiaçı məxsus nəqliyyat vasitəsinin mühərriki ilk dəfə təmirə qəbul edilərkən usta yağ nasosunun dəyişməli olmasını sürücüyə deməli idi. Yağ nasosunun original olub-olmamasını müəyyən etmək üçün onun yerləşdiyi qutunun üzərində olan qeydlərə baxmaq lazımdır. X5 ifadəsində göstərmişdir ki, o, orta təhsilli olmaqla 24 illik mühərrik ustası təcrübəsinə malikdir. Hal-hazırda Gənclik Avtoservis müəsisəsinin nəzdində mühərrik ustası olaraq fəaliyyət göstərir. İddiaçı mülkiyyətində olan «Hyundai Sonata» markalı 2014-cü il buraxılışlı ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 20.11.2020-ci il tarixdə onun işlədiyi servisə evukuator vasitəsi ilə gətirmişdir. O, avtomobilə baxış zamanı avtomobilin mühərrikinin sökülərək avtomobilin salonuna və yük yerinə yerləşdirilməsini, hissələrə baxış keçirildikdə mühərrikin pərçim (stuk) olaraq, yarasız hala düşməsini, bunun avtomobildə yağ radiatoru və yağ nasosunun ilkin təmir zamanı dəyişdirilməməsi səbəbindən baş verdiyini müəyyən etmişdir. Belə ki, «Hyundai Sonata» markalı avtomobilin mühərriki açılaraq təmir edildikdə birinci növbədə yağ nasosu və yağ radiatorunun yenisi ilə əvəz edilməsi zəruridir. İddiaçı avtomobilində həmin detalların vaxtında dəyişdirilməməsi mühərrikin sıradan çıxmasına səbəb olmuşdur. Təzə yağ nasosu qoyularkən val təmir edilməli idi. Avtomobildə filter yağı təmizləyərək mühərrikə ötürmək funksiyasını icra edir. Stuşkalar katerin işinə yığılaraq mühərrikin işini çətinləşdirir. Yağ nasosunun original olubolmamasından asılı olmayaraq yağ nasosu usta tərəfindən dəyişdirilərkən mühərrik açılmalı idi. O, İddiaçı təqdim etdiyi yağ nasosuna baxarkən yağ nasosunun struşkalarla dolu olmasını açkar etmişdir. Avtomobildə təmir işləri aparan ustalar yağ radiatorunu və yağ nasosunu dəyişdirməli ididlər. Yağ nasosunun original-olub olmamasını ustalar qablaşdırmadan, nasosun boltlarından bilməlidirlər. Pərçimlənərək (stuk) yarasız vəziyyətə düşmüş mühərrikin dirsəkli valı, remkomplekt vkladş dəsti, yağ nasosu, yağ radiatoru, 4 ədəd porşeni, kolsa dəsti, 1 ədəd şatunu, remkomplekt prokladkası, 4 ədəd qilzi, yağı, filtr və antiflizi onun tərəfindən dəyişdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Mülki Məcəllənin 1129.2-ci maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Mülki Məcəllənin 1129.3-cü maddəsinə əsasən mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. Mülki Məcəlləinin 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Məcəllənini 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-1.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin təminatlı şərtlərlə yerinə yetirilməsi məqsədi ilə yaradılır. Həmin Qanunun 7-1.2-ci maddəsinə əsasən göstərilmiş texniki xidmətin təminatlı şərtləri yerinə yetirilmiş işlərin nəticələrinin təhlükəsizliyinə və xidmətdən sonra yenidən yaranmış həmin nasazlığın müəyyən edilmiş müddət ərzində ödənişsiz aradan qaldırılmasına görə xidmət göstərənin maddi və hüquqi məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 7-1.3-cü maddəsinə əsasən texniki-təmir stansiyalarında avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə bütün növ texniki-təmir xidmətləri göstərilir. Həmin Qanunun 7-1.4-cü maddəsinə əsasən texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir. Həmin Qanunun 7-1.5.-ci maddəsinə əsasən texniki-təmir stansiyalarında (sahələrində) çalışan şəxslər həmin stansiyalar (sahələr) tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilir. Həmin Qanunun 7-1.6-ci maddəsinə əsasən texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır. Texniki-təmir stansiyalarının (sahələrinin) müəyyən olunmuş sahə standartlarının tələblərinə uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 7-1.7.-ci maddəsinə əsasən texniki-təmir stansiyaları (sahələri) tərəfindən bu Qanunun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.10.1999-cu il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında Əsasnamə”nin 2.1-ci bəndinə əsasən icraçı öz təşkilatının adını, yerləşdiyi yeri (hüquqi ünvanını) və iş rejimini istehlakçının nəzərinə çatdırmalıdır. Göstərilən məlumatlar təşkilatın adını bildirən lövhədə yerləşdirilir. İcraçı onu qeydiyyata almış orqanın adı göstərilməklə, dövlət qeydiyyatı haqqında istehlakçıya onun tələbi ilə məlumat verməlidir. Sanitar, təmir və başqa tədbirləri həyata keçirmək üçün fəaliyyətini müvəqqəti dayandırmış icraçı, işin dayandırılması tarixi və fəaliyyət göstərməyəcəyi müddət haqqında istehlakçılara məlumat verməlidir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən icraçı göstərilən texniki xidmətlər haqqında istehlakçıya müqavilə bağlananadək düzgün seçmə imkanı verən məlumat verməlidir. Bu məlumat sifariş qəbul edilən otaqda, yaxşı görünən yerdə olmaqla aşağıdakıları əks etdirməlidir: 2.2.1. göstərilən texniki xidmətlərin siyahısı; 2.2.2. göstərilən texniki xidmətlərin tələblərinə uyğun olan standartların adları; 2.2.3. mütləq sertifikatlaşdırma tələb edən xidmətlərin sertifikatlaşdırılması haqqında məlumat (sertifikatın nömrəsi, qüvvədə olma müddəti, sertifikatı verən orqanın adı); 2.2.4. göstərilən texniki xidmətlərin, həmçinin istifadə edilən materialların və ehtiyat hissələrinin qiyməti, ödəniş qaydaları və üsulları; 2.2.5. respublika qanunları və başqa normativ-hüquqi aktları, yaxud müqavilə ilə təyin edilmiş təminat müddətləri; 2.2.6. sifarişlərin yerinə yetirilməsi müddətləri. Həmin Əsasnamənin 2.12-ci bəndinə əsasən nəqliyyat vasitəsi icraçı təşkilatda qalmaqla təmirə verildikdə icraçı tərəfindən müqavilə ilə yanaşı təhvil-təslim aktı tərtib edilir. Həmin aktda nəqliyyat vasitəsinin qəbulu zamanı onun dəstliyi, görünən xarici zədələri və qüsurları göstərilir. Təhvil-təslim aktı icraçının və istehlakçının məsul şəxsləri tərəfindən imzalanır və icraçının möhürü ilə təsdiq edilir. Müqavilənin və təhvil-təslim aktının surəti istehlakçıya verilir. Həmin Əsasnamənin 2.16-cı bəndinə əsasən aşağıdakılar aşkar edildikdə, icraçı dərhal istehlakçını xəbərdar etməli və ondan göstəriş alanadək texniki xidmət göstərilməsini dayandırmalıdır: 2.16.1. istehlakçıdan alınan ehtiyat hissələri və materiallar yararsız və keyfiyyətsiz olduqda; 2.16.2. göstərilən texniki xidmətlər haqqında istehlakçının göstərişlərinin yerinə yetirilməsinin əlverişsiz nəticələrə gətirib çıxaracağı ehtimalı olduqda; 2.16.3. icraçıdan asılı olmayan başqa səbəblər nəqliyyat vasitəsindən effektiv və təhlükəsiz istifadə edilməsinə maneçilik törədərsə və ya göstərilən xidmətlərin vaxtında başa çatdırılmasına mane olduqda. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan təmirə ehtiyacı olan nəqliyyat vasitəsini nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi fəaliyyəti ilə məşğul olan fərdi sahibkar cavabdeh S.M.Allahverdiyevin işçilərinə təqdim etmiş, tərəflər arasında hər hansı bir müqavilə bağlanmamış, ustalar tərəfindən görülən işlər tərtib olunmuş iş əmrlərində qeyd edilmişdir. Həmçinin, cavabdeh S.M.Allahverdiyevin işçiləri tərəfindən İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi ilk dəfə təmirə qəbul edilərkən istehlakçıya nəqliyyat vasitəsində yağ nasosunun dəyişdirilməli olması deyilməmiş, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. İşin qeyd edilən halı şahid R.Q.Babayevin ifadəsi, 12.09.2020-ci il tarixli iş əmri ilə öz təsdiqini tapır. Belə ki, şahid R.Q.Babayev ifadəsində 12.09.2020-ci il tarixli iş əmri ilə görülən işlərə zəmanət verilməsini, birinci dəfə yağ nasosunda problem olmadığı üçün iddiaçıya yağ nasosunun dəyişməli olmasının deyilmədiyini göstərmiş, iş əmrində isə «aşkar edilib müştəri tərəfindən imtina edilən işlər» qrafasında hər hansı bir qeyd aparılmamışdır. Mütəxəssis izahatı və rəyləri ilə nəqliyyat vasitəsində mühərrik təmir edilərkən yağ nasosunun və yağ radiatorunun yoxlanması, yuyulması və ya dəyişdirilməsinin zəruri olması müəyyən edilmişdir. Savabdeh S.M.Allahverdiyevin nümyəndəsi və vəkili Vəkil1yev İddiaçı aldığı yağ nasosunun original olmaması səbəbindən mühərrikin yarasız vəziyyətə düşməsini bildirsə də, etirazında istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Belə ki, tərtib olunan iş əmrində dəyişdirilən yağ nasosunun original olmadığı qeyd edilməmiş, istehlakçıdan alınan ehtiyat hissəsinin keyfiyyətsiz olması, istehlakçının göstərişlərinin yerinə yetirilməsinin əlverişsiz nəticələrə gətirib çıxaracağı ehtimalının olması barədə iddiaçı xəbərdar edilməmiş, əksinə yağ nasosu alındıqdan sonra texniki xidmət göstərilməsi davam etdirilmişdir. Baxmayaraq ki, icraçının yağ nasosunun orijinal olmadığına şübhəsi yarandığı halda işi dayandırmaq hüququ var idi. Birinci instansiya məhkəməsi yuxarıda sadalananlara əsasən haqlı olaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbləri cavabdeh S.M.Allahverdiyevə münasibətdə əsaslıdır. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən sübutları tədqiq edib belə nəticəyə gəlmişdir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə 2014-cü il buraxılışlı «Hyundai Sonata» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi təbiq edilməklə təxminən 2933 manat olması müəyyən edildiyindən, cavabdeh S.M.Allahverdiyevdən maddi ziyana görə 2933 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi maddi ziyanla bağlı qalan hissədə təmin edilməməlidir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçının mənəvi ziyan tələbi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, görülmüş işlərin keyfiyyətsiz olmasını müəyyən edən, bundan sonra hüquqlarının bərpa edilməsi üçün müraciət edən, cavabdehin etirazı ilə qarşılaşan iddiaçının əsəb, sters, ümidsizlik, inamsızlıq, narahatlıq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə cavabdeh S.M.Allahverdiyevdən İddiaçı xeyrinə 500 manat tutulması ağlabatan və ədalətlidir, iddiaçının mənəvi ziyanla bağlı tələbi bu hissədə təmin, qalan hissədə isə rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli, 2(001)-131/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar