Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3167/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində Cavabdeh1 20 il müddətinə, xx.xx.2035-ci il tarixədək etibarnamə vermişdir. Etibarnamə üzrə ona harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri, müəyyən etmək qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etməyi dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cur məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşklatlarda onun adından ərizə verməyi, işlər aparmağı və.s səlahiyyətlər verilmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" ASC-də olan hesabından Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə isə etibarnaməyə əsasən 52000 manat köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək etibarnaməni ləğv etdirmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 27 sentyabr 2022-ci il tarixdə bank hesabına köçürmə yolu ilə əldə etdiyi 52.000 manat pul vəsaitinin əsassız varlanma hesab edilməsi və əsassız varlanma qismində əldə edilən 52000 manat pul vəsaitinin, hüquqi yardım göstərilməsi üçün ödənilən 500 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Bakıbaştikinti” Bakı şəhər tikinti” Ümumtikinti trestinin əmək kollektivinin rəhbəri olaraq “Anar-60” firması ilə arasında olan barışıq nəticəsində sonuncu tərəfindən ona ödənilmış 150.000 manat kompensasiya "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabına keçirilmişdir. O, 150.000 manat məbləğdən hesabında qalan 62000 manat puldan xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin “Azneft” filialında 10.000 manat pul çıxararaq Cavabdeh2 və onun oğlu X1 vermişdir. Həmin zaman Cavabdeh2 və oğlu X4 onun bank hesabında 52.000 manat pul olmasını öyrənmiş və Cavabdeh2 digər oğlu Cavabdeh1, İddiaçı tərəfindən sonuncuya məxsus bağ evinin satılması məqsədi ilə Bakı şəhər 5 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixli, 7E-5800 nömrəli verilmiş etibarnamədən sui-istifadə edərək, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabımda qalan 52.000 manat pul vəsaitini anası Cavabdeh2 AZ47BRES41010AZ**********001 saylı hesabına köçürməklə əsassız varlanmışlar. Beləliklə, Cavabdeh1 İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə sonuncuya məxsus olan bağ evinin satılması məqsədi ilə vermiş olduğu, bağ evi satılmadığı üçün ləğv etməyi unutduğu 7E-5800 nömrəli etibarnamədən sui-istifadə edərək, "xxxx" ASCdəki 10-1533247-1 saylı bank hesabından xx.xx.2022-ci il tarixdə 52000 manat pul vəsaitini anası Cavabdeh2 AZ47BRES41010AZ**********001 saylı hesabına köçürmüşdür.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(004)- 929/2023 saylı qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin olunmamışdır.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tələbini sübuta yetirə bilmədiyinə görə iddia əsassız sayılmalı və rədd edilməlidir.
6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 359.1, 362.1, 363.1, 365, 385, 386, 1091, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdə Cavabdeh1 İddiaçı tərəfindən sonuncuya məxsus bağ evinin satılması məqsədilə etibarnamə verilmişdir. Həmin dövrdə onun hesabına pul gəlməsi, həmin pulun İsmayıl tərəfindən cıxarılmasının etibar edilməsi barədə hər hansı bir razılaşma olmamış, belə bir razılaşmanın olması da qeyri-mümkündür. Çünki, həmin etibarnamənin verilməsindən təxminən 8 il sonra“Bakıbaştikinti” Bakı şəhər tikinti ”Ümumtikinti trestinin əmək kollektivinin rəhbəri olaraq “Anar-60”firması ilə arasında olan barışıq nəticəsində sonuncu tərəfindən ona ödənilmış 150.000 manat kompensasiya "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabına keçirilmişdir. O, 150.000 manat məbləğdən hesabında qalan 62000 manat puldan xx.xx.2022-ci il tarixdə "xxxx"ASC-nin “Azneft” filiaılnda 10.000 manat pul çıxararaq Cavabdeh2 və onun oğlu X1 vermişdir. Onların belə bir razılaşması, bu barədə hər hansı bir söhbətləri olsa idi, 10.000 manat pulu verərkən elə hesabda olan 62000 pulu tam formada çıxarıb verərdi. İddiaçı hesabda saxladığı 52.000 manat pul vəsiti məhz işçilərin əmək haqlarının ödənilməsi məqsədi ilə hesabda saxlanılmışdır. İddiaçı tərəfindən Cavabdeh2 və onun oğlu X1 10.000 manat pul verilərkən onlar hesabda daha 52000 manat pul qaldığını öyrənmiş, Rəxşandə Məmmədova digər oğlu Cavabdeh1 adına verilmiş etibarnamənin İddiaçı unutduğunu bildiyindən məhz digər oğlu vasitəsi ilə pulu öz adına keçirtdirməyə nail olmuş və əsassız varlanmışdır . İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşma bağ evinin satılması üçün verilmiş etibarnamə olmuş, həmin etibarnamənin verilməsi iddiaçı tərəfindən unudulduğundan ləğv edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
14. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
15. Maddə 363.1. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər.
16. Maddələr 365.1.3, 365.1.4. Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi və etibarnamə verilmiş şəxsin imtinası nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.
17. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
28. İşdən müəyyən edilir ki, 2015-ci il tarixdə iddiaçı Cavabdeh1 ona məxsus bağ evinin satılması məqsədi ilə etibarnamə vermişdir. Həmin dövrdə onun hesabına pul gəlməsi, həmin pulun Cavabdeh1 tərəfindən çıxarılmasının etibar edilməsi barədə hər hansı bir razılaşma olmamış, belə bir razılaşmanın olması da qeyri-mümkündür. Çünki, həmin etibarnamənin verilməsindən təxminən 8 il sonra “Bakıbaştikinti” Bakı şəhər tikinti ”Ümumtikinti trestinin əmək kollektivinin rəhbəri olaraq “Anar-60” firması ilə arasında olan barışıq nəticəsində sonuncu tərəfindən əmək kollektivinə ödənilmış 150.000 manat kompensasiya "xxxx" ASC-dəki 10-1533247-1 saylı bank hesabına keçirilmişdir. İddiaçı 150.000 manat məbləğin hesabda qalan 62000 manat puldan xx.xx.2022-ci il tarixdə "xxxx"ASC-nin “Azneft” filiaılnda 10.000 manat pul çıxararaq Cavabdeh2 və onun oğlu X1 vermişdir.
29. Birinci instansiya məhkəməsi 2015-ci ildə verilmiş etibarnamənin mövcudluğunu əsas götürərək iddianı rədd etməklə kifayətlənmiş, İddiaçı hesabından etibarnamə əsasında X6 hesabına hansı səbəbdən pul köçürülməli olduğunu araşdırmamışdır.
30. Məhkəmə kollegiyasının qənaətinə görə baxılan iş üzrə ilkin iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir.
31. Mülki Məcəlləyə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).
32. Kollegiya cavabdehlərin iddiaçı ilə aralarında razılığa gəlməsi, sözügedən vəsaitin hesabdan çıxarılmasının iddiaçının iradəsi ilə baş verdiyi barədə izahatlarını inandırıcı hesab etmir. Belə ki, belə bir razılaşma olduğu halda 62000 manat pulun tam olaraq cavabdehlərə verilməsi daha məntiqli olardı. Digər tərəfdən, belə bir razılaşma olmuş olsaydı iddiaçı pulun hesabdan çıxarılmasından xəbər tutan kimi, yəni pulun köçürülməsindən bir həftə sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına verdiyi xx.xx.2015-ci il tarixli etibarnamənin ləğvi barədə ərizə ilə notariusa müraciət etməzdi.
33. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 etibarnamə üzrə ona verilmiş səlahiyyətdən sui-istifadə etmiş və etibar edənin iradəsinə zidd hərəkət edərək 52000 manat məbləğində pul vəsaitini öz anasının hesabına köçürmüş və bununla da sonuncunun əsassız varlanması üşçün şərait yaratmışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf 52000 manat məbləğində pul vəsaitinin iddiaçının bank hesabından çıxarılmasının iddiaçının mənafeyinə və iradəsinə uyğun olduğuna dair işə baxan məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
35. Bundan əlavə, cavabdehlər iddiaya etirazını təsdiq edən sübutlara istinad etməmiş, yalnız izahat verməklə kifayətlənmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçıya məxsus 52000 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh2 saxlanılmış, bununla da cavabdeh əsassız varlanmışdır.
37. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilənlər nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmaması və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Yeni qətnaməyə əsasən iddia qismən, yəni Cavabdeh2 aid hissədə təmin olunmalı və əsassız varlanma obyekti olan 52 000 manat Cavabdeh2 tutulub iddiaçıya ödənilməlidir. Belə ki, tələb olunan məbləğ məhz Cavabdeh2 hesabına köçürülmüşdür və əsassız varlanan odur. Bu baxımdan iddia tələbi digər Cavabdeh1 aid hissədə təmin olunmamalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdeh2 52 000 (əlli iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.