Məhkəmə qərarları › İş №2(103)-3190/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3190/2023

04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3190/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil Gülağa oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun tutulması və zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-639/2023 saylı 13 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı sübut olaraq “whatsapp” sosial şəbəkəsindəki səs yazısını məhkəməyə təqdim etmiş, cavabdeh isə bu səs yazısındakı səsin ona məxsus olmasını inkar etməmiş, lakin iddiaçıya hər hansı məbləğdə borcu olmadığını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 549 (beş yüz qırx doqquz) manat və 625 (altı yüz iyirmi beş) manat bu günə kimi ona vurduğu zərərin, ümumilikdə 1.174 (min yüz yetmiş dörd) manat pulun hesablanaraq alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ondan 549 (beş yüz qırx doqquz) manat pul alaraq xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmişdir. Cavabdeh aldığı borcu hər gün sabah qaytaracağını bildirməsinə baxmayaraq, xeyli müddətdir ki, onu aldadaraq pulu qaytarmır. Həmin pul onun Türkiyəyə təhsil almağa gedən qardaşının pulu idi. Cavabdeh borcu qaytarmadığı üçün yataqxananın 500 (beş yüz) manat pulunu ödəyə bilməyən onun qardaşı bir həftə oteldə qalmağa məcbur olmuşdur ki, bu da ona 210 (iki yüz on) manata başa gəlmişdir. Bundan əlavə, cavabdehin borcu gedikdirməsi səbəbindən onun polisdə, məhkəmələrdə, vəkil bürolarında vaxtı keçmiş, 6 gün işə gedə bilməmiş və ona 240 (iki yüz qırx) manat əlavə ziyan dəymişdir. Həmçinin, o, o qədər süründürməçiliyə məruz qalmışdır ki, kontura və yola 100 (yüz) manat pulu çıxmış, “Azpulmat”dan dəfələrlə kredit götürməyə məcbur olmuşdur ki, buna görə də əlavə 35 (otuz beş) manat əlavə faiz ödəmişdir. Hazırda iddia ərizəsinin verilməsinə görə 35 (otuz beş) manat rüsum ödəmişdir. Cavabdehin vaxtında borcunu ödəməməsinə görə o, ümumilikdə 1174 (min yüz yetmiş dörd) manat ziyana düşmüşdür. O, Nəsimi Rayon Polis İdarəsi 19-cu PB-nə şikayət ərizəsi ilə müraciət etmiş və müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək haqqında məlumat verilmişdir. Cavabdeh ondan aldığı 549 (beş yüz qırx doqquz) manat pulu qaytaracağını etiraf etmiş, lakin bu günə kimi pulu qaytarmamışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-639/2023 nömrəli, 13 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi səs yazısına istinad edərək, borcun cavabdeh tərəfindən etiraf edildiyini bildirsə də, həmin səs yazısı mötəbər sübut qismində qəbul edilə bilməz. Ona görə ki, səs yazısında danışan şəxsin kimliyi səsdən müəyyən edilmir. Səs yazısının məzmununda borc etirafı halı, yəni iş üçün mühüm əhəmiyyət kəsb edən etiraf aşkar edilməmişdir. Səs yazısının məzmununda iddiaçının iddiasını təsdiq edən faktlar müəyyən edilmədiyindən və iddiaçı tərəfindən başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia əsassız olduğundan təmin edilməməlidir.

6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-639/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Bu maddələr də Məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə qeyd olunan tələblərə riayət etməmişdir, belə ki işin müəyyən edilən hallarından biri pulun tam şəkildə Natiqə verilməsinə dair polisdə və telefon danışıqlarında etirafın olması, onun məhkəmə iclaslarında iştirak etməməsi və sübutlara münasibət bildirməməsi hallarına məhkəmə hər hansı bir izah verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, tərəflər bir-birilərini tanıyıblar. Şəhriyar birbaşa nağd şəkildə cavabdehə borc pul veribdir. İddiaçı 549 manat pul vermişdir. İddiaçı bildirir ki, onun cavabdehlə yaxın münasibəti olubdur, lakin o bu münasibətləri ayaqladı. Şəhriyar heç maşın sürə bilmir, o, heç bir maşın vurmayıbdır.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-639/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. CD diskdəki səslənənlərlə əlaqədar bildirmişdir ki, Şəhriyar 549 manat yox 450 manat icarə pulu vermişdir. İddiaçı onların moykasında, Memar Əcəmidə işçi idi. İddiaçı bir müddət işlədikdən sonra çıxmaq istədiyini bildirdi. İddiaçı etibar etdiyi adam idi. Səbəbini soruşduqda özünə moyka götürüb işlədəcəyini bildirdi. O, yanındakı daha iki nəfər işçini iddiaçıya etibar etdiyini, hesablarını onunla apardığını, o getdikdən sonra daha burada kim dayanar deyə bildirdi. O, moykanı iddiaçıya işlətmək üçün verəcəyini bildirdi. Aylığın vaxtı çatanda moyka sahibinin kartına aylığı göndərib. Üstündən 1 həftə keçdikdən sonra yanına gələrək qardaşının Türkiyəyə getdiyini, qardaşının çöldə qaldığını bildirərək pul istədi. Sən demə İddiaçı Təzəkişinin Fordunu əzib, ona görə də axşamdan moykanı bağlayaraq çıxıb getmişdir. O, bunu bilməyib. Oraya Ford gətiriblər, Şəhriyar maşını arxa-arxaya verərkən maşını əzibdir. Daha sonra həmin yeri benzinlə siliblər, amma izi qalıbdır. Daha sonra salonda işləyən qadın ona bildirdi ki, “səni axtarırlar”. Soruşanda ki, kim axtarır? Dedi ki, Fordun sahibi axtarır. X4 kamerasından baxdı ki, moykadan çıxa-çıxda salonun qabağında “C-klass” markalı maşını vurubdur. Daha sonra o, Şəhriyara yığaraq niyə ona xəbər etmədiyini soruşdu. Ona xəbər etsə idi, özü də maşın ustasıdır, tanışları var, düzəltdirəcəkdi. Şəhriyar ona müalicə aldığına görə narahat etmək istəmədiyini bildirdi. Bundan sonra Şəhriyar daha Moykaya gəlmədi, moyka bağlandı və o pul da batdı getdi. Bir müddət sonra Şəhriyar yenidən onun yanına gələrək qardaşını Türkiyəyə yola saldığını, pul lazım olduğunu bildirdi. O, cibindən 180 manat çıxararaq ona vermişdir. Üstündən 4 gün keçdikdən sonra Əcəmiyə gəldi, yenə üstündə 100 manat pul var idi, 30 manat saxlayıb, 70 manat pul verdi. Sonra ona deyib ki, daha sənlik işi yoxdur. Şəhriyar pulu ona əlbəəl verməyibdir, pulu birbaşa kartla obyekt sahibinin kartına göndəribdir

Apellyasiya baxışının hədləri 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə aid hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

16.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 17.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

18.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 19.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 20.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 21.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.1 və 21.2-ci maddə) 23.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (385.1-ci maddə)

24. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (425-ci maddə)

25. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) 26.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (739-cu maddə)

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. 28.Mülki işin materiallarında olan CD-diskdəki səs yazısında deyilir: “Şəhriyar, sənə sərf eləyir-eləmir, bilmirəm. Suyun içində indi gəlib çıxıram. Səhər açılandan ora-bura, birtəhər ki birtəhər nəsə yoluna qoymuşam. Məndə birigün saat 4-5 arasında pul olacaq 400 manat. O vaxta qədər də yağış-mağış olmasa, nəsə düz-qoş eləyəcəm üstünə o 140 manatı da, səninlə qurtaracam. Çünki belə, işin bazarı uzanır. İndi deyə bilmərəm də, kim eləyib səhv, bir az belə pis vaxtdır. Amma 400 manat elə bil ki, rayondan 1 nəfər “zapçast” almaq üçün göndərib, o da mənim əlimdədir. Yəni onu ... o biri həftənin İ-İİ gününə də saxlaya bilərəm. Birigün göndərəcək, o vaxta qədər 50-100-150 də nəsə, üstünü özüm düzəldim, eləyəcəm. 549 manatdı hamısı. İşini ona uyğun tut. Qalan, mən bilirəm məhkəməni də, haqqı da, vətəndaş haqqını da, olan məbləği də, hər şeyi də. Hamısını mən səndən gözəl bilirəm. Ola bilsin, sən ali savadlısan, elə düşünürsən, amma polisə yazdın. Polisə oğurluqda, nə bilim, müəyyən işlərdə yazırlar. Yəqin ki, mən bu qədər işlərdə polisə müraciət eləməmişəmsə səninlə bağlı, sən də eləməli deyilsən mənimlə bağlı. Ya istəyirsən elə, öz işindir. Qaldı ki, məhkəmə baxır. Mən bilirəm, adımda nə var, nə yoxdur, hansı fəaliyyətlə məşğulam. Nəsə, onları da qoydum bir qırağa. Başım “uje tormozit” olub. İndi gəlirəm, ac-susuzam səhərdən. Birigün saat 3-ə 4-ə qədər 400 manat olacaq, o vaxta qədər də özüm görüm nə düzəldirəm, sənə yollayacam. Birigün 4-ə 5-ə sənə pulu yollayacam. Sağ ol.” 29.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi “whatsapp” sosial şəbəkəsindəki etirafedici səs yazısına əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir. Çünki cavabdeh iddiaçıya hər hansı məbləğdə borcu olmadığını bildirməsinə baxmayaraq bu səs yazısındakı səsin ona məxsus olmasını inkar etmir. 30.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 31.Belələliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi həmin danışıq əqdin (borc müqaviləsinin) tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən fərqlənmir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən əsasların mövcudluğu sübut olunmuşdur. 32.Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 33.Cavabdehin pulun qaytarılmasına dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. 34.Beləliklə, iddiaçı cavabdehdən şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 35.Məhkəmə kollegiyası iddianın “vurulmuş zərərin ödənilməsi” hissəsi ilə əlaqədar Mülki Məcəllənin yuxarıda sadalanan maddələrə əsasən qeyd edilməlidir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. 36.Mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda bu öhdəliyin yaranması istisna edilir. 37.Beləliklə iş materiallarından göründüyü kimi iddiaçının iddiasının bu hissəsi üzrə irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki məhkəmə kollegiyasının gəldiyi qənaətə görə hazırki işdə zərərin baş verməsi, baş vermiş zərərin yaranmasına səbəb ola biləcək qanunsuz hərəkətə (hərəkətsizliyə) cavabdeh tərəfindən yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Bununla da, qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 38.Halbuki məhkəmə, mülki prosesdə qəbul edilmiş sübutetmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddianın bu hissəsi üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın yalnız borc tələbinə aid hissəsinin rədd edilməsi barədə nəticəyə gələrkən istinad edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 40.Bununla əlaqədar apellyasiya qismən şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-639/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi qismən (“borcun tutulması” hissəsində) ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia bu hissədə təmin edilməlidir. 41.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-639/2023 nömrəli, 13 fevral 2023cü il tarixli qətnaməsi qismən (“borcun tutulması” hissəsində) ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı iddiası bu hissədə təmin edilsin. Cavabdeh borc olaraq 549 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı, cəmi 563 (beş yüz altmış üç) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar