Məhkəmə qərarları › İş №2(103)-3151/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3151/2023

22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3151/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Yuriş oğluna qarşı mülki iş üzrə (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5496/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. “X5”ndan görünür ki, X2 (hazırki iş üzrə iddiaçının arvadı) 12 ədəd stul və 1 ədəd stoldan ibarət mebeli 5000 manata Cavabdeh Yuriş oğluna təhvil vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh Yuriş oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manatın və 70 manat dövlət rüsumu əvəzi alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, mebeli “İnterturan” mebel mağazasına vermiş və oranın müdiri Cavabdeh Yuriş oğlu mebeli 6 aydan çoxdur ki, satmış və pulu qaytarmamışdır. Qonaq mebeli (böyük qonaq stolu və 12 ədəd kreslo) Turkiyə istehsalı olan Ər-Riyad ticarət mərkəzində mebel mağazasının müdiri Cavabdeh Yuriş oğlundan 7200 manat almış və bir neçə aydan sonra istifadə etmədən həmin şəxsə 5000 manata satmaq üçün geri qaytarmışdır. Artıq cavabdeh “İnterturan” mebel mağazasının müdiri idi. Həyat yoldaşı X2 ilə getmişdir həmin mağazaya və onlara “X5” təqdim edilmişdir və həmin aktda qeyd edilmişdir ki, onun həyat yoldaşı X2 12 ədəd stul və 1 ədəd stoldan ibarət mebeli 5000 manata Cavabdeh Yuriş oğluna təhvil vermişdir. Bu hadisə pandemiya vaxtına düşdüyü üçün mebel mağazaları bağlı olduğu üçün uzanmışdır. Mağazalar açılandan sonra 2021-ci ilin dekabr ayında onun mebeli orada idi. 2022-ci ilin iyun ayında mağazaya gəlmiş və bilmişdir ki, mebeli bir neçə aydır ki, satılıb, ona nə xəbər olunmuş, nədə indiyənə kimi pulunu geri ala bilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5496/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim İlahə Abbasova) ilə iddia tələbi təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Mülki işin materialları və iddiaçının izahatı ilə təsdiq edilir ki, İddiaçı böyük qonaq stolu və 12 ədəd kreslonu Ər-Riyad ticarət mərkəzində mebel mağazasında Cavabdeh Yuriş oğlundan 7200 manat almış, bir neçə aydan sonra həmin əşyaları 5000 manat müqabilində Cavabdeh Yuriş oğluna təhvil vermiş, lakin həmin əşyalar satılsa da, bu günədək 5000 manat pul vəsaitini cavabdehdən ala bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən böyük qonaq stolu və 12 ədəd kreslonun cavabdehə 5000 manata satıldığı və həmin pul vəsaitinin hazırki günədək iddiaçıya qaytarılmadığı mülki işdə olan sübutlarla təsdiq edildiyindən iddia əsaslı olduğundan təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərir ki, iddiaçının ərizədə göstərdiyi kimi, "X5" tərtib ediləndən bir neçə ay əvvəl qeyd edilən əşyaları 7200 manata alması həqiqətə uyğun deyil. Belə ki, həmin əşyalar 4300 manata satılmışdır. Bundan əlavə, iddiaçı əşyaları 2013-2014-cu ildə almışdır. Əşyaları satılmağa verərkən işlənmiş vəziyyətdə olmuşdur. Stolun, stulun kənarlarında zədə yerləri olmuş və stulun oturacaq hissəsində parçalar ləkəli idi. Məhkəmə tərəflər arasındakı mübahisəni hərtərəfli və obyektiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməməli maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 404.1-ci maddəsi müqavilənin təvsirindən bəhs edir. İddiaçının təqdim etdiyi "Elektron ALış-veriş Aktı"nın məzmunu mübahisləndirilmir. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 567-ci, 598.1, 598.2, 598.3, 598.4-cü maddəsi isə alqı-satqı müqaviləsindən və alınmış əşyanın ödənilməsindən bəhs edilir. İddia tələbindən aydın olur ki, tərəflər arasındakı müqavilə alqı-satqı müqaviləsi deyil. İş üzrə iddiaçı satıcı, cavabdeh isə alıcı deyil. Əksinə, iddiaçının tələbinə görə cavabdeh satıcı, iddiaçı isə alıcıdır. Belə olan halda, tərəflər arasındakı mübahisəyə hüquqi qiymət vermək üçün istinad olunan maddi hüquq normaları tətbiq edilə bilməz. Ən yaxşı halda, əgər tərəflər arasında müqavilə mövcud olmuşsa, onda Mülki Məcəlləsinin 600-cü maddəsi tətbiq edilməlidir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iş üzrə iddiaçı qeyd etdiyi əşyanın satılması üçün iş üzrə cavabdehə vermiş və "X5" təqdim edilmiş və tərəflər əşyaların satılmasından sonra pulu ödəməli idi. Yəni, əşyanın nə vaxt satılıb-satılmaması qeyri-müəyyən vaxtla şərtləşdirilmişdir. Bu isə düzünə nisyə satılmış əşyanın ödənilməsi qaydaları tətbiq edilməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.5-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. İstinad olunan maddi hüquq normalarının tələbinə əsasən, mebel satıldığı zaman pul ödənilməlidir. Yuxarıda göstərilənlərə və istinad olunan maddi hüquq normalarının tələbinə əsasən, məhkəmənin tətbiq etdiyi normalar mövcud mübahisəyə görə tətbiq edilə bilməz. İddia ərizəsinin məzmundan görünür ki, iddiaçı qeyd edilən əşyaları təhvil verərkən "X5" tərtib edilmişdir. Hər hansı bir "X5"na imza etməyib və əşyaların qiymətləndirilməsindən xəbəri və məlumatı olmayıb. Bundan əlavə, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının həyat yoldaşı N.İddiaçı əşyaları "X6"ına əsasən müqaviləsini iddiaçı yox, onun həyat yoldaşı N.İddiaçı arasında bağlanmışdır. Lakin iddianı o, yox, əsl olmayan iddiaçı vermişdir. Göründüyü kimi, məhəkəmə tərəflər arasındakı mübahisəyə hüquqi qiymət verərkən İddiaçının iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasının onun cavabdeh qismində cəlb edilməyinin hüquqi əsasının olubolmamasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Pulun ondan tutulması qərarı, onun iş üzrə cavabdeh kimi cəlb edilməyi, iddiaçının iddia qaldırmağa sübyektiv hüququnun olmaması birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsinə dair dəlildir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 8.Məhkəmə iclasında iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X2 iddia tələbini müdafiə, apellyasiya şikayətinə isə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh təkrarən məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələri nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar yuhəmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarının qorunması baxımından aradan qalxmadığı üçün də iddia haqlı sayılır.

19. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. 20.Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Hazırki işdədə tərəflər arasında mebellə bağlı nisyə alqı-satqı müqaviləsi bağlanması və iddiaçı tərəfin həmin malı cavabdehə təhvil verməsi işin mübahisəsiz halıdır. Çünki, bunu tərəflər mübahisələndirmir.

22. Mübahisələndirilən hallarla bağlı qeyd olunur ki, iddianın obyekti olan əşyaların cavabdeh tərəfindən iddiaçıya 2013-2014-cü illərdə, özü də 7200 manata deyil, 4300 manata satılmasının, onların işlənmiş yaxud zədəli vəziyyətdə omasının hazırki iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, qeyd olunan hallar həqiqi olsa belə “X4” da bununla bağlı hər hansı bir qeyd göstərilməmişdir. Əgər cavabdeh üçün bəyan etdiyi bu hallar iddiaya etirazı baxımından hansısa əhəmiyyət və önəm kəsb edirdisə bunları həmin razılaşmada qeyd edə bilərdi. Ancaq etməmiş, əksinə əşyaları 5000(beş min) manata qəbul etməsi barədə Aktı imzalamışdır.

23. Birinci instansiya məhkəməsinin mübahisə üzrə Mülki Məcəllənin 567-ci, 598.1, 598.2, 598.3, 598.4-cü maddəsinə istinad etməsi də qətnamənin qanusuz olmasına dəlalət etmir. Çünki, həmin normalar alqı-satqı haqqında ümumi müddəaları və alınmış əşyanın ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. Cavabdeh bir tərəfdən tərəflər arasındakı müqavilənin alqı-satqı müqaviləsi olmadığını, yəni iş üzrə iddiaçının satıcı, cavabdehin isə alıcı olmadığını, əksinə, iddiaçının tələbinə görə cavabdehin satıcı, iddiaçının isə alıcı olduğunu göstərir, digər tərəfdən isə tərəflər arasında müqavilə mövcud olmuşsa, onda Mülki Məcəlləsinin 600-cü maddəsi tətbiq edilməli olduğunu qeyd edir. Demək cavabdeh iddiaçı ilə arasında nisyə də olsa alqı-satqı münasibətlərinin olduğunu qəbul edir. Cavabdehin qeyd olunan əşyaların əvvəllər satıcısı olması da, hazırki mübahisənin yaranmasına səbəb olmuş müqavilə üzrə əşyaların alıcısı olmasını istisna etmir. İddia ərizəsinin məzmununda cavabdehin əşyaları təhvil verdikdən sonra yaxud satıldıqdan sonra pulu ödəməli olması şərti açıq şəkildə nəzərdə tutulmasa da iddiaçı əşyaları cavabdehə təhvil verdikdən dərhal sonra pulunu tələb etməyib, əksinə cavabdeh tərəfindən satıldığı ona məlum olduqdan sonra aralarında mübahisə yarandığı üçün bu iddianı irəli sürüb. Əgər cavabdeh mübahisəli mebel əşyalarını iddiaçıdan təhvil aldıqdan sonra satmayıbsa onda buna dair məhkəməyə sübut təqdim etməli idi, ancaq etmir, üstəlik əşyaların satılmadığını da mübahisələndirmir. Əksinə "X5"nda öhdəliyin icrası müddəti təyin edilmədiyindən yaxud şəraitə görə onu təyin etmək mümkün olmadığından iddiaçı Mülki Məcəllənin 427.2-ci maddəsinin ona verdiyi imkandan istifadə edərək öhdəliyin icrasını dərhal tələb edə bilərdi. Ancaq etməyib, yalnız əşyaların satılması ona məlum olduqdan sonra cavabdehdən pulu tələb edir və mübahisə yarandığı üçün məhkəməyə müraciət edilmişdir. Bu da Mülki Məcəllənin 600.1-ci maddəsinin tələblərinə və həmin normada istinad edilən 427-ci maddənin, konkret bu iş üzrə 427.5-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmuşdur. Çünki, məhz Mülki Məcəllənin 427.5-ci maddəsində nəzərdə tutulan şərt, yəni cavabdehin əşyaları satdığı gündən iddiaçı qarşısında olan öhdəliyini icra etməli idi. Qeyd olunduğu kimi cavabdeh mebelin satıldığını mübahisələndirmir.

24. İddiaçı qeyd edilən əşyaları təhvil verərkən "X5"na imza etməsə də əşyaların qiymətləndirilməsindən xəbəri və məlumatı olmuşdur. Çünki, əşyaları iddiaçı arvadı ilə birgə təhvil vermiş, həmin aktda da arvadı Nərgiz Teymurovanın imzası vardır. Aktdakı imzanın iddiaçının arvadına məxsus olması müqavilənin onunla bağlanmasını istisna etmir yaxud müqavilənin məhz arvadı ilə bağlandığını təsdiq etmir. İddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququnun olub-olmamasına məsələsinə gəldikdə isə bu hal da hansısa mübahisə doğurmur. Apellyasiya baxışı zamanı iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş Nərgiz Teymurova iddiaçı olan ərinin iddiasını müdafiə etdiyini, yalnız əvvəllər mebellər onun vasitəsilə alındığı üçün satarkən də Akta özü imza etdiyini, əri ilə bununla bağlı aralarında heç bir mübahisənin olmadığını tələb edilən məbləğin onların birgə nikah dövründə əldə etdikləri vəsait olduğunu təsdiq etdi. Göründüyü kimi, "X5" yazılı müqavilə kimi qiymətləndirilsə belə yenə də iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququ yaranmışdır. Mülki prosessual hüququn mühüm prinsiplərindən olan prosessual qənaət prinsipi də bu dəlilin əhəmiyyətsiz olduğunu və qətnamənin məhz bu əsasa görə ləğv edlməsini istisna edir.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə münasibətlərinin və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5496/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5496/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar