Məhkəmə qərarları › İş №2(103)-3181/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3181/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3181/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Aydın Hacıyevin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi cəlb edilməklə) qanunsuz olaraq zəbt olunmuş qeyri-yaşayış sahəsinin aidiyyatı üzrə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(010)-472/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi cəlb edilməklə) iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv m olan mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq ona təhvil verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ona vurulmuş xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 3750 (üç min yeddi yüz əlli) manat məbləğində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində 1361 (bir min üç yüz altmış bir) manat 98 qəpik məbləğində olmaqla, cəmi 5111 (beş min yüz on bir) manat 98 qəpik məbləğində maddi zərər, 15000 (on beş min) manat mənəvi zərər olmaqla, ümumilkdə 20111 (iyirmi min yüz on bir) manat 98 qəpik məbləğində pulun cavabdehlərdən tutularaq ona verilməsi, “xxxx” MMC-yə ödənilməmiş 100 (bir yüz) manat xidmət haqqının cavabdehlər tərəfindən tutularaq həmin MMC-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv.m olan (5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi) mübahisəli qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkil üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixində keçirilmiş hərracda iştirak edərək hərracın qalibi olmuş və bu barədə xx.xx.2017-ci il tarixli, 33/03 nömrəli hərrac protokolu imzalanmışdır. Sonradan qanunvericiliyə uyğun olaraq sözügedən qeyri-yaşayış sahəsini alaraq müvafiq çıxarış sənədini əldə etmişdir. Həmin çıxarış sənədinə əsasən sözügedən mübahisəli qeyriyaşayış sahəsinə mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdən etibarən ona məxsus olmasına baxmayaraq, həmin ilin dekabr ayında həmin qeyri-yaşayış sahəsindən istifadə üçün onun yerləşdiyi yerə getsə də, qapısı kilidli olduğu üçün daxil ola bilməmişdir. Cavabdeh1 ilə danışaraq həmin obyektin mülkiyyət hüququnun ona məxsus olduğu üçün ona təhvil verilməli olduğunu bildirsə də, o bundan imtina etmişdir. Həmçinin sözügedən obyektin onun yaxınlığındakı “Toğrul” market üçün Cavabdeh2 tərəfindən anbar kimi istifadə edildiyini öyrənərək həmin marketə gedib Cavabdeh2 ilə görüşərək mübahisəli obyektin çıxarış sənədini ona göstərib mülkiyyətçisi olduğunu bildirmişdir və qeyd olunan obyektin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Lakin Cavabdeh2 bundan imtina edərək obyekti ona istifadə üçün Cavabdeh1 verdiyini və buna görə də hər ay ona pul ödədiyini bildirmiş və onun razılığı olmadan obyektin ona təhvil verməyəcəyini bildirmişdir. Cavabdeh1 ilə bir daha danışaraq obyektin mülkiyyət hüququnun ona məxsus olduğu üçün ona təhvil verilməli olduğunu bildirsə də, o bundan imtina etmiş, həmin obyekti ondan heç kimin ala bilməyəcəyini bildirmişdir. Sonradan dəfələrlə bu barədə onlarla danışsa da, qeyd olunan obyekti ona təhvil verməyəcəklərini bildirmişdir. Sözügedən münahisəli qeyriyaşayış sahəsinə mülkiyyət hüququ müvafiq çıxarışa əsasən xx.xx.2017-ci il tarixdən etibarən ona məxsus olmasına baxmayaraq, həmin obyekt xx.xx.2017-ci il tarixdən halhazırki vaxtadək olan bütöv dövr ərzində Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cavabdeh2 istifadəsinə verilmiş və o da sözügedən obyekti Cavabdeh3 ilə birlikdə həmin obyektin yaxınlığındakı “Toğrul” market üçün anbar kimi istifadə etmişlər və hal-hazırda onun etiraz və narazılığına baxmayaraq qeyd olunan şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunur. Qeyd olunan obyektin mülkiyyət hüququnun ona məxsus olduğunu və həmin obyekti aidiyyatı üzrə təhvil verməli olduqlarını dəfələrlə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bildirməyinə baxmayaraq, sözügedən obyekti təhvil verməkdən imtina etmişlər və obyekt istifadə və mülkiyyət hüququ ona məxsus olduğu bütün dövr ərzində onun razılığı olmadan onlar tərəfindən qanunsuz olaraq istifadə edilmişdir, halhazırda onlar tərəfindən qanunsuz olaraq zəbt olunur. Bununla əlaqədar olaraq mülkiyyətində olan sözügedən daşınmaz əmlakdan hal-hazıradək istifadə edə bilməmişdir və nəticə nəinki hal-hazıradək həmin obyektdən əldə edə biləcəyi gəlir və başqa fayda əldə edə bilməmişdir, eyni zamanda obyekti satın almaq üçün ödədiyi lazımi pul məbləğini bank vasitəsilə kredit şərtləri əsasında götürdüyü üçün müfaviq banklara ödədiyi komissiya və illik kredit faizi məbləğində əlavə maddi zərərlə də qarşılaşmışdır. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində, həmçinin bir çox mənfi psixi təsirlərə məruz qalmış, davamlı mənəvi sarsıntı və iztirab keçirmişdir ki, buna görə də, ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək, X4 iddiasının rədd edilməsi və X3 onun xeyrinə təmir xərclərinə görə 11500 (on bir min beş yüz) manat pul tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, 2018-ci ilin yanvar ayında X6 adlı şəxs onlara yaxınlaşaraq icarə müqaviləsinə əsasən onların icarələrində və istifadəsində olan 17.5 kv.m qeyri-yaşayış sahəsini hərracda aldığını bildirmişdir. Onlar bu faktı araşdırmaq üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinə müraciət etdilər və xx.xx.2018-ci il tarixli məktubda bildirilmişdir ki, guya onlar auksionda iştirak etmək hüququndan istifadə etməmişlər. Əslində isə belə bir auksion məlum maraqlar səbəbindən onlardan gizli keçirilmişdir və qəsdən bilərəkdən bu barədə onlara məlumat verilməmişdir. O, 17,5 kv.m qeyri-yaşayış sahəsinə dair Suraxanı rayon MKTB ilə “İstismar yığımı müqaviləsi” bağlamışdır və xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Dövlət əmlakının icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlamışdır və bütün icarə haqlarını da ödəmişdir. Beləliklə, faktiki istifadələrində və sahibliklərində olan əmlak qanunsuz və gizli yolla mənimsənilmişdir. Azərbaycan Respublikası MM-in 699.3-cu maddəsinə əsasən əgər kirayəyə verilən əşya yaşayış otağıdırsa və kirayəçiyə verildikdən sonra kirayəyə verən tərəfindən onun ailəsinə mənsub olmayan hər hansı üçüncü şəxsə satılırsa, kirayəçi satın almaqda üstünlük hüququna malikdir. Nərimanov Rayon Məhkəməsində istifadələrində və faktiki sahibliyində olan 17.5 kv.m qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrini ləğv edilməsi barədə iddia qaldırmış və Nərimanov Rayon Məhkəməsi onun iddiasını təmin edərək xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hərracın nəticələrini ləğv etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsini ləğv edərək onların iddiasını rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti də təmin edilmədi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qüvvədə saxlandı. Bu səbəblərə görə X4 iddiası rədd edilməlidir və eyni zamanda bildirir ki, mübahisələndirilən qeyriyaşayış sahəsinin təmiri üçün xərclədiyi 11500 (on bir min beş yüz) manat pul vəsaiti X3 alınaraq ona verilməlidir. Belə ki, o, mübahisələndirilənqeyri-yaşayış sahəsini öz vəsaiti hesabına təmir etmişdir. Həmin yaşayış sahəsi çirkab suları basmış zirzəmi idi və o, həmin qeyri yaşayış sahəsini təmir etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, vurulmuş maddi zərər 2220 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müvafiq məhkəmə baxışı iclasları zamanı baş vermiş iş üçün əhəmiyyətli bir sıra halları, xüsusən də Cavabdeh1 bəzi etiraflarını müvafiq protokollarda qeyd etməmiş, bəzi halları isə yanlışlığa yol verməklə qeyd etmişdir. Bununla bağlı sözügedən məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli protokola qeydi təmin edilməmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən qətnamədə xx.xx.2020-ci il tarixində məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş və bu barədə müvafiq protokolda əks olunmuş şahidin izahatında bildirdiyi 2018-ci ilin təxmini iyul-avqust aylarında həmin obyektin yanından keçərkən obyektin içərisinə tanımadığı şəxslər tərəfindən meyvə şirələri, su və s. daşındığını gördüyünə və şahid olduğunu bildirdiyi başqa bəzi digər hallara, məhkəməyə təqdim etdiyi iş üçün əhəmiyyətli bir çox digər sübutlara - danışığın qeydə alındığı barədə xəbərdarlıq edilməklə yazılmış səs yazılarına və bəzi digər yazılı sübutlara, xx.xx.2018-ci il tarixində çəkdiyi video görüntüyə istinad edilməmiş və cavabdehlərin sözügedən daşınmaz əmlakdan uzun müddət qanunsuz istifadə etmiş olduğu və Cavabdeh1 ona qarşı təhqiredici fikirlər bildirdiyi, hədə-qorxu gəldiyi, cavabdehlərin qanunazidd əməlləri nəticəsində mənəvi sarsıntı və iztirab çəkdiyi, səhhətində problemin yaranmış olduğu hallar nəzərə alınmamışdır. Qeyd edir ki, 2017-ci ilin dekabr ayından hal-hazıradək cavabdehlərdən sözügedən obyektin mülkiyyətçisi olduğu üçün oranı boşaldaraq ona təhvil verməsini dəfələrlə istəsə də cavabdehlər buna əməl etməkdən imtina etmiş, eyni zamanda həmin dövr ərzində sözügedən obyekt onlar tərəfindən qanunsuz olaraq istifadə edilmişdir. İşin materiallarında buna dair çoxlu sübutlar mövcuddur. Qeyd edir ki, sözügedən daşınmaz əmlak hərrac yolu ilə ona satılarkən Cavabdeh1 həmin daşınmaz əmlakın icarəçisi deyildi. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2010-ci il tarixli dövlət əmlakının icarəyə verilməsi haqqında müqavilədən görünür ki, ƏMDK sədrinin xx.xx.2010-cu il tarixli, 167 nömrəli sərəncamına əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən və Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə verilir. İcarənin müddəti xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək müəyyən edilmişdir. Həmin icarə müqaviləsinin 8.3.6-cı bəndində müqavilənin müddəti bitməzdən qabaq ona xitam verilməsi şərtlərindən biri kimi icarəyə verilmiş obyektin özəlləşdirilməsi üçün açıq elan edilməsi qeyd edilmişdir. Sözügedən obyekt “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15-ci maddəsinə uyğun olaraq özəlləşdirilməyə açılmış və müqavilənin 8.3.6-cı bəndinə uyğun olaraq həmin müqaviləyə xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Cavabdeh1 icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, özəlləşdirilməsi barədə xx.xx.2016-cı il tarixdə qərar qəbul edilmiş və həmin sahə satın alınması üçün 100% dəyəri ilə Cavabdeh1 təklif olunmuşdur. Bu barədə ona xx.xx.2016-cı il tarixli, **********22 nömrəli bildiriş də göndərilmişdir. Lakin mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanması təmin edilməmişdir. Bu səbəbdən, həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satılması qərara alınmış və kütləvi informasiya vasitələrində bu barədə elan yerləşdirilmişdir. Sözügedən obyektin satışı üzrə keçirilən hərraclarda Cavabdeh1 iştirak etməmiş və 5 dəfə hərraca çıxarılmış həmin obyekt xx.xx.2017-ci il tarixində keçirilən 5-ci hərracda ona satılmışdır. xx xxxxxx 2018-ci il tarixində Cavabdeh1 +**********95 telefon nömrəsi ilə ona zəng etmiş və həmin vaxt sözügedən obyekt barədə və onun boşaldılaraq ona təhvil verilməsi barədə danışarkən o, obyektdə malı olduğunu, oranı boşaltmayacağını, obyekti təhvil verməyəcəyini bildirmişdir, sözügedən obyekti ondan heç kimin ala bilməyəcəyini deyərək, adi əxlaq qaydaları çərçivəsindən kənara çıxmaqla təhqiredici ifadələr, kobud söyüşlər işlətmiş, hətta oranı yandıracağını, partladacağını, ölüm-itim olacağını bildirmiş, onun ora girəcəyi halda Hövsanda ya iddiaçı, ya o yaşayacağı ilə hədələmişdir. Cavabdeh1 Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli iddia ərizəsindən görünür ki, cavabdeh həmin tarixədək sözügedən obyektin onun istifadəsində və sahibliyində olduğunu etiraf etmişdir. xx xxxxx 2018-ci il tarixində +**********14 nömrəsinə zəng edərək, danışıq qeydə alınır xəbərdarlığını etmiş, telefonla danışan o, özünün Cavabdeh1 olduğunu təsdiqlədikdən sonra, ona verdiyi “Hafiz Quliyev küçəsi 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sizin istifadədədirmi” məzmunlu sualına “bəli” cavabını vermiş, “nəyə əsasən, hansı əsasla istifadə edirsiz” məzmunlu sualına isə kimə şikayət edirsən et məzmunlu cavab vermişdir. Eyni zamanda qeyd edi ki, xx xxxxx 2018-ci il tarixində Cavabdeh2 ilə danışaraq ona verdiyi “Hafiz Quliyev küçəsi 21 ünvanında yerləşən obyekti anbar kimi istifadə edirdiniz, hazırda da siz istifadə edirsiz” məzmunlu sualına “bəli” cavabını vermiş, ona verdiyi “nə ilə bağlı, hansı səlahiyyətlə istifadə edirsiz onu” sualına isə cavab verməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə xx.xx.2018-ci il tarixində ünvanladığı sözügedən qeyri-yaşayış sahəsinin kənar şəxslər tərəfindən zəbt edilmiş, mülkiyyət hüququnun pozulmuş olduğu və həmin obyektin boşaldılaraq ona təhvil verilməsi barədə ərizəsinə cavab olaraq, həmin Polis Şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli, ***-**** nömrəli məktubuna əlavə edilmiş xx.xx.2018-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh1 izahat verərək bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 21 ünvanında yerləşən 17,4 kvadratmetr sahədən ibarət qeyri-yaşayış sahəsi təxminən 15 ilə yaxındır ki, onun istifadəsindədir. xx xxxxxxx 2018-ci il tarixində sözügedən obyektin qapısının açılmış olduğunu və qapısının qarşısında çoxlu mallar olduğunu görüb həmin gün də sözügüdən obyektdən razılığı olmadan başqa şəxslər tərəfindən qanunsuz istifadə edildiyi həmin hadisənin video görüntüsünü çəkməyə başladı, həmin vaxt orada video görüntü çəkdiyini görən cavabdehin qardaşı Cavabdeh3 ona yaxınlaşaraq, kim olduğunu, nə çəkdiyini soruşduqda, cavab olaraq “Sizə nə maraqlıdır” sualına o, “Bu mallar bizimdir”, “zibilləri boşaldırıq” məzmunlu cavablar vermişdir. O, isə bu obyektin ona məxsus olduğunu, onun icazəsi olmadan istifadə edildiyini bildirmişdir. Söhbət zamanı o, həmçinin adının Bakir olduğunu və sözügedən mağazanı onların işlətdiklərini bildirmişdir. Sözügedən video görüntünü diskə yazaraq sübut kimi müvafiq məhkəməyə təqdim etmişdir. xx.xx.2020-ci il tarixində keçirilmiş məhkəmə baxışı iclasında həmin video görüntü Cavabdeh1 da iştirakı ilə izlənilmiş, həmin vaxt Cavabdeh1 həmin videoya baxarkən sözügedən obyektin videodakı həmin obyekt olduğunu təsdiqləmiş, videodakı həmin şəxsə istifadə üçün verdiyini, görüntüdə göstərilən malların vaxtı keçmiş mallar olduğunu bildirmişdir. Eyni zamanda məhkəməyə təqdim etdiyi sözügedən obyektin qeyd olunan tarixlərdə çəkdiyi şəkillərindən aydın görünür ki, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə obyektin qapısı kilidlə bağlı, çöl tərəfindəki işığı sönülü olub, xx.xx.2018-ci il tarixində obyektin qapısı açıq, içəri və çöl tərəfindəki işığı yanılı olub, obyektin qarşısına çoxlu mallar yığılıb, xx.xx.2019-cu il tarixində obyektin qapısı kilidlə bağlı, çöl tərəfindəki işığı sönülü olub. xx.xx.2020-ci il tarixində keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh1 həmçinin İddiaçı sözügedən obyekti ondan istədiyini, lakin obyekti qaytarmayacağını dediyini, Ali Məhkəmənin qərarı çıxandan sonra da İddiaçı sözügedən obyekti qaytarmalı olduğunu dediyini, lakin obyekti qaytarmadığını, hələ də ümidinin olduğunu, yenə sözügedən obyektin özünün olduğunu düşündüyünü, həmin obyekti İddiaçı vermək istəmədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh1 bildirmişdir ki, həmin obyekti 3 ildir ki, istifadə etmir, lakin əşyaları oradadır. Qeyd edir ki, Cavabdeh1 məhkəmə baxışı iclaslarında sözügedən obyektdən istifadə etməsi ilə bağlı bildirdiyi bəzi fikirlər bir-biri ilə və həmçinin işin materiallarında mövcud olan sübutlar ilə ziddiyyətli olmuş, həmçinin Cavabdeh1 xx.xx.2019-cu il tarixində keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının altı obyekt əldə etdiyinə dair yalan məlumat da vermişdir. İşin materiallarında mövcud olan, 2 saylı Bakı “xxxx” mərkəzində Azərişıq ASC tərəfindən 11/767 saylı abonent Cavabdeh1 məxsus, Hovsan qəsəbəsi, H.Quliyev 21 ünvanında olan qeyri-yaşayış sahəsi üzrə xx xxxxxxx 2019-cu il tarixində və başqa tarixlərdə verilmiş “Abunə haqqında” məlumatlarda sözügedən obyektin elektrik təchizatının ölçülməsi üçün istifadə edilmiş sayğacın göstəricilərindən də görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində, eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövr ərzində elektrik enerjisindən istifadə nəticəsində sayğac göstəricisində mütəmadi olaraq artım olmuşdur. xx.xx.2020-ci il tarixində keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh1 işin materiallarında mövcud olan sözügedən “Abunə haqqında” məlumatda barəsində qeyd olunmuş sayğacın öz adına olduğunu, yalnız sözügedən obyekt üçün istifadə edildiyini, həmin obyektdə nəmişlik olduğundan qış aylarında bəzi günlərdə obyektdə soba qoşmaqla isitmək üçün istifadə etdiyini, sayğacın göstəricisindən də göründüyü kimi çox az istifadə etdiyini bildirmişdir. Cavabdehin sözügedən etiraflarının çoxu müvafiq məhkəmə baxışı iclasının protokolunda da əks olumuşdur. Buradan aydın görünür ki, Cavabdeh1 sözügedən sayğac göstəricilərindəki məlumatın doğruluğunu mübahisələndirməmiş, sözügedən sayğac göstəriciləri üzrə elektrik enerjisi sərfiyyatının onun tərəfindən sözügedən obyekt üçün istifadə edildiyini bildirmiş, habelə həmin sayğac göstəricilərinə istinad edərək sözügedən obyektdən az istifadə etdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixində keçirilmiş məhkəmə baxışı iclasında qardaşı X7 şahid kimi dindirilmiş, o öz ifadəsində 2018-ci ilin yay aylarında, təxmini iyul-avqust aylarında sözügedən obyektin yanından keçərkən həmin obyektin içərisinə tanımadığı şəxslər tərəfindən meyvə şirələri, su və s. daşındığını gördüyünü və şahid olduğu digər halları bildirmişdir və bu barədə müvafiq protokolda qeyd olunmuşdur. Qeyd edir ki, sözügedən obyektin qapısının və onun kilidinin açarları cavabdehlərdə olmuş, həmin açarlar heç vaxt onda olmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin ilkin iddianın təmin olunmamasına dair hissəninin qanuniliyi və əsaslılığı apellyasiya baxışını predmetidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, xx xxxxxxxx 2017-ci il tarixli Hərrac protokolundan görünür ki, X10 Auksion Mərkəzində keçirlmiş hərrac nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 21 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi (17,4 kv.m) 2500 (iki min beş yüz) manat hərrac qiyməti olaraq İddiaçı satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 189 nömrəli reyestr kitabının 17782 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(05)- 2222/2018 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 Bəhlul oğlunun və X8 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinə, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azəbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X10 Auksion Mərkəzi tərəfindən Cavabdeh1 Bəhlul oğlunun Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21 və X8 Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5 v ünvanlarda yerləşən icarədarı olduqları 17,5 kv.metr ölçüsündə olan qeyri-yaşayış sahələrinə dair keçirilmiş hərracın nəticələri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, işdə iştirak etməyə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını bildirən şəxslər – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin və X4 ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçılar Cavabdeh1 Bəhlul oğlu və X8 cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” birgə verdikləri iddiaları təmin edilməmişdir. “xxxx” MMC tərəfindən verilmiş 30 mart № 01/252 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən obyektin orta aylıq icarə haqqı - 2017-ci il üzrə orta aylıq icarə haqqı 150 (bir yüz əlli) manat, 2018-ci il üzrə orta aylıq icarə haqqı 150 (bir yüz əlli) manat, 2019-cu il üzrə orta aylıq icarə haqqı 150 (bir yüz əlli) manat təşkil edir. Modern Hospital tərəfindən verilmiş № 1082 saylı xx xxx 2020-ci il tarixli tibbi arayışa əsasən, 1985-ci il təvəllüdlü İddiaçı Elxan oğlu həqiqətən xx.xx.2020-ci il tarixində “Modern Hospital” klinikasında nevropatoloqun müayinəsində olmuşdur. (saat 13:20-dan 14:45-a qədər). Modern Hospital tərəfindən verilmiş № 1082 saylı xx xxx 2020-ci il tarixli tibbi arayışa əsasən, 1985-ci il təvəllüdlü İddiaçı Elxan oğlu həqiqətən xx.xx.2019-cu il tarixində “Modern Hospital” klinikasında nevropatoloqun müayinəsində olmuşdur. Bakı şəhər Baş Səhiyyə İdarəsi 23 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışa əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məh 14/15, ev 7/81 yaşayan 1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2016 – xx.xx.2018-dən 23 saylı şəhər poliklinikasında nevropatoloqa müraciət etməyibdir. xx xxxx 2010-cu il tarixli №1262 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən, “İcarəyə verən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2010-cu il tarixli, 167 saylı Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, H.Quliyev küçəsi, 21 (registr № ***-*******6-001) ünvanında yerləşən, ümumi sahəsi 17.5 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin – Cavabdeh1 müddətli istifadəsinə verir. Bir aylıq icarə haqqı: 8.75 manatdır. Aylıq icarə haqqının 100%i (ƏDV-siz)-8.75 (səkkiz manat 75 qəpik) manat, illik icarə haqqının 100%-i (ƏDV-siz) – 105 (bir yüz beş manat) manat Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Banının Əməliyyat İdarəsindəki **********944 saylı hesabına (kod 501004, müxbir hesabı **********944, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericilik normalarini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha da az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzənin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, mübahisəli qeyri yaşayış sahəsi əvvəllər Cavabdeh1 qanuni istifadəsində olmuş, iddiaçı həmin əmlakı hərrac vasitəsi ilə əldə etdikdən sonra Cavabdeh1 tərəfindən hərracın nəticələri məhkəmədə mübahisələndirilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(05)-2222/2018 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 Bəhlul oğlunun və X8 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinə, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azəbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin və X4 ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Mübahisəli əmlaka dair hüquqlar məhkəmədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq maddi zərərin məbləğinin həmin mübahisə üzrə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarının qəbul edildiyi müddətdən sonra hesablanılmaqla ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan əlavə iddiaçı mübahisəli əmlakın Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz saxlanılmaqla əmlakdan gəlir əldə edilməsini iddia etsə də, buna dair mötəbər sübutları təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclaslarında həmin qeyriyaşayış sahəsində internet-klubun açmaq niyyətini və həmin obyektin onun üçün aldığını, cavabdehdə əmlakın saxlanıldığı müddət ərzində internet klubun işlədilməsindən nə qədər gəlirdən məhrum olunduğunu, həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin icarə obyekti də ola biləcəyini iddia etsə də, buna dair sübutlar təqdim edə bilməmişdir. Həmçinin iddiaçı mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqənin olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Beləliklə, ilkin iddianın qismən təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 472/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar