Məhkəmə qərarları › İş №2(103)-3188/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3188/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3188/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-693/2023 saylı 20 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 30 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2019 saylı 28 iyun 2019-cu il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, 05 mart 2011-ci il tarixdən 05 avqust 2011-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 ay müddət təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 06 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzəçəkmə müddətinin başlanğıcının 14 iyun 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1118/2019 saylı 09 dekabr 2019-cu il tarixli qərarı ilə məhkum X9 müdafiəçisi X7 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Babayev İsa Rza oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmünün dəyişdirilməsi, X9 törətdiyi bir epizod-zərərçəkmiş şəxs X5 2005-ci ilin fevral ayının 08-də 147.120 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X11 həmin epizod üzrə cəza təyin edilməməsi, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmünün qalan hissələrdə dəyişdirilməməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 06 aprel 2020-ci il tarixli Sərəncamı ilə 1955-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 28 iyun tarixli hökmü ilə məhkum edilmiş X16 cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.

4. X16 xx.xx.2020-ci ildə “insulindən asılı şək.diabet, böyrəklərin zədələnməsi ilə” səbəbindən ölmüşdür.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-90/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından məhkum X9 müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X9 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü ilə məhkum X9 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 429/2019 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. X9 tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X9 hüquqi varisi İddiaçı izah edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1535/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X9 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli bəraət hökmündən dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində X9 hüquqi varisi kimi, ona vurulmuş 1.000.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, ibtidai istintaq orqanın elan edilmiş əssasız ittihamına və məhkəmənin qanunsuz hökmünə və qərarına əsasən şəxs 05 mart 2011-ci il tarixdən 05 avqust 2011-ci il tarixədək 5 ay, 14 iyun 2018-ci il tarixdən 06 aprel 2020-ci il tarixədək ümumilikdə 2 il 2 ay 20 gün ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmışdır. X16 bu ağır ittihamlara dözməmiş və keçirdiyi ağır psixoloji və fiziki iztirablara dözməyərək həyatını itirmişdir. X16 həbsdə olduğu müddətdə ailəsinin həyatında iştirak edə, onların pis günlərində yanında ola bilməmiş, özü isə ağır iztirablara düçar olmuşdur. Yəni ibtidai istintaq orqanının elan edilmiş əssasız ittihamı və məhkəmənin qanunsuz hökm və qərarı mərhum X12 bir çox mənəvi şeylərdən məhrum etmişdir. X9 hüquqi varisinə dəymiş mənəvi ziyanın həcmi pulla belə ölçülə bilməz. Həyatın ən sərt üzünü görmüş, ailə himayəsindən və qayğısından məhrum olmuş, 2 ildən artıq müddətdə əsassız olaraq azadlıqdan məhrum edilmiş, həbsdə olarkən həyatını itirmiş bir şəxsin hüquqi varisində yaranan mənəvi sarsıntını diqqətinizə çatdırmaq belə çox çətindir. X16 barəsində çıxarılmış qanunsuz və ədalətsiz ittiham nəticəsində və bu qanunsuz hərəkətlərin sonunda şəxsin həyatını itirməsi ilə ona maddi və mənəvi ziyan dəymişdir. X2 barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında şərəf və ləyaqəti ləkələnmiş, ailəsi çətin vəziyyətdə qalmış, yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində şəxsin hüquqi varisinə həm maddi, həm də mənəvi ziyan dəymişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 fevral 2023-cü il tarixli 2(006)-693/2023 saylı qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 22.000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə göstərmişdir ki, X16 14 iyun 2018-ci il tarixdən 06 aprel 2020-ci il tarixədək ümumilikdə 1 (bir) il 9 (doqquz) ay 23 (iyirmi üç) gün müddətinə qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bu müddət ərzində onun özünə və ailə üzvlərinə mənəvi zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. Qeyd edilməlidir ki, əfv sərəncamı əsasında cəzasının çəkilməmiş hissəsindən azad olunduqdan qısa müddət sonra X16 vəfat etmiş, bəraət verilən zaman həyatda olmamış, hüquqi varisi – hazırki iş üzrə İddiaçı ziyanın əvəzinin ödənilməsinə olan hüququ və qaydası izah edilmişdir. Odur ki, bəraət verilmiş X2 arvadı İddiaçı qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona mənəvi zərər dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı mərhum əri ilə 1978-ci ildə ailə həyatı qurmuşdur. İddiaçının mərhum əri qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbsdə saxlanıldığı andan onların ailə birliyi pozulmuş, iddiaçı bir qadın olaraq mənəvi narahatlıq, emosional sarsıntı, stress keçirmiş, əzab-əziyyət çəkmiş, nəticədə ona mənəvi zərər vurulmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Məcəllənin 1101.1, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir.

14. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, ona və ailəsinə dəymiş mənəvi zərərin həcmi 22000 manat miqdarında dəyərləndirilə bilməzdi. İsa Babayevin həbsdə saxlanıldığı müddətdə sağlamlığını itirməsi, onun müalicə müəssisəsində qalması və onun üzərində aparılmış tibbi profilaktik tədbirlərdən sübuta yetirilmiş hesab edilir və mübahisələndirilmir. Eləcə də mərhum əri 2 il 2 ay 23 gün həbsdə olmuş, lakin məhkəmə bunu tam nəzərə almamışdır.

15. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

19. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

23. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

25. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

33. İşin mübahisəsiz halıdır ki, iddiaçının mərhum əri 2 il 2 ay 23 gün qanunsuz azadlıqdan məhrum edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum ərinin bu müddət azadlıqdan əsassız olaraq məhrum edilməsi işin mübahisə edilməyən halı olduğu kimi ailə üzvlərinin, hazırki halda arvadı olan iddiaçının həmin qanunsuz hərəkətlər nəticəsində və bu müddət ərzində onun qanunsuz həbsdə olmasına görə mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi də mübahisə doğurmur.

34. Buna görə də iddiaçı mərhum əri X9 qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması səbəbindən ona (iddiaçıya) dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə etməkdə haqlı olmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsinin əsaslandırması düzgündür.

35. İddiaçı ona istinad edir ki, mərhum əri 2 il 2 ay 20 gün qanunsuz azadlıqdan məhrum edilmiş, buna görə də ona və ailəsinə dəymiş mənəvi zərərin həcmi 22000 manat miqdarında dəyərləndirilə bilməzdi.

36. İddiaçının dəlilini əsassız hesab edən Kollegiya nəzərə alır ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

37. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləğini ağlabatan hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Çünki burada söhbət qanunsuz məhrumiyyətlə məruz qalmış şəxsin özündən yox, onun ailə üzvündən gedir.

38. Cavabdehin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

39. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-693/2023 saylı iş üzrə 20 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 10000 manat müəyyən edilsin Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar