Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3181/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı X4 cavabdeh X2 qarşı "mülkiyyət hüququna edilmiş qəsd və maneələrə son qoyulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2024 saylı, 01 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı X6 ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan evin üst qatında yerləşən otağa qalxıb enmək üçün pilləkən quraşdırmışdır. İddiaçının qonşusu olan cavabdeh X5 həmin pilləkənin quraşdırılmasının onun həyətinə gedən avtomobil yolunun məhdudlaşdırmasına səbəb olmasını bildirmiş və bununla bağlı müxtəlif dövlət orqanlarına şikayət və müraciətlər etmişdir. Bununla da tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı hazırda tikilmiş pilləkənin heç bir qonşuya hər hansı formada maneçilik yaratmayan yerdən quraşdırılmasının, cavabdehin evin qarşısında mübahisələr yaratmasının, iddiaçını və onun ailə üzvlərini hədələməsinin, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir etməsinin, evdən rahat istifadə etmələrinə maneçilik törətməsinin onun mülkiyyətinə qəsd etməsi kimi qiymətləndirərək cavabdehin bu cür hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X6 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 üzərində olan mülkiyyət hüququna Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, cavabdehin bu cür hərəkətləri nəticəsində dəymiş 5000 (beş min) manat maddi, 5000 (beş min) manat mənəvi zərərin və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə ƏMDK yanında DƏDKRPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunur ki, iddiaçının ailəsi kifayət qədər böyükdür. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşayır. İddiaçının himayəsində 3 azyaşlı uşağı, həyat yoldaşı, qaynanası və qaynatası var və bütün ailə üzvləri birlikdə yaşayırlar. Həmin evin ölçüləri çox kiçik olduğundan hələ bir neçə il bundan əvvəl iddiaçının mülkiyyətində olan evə dair heç bir qonşuya mane olmayan müəyyən genişlənmə işləri aparılmış, mülkiyyətdə olan evin üst qatında yerləşən otağa qalxıb düşmək üçün yalnız iddiaçıya məxsus evə bitişik olan və heç bir qonşuya hər hansı formada maneçilik yaratmayan yerdən pilləkən quraşdırılmışdır. Lakin, Cavabdeh tərəfindən guya qanunsuz tikinti işləri aparıldığı üçün, əslində isə onun heç bir hüququna toxunmadığı halda həmin xüsusi mülkiyyətə qanunsuz müdaxilələr olunur. Belə ki, özünü Prezident Aparatı yanında İctimai Birliyin üzvü kimi təqdim edən cavabdeh müəyyən məbləğdə “şirinlik” müqabilində bu işi yoluna qoyulacağını bildirmiş, lakin iddiaçı ona belə bir imkanının olmadığını bildirdikdə o əsəbləşmiş, “Sənin bu pilləkənini sökdürüb başına çırpacam və bütün qonşuları üstünə ayağa qıldıracam” kimi ifadələrlə hədələmiş, iddiaçını və onun ailə üzvlərini nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. O vaxtdan bugünədək cavabdeh tərəfindən müxtəlif dövlət qurumlarına çoxsaylı əsassız şikayətlər olunmuş və iddiaçı həmin dövlət orqanlarına dəvət edilərək izahat və sənədlər tələb olunur. Sonda, iddiaçının heç bir qanunsuzluğa yol vermədiyi müəyyən edilir. Bu isə həm vaxt itkisinə, yersiz mübahisələrə və cavabdehin qeyri-hüquqi hərəkətləri nəticəsində isə maddi və mənəvi ziyanın vurulmasına gətirib çıxarır. Eyni zamanda, cavabdeh iddiaçının və onun ailə üzvlərinin öz mülkiyyətlərində olan evdə rahat yaşamalarına imkan vermir, daim evin qarşısında mübahisələr yaradır, iddiaçını və onun ailə üzvlərini hədələyir, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir edir, evə rahat girib çıxmalarına maneçilik törədir. Hətta cavabdeh qonşuları da iddiaçıya qarşı qaldıraraq və onların adından sui-istifadə edərək, müxtəlif orqanlara guya qonşuların da iddiaçıdan narazı olmaqlarına, onun evinin qonşulara da maneçilik yaratdığına dair müxtəlif müraciətlər göndərmiş, sonradan iddiaçı tərəfindən Səbail RPİ-nə cavabdehin qanunsuz əməlləri barədə verdiyi şikayətin araşdırılması zamanı isə, qonşuların hər biri cavabdehin göstərdiklərini təkzib edərək, iddiaçının yaşadığı evin onlara və cavabdehə heç bir maneçilik yaratmadığını bildirmişdir. Cavabdehin arvadı isə səbəbsiz yerə yaratdığı münaqişəyə görə polis tərəfindən cərimə edilmişdir. Hazırda cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətinə yaradılmış maneələr səbəbindən bu iddianın qaldırılmasına zərurət yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2024 saylı, 01 mart 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və izahatlarında cavabdehin onun evinin qarşısında mübahisələr yaratmasını, iddiaçını və onun ailə üzvlərini hədələməsini, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir etməsini, onun mülkiyyətinə qəsd etməsini və cavabdehin bu cür hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələblərini əsaslandırdığı halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da bu cür halların mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində də, aralarında yaranan mübahisə nəticəsində polis orqanına müvafiq şikayətlər etdiyini və (cavabdehin deyil) cavabdehin həyat yoldaşının inzibati məsuliyyətə cəlb edildiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə izahatında bildirmişdir ki, iddiaçı tərəfindən tikilmiş pilləkən onun həyətinə gedən avtomobil yolunu bağlamış, bu səbəbdən o, müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etmişdir. Onun tərəfindən qarşı tərəfin ailə üzvlərinə və ya özünə qarşı söyüş, təhqir etmək kimi hərəkətlərə yol verməmişdir. Özü müəllim işləyir, onun tərbiyəsi və təbiəti də bu kimi hərəkətlərə yol verməz. İddiaçıya və ailəsinə mülkiyyətindən istifadə etmələrinə heç bir maneə törətməmiş, qanunsuz hərəkətlərə yol verməmişdir. İddiaçının hazırki iddiasının məqsədi onun dövlət orqanlarına müraciət etməsinin qarşısını almaqdır. Məhkəmə iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, onun izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Tərəflərin izahatına əsasən iddiaçı tərəfindən tikilən pilləkənlə bağlı hər hansı bir məsələ hazırkı məhkəmə mübahisəsinin araşdırma predmeti olmadığından pilləkənə dair hər hansı bir hala hüquqi qiymət verilə bilməz. Belə ki, hazırda pilləkən məhkəmə qaydasında mübahisələndirilmir. Məhkəmə sadəcə cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmasına, maddi və mənəvi zərərin ödənilməsinə dair tələbə qiymət verir.Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququna Cavabdeh tərəfindən edilmiş qəsd və maneələr yaradılmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın mülkiyyətə edilən maneələrə son qoyulması hissəsində rədd edilməsi qənaətinə gəldiyindən maddi və mənəvi zərərin ödənilməsi hissəsinin isə törəmə tələblər olduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin hissələrə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyətində olmaqla ona məxsusdur. Cavabdeh isə özünün hərəkətləri ilə onun əmlakından istifadəsinə maneçilik törətməklə, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də öz mülkiyyət hüquqlarının müdafiəsi və təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh həmin pilləkənlərin ona mane yaratmasına dair heç bir sübut təqdim etməmişdir. Əksinə cavabdehin hərəkətləri nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmasına əhəmiyyət verilməmişdir. Baxmayaraq ki cavabdeh X5 onun tərəfindən tikilmiş pilləkən həyətinə gedən avtomobil yolunu bağlamasını, bu səbəbdən o, müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etməsini göstərmişdir, lakin həmin pilləkənlər onun həyətinə gedən hər hansı bir avtomobilin yolunu kəsməmişdir. Göründüyü kimi cavabdeh öz hərəkətləri ilə mülkiyyətində olan əmlakından maneəsiz istifadə etməsinə imkan vermir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 36.40 kv.m sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh qonşusu tərəfindən tikinti işlərinin aparılması nəticəsində gediş-gəliş yolunun məhdudlaşdırılmasından narahatlığı barədə 06 noyabr 2023-ci il tarixli müraciətinə baxılmışdır. Mütəxəssisləri tərəfindən adı çəkilən ünvana baxış keçirilmiş və qonşu tərəfindən 2022-ci ildə aparılan tikinti işləri zamanı şikayətçinin həyətinə gedən avtomobil yolunun məhdudlaşdırması faktı öz təsdiqini tapmışdır. Daxil olmuş müraciət baxılması və səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı tələbində - cavabdehin onun evinin qarşısında mübahisələr yaratmasını, iddiaçını və onun ailə üzvlərini hədələməsini, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir etməsini, onun mülkiyyətinə qəsd etməsini və cavabdehin bu cür hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini bildirmişdir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, iddiaçı iddia tələblərini əsaslandırdığı halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da bu cür halların mövcud olması öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan əlavə iddiaçı iddia ərizəsində də, aralarında yaranan mübahisə nəticəsində polis orqanına müvafiq şikayətlər etdiyini və (cavabdehin deyil) cavabdehin həyat yoldaşının inzibati məsuliyyətə cəlb edildiyini göstərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququna Cavabdeh tərəfindən edilmiş qəsd və maneələr yaradılmasının müəyyən edilməməsi və buna görə də iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas dəlili olan cavabdehin özünün hərəkətləri ilə iddiaçının əmlakından istifadəsinə maneçilik törətməklə, onun mülkiyyət hüquqlarını məhdudlaşdırması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Halbuki mülki qanunvericiliyin deliktlə bağlı müddəaları baxımından cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının iddia etdiyi kimi cavabdehin hansı qanunsuz hərəkətləri olması və iddiaçıya hər hansı bir ziyan dəyməsi məhz cavabdeh tərəfindən törədilmiş hərəkətlər nəticəsində yarandığı da iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı bildirmişdir ki, iddiaçı tərəfindən tikilmiş pilləkən onun həyətinə gedən avtomobil yolunu bağlamış, bu səbəbdən o, müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etmişdir. Lakin bu halın mövcudluğu cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə qəsd edən hərəkətlər kimi qiymətləndirməyə əsas vermir. Belə ki, cavabdeh öz hüquqlarının qorunması zamanı müvafiq qurumlara müraciət etmişdir, bu müraciətlər zamanı isə iddiaçının mülkiyyətinə hər hansı qəsdin edilməsi müəyyən edilmir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mülkiyyətə edilən maneələrə son qoyulması hissəsində rədd edilməsi qənaətinə gəldiyindən maddi və mənəvi zərərin ödənilməsi hissəsinin isə törəmə tələblər olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissələrə hüquqi qiymət verilməsinə zərurət olmaması barədə nəticəsi də düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2024 saylı, 01 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov