Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3179/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, təmir işinin görülməsi üçün cavabdehin ondan aldığı 6.600 manat, həmin pulun cavabdehdə əsassız olaraq qalması nəticəsində əldən çıxmış faydanın əvəzi olaraq 2.700 manat, cavabdehin iddiaçıya vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təmir işinin görülməsi üçün cavabdehin iddiaçıdan aldığı pulun qaytarılması məqsədi ilə 6.000 manat, cavabdehin iddiaçıya vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 14 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və təmir işinin görülməsi üçün iddiaçıdan aldığı pulun qaytarılması məqsədi ilə ondan iddiaçının xeyrinə cəmi 1.000 manat məbləğində pulun tutulması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mənzilində görməli olduğu təmir işinin əksər hissəsini yerinə yetirmişdir. Onun başa çatdırmadığı təmir işinin (divar kağızının divarlara yapışdırılması) dəyəri təxminən 1.000 manatdır. İşə baxmış Rayon Məhkəməsi isə bu halı araşdırmamışdır. Qeyd edilən halın araşdırılması üçün apellyasiya icraatı zamanı məhkəmə təmir-texniki ekspertizası təyin edilməlidir. Hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, “əldən çıxmış faydanın əvəzinin tutulması barədə” tələbin təmin edilməməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə bildirir ki, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, atasına məxsus olan, lakin özü yaşadığı və Bakı şəhəri, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, bina № 44-də yerləşən 2 otaqlı 24 saylı mənzili təmir etdirmək qərarına gəlmişdir. Bu məqsəd ilə o, təmir işlərini həyata keçirən cavabdehə 2019-cu ilin aprel ayında müraciət etmişdir. Cavabdeh və cavabdehin ustaları 29.04.2019-cu il tarixdə mənzilə baxdıqdan və mənzildə görülməli olan təmir işlər barədə iddiaçıdan məlumat aldıqdan sonra cavabdeh təmir işlərini görə biləcəyini, təmirin 11.08.2019-cu il tarixdə başa çatacağını iddiaçıya bildirmişdir. Onlar razılaşmışlar ki, görülən təmir işlərinə görə iddiaçı tərəfindən cavabdehə 9.000 manat ödəniləcək. Bundan sonra cavabdeh iddiaçıdan hissə-hissə cəmi 6.600 manat pul almış, lakin təmirə başlamamışdır. İddiaçı cavabdeh ilə mütəmadi olaraq əlaqə yaradaq işlərin görülməsini tələb etmiş, cavabdeh isə hər dəfə söz vermişdir ki, yaxın günlərdə təmirə başlayacaq. Buna baxmayaraq cavabdeh təmirə başlamamışdır. Bundan sonra iddiaçı ödədiyi pulun qaytarılmasını cavabdehdən tələb etməyə başlamış, lakin cavabdeh müxtəlif vədlər verərək pulu qaytaracağını bildirmiş, lakin nə təmir işlərinə başlamış, nə də pullarını qaytarmışdır. Daha sonra iddiaçı cavabdehin hərəkətləri barədə şikayət ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Nəsimi RPİ tərəfindən şikayət ərizəsi əsasında iki dəfə araşdırılma aparılsa da, 18.07.2019 və 15.09.2019-cu il tarixli qərarlar ilə cinayət işinin başlanılmasından imtina edilmiş və iddiaçıya iddia ərizəsi ilə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehə verdiyi 6.600 manat cavabdehdən tutularaq ona qaytarılmalıdır. Bundan başqa iddiaçı bildirir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində o, süründürməçiliyə məruz qalmış, müxtəlif inzibati orqanlara müraciət etmək məcburiyyətində qalmış, o, stress və sıxıntılar içində yaşamış, ona mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, məcburiyyət qarşısında qalaraq mənzili təmir etdirmişdir. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının predmetini təşkil edən hissədə məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, iddia ərizəsində qeyd edilən mənzilin təmiri ilə bağlı sifarişçi olan iddiaçı ilə podratçı olan cavabdeh arasında 2019-cu ilin aprel ayında razılığa gəlmələri, təmir işlərinin 9.000 manata həyata keçirələcəyi, cavabdehin iddiaçıdan hissə-hissə 6.600 manat deyil 6.000 manat məbləğində pul alması, təmir işlərinin cavabdeh tərəfindən başa çatdırılmaması işin mübahisəsiz halıdır. Bu halların mövcud olması Nəsimi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş və iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25.09.2019-cu il tarixli qərar ilə də öz təsdiqini tapır. İşin mübahisəli halları isə podratçı olan cavabdehin sifarışçi olan iddiaçının mənzilində hər hansı bir həcmdə təmir işi görüb-görməməsi, görübsə nə kimi və hansı məbləğdə işlər görməsidir. Cavabdeh apellyasiya baxışı iclasına gəlmədiyi üçün onun mövqeyi, “iddia tələbinə etiraz” ərizəsinə, apellyasiya şikayətinə və “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nəsimi RPİ tərəfindən qəbul edilmiş 25.09.2019-cu il tarixli qərarı əsasında müəyyən edilir. Apellyasiya şikayətində cavabdeh bildirir ki, o, iddiaçının mənzilində mənzilində görməli olduğu təmir işinin əksər hissəsini yerinə yetirmişdir. Onun başa çatdırmadığı təmir işinin (divar kağızının divarlara yapışdırılması) dəyəri təxminən 1.000 manatdır. İşə baxmış Rayon Məhkəməsi isə bu halı araşdırmamışdır. Qeyd edilən halın araşdırılması üçün apellyasiya icraatı zamanı məhkəmə təmir-texniki ekspertizası təyin edilməlidir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh qeyd edilən işlərin onun tərəfindən həyata keçirilməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Cavabdeh, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışı iclasında iştirak etməsə də, iş materiallarından görünür ki, o, Rayon Məhkəməsinə ünvanlandığı “iddia tələbinə etirazda” (iş v. 109-110) məhkəmə təmir-texniki ekspertizası təyin edilməsini xahiş etmiş, lakin ekspertizanın təyin edilməsi barədə vəsatətinin əsasını təşkil edən sübutları (görülmüş təmir işlərinin smetası, təmir üçün lazım olan tikinti materiallarının alınmasını təsdiq edə biləcək “kassa mədaxil qəbzlərini”, “ödəniş çeklərini” və sair bu kimi ciddi hesabat blanklarını) Rayon Məhkəməsinə təqdim etməmişdir. Bu kimi sübutlar apellyasiya icraatı zamanı da, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmiş, nə də ki, apellyasiya şikayətinə əlavə edilməmişdir. Bu halların təsdiq edilməsi üçün cavabdeh tərəfindən Məhkəmələrə şahidlər təqdim edilməsə də, Məhkəmə bildirir ki, şahidlər təqdim edilsə idilər belə, onların ifadələri həmin halların təsdiq edilməsi üçün əsas ola bilməzdir. Çünki MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu sübutetmə vasitələri Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinin mənasına görə qəzet və jurnalların satışı, sərnişin və yük daşıma, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, mebellərin təmiri və hazırlanması ilə bağlı və sair fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir (maddə 16.1.8.). Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilir (maddə 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur. Buna görə də, Məhkəmə hesab edir ki, təmir üçün lazım olan materialların alınması, həmin materialların dəyərinin ödənilməsi faktı ödəniş qəbzləri ilə, ustalara çəkilmiş xərc isə həmin xərcin ödənilməsi barədə qəbzlər ilə təsdiq olunmalıdır. Belə olan halda məhkəmə təmir-texniki ekspertizası təyin edilə bilməz. Çünki ekspertiza təyin edildiyi və ekspert tərəfindən mənzildə təmir işinin aparıldığı müəyyən edilərsə belə, həmin işlərin cavabdeh və ya başqa şəxs tərəfindən görüldüyü müəyyən edilə bilməyəcək. Bundan başqa qeyd edilməlidir ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nəsimi RPİ-nin İŞ tərəfindən qəbul edilmiş 25.09.2019-cu il tarixli qərarından görünür ki, apellyasiya şikayətində göstərilənlərdən fərqli olaraq istintaq orqanına verdiyi izahatında cavabdeh bildirmişdir ki, iddiaçıdan 6.000 manat məbləğində pul aldıqdan sonra o, iddiaçının mənzilində söküntü işləri aparmış, təmir işlərinin görülməsi üçün 6 ədəd qapı və digər ləvazimatları 3.000 manata almış, ustalara gördükləri iş üçün 500 manat pul vermişdir. Mənzildən çıxanda həmin qapıları və ləvazimatları özü ilə aparmışdır. İddiaçıya borclu olduğu 6.000 manatı isə maddi vəziyyətinin çətin olması səbəbi ilə qaytara bilməmişdir. Hal-hazırda söz verir ki, aldığı pulu iddiaçıya qısa müddətdə qaytaracaq. Qeyd edilməlidir ki, cavabdeh, polis orqanına verdiyi izahatında da, gördüyü işin həyata keçirilməsini, onun tərəfindən 3.500 manat məbləğində xərcin çəkilməsini təsdiq edə biləcək sübutları da, nə polis orqanına nə də ki, hazırki mülki işə baxan məhkəmələrə təqdim etməmişdir. Məhkəmə bildirir ki, iddiaçı, apellyasiya baxışının predmeti olan hissədə tələblərini sübuta yetirə bildiyindən, cavabdeh isə həmin tələblərə qarşı etirazlarını sübuta yetirə bilmədiyindən qəbul edilməlidir ki, podratçı olan cavabdeh sifarişçi olan iddiaçının mənzilini təmir etməkdən ibarət işin icrasını öhdəlik kimi öz üzərinə götürsə də, öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 425.2-ci maddəsinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən maddi hüquq normalarının tələbinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi təmir işinin görülməsi üçün cavabdehin iddiaçıdan aldığı pulun qaytarılması məqsədi ilə 6.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi cavabdehin iddiaçıya vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir. Həmin nəticənin əsaslı-olub olmamasının araşdırılması ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mənzilində təmir işlərinin görməməsi halı artıq aşkardır. Məhkəmə hesab edir ki, cavabdehin bu kimi hərəkəti nəticəsində iddiaçı stress və sıxıntılara məruz qalmış, ona mənəvi zərər dəymişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi məqsədi ilə 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi işin hallarına uyğun və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, MPM-nin 385.2-ci maddəsinə görə. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki pellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3179/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3179/2021
09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver