Məhkəmə qərarları › İş №2(103)-3183/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3183/2024

07.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3183/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəhlizin zəbt edilmiş hissəsinin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mərdənov qardaşları küçəsi, bina 3-də yerləşən 14 saylı mənzilin qarşısında sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş dəhlizin zəbt edilmiş hissəsinin cavabdehlərin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən binada yerləşən 10 saylı mənzil iddiaçıya, 14 saylı mənzil isə cavabdehlərə məxsusdur. Bina “İtalyan layihəli” tikinti hesab olunur (binaya giriş etdikdən sonra dəhlizə, dəhlizdən sonra mənzillərə daxil olmaq olur). Hazırda, cavabdehlər, binanın sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş dəhlizin bir hissəsini, yəni özlərinə məxsus mənzilin qarşısında yerləşən hissəsini zəbt etmişlər. Cavabdehlərin qanunsuz əməli nəticəsində dəhlizdən istifadə qeyri-mümkün olmuşdur. Bu hal iddiaçının və digər sakinlərin hüquq və maraqlarını pozur. İddiaçı, qeyd edilən pozuntunun aradan qaldırılması üçün Səbail Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti dövlət orqanlarına müraciətlər ünvanlansa da, müsbət nəticə əldə olunmamış, cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunmuş dəhliz əvvəlki vəziyyətinə qaytarılmamışdır. İşə baxmış Rayon Məhkəməsi iddianın əsaslı olub-olmamasını araşdırmaq məqsədi ilə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyini almışdır. Bundan sonra Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini və ekspert rəyi məhkəməyə təqdim edilənədək işin icraatının dayandırılmasını qərara almışdır. Cavabdeh1 həmin qərardadın “iş üzrə icraatın dayandırılması barədə” hissəsindən şikayət verərək, qərardadın həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı qərardad prosessual normalarının tələblərinin pozulması ilə keçirilmiş məhkəmənin hazırlıq iclasında qəbul edilmişdir. Bundan başqa araşdırılması üçün ekspertiza qarşısında qoyulmuş suallar səhvdir. Buna görə də, icraata təzələnməli və ekspertiza qarşısında qoyulmalı olan suallar növbəti məhkəmə iclasında yenidən və hərtərəfli müzakirə edilməlidir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 255.0.5-ci maddəsinə görə isə, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli və qanuni həlli məqsədi ilə, Rayon Məhkəməsi, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi ilə əlaqədar iş üzrə icraatın dayandırmaqda səlahiyyətli və haqlı olmuşdur. Qeyd edilən səlahiyyətin yerinə yetirilməsi hər hansı bir şəxsin maraqlarının pozulması kimi qəbul edilə bilməz. Cavabdeh1 qərardaddan verdiyi şikayətdə (apellyasiya baxışı zamanı verdiyi “şikayətə əlavə”də) göstərilənlər Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadın “iş üzrə icraatın dayandırılması barədə” hissəsinin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlərin həyata keçirilməsi ilə bağlı müvafiq vəsatətlə Rayon Məhkəməsinə müraciət edə və ya hazırda bildirdiyi dəlillərini, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktından narazı qalacağı halda, məhkəmə aktından verəcəyi şikayətə daxil edə bilər. Bu səbəbdən də, Məhkəmə hesab edir ki, şikayətin dəlilləri qərardadın müzakirə edilən hissəsinin ləğv edilməsi üçün əsaslı deyil. Odur ki yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar