Məhkəmə qərarları › İş №2(103)-3158/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3158/2021

15.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3158/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı "əqdin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı "əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh1 ilə onun arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: xx.xx.2016-cı il tarixli reyestrdə 3M-234 nömrə ilə qeyd edilmiş Kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Cavabdeh1 ilə İddiaçı arasında Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə "Borc verən” "Borc alana” ******* ABŞ dolları verilir, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.60) 2640000,00 AZN məbləğində pul borc verir. 2-ci bəndinə əsasən "Borc alan” krediti xx.xx.2017-ci il tarixədək "Borc verənə” qaytarmağı öhdəsinə götürür (səh.30). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 78, 88, 217, 220; "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 329, 337, 340, 354-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli reyestrdə 3M-234 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə "Borc verən” "Borc alana” ******* ABŞ dolları şəklində verilir, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.60) 2640000,00 AZN məbləğində pul borc verir. 2-ci bəndinə əsasən "Borc alan” krediti xx.xx.2017-ci il tarixədək "Borc verənə” qaytarmağı öhdəsinə götürür. İddiaçı ona cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması, müqavilənin 3-cü şəxs qarşısında etibar qazanmaq üçün və gələcək yatırımın təminatı üçün görünüş olaraq bağlanmışdı ki, belə bir yatırımın da həyata keçmədiyini, həmin müqavilənin cavabdehlə onun arasında uydurma olaraq saxta və formal həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlandığını, cavabdehin bu həcmdə pulunun olmadığını, həmin pula Bakıda malik olmasına dair, yaxud da bu məbləğdə pulu Rusiyadan Bakıya gətirməsinə dair hər hansı sübutu, dəlilinin olmadığını bildirir, bununla da qeydə alınmış kredit müqaviləsinin uydurma əqd olduğunu iddia edir. Cavabdeh tərəf istinad olunan hallara etiraz edərək, əqdin uydurma olmadığını,habelə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Bakı şəhəri 9 saylı dövlət Notariat Kontorunda xx.xx.2016-cı il tarixli "borc verən” Cavabdeh1 ilə "borc alan” İddiaçı arasında kredit müqaviləsi bağlanan zaman "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması, müqavilənin 3-cü şəxs qarşısında etibar qazanmaq üçün və gələcək yatırımın təminatı üçün görünüş olaraq bağlanmışdı ki, belə bir yatırımın da həyata keçmədiyini, həmin müqavilənin cavabdehlə onun arasında uydurma olaraq, saxta və formal, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlandığını, cavabdehin bu həcmdə pulunun olmadığını, həmin pula Bakıda malik olmasına dair yaxud da bu məbləğdə pulu Rusiyadan Bakıya gətirməsinə dair hər hansı sübutu, dəlilinin olmadığı, bu səbəbdən də xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin uydurma, saxta və formal, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir. Məhkəmə iclasında Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin görünüş üçün bağlanmasını, yəni uydurma əqd olmasını təsdiq edəcək hər hansı hal müəyyən edilməmişdir. Həmin əqdi mübahisələndirən İddiaçı da bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa Cavabdeh1 səlahiyyətli nümayəndəsi (iddiaçının qardaşı) X2 tərəfindən iddia müddətinin ötürülməsinə dair ərizə təqdim edilərək, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notriat kontoruna və Cavabdeh1 qarşı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. mübahisələndirilən kredit xx.xx.2016-cı ildə tərəflərin iştirakı ilə, Bakı şəhəri 9 saylı dövlət Notariat Kontorunda bağlanmışdır. İddiaçı sözügedən müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirmiş və belə olan təqdirdə iddiaçı 1 il ərzində əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etdiyinə görə müddətin keçməsinə görə subyektiv hüququndan məhrum olmamışdır.xx.xx.2016-cı il tarixli kredit (borc) müqaviləsinə əsasən "borc verən” Cavabdeh1 və "borc alan” İddiaçı kredit (borc) müqaviləsinin bağlanmasında iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (MM-in 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. İddiaçı apellyasiya şikayətini verərək, Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-6/202ON-li mülki iş üzrə qəbul olunmuş xx.xx.2020-ci il tarixli qətnaməyə apellyasiya qaydasında yenidən baxaraq həmin qətnaməni ləğv edilməsini və iddia tələbimin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyııl 2007-ci il tarixli Avropa Məhkəməsinin qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2,106,385-389-cu maddələrinə; 2009-cu ildən qüvvədə olan "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.6.-cı maddəsinə; "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin 2-ci hissəsinə istinadən qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. İşin faktiki hallarından, iddia ərizənin dəlillərindən və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, cavabdehlə onun arasında ortaq ticarətlə bağlı şəriklik münasibətləri olmuşdur, bu münasibətlər Türkiyədə cərəyan etmişdir. Bundan əlavə, cavabdeh Rusiya vətəndaşıdır, daimi olaraq Rusiyada yaşayır. Onun isə daimi yaşayış yeri Türkiyədir, 35 ildir ki, orada yaşayır, son on ildə Azərbaycanda cəmi bir-iki dəfə olmuşdur ki, biri də müqavilə bağlanan zaman olmuşdur. Sual olunur ki,onun daimi yaşayış yeri və iş yeri İstanbul şəhəri olduğu halda Bakı şəhərində bu məbləğdə pul vəsaiti onun nəyinə lazım idi? Yaxud da cavabdehin daimi yaşayış yeri və iş yeri Rusiya olduğu halda borc pulu ona Azərbaycanda nə üçün verməli idi? Axı onun heç ortaqlıq münasibəti üçün yatırıma qoymağa belə pul vəsaiti yox idi,o necə ona borc pul verə bilərdi? Bu nə dərəcədə inandırıcıdır? Mübahisənin obyektiv,tam,hərtərəfli və obyektiv araşdırılması üçün tərəflər arasındakı hüquq münasibətləri aydınlaşdırılmalı idi. Tərəflərin münasibətlərinin nədən qaynaqlandığı ortaya çıxarılmalı idi. Məhkəmə praktikasında oxşar işlərdə bir nəfərin digər şəxsə borc verməsi məsələsi araşdırdıqda ən azından onların münasibətləri araşdırılır, borc götürülməsinin zərurəti üzə çıxarılır, bütün bunlara qiymət verilir.Yeni,tərəflərin insani, qohumluq, yoldaşlıq, yaxud işgüzar münasibətləri sorğulanır,borcun hansı münasibətlərdən irəli gəldiyi araşdırılır ki,borc münasibətlərinin həqiqi münasibətlər,yoxsa uydurma münasibətlər olması üzə çıxarılmış olsun. Yoxsa,bu cür münasibətlər araşdırılmazsa, onda gerçək həyatda öhdəliklərdən yayınmaq istəyən bir sıra insan üçün bu cür müqavilələr əvəzedilməz bir yol,bir fürsət,bir imkan olar, mülki hüquqda isə uydurma əqdlər institutu əhəmiyyətsiz olardı,bu əqdlərlə bağlı məsələləri tənzimləyən normalar məhkəmə praktikasında işləməyən, tətbiq edilməyən normalara çevrilərdi. Mübahisənin və iddianın xarakteri tələb edirdi ki, tərəflər arasındakı münasibətlər aydınlaşdırılsın və üzə çıxarılsın,etirazın dəlilləri dinlənilsin və məhz bundan sonra məsələyə hüquqi qiymət verilsin. Hakim tərəfindən bunların heç biri edilməmişdir. Görünür, məhkəmə iddiaçının iddia ərizəsinin dəlillərini və nümayəndənin eyni məzmunlu izahatlarını sübut hesab etmir. Avropa Məhkəməsi öz qərarlarında tərəflərin izahatlarına geniş yer verir və qərarlarının əsaslandırılmasında izahatlardakı faktlara, ifadələrə, faktların uyğunluğuna diqqət yetirir,önəm verir, bir sözlə,tərəflərin izahatlarına ciddi sübut növü kimi yanaşır. Avropa Məhkəməsinin qəraran ilə tanışlıqla buna əmin olmaq mümkündür. Amma,nədənsə,milli məhkəmələrdə tərəflərin izahatlarının dəlillərinə elə də əhəmiyyət verilmir. Məhkəmə izahatları sübut növü kimi qəbul etməməklə MPM-nin 76 və 106-cı maddəsinin tələblərini pozmuşdur. Əgər bu məbləğdə nağd xarici valyuta notarial əməliyyatın obyekti idisə,notariat orqanı maliyyə monitorinqi orqanına məlumat vermişdirmi? Təbii ki,yox.Çünki,bu əməliyyat uydurma idi,bunu notarius da bilirdi.Ortada pul vəsaiti olmamışdır. Məhkəmə işə baxarkən maliyyə monitorinqi orqanına sorğu verməmiş, məsələni dəqiqləşdirməmiş, tətbiq olunmalı olan maddi normanı tətbiq elməmişdir. Əgər maliyyə monitorinqi orqanına sorğu verilərdisə,məlum olardı ki,həmin orqana cavabdeh notariat orqandan məlumat daxil olmayıb.bu da ona görə olub ki,ortada həmin məbləğdə nağd pul vəsaiti olmamış,bu məbləğdə pul vəsaiti borc verən tərəfindən verilməmiş,onun tərəfindən də qəbul edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və vəsatət təqdim edərək, tərəflər arasında biznes əlaqəsinin olduğunu, Türkiyə Respublikasından Rusiya Federasiyasına meyvə-tərəvəz ixrac etmələri barədə razılığa gəldiklərini, biznes fəaliyyəti ilə məşğul olmaq üçün əlavə pulun lazım olduğunu cavabdehin isə öz növbəsində biznes üçün lazım olan pulun əldə olunması məqsədilə tatar bir şəxs olduğunu bildirdiyini qeyd etdiyini, cavabdehin tatar dostundan ticarətin davamı üçün əlavə pul alması üçün təminat sənədinin zəruri olduğunu və öz aralarında formal müqavilə bağlayaraq dostuna göstərdiyi təqdirdə onu inandıra biləcəyini, iddiaçının isə ona etibar etdiyini və bu cür uydurma müqavilə bağlanmasına razılıq verdiyini, cavabdehin həmin pulu Türkiyədə tikinti işlərinə yatırdığını, sonradan tərəflər arasında münasibətin pozulduğunu, müqavilədə şərt qoyulmasada iddiaçının müqaviləni müəyyən şərtlər daxilində imzaladığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, biznes qurulması üçün borcun verildiyini, tatar dostunun məsələyə aidiyyətinin olmadığını, Türkiyədən iddiaçının borcunun olması ilə bağlı sənədin verildiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337- 354, 388-390, 560, 739-cü maddəsinə; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin iddianın mahiyyətinə aiddiyyəti olmayan (yalnız şəxsi mülahizələrdən ibarət olan) və sübutedici əsasları olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, xx xxx 2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, xx xxxx 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1005) ilə Mülki Məcəllənin 740-cı maddəsinin mətni yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Deməli, müqavilə imzalanan zaman qanunvericilikdə qeyd edilən dəyişiklik olmamış və ona görə münasibətlər yaranan zaman qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar