Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3187/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(006)-822/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı barəsində olan cinayət işi ilə bağlı xx.xx.2016-cı ildən məhkəmə hökü ilə bəraət aldığı 21 iyul 2017-ci il tarixədək həbsdə saxlanılmışdır. 2.İddiaçı qanunsuz həbsdə saxlanıldığına görə ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 8.000 manat məbləğində maddi və eyni zamanda 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 xx.xx.2016-cı il qərarı ilə şübhəli, xx.xx.2016-cı il qərarı ilə isə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən isə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, ittihama əsasən guya X8, o və X4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən planlaşdırılmış formada xx.xx.2016-cı il tarixdə saat 23:20 radələrində Xocasən-Lökbatan yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 14-cü kilometrliyində, yoldan 20 metr Xocasən qəsəbəsi istiqamətində sağ tərəfdə yerləşən “G.E.Petrol” yanacaqdoldurma məntəqəsinə gələrək sürücülük vəsiqəsi və etibarnamə olmadan X3 idarə etdiyi, qardaşı X5 məxsus “Mitsubishi Airtirek minik” markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çəninə 1 litrinin qiyməti 70 qəpik təşkil edən 42,85 litrhəcmində 30 (29,995) manat dəyərində 92 Aİ markalı benzini yüklətdirmiş, benzini yüklətdirdikdən sonra pulunu ödəməyib avtomaşını hərəkətə gətirib oradan uzaqlaşarkən yanacaqdoldurma məntəqəsində operator işləyən X9 benzinini pulunu vermək üçün qışqırıb onları səsləməsinə əhəmiyyət verməyib hərəkətlərini davam etdirərək 30 manat dəyərində benzini açıq yolla talayıb “G.E.Petrol” yanacaqdoldurma məntəqəsinin icraçı direktoru X6 30 manat dəyərində ziyan vurmaqla soyğunçuluq etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-465/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə o, AR CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmışdır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə barəsində bəraət hökmü çıxarılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-421/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ona dair hissədə qüvvədə saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əsassız ittiham nəticəsində o, xx.xx.2016-cı il tarixdən 21 iyul 2017-ci il tarixədək, yəni 8 ay İstintaq Təcridxanasında saxlanılmışdır. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında şərəf və ləyaqəti ləkələnmişdir. Yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Xüsusilə qeyd edilməlidir ki, o, qanunsuz olaraq həbs edildiyi günədək rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olmasa da, təmir, tikinti və digər işlərdə çalışır, hər ay müəyyən məbləğdə pul qazanırdı. Buna görə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 8.000 manat məbləğində maddi, 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 fevral 2023-cü il tarixli, 2(006)-822/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 9.000 (doqquz min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə 06 yanvar 2017-ci il tarixli İttiham aktına əsasən 27 oktyabr 2016-cı il tarixdə İddiaçı Qaradağ RPİ-də şübhəli şəxs kimi tutulmuşdur. xx.xx.2016-cı il tarixdə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və xx.xx.2016-cı il tarixdə Qaradağ rayon Məhkəməsi tərəfindən barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 7.İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-465/2017 saylı, 04 may 2017ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə İddiaçı cəzaçəkmə müddətinin başlanğıcının 27 oktyabr 2016-cı il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. 8.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1134/17 saylı, 21 iyul 2017-ci il tarixli hökmünə əsasən, İddiaçı CM-nin 180.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 9.İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-421/2018 saylı, 07 mart 2018-ci il tarixli Qərarına əsasən, kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınn 21 iyul 2017-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 10.Məhkəmə müəyyən etmişdir ki, 27 oktyabr 2016-cı il tarixdə İddiaçı Qaradağ RPİ-də şübhəli şəxs kimi tutulmuş və xx.xx.2016-cı il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və xx.xx.2016-cı iı tarixdə Qaradağ rayon Məhkəməsi tərəfindən barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-465/2017 saylı, 04 may 2017-ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 27 oktyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1134/17 saylı, 21 iyul 2017-ci il tarixli Hökmünə əsasən, İddiaçı CM-nin 180.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-421/2018 saylı, 07 mart 2018-ci il tarixli Qərarına əsasən, kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınn 21 iyul 2017-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 11.Məhkəmə qeyd etmişdir ki, İddiaçı 27 oktyabr 2016-cı il tarixdən 21 iyul 2017-ci il tarixədək (9 (doqquz) ay müddətində) həbsdə qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 12.Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmiş ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 9000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. 13.Məhkəmə, iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı əvvəllər rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olmasa da, təmir-tikinti və digər işlərdə çalışdığını əsas gətirərək ona 8.000 (səkkiz min) manat məbləğində ziyan dəydiyini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. 14.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1, 1101.1, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1, 5, 6, 7: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2, 77.1, 217.4, 216-220, 227 və 233-cü maddələrlə istinadla əsaslandirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 9000,00 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə-üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 9000,00 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Cavabdeh Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Cavabdeh, həmçinin Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bundan başqa, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə işə mahiyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 22.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 23.Maddə 5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 24.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 25.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 26.Maddə 12.Fiziki və mənəvi ziyan,Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmətərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraatmüddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmətərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsində qanuniliyinin və əsalılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası apellyasiya şikayətini və mülki iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməmli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(006)-822/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 32.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 27 oktyabr 2016-cı il tarixdən 21 iyul 2017-ci il tarixədək (9 (doqquz) ay müddətində) əsassız yerə həbsdə saxlanılmışdır. 33.Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması və cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 34.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 36.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 37.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntununxarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq,narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, AvropaMəhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames vəVebster Birləşmiş Krallığa qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvizərər ödənilməsi qərarına gəlmişdir. 38.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyikompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyəkompensasiyasının təmin olunmasına yönəlib. 39.Kollegiya cavabdeh tərəfin dəlillərini əsassız hesab edirək qeyd edir ki, məhkəmə iddiaçının 9 ay qanunsuz həbsdə saxlanılmasına görə 9000 manat mənəvi zərərin məbləğini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 41.Kollegiya apellyatorun Mülki Məcəllənin 1101.1-ci maddəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı konkret dövlət büdcəsinin nəzərdə tutulmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki,“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 42.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 45.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(006)-822/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3187/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3187/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver