Məhkəmə qərarları › İş №2(103)-3174/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3174/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3174/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi rayon İcra Hakimiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi rayon İcra Hakimiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7də yerləşən 19 saylı mənzilin əvəzində ona yeni tikiləcək binadan ümumi sahəsi 104.2 m² olan mənzil və 12 m² zirzəmisinin hər kvadratmetri üçün 500 manat kompensasiyanın verilməsi, əlavə artırma 54,5 kv.m sahənin hər kvadratmetri üçün 1000 manat kompensasiya verilməklə mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 400 manat kirayə pulu verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı qərarının icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 1.2179 ha torpaq sahəsi İddiaçı MMCnin istifadəsinə verilmişdir və bununla bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında müqavilə imzalanmışdır. İddiaçı MMC təşkilati hüquqi formasını dəyişərək hazırda MTK kimi fəliyyət göstərməkdədir və İddiaçı MTK İddiaçı MMC-nin hüquqi varisidir. İddiaçı MTK Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı Sərəncamının və Binəqədi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında imzalanmış müqaviləyə əsasən İddiaçı MTK sözügedən ərazidə yaşayan sakinlərlə danışıqlar aparmaqla qarşılıqlı razılaşmaya əsasən həmin sakinlərə tikiləcək yeni yaşayış binasından ev və ya mənzilinin qarşılığında kompensasiya verməklə ərazidə olan sakinlərin köçürülməsi işlərinə başlamış və prosess etməkdədir. Aparılmış işlər nəticəsində ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə müqavilələr imzalanmış, ilkin razılıqlar əldə olunmuşdur. Lakin bir neçə sakinlər də var ki, ilkin razılıqlar olsa da sonradan yaranmış vəziyyətdən istifadə edərək şirkətdən evinin dəyərinin 2-3 qatını tələb etmək məqsədi ilə qanunsuz zəbt etdikləri əraziləri də əlavə edərək külli miqdarda məbləğ tələb etmirlər. Onlar isə MTK olaraq belə hallarda sakinlərə bu işlərin yalnız MTK-nın maddi maraqlarına xidmət etmədiyini, əsas olaraq şəhərin hazırki görünüşünə xələl gətirən istismar vəziyyəti keçmiş və əsasən qəzalı vəziyyətdə olan binaların əvəzinə müasir tələblərə cavab verən, müasir və şəhərin görünüşünü müasir tələblərə uyğunlaşdırılmasına yönəldiyi izah edirlər. Bəzi sakinlər tərəfindən mülkiyyətlərindən sui istifadə kimi hallar isə köçürülmüş digər sakinlərin mənzillə təmin olmasını uzadmaqla yanaşı şirkətə də hər gün külli miqdarda maddi ziyan vurmaqdadır, əgər belə davam edərsə, nəzərdə tutulmuş layihəni yekunlaşdırmaq mümkünsüz ola bilər.

3. (Mülki işin materaillarından bəlli olur ki, Cavabdeh İddiaçı MTK-ya qarşı “ona məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzilin əvəzində təmirli 116 kv.m, 3 otaqlı bir mənzil, təmirli 84 kv.m 2 otaqlı mənzil, yeni tikiləcək binanın birinci mərtəbəsində təmirli 30 kv.m qeyri-yaşayış sahəsinin verilməsi ilə bərabər yeni mənzillərin təhvil verilənə qədər mənzil kirayəsi 500 manat, obyekt kirayəsi 300 manat ödənilməsi ilə mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin qarşılıqlı iddiası icraata qəbul edilmişdir.Sonradan Binəqədi Rayon Məhkəməsinin 2(001)- 701/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsinə əsasən, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır).

4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Rəşad Qoşqarlı) ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tərəf işə apellyasiya qaydasında baxılarkən iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 (altmış üç min altı yüz doxsan altı) manat, cavabdehin mənzildən köçdüyü gündən təmirli mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 400 manat (məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi kirayə haqqının aylıq 500 manat müəyyən edilməsinə razı olduğunu bildirmişdir) kirayə pulu verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, mübahisəli ünvanda yerləşən mənzil 3 mərtəbəli binada yerləşir ki, həmin binadan artıq 20 nəfər müvafiq müqavilə bağlanaraq köçürülmüşlər və gələcəkdə evlə təmin edilmələrini gözləyirlər. MM-in 152.5-ci madddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddənin mənasından da göründüyü kimi cavabdeh hazırda öz hüququndan sui-istifad etdiyi halda məhkəmə maddəni yanlış tövsif etmişdir. Həmçinin rayon məhkəməsi heç bir araşdırma aparmadan, sözügedən mənzilin qəzalı vəziyyətdə olan binada yerləşməsini, bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyini nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Cavabdehin hüquqlarından sui istifadə etməsi gələcəkdə digər sakinlərin də həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 nömrəli binalar 1930-cu ildə inşa edilmişdir.

8. İddiaçı şəhərin müasir tələbinə cavab verməyən qeyd edilən yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparmaq üçün ədalətli və mütənasib təklif irəli sürsə də, cavabdehlə razılıq əldə etmək mümkün olmadığından, yaşayış sahəsini boşaltmadığından ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Məhkəmə sözügedən maddi hüquq normasını tətbiq edərkən haqlı olmamışdır. Hazırkı qətnamə bütün digər sakinlərin hüquqlarını pozmaqla onların qanuni maraqları ilə ziddiyyət təşkil edir. Cavabdehin reallığı əks etdirməyən, fantastik şərtlər irəli sürməsi, əslində qanunvericiliyin verdiyi hüquqlardan sui-istifadə edilməsidir. Rayon məhkəməsi qətnamədə onların iddiasını tam göstərməmiş, cavabdehə əlavə olaraq 55.000 manat kompensasiya verilməsini qeyd etməmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi, yeni təklifləri əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı hazırda sözügedən mənzildə qalmaqla düşünülmüş şəkildə müvafiq sərəncamın icrasına, eləcə də MTK tərəfindən razılıq əsasında köçürülmüş çoxsaylı digər sakinlərin hüquqlarının reallaşmasına mane olur, cavabdehin mənzildən çıxması müqabilində tələb etdikləri reallığa uyğun deyil, açıq-aşkar hüquqdan sui-istifadədir. Digər tərəfdən, şirkət tərəfindən təklif edilən mənzilin sahəsi müvafiq sərəncamda nəzərdə tutulmuş sakinlərə verilməli olan mənzillərin sahəsindən daha artıq olmuşdur. Belə ki, pilot layihədə köçürülən sakinlərə mövcud mənzillərin müqabilində 20% artıq mənzil verilməsi nəzərdə tutulmuşdur, lakin iddiaçı tərəfindən hazırkı iddia tələblərinin dəqiqləşdirməsinə dair ərizəsindən göründüyü kimi, cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 (altmış üç min altı yüz doxsan altı) manat verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdehə mənzildən köçdüyü gündən yeni tikiləcək mənzil təhvil verilənə kimi verilməli kirayə haqqının aylıq 500 manat müəyyən edilməsinə də razı olduqlarını bildirdi. Həmçinin hazırkı iş üzrə o da müəyyən edilmişdir ki, qeyd edilən sökülməli binalarda olan 64 sakindən hazırkı və digər iki sakin istisna olmaqla, digərləri ilə razılıq əldə olunmuş, onlar faktiki olaraq köçürülmüş, həmçinin hazırkı işə baxılan ərəfədə digər iki sakinlə də razılıq əldə olunmuş, hazırda onlara kirayə haqqı ödənilir, yalnız cavabdehlə razılıq əldə olunmamışdır ki, bu da digər sakinlərin hüquqlarını pozur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçının verdiyi təkliflə razı deyil, belə ki, onlara mənzilin əvəzində təmirli 116 kv.m, 3 otaqlı bir mənzil, təmirli 84 kv.m 2 otaqlı mənzil, yeni tikiləcək binanın birinci mərtəbəsində təmirli 30 kv.m qeyri-yaşayış sahəsinin verilməsi ilə bərabər yeni mənzillərin təhvil verilənə qədər 800 manat kirayə haqqı ödənilməsini istəyir, şirkət isə bu şərtlərlə razılaşmır, bu səbəbdən də qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir.

12. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

13. Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir.

14. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2021-ci il tarixli, 18 saylı sərəncamı ilə, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində, 1.2179 ha torpaq sahəsinin İddiaçı MTK-ya ayrılmasını və Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. Söüzgedən ərazidə yaşayan hər bir sakin kimi onunla da müqavilə şərtləri müzakirə edilmiş, lakin tələb etdiyi məbləğin real bazar qiymətinə və evinin faktiki vəziyyətinə uyğun gəlməməsi səbəbindən razılılıq əldə edilməmişdir. Belə olan halda onun evi üçün gər görüş zamanı fərqli qiymətlər tələbinin, mənzilə ixtisaslaşmış təşkilat tərəfindən qiymət təyin edilməklə, qanun çərçivəsində məhkəmə müstəvisində müzakirə edilməsi istisna edilmir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon icra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon icra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon icra Hakimiyyəti və Xəzər Rayon icra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabma inşa ediləcək çoxmənzilli yaşayış binalan üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirsinlər.

16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir.

17. İddiaçı tərəfindən təqdim edilmiş “Əmlakın qiymətləndirilməsi və Consalting” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzilin bazar dəyəri 120.000 manat təşkil edir.

18. İddiaçı tərəfindən təqdim edilmiş “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzilin bazar dəyəri 125.000 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

28. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

30. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

31. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

33. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

35. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı sərəncam əsasında istifadəsinə verilmiş torpaq sahəsində yerləşən yaşayış binalarının tikintisinə başlanmasını həmin binaların sakinləri ilə qarşılıqlı razılaşma əsasında həyata keçirməlidir, lakin hazırkı cavabdehlə heç bir razılaşma əldə olunmamışdır. Belə olan halda iddia rədd edilməlidir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Binəqədi rayonu, Azadlıq prospekti 5,7,9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasından yeni mənzillə təmin edilənədək hər ay kirayyə haqqı ödənilməsi ilə başaqa yerə köçürülməsi qərara alınmışdır.

37. Həmçinin hazırkı iş üzrə o da müəyyən edilmişdir ki, qeyd edilən ünvanda sökülməli binalarda olan 64 sakindən hazırkı və digər iki sakin istisna olmaqla digərləri ilə razılıq əldə olunmuş, onlar faktiki olaraq köçürülmüş, həmçinin hazırkı işə baxılan ərəfədə digər iki sakinlə də razılıq əldə olunmuş, yalnız cavabdehlə razılıq əldə edilə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır.

38. Kollegiya qeyd edir ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı mənzilin Cavabdeh xüsusi mülkiyyətində olması, həmçinin həmin ünvanda onun istifadəsində olan (mülkiyyətində olmayan) 12 m² zirzəmi və əlavə 53,08 kv.m tikilinin olması hazırkı işin mübahisəsiz halıdır.

39. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

40. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur.

41. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır.

43. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

44. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə- “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

45. Məhkəmə kollegiyası xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

46. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.

47. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

48. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

49. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

50. Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur.

51. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdeh də istismar müddəti ötmüş mənzilinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməsini arzu edir. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehin sökülməli olan mənzilinin müqqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır (bax, cavabdehin geri götürdüyü qarşılıqlı iddia ərizəsi). Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.

52. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlıdır. İddiaçı tərəfindən təqdim edilən iddia tələblərinin dəqiləşdirilməsinə dair ərizədən göründüyü kimi, cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 (altmış üç min altı yüz doxsan altı) manat, cavabdehin mənzildən köçdüyü gündən təmirli mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 500 manat kirayə pulu verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir.

53. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur. Bu işdə isə iddiaçı MTK cavabdehə məxsus sahəsi 59,02 kv.m olan mənzilin əvəzində, ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil təklif edir ki, bu isə oxşar işlərdə təklif edilən əlavə mənzil sahəsindən əhəmiyyətli dərəcədə daha çoxdur.

54. Bundan əlavə, iddiaçı mənzilin boşaldılaraq təhvil verilməsi müqabilində cavabdehə mülkiyyətində olmayan 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin mülkiyyətində olmayan, lakin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 (altmış üç min altı yüz doxsan altı) manat, cavabdehin mənzildən köçdüyü gündən təmirli mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 500 manat kirayə pulu verilməsini təklif edir.

55. Bu baxımdan Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır.

56. Belə olan halda, cavabdehin müvafiq razılaşmaya getmədən, mənzilin əvəzində təmirli 116 kv.m, 3 otaqlı bir mənzil, təmirli 84 kv.m 2 otaqlı mənzil, yeni tikiləcək binanın birinci mərtəbəsində təmirli 30 kv.m qeyri-yaşayış sahəsinin verilməsi ilə bərabər yeni mənzillərin təhvil verilənə qədər 800 manat kirayə haqqı ödənilməsini tələb etməsi onun mülkiyyət hüquqlarından sui-istifadə kimi qəbul oluna bilər. Belə ki, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, mənzilinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışmaqla, hüquqlarından sui-istifadə yolunu tutmuşdur.

57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kv.m. üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 (altmış üç min altı yüz doxsan altı) manat olmaqla, ümumi isə 70896 (yetmiş min səkkiz yüz doxsan altı) manat ödənilməklə, eləcə də cavabdehin mənzildən köçdüyü gündən təmirli mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 500 manat kirayə pulu verilməklə cavabdeh mənzildən çıxarılmalıdır. Nəticə:

58. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilərək, cavabdehə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, 12 m² zirzəmisinin hər kvadratmetri üçün 600 manat olmaqla, 7200 manat, cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat kompensasiya verilməklə, cəmi 63.696 (altmış üç min altı yüz doxsan altı) manat, ümumi isə 70896 (yetmiş min səkkiz yüz doxsan altı) manat ödənilməklə, cavabdehin mənzildən köçdüyü gündən təmirli mənzilin təhvil verilməsinə qədər olan müddət üçün hər ay 500 manat kirayə pulu verilməklə cavabdeh mənzildən çıxarılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin olunsun. İddiaçı tərəfindən Cavabdeh ona məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 19 saylı, sahəsi 59,02 kv.m olan mənzilin əvəzində ona yeni tikiləcək 4-cü binanın 12-ci mərtəbəsində ümumi sahəsi 104.35 kv.m ümumi sahəsi olan, net 91,92 kv.m-lik olan (ölçmə qaydası hər iki mənzildə eyni qaydada aparılmaq şərti ilə) 1207 saylı mənzil, mülkiyyətində olmayan 12 m² zirzəmisinin hər kv.m. üçün 600 manat olmaqla, 7200 manat, mülkiyyətində olmayan, lakin cavabdehin istifadəsində olan 53,08 kv.m sahənin hər kvadratmetri üçün 1200 manat olmaqla, cəmi 63.696 (altmış üç min altı yüz doxsan altı) manat, ümumən isə 70896 (yetmiş min səkkiz yüz doxsan altı) manat pul kompensasiyası verilməklə, eləcə də cavabdehin mənzildən köçdüyü gündən hesablanmaqla təmirli mənzilin ona təhvil verilməsinə qədər olan müddət üçün hər ay 500 manat kirayə pulu verilməklə (mənzil boşaldılmaqla) cavabdeh mənzildən çıxarılsın. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar