Məhkəmə qərarları › İş №2(103)-3187/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3187/2022

04.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3187/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2022 saylı, 09 fevral 2022ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilin paylara uyğun naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki 5 nömrəli evin, 54 saylı mənzilini tərəflərin yəni Cavabdeh2 və hazırda həyat yoldaşı olan Cavabdeh1 və İddiaçı paylarına uyğun naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2022 saylı, 09 fevral 2022ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.7, 260.1, 260.2, 260.4, 260.5-ci maddələrinə və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 9.1-ci və 9.2-ci bəndinə əsaslanaraq qənaətini bununla əsaslandırmışdır ki, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (ərizə, protokola qeyd və s.) olmaması cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Göstərilənləri və iddiaçının məhkəmənin təkrar çağırışına gəlməməsini, habelə cavabdehlərin işə mahiyyət üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və İddiaçı izah olunmalıdır ki, ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, o, iddia ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 259.0.7ci maddəsini düzgün tətbiq etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2022 saylı, 09 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə islasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Əvvəla, həm iddia ərizəsindən, həm də birinci instansiya məhkəməsinə 30.08.2021ci il tarixdə daxil olmuş(bax.i.v.21)ərizədən görünür ki, iddiaçı işə onun iştirakı olmadan baxılmasını(iş üzrə bütün məhkəmə iclaslarının, o cümlədən ilkin (hazırlıq) iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbini tam müdafiə etdiyini və tam təmin edilməsini xahiş etmişdir. Demək, iddiaçı hələ iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl öz iradəsini ifadə etmiş, yəni işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin həm 259.0.6 həm də 259.0.7-ci maddələrində “işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş” müddəası nəzərdə tutulmuşdur. Bu normaların məzmunundan bəlli olur ki, iddia ərizəsi həmin maddələrdə nəzərdə tutulmuş əsaslarla o halda baxılmamış saxlanıla bilər ki, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməsin. Ancaq qeyd olunduğu kimi iddiaçı işə onun iştirakı olmadan baxılmasını həm iddia ərizəsində, həm də məhkəmə baxışı dövründə xahiş etmişdir. Lakin məhkəmə iddiaçının bu ərizələrinə ümumiyyətlə münasibət bildirmədən iddia ərizəsini baxılmamış saxlamışdır. İddia ərizəsinin baxılmamış saxlanılması üçün cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsinin də o zaman əhəmiyyəti ola bilərdi ki, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş olsun. Amma qeyd olunduğu kimi iddiaçının belə bir müraciəti olmuşdur. Ona görə də iddiaçının bu cür xahişi olduğu halda cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsinin heç bir əhəmiyyəti yox idi. Göründüyü kimi, birinci instansiya məhkəməsinin bu cür mövqeyi ədalət mühakiməsinin məqsədinə də uyğun olmamışdır.Çünki, iddia və iradə varsa mübahisə mahiyyəti üzrə baxılıb həll edilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2022 saylı, 09 fevral 2022-ci il tarixli ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar