Məhkəmə qərarları › İş №2(103)-3166/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3166/2025

30.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3166/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-617/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında əmək münasibəti olub. 2.Cavabdeh xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında iddiaçı təşkilatda ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunub. Əmək müqaviləsinin 3.1.1-ci bəndinə görə, işçi müştərilərdən alınmış pullara yerində kassa mədaxil orderi yazır, onun bir nüsxəsini müştəriyə, ikinci nüsxəsini elə həmin gün təftiş assistentinə və ya firmanın kassasına təqdim edir. Bundan başqa, əmək müqaviləsinin 3.1.3-cü bəndinə görə, işçi mədaxil orderi ilə qəbul etdiyi natural pul vəsaitlərinin tam və vaxtında kassasiya təqdim edilməsinə görə məsuliyyət daşıyır. 3.Bundan başqa, tərəflərin arasında xx.xx.2023-cü il tarixdə işçinin tam maddi məsuliyyəti haqqında müqavilə bağlanıb. 4.Əmək müqaviləsinə işçinin təşəbbüsünə əsasən xx.xx.2024-cü il tarixli əmrlə xitam verilib. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi 9.051,40 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 6.Tələb belə əsaslandırılıb ki, iddiaçı tərəfindən aparılmış yoxlamalar zamanı müəyyən edilib ki, cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyib, iddiaçının kassasına ödəməli olduğu pul vəsaitini kassasaya mədaxil etməyib. Belə ki, təhvil-təslim aktları ilə cavabdehə verilmiş mallar üzrə cavabdeh tərəfindən yığılmış 9.051,40 manat pul vəsaiti təftiş assistentinə verilməmiş və ya iddiaçının kassasına mədaxil edilməmişdir. Bununla əlaqədar auditor və təftişçilər tərəfindən 18 adda “Üzləşmə zamanı aşkarlanan əksikgəlmə barədə” akt tərtib edilib. 7.Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinə icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 9.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İddiaçı hüquqi şəxs olduğuna görə, onun təqdim etdiyi sənədlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalı, yəni tələb olunan pul məbləğləri uçot sənədlərində əksini tapmalıdır. İddiaçının istinad etdiyi 18 ədəd “Üzləşmə zamanı aşkarlanan əksikgəlmə barədə” akt (iş v. 33-50) möhürlənməyib, mühasib və ya digər rəsmi şəxslər tərəfindən imzalanmayıb, şəxsiyyəti və tutduğu vəzifəsi təsdiq olunmayan şəxslər tərəfindən imzalanıb. 11.Bundan başqa, iddiaçı zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsini tələblərinə əməl etməyib. Həmin maddənin 1-ci hissəsinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddənin 2-ci hissəsinə görə, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 12.Əgər iddiaçının istinad etdiyi 18 ədəd “Üzləşmə zamanı aşkarlanan əksikgəlmə barədə” akt cavabdeh tərəfindən imzalanmış olsayıdı, bu hal zərərin etirafı kimi qiymətləndirilə bilərdi. Lakin cavabdeh həmin aktları imzalamayıb. O, iddia tələbinə etiraz edib, birinci instansiya məhkəməsində verdiyi izahatda bildirib ki, mağazalardan pulun yığılıb şirkətə təhvil verilməsi onu işi olmamışdır. Heç vaxt nağd şəkildə şirkətə pul verməyib. Mağazalar elektron qaydada şirkətin balansına pulu mədaxil edirlər. O ki, qaldı imza etmiş olduğu sənədlərə, o, aparılan üzləşmədə iştirak etsə də, həmin çatışmamazlığa görə məsuliyyət daşımır, elə olsaydı şirkət ona son-haqq hesab vərəqəsi verəndə ondan pulunu tələb edərdi, əksinə, onun balansına 1.400 manat pul köçürməzdi. Həmçinin şirkətə vurulmuş ziyan kimi 1.086 manat pul da onun son haqq-hesabından çıxılmışdır. Onun əmək funksiyası malların sifarişini götürüb şirkətə vermək və vaxtı keçmiş, zay malları geri qaytarmaq, eyni zamanda satışdan əldə edilən pulları kassaya mədaxil etmək olmuşdur. Malların sifarişini şirkətə verdikdən sonra şirkətin sürücüsü onun iştirakı olmadan sifariş edilmiş malları anbardan sifarişçiyə çatdırır və o isə malları yerində yoxlayaraq, sifarişin düzgün həyata keçirilməsinə nəzarət edir. İddia edilən borcun yaranmasına əsas isə, sifarişçi mağazaların yaranmış borcunu şirkətə qaytarmaması olmuşdur, buna görə o, cavabdehlik daşımır. O ki, qaldı zay məhsullara, o bütün məhsulları anbara təhvil vermiş, bütün qaimələr də hazıradək ondadır. Buna dair bütün üzləşdirmələr aparılmış, o, məhsulların zay anbarına təhvil verməsi ilə əlqədar sənədlərə imza da etmişdir. Onun hazırki zaman ərzində şirkətə borcu qalmamışdır 13.İddiaçının istinad etdiyi “Üzləşmə zamanı aşkarlanan əksikgəlmə barədə” 18 ədəd akt 11-18 aprel 2024-cü il tarixlərində, yəni əmək müqaviləsinin ləğv edilməsindən əvvəl tərtib olunub, lakin əmək müqaviləsi ləğv edilənə qədər həmin məbləğ cavabdehdən tələb olunmayıb. 14.Cavabadeh iddiaçıya yalnız 1.086,44 manat məbləğində zərər vurduğunu etiraf edib, həmin məbləğ isə cavabdehdən tutulub. Belə ki, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə xahiş edib ki, təqsiri üzündən iddiaçıya dəymiş 1.086,44 manat məbləğində zərər onun əmək haqqından və son haqq-hesabdan tutulsun (iş v. 114). Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdə qeyd olunub ki, cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş 1.086,44 manat cavabdehin ərizəsinə əsasən onun əmək haqqından və son haqq-hesabdan tutulmaqla ödənilsin (iş v. 30). 15.Beləliklə, cavabdehin iddiaçıya 9.051,40 manat məbləğində zərər vurması müəyyən edilmir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 16.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-617/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar