Məhkəmə qərarları › İş №2(103)-3152/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3152/2022

26.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3152/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X4 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə və övladları X8, X2, X7, X1 və X5 mənzildən istifadə hüquqlarına uzun illər maneələrin yaradılmasına görə kompensasiya məbləğinin 45.000 manat məbləğində müəyyən edilməsi və cavabdehlərdən tutularaq nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* nömrəli Çıxarış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12.11.2009) əsasında paylı mülkiyyət hüququ ilə, İddiaçı və Cavabdeh1 məxsusdur. Həmin mənzilin paylı mülkiyyətçisi olan Cavabdeh1 nə onu, nə onun uşaqlarını həmin mübahisəli mənzilə uzun illər buraxmamış və o, məcbur olub Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)786/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, onun Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 304-cü keçid, 11 nömrəli evin 108 saylı mənzilinə köçürülməsi, həmin mənzildən istifadə etməsinə Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməklə işə qatılan üçüncü şəxs Cavabdeh1 tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi, mənzildən Cavabdeh1 ilə onun eyni hüquqlarla və vəzifələrlə birgə istifadə edə bilməkləri formasında istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Lakin, qeyd olunan qətnamənin icrası ilə əlaqədar icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarı ilə icraata xitam verilmişdir. Ona görə ki, 17 iyul 2019-cu il tarixdə icra sənədinin icrası ilə bağlı mübahisəli mənzilə gedilmiş, o, həmin mənzilə köçürülmüş, mənzildən istifadə hüquqları müəyyən edilmiş, mənzildən istifadəyə maneə yaradılması borclulara qadağan edilmiş və mənzilin giriş qapısının qıfılının açarı ona təqdim edilmiş, bu barədə müvafiq akt tərtib edilmiş, o cümlədən o, öz imzası ilə aktda mənzilə köçürülməsini və giriş qapısının açarını təhvil almasını təsdiq etmişdir. Qeyd olunan qərardan onun tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-4/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadırovun icra sənədi üzrə icraata xitam verilməsinə dair 17.07.2019-cu il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli 2(001)-786/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraatın təzələnməsi barəsində qərar qəbul edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, indiyənədək icra hərəkətləri həyata keçirilməmiş və cavabdehlər tərəfindən maneələr davam edir. O, və beş azyaşlı uşaqları mübahisəli mənzildə uzun illərdir pasport qeydiyyatındadırlar. Mülkiyyətində olan həmin mənzilə o, və azyaşlı uşaqlarının istifadə və sahiblik hüquqlarına uzun illər maneələr yaratdıqlarına görə cavabdehlər kompensasiya ödəməlidir. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən 27.04.2021-ci il tarixdə iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli 2(001)-786/2018 saylı qətnaməsi əsasında onun hüquqları tanınmış və həmin mənzilə köçürülmə barəsində qərar qəbul edilmişdir. Lakin cavabdehlər tərəfindən maneələrin törədilməsi davam etmiş, nəticədə mənzildə yaşamaq mümkün olmamış və yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli 8(001)-4/2020 saylı qərardadına əsasən icra sənədi üzrə icraat təzələnmişdir. Lakin, cavabdehlər maneələri davam etmək üçün həmin qərardaddan şikayət vermiş və Bakı Apelyasiya Məhkəməsinin Mülkü Kollegiyası düzgün olaraq 8(103)-102/2020 saylı 20 fevral 2020-ci il tarixli qərardadı əsasında borcluların şikayətini rədd etmişdir. Həmin qərardadda Məhkəmə müəyyən etmişdir ki, “işdəki materiallardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(001)-786/2018 saylı qətnaməsi əsasında verilən icra sənədi icra olunduqdan sonra icra sənədi üzrə borclular tələbkarın mənzildə yaşamasına maneələr yaratdığından sonuncu qanuni qüvvəsi alan məhkəmə aktı ilə bərpa olunmuş hüquqlarından istifadə edə bilmir”, yəni apelyasiya məhkəməsi tələbkar onun hüquqlarının pozulması faktlarını tanımışdır. Bakı Apelyasiya Məhkəməsinin qərardadı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 23.11.2020-ci il tarixli məktubu ilə icra vərəqəsi icra hərəkətlərinin davam etdirilməsi üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Cavabdehlər Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarından yenidən şikayət vermiş və həmin işlə bağlı məhkəmə iclası 07 aprel 2020-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində. Onun və ailə üzvlərinin həqiqətən ünvan 3 ünvanında yerləşən mənzildə yaşamasına cavabdehlər tərəfindən törədilən maneələrə görə həmin mənzildə 2014-cü ildən yaşamadıqları qonşuların imzaladığı aktın (notarial qaydada təsdiq edilmiş) və Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş rəsmi arayışın məzmunlarında öz əksini tapır. Əlavə olaraq, cavabdehlərin məhkəməyə təqdim etdikləri 06 aprel 2021-ci il tarixli etiraz ərizəsindən də aydın görünür ki, onlar onun və azyaşlı uşaqlarının həmin mənzilə gəlib-getməyinə maneələr törədir və müxtəlif bəhanələrlə şantaj edirlər. Ərizələrində özləri qeyd edirlər ki, “dəfələrlə mənzilimə hücuma gəliblər, qonşuların yanında münaqişə yaratmaq istəyiblər, saq olsun polis əməkdaşları... İddiaçı ərazidən uzaqlaşdırıblar... Onların niyyəti münaqişə yaradıb, mənim evimə girib məni öz mülkiyyətimdən məhrum etməkdir” - bu yazılı ifadələrdən aydın görünür ki, cavabdehlərin real niyyətləri nədir və onlar əlindən gələni edirlər ki, onu məhkəmə tərəfindən tanınmış hüquqlarından məhrum etsinlər. Beləliklə birinci hal, yəni maneələrin davam edilməsi və 2014-cü ildən onun və ailə üzvlərinin ünvan 3 ünvanında yerləşən mənzildə yaşaması mümkün olmadığı sübuta yetirilmiş hesab olunur. Digər tərəfdən, cavabdehlərin onun beş azyaşlı uşaqlarına qarşı təhdidi, fiziki zorakılığı və maneələrin törədilməsi nəticəsinə o, məcburən ailə üzvlərini Macarıstana köçürməli olmuş və orada rəsmi müqavilə və qəbzlər əsasına kirayə pulunu ödəmişdir (kirayə və kommunal xərcləri nəzərə alaraq orta hesabla ayda 700 ABŞ dolları). Lakin xaricdə uzun müddət qalmaları üçün maddi vəsaitlər kifayət etmədiyindən, Azərbaycana geri dönmüş və məcburən uşaqların getdiyi məktəbə yaxın yerləşən iki otaqlı mənzili 08 noyabr 2017-ci ildə qohum və dostlardan borc alaraq almışdır. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 9 C, mənzil 199 (çıxarış üzrə: ünvan 4 ünvanında yerləşən həmin mənzili cavabdehlər ona üçüncü şəxs vasitəsilə (makler və digərləri) rəsmi alqı-satqı müqaviləsi əsasında 144,820 manat məbləğinə satmışlar. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanda yerləşən mənzilə onun, yəni İddiaçı və övladları X8, X2, X7, X1 və X6 mənzildən istifadə və yaşama hüquqlarına uzun illər maneələrin yaradılmasına və nəticə etibarilə ona küllü miqdarda maddi ziyan vurduqlarına görə kompensasiya məbləğinin 208.000 manat həcmində müəyyən edilməsi və cavabdehlərdən tutularaq nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının 200 (iki yüz) manat dəyərinin İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 168/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddiasının əsasını paylı mülkiyyətində olan mənzilə cavabdehlər tərəfindən onun və uşaqlarının uzun illər buraxılmamağı nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi təşkil edir. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində məcbur qalıb məhkəməyə müraciət etməli olmuş, məhkəmə qətnaməsi ilə cavabdehlər tərəfindən yaradılmış maneələrin qanunsuz olduğu müəyyən edilərək bu maneələrə son qoyulması qət edilmişdir. Cavabdehlərin qanunsuz olduğunu bilə-bilə belə qərəzli hərəkətlərə yol verərək onun uzun müddət mənzilə buraxmamaları, çıxarılmış qətnamənin uzun müddət qərəzli olaraq icra edilməməsi nəticəsində yaşayış sahəsindən məhrum qalmış və bu hal onun həm maddi ziyan çəkməsinə, həm də mənəvi sarsıntılara məruz qalmasına səbəb olmuşdur. Bununla əlaqədar sübutlar, məhkəmə aktları, icarə ödənişlərini təsdiq edən qəbzlər, yeni mənzilin alğı-satqı müqaviləsi birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin Məhkəmə əsassız olaraq iddianın sübuta yetməməsini qeyd etmişdir. Bundan başqa, vəsatəti olmadan məhkəmə tərəfindən öz təşəbbüsü ilə mənzilin aylıq kirayə haqqının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, ekspert rəyi alınsa da məhkəmə həmin rəyə istinad etməmişdir. Əgər istinad etməyəcəkdisə niyə öz təşəbbüsü ilə ekspertiza təyin etməsi və öz təşəbbüsü ilə təyin etdiyi həmin ekspertizanın xərcini ondan tutması da əsassızdır. Hesab edir ki, öz tələbinin əsaslı olmasını təsdiq edən kifayət qədər sübut təqdim etsə də, birinci instansiya məhkəməsi öz formal mülahizələri əsasında onun qanuni və sübuta yetən tələbini sübuta yetməməsi əsası ilə qanunsuz olaraq rədd etmiş və mülki prosessual məcəllənin kobud pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Emin Əzizovun, cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 786/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı mübahisəli Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304-cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzilinə köçürülməsi, həmin mənzildən istifadə etməsinə Cavabdeh3 və Cavabdeh2 tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi; mübahisəli Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304-cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzilindəki yaşayış sahəsindən Cavabdeh1 ilə İddiaçı eyni hüquqlarla və vəzifələrlə birgə istifadə edə bilməkləri formasında istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir.(Cild İ, İ.vər. 10 - 12) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-102/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli 8(001)-4/2020 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadırovun icra sənədi üzrə icraata xitam verilməsinə dair 17.07.2019-cu il tarixli qərar ləğv edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-786/2018 saylı, 17.09.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraat təzələnmiş və həmin qərardad apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.( Cild İ, İ.vər. 100; Cild İİİ, İ.vər. 79 - 80) İş materiallarında olan, 212076/2020-4 saylı İcra işinin materiallarından görünür ki, 08.12.2020-ci il tarixdə icra məmuru X18 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclulara 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri təklif edilmiş və həmin qərardan şikayət vermə hüquqlarının olması izah edilmişdir. Borlcu Cavabdeh2 qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etmiş və həmin vaxtdan icra məmuru tərəfindən hər hansı icra hərəkətinin həyata keçirilməsi və ya iddiaçının icra sənədinin icra edilməməsindən narazı olması icra işinin materiallarından görünmür. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsindən görünür ki, “ ... - tərəflər arasında bağlanmış 11.04.2012-ci il tarixli 3117 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı 120 ay müddətinə, illik 13% hesablanmaqla 50000 manat kredit verilmiş, sonuncu həmin məbləği 11.05.2012-ci il tarixdən 11.04.2022ci il tarixədək hər ay 747 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - 11.04.2012-ci il tarixli, 025/12 nömrəli İpoteka Müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil "xxxx" ASC-də mülkiyyətçi tərəfindən ipotekaya qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.04.2012-ci il tarixli, MA ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyyət hüququ ilə cavabdehlər İddiaçı və Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. - 16.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı banka əsas borc üzrə 19558.09 manat, faiz borcu üzrə 11161.99 manat, 102.98 manat komissiya haqqı olmaqla, cəmi 25415.25 manat borcu vardır. ... İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, İddiaçı və X19 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat (otuz min yeddi yüz iyirmi manat səkkiz qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ İddiaçı və Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın, mənzilin ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən edilsin və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçı "xxxx" ASC-yə ödənilsin. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər İddiaçı, Cavabdeh1, X22, X12, X9, X11, X3 və X10 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.12.2021-ci il tarixli, 2(103)-12185/2021 saylı qətnaməsi ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.(Cild İİİ, İ.vər. 19 - 26) İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak 13.04.2012-ci il tarixdən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.(Cild İ, İ.vər. 147) “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzilindən istifadəsinə cavabdehlər tərəfindən maneələr törədildiyinə görə onun 208.000 manat məbləğində maddi ziyan çəkməsini iddia etsə də, maneələrin və maddi ziyanın mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür. Lakin, iddiaçının mübahisəli mənzildən istifadəsinə maneələrin törədilməsi və bunun nəticəsində maddi ziyan çəkməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşır və məhkəmənin bu movqeyini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətində sadaladığı dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən 208.000 manat maddi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün iddia tələbinin əsaslılığı sual altına düşür. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Odur ki, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda isə iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Göründüyü kimi İddiaçı apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar