Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3188/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(003)-748/2022 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisi üzrə yaranmış 8014.09 manat borc və 100.14 manat dövlət rüsumunun cavabdehdən tutularaq ASC-xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(003)-748/2022 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 25.02.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. ASC cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, elektrik enerjisindən istifadəyə görə (10.07.2008-04.08.2020-ci il tarixləri üzrə) hesablanmış 5117,93 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Cavabdehin elektrik enerjisindən istifadəyə görə 05.01.2022-ci ildə məhkəməyə müraciət edilən tarixədək 11266,71 manat borcu var, borcun 3252,62 manat hissəsində qətnamə qüvvəsini almadığından həmin məbləğ borcdan çıxılaraq 8014,09 manat (04.08.2020-05.01.2022-ci il tarixlərə yaranmış borc) hissəsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən tutulmasını tələb etdiyi borc məbləğinin necə yaranması, nəyə əsasən hesablanması barədə öz tələbini əsaslandırmamış, göstərilən çatışmazlıq məhkəmə iclasında da aradan qaldırılmamışdır. Eyni zamanda, mülki işin baxılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(003)-1322/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair ilk, Cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, sayğacın göstəricilərinin etibarsız hesab edilməsi və sayğacın əvəzlənməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış borca görə 3252.62 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3282.62 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Qeyd olunan qətnamə qanuni qüvvəsini almamışdır. Cavabdeh izahatına görə, o, həmin qətnamədən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, ərizəsi təmin olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin mahiyyətinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Məhkəmə iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi borc məbləğinin necə yaranması, nəyə əsasən hesablanması barədə öz tələbini əsaslandırmadığını göstərsə də, iş materiallarından müəyyən edilir ki, iddiaçı müvafiq sənədləri təqdim etmiş, həmçinin iddia tələbi əsaslandırılmışdır. Digər qətnamənin olmasına münasibətdə isə Kollegiya qeyd edir ki, həmin qətnamə ilə tələb edilən borc məbləğinin əhatə etdiyi dövr ilə hazırki iş üzrə tələb edilən borcun hesablandığı dövr fərqlidir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia baxılmamış saxlanılmaqla mülki-prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qərardadın ləğv edilməsi üçün əsasdır. Məhkəmə Kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və mülki iş, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(003)-748/2022 saylı şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(003)-748/2022 saylı qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3188/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3188/2022
04.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver