Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3193/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)-7814/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərər olaraq mənzilin əsaslı təmirinə görə xərclədiyi 17387,5 manatın və mənəvi zərərə görə 50000 manatın, cəmi 67387,50 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh Ağamehdinin oğlu ilə 2003-cü ildən faktiki ailəli olmuşdur və bir övladları var, əvvəllər cavabdehə məhkəmə işlərində köməklik etmiş, onun nümayəndəsi olmuşdur, müəyyən vaxtdan sonra aralarında isti münasibət yaranmış və birlikdə ailə təsərrüfatı idarə etmişlər, cavabdeh onun övladlarını qəbul etmiş və məhkəmə qətnaməsi ilə ona verilmiş mübahisəli mənzili əsaslı təmir edərək, övladları ilə orada yaşayacağı barədə aralarında razılıq olduqdan sonra, sözügedən mənzili öz vəsaiti hesabına əsaslı təmir edib 25.07.2008-ci il tarixindən həmin mənzildə övladları ilə birlikdə orada yaşamışdır, təmirə dair smetadan da göründüyü kimi o, mənzilin əsaslı təmirinə 17387,5 manat pul xərcləmişdir. Cavabdehlə birgə yaşayışdan 27.12.2010-cu il tarixində X1 mənzildə anadan olmuşdur. Cavabdeh bir müddət sonra oğluna atalıq da vermişdir, daha sonra məlum olmuşdur ki, onu aldatmış vəd etdiyi mənzili oğlu X9 bağışlama etmişdir. Suraxanı Rayon Məhkəməsində cavabdeh onu və övladlarının yaşadıqları mənzildən çıxarılması tələbi qaldırmış, məhkəmə tərəfindən tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır və ailəsi ilə birgə onu mənzildən çıxarmışlar, cavabdeh bir müddətdən sonra onu aldadaraq qeyd edilən hərəkətləri etməklə ona maddi zərər vurmaqla yanaşı mənəvi zərərdə vurmuşdur, mənəvi zərəri onunla bağlıdır ki, cavabdeh ailə quracağını bəyan edərək, valideyinlərindən onu istəmiş, onların razılığını almışdır, buna baxmayaraq onu qohum-qardaş yanında başıaşağı edərək rüsvay etmiş, övladları və valideynləri qarşısında təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır, evlənmək adı ilə onu evə gətirmiş, 20 il sonra onu uşaqları ilə birlikdə çölə atmışdır, jurnalist olmasına baxmayaraq, münasibətləri yarandıqdan sonra onun işləməsinə icazə verməmişdir, ona məxsus əşyaları qırmışdır, hesab edir ki, cavabdeh onun şərəf və ləyaqətini təhqir etməklə 50000 manat zərər vurmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 24.11.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəni maddi hissədə müdafiə etmədiyini, cavabdehdən ona dəymiş mənəvi zərər kimi 50.000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)-7814/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh 50.000 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsində təqdim olunmuş ərizənin məzmunundan barışıq üçün imzalandığı aşkar olur. Lakin, barışığın predmeti protokolda öz əksini tapmır. Eyni zamanda barışıq sazişi yoxdur. Belə bir saziş də İlhamə tərəfindən imzalanmayıb. Məhkəmənin istinad etdiyi protokolda da, razılaşmanı ifadə edən hər iki tərəfdən imza qoyulmamışdır. Odur ki, bu saziş İddiaçı iddiadan imtina etməsnin əsasını təşkil edə bilməz. Fiziki və hüquqi şəxslərin özlərinə məxsus mülki hüquqlardan istifadə etməməsi qanunvericilikdə müəyyən edilmiş hallar istisna edilməklə, bu hüquqların xitamına səbəb olmur. Məhkəmə qardaşı Abdullayev Mehdinin hüquqi statusunu, yəni prosesin hansı iştirakçı rolunda olduğunu aydınlaşdırmamışdır. Hesab edir ki, Abdullayev Mehdi təmir pulunun ən azı 10 000 manat hissəsini verən şəxs olduğu halda, onun müstəqil tələb irəli sürən üçüncü şəxs statusunda işdə iştirak etməsini işdə iştirak etməməklə, prosessual hüquqlar pozulmuşdur. Əhəmiyyətli hallardan biri odur ki, proses iştirakçılarından Abdullayev Mehdi evin təmiri üçün verdiyi 10000 (on min) manatı qaytarmasına həm, Cavabdeh, həm də İddiaçı cavabdehlik daşıması qənaətinə gəlinir. İlkin iddiada İddiaçı maddi tələb hissədə, tələb etidiyi maddi pulun 10000 (on min) manat Abdullayev Mehdiyə qaytarmalıdırsa, onda Abdullayev Mehdi müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iştirak etməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İlk olaraq qeyd olunmalıdır ki, 24.11.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, tələbini maddi hissədə müdafiə etmədiyini, cavabdehdən ona dəymiş mənəvi zərər kimi 50.000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə tələbin maddi zərərlə bağlı hissəsində dəqiqləşdirmə (iddiaçının həmin hissədə iddiadan imtina etməsi və.s kimi hallar) qiymət verməmiş, görünən tərəfi kimi MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaltmaqla, yalnız mənəvi zərərlə bağlı hissəyə qiymət verməklə prosessual pozuntuya yol vermişdir. Hansı ki, iddiaçının ərizəsindən asılı olmayaraq, maddi zərərlə bağlı hissədə MPM-də müəyyən edilmiş əsaslarla iş üzrə xitam verilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iddiaçının maddi zərərlə bağlı tələbinə qiymət verilməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraata iddia tələbinin cavabdehdən maddi zərərin tutulması hissəsində tələbə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Hazırda apellyasiya baxışının predmetində qalan hissə iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulması hissəsi təşkil edir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır, cavabdehi bacısının yoldaşı kimi tanıyır, cavabdeh Hövsandakı evi iddiaçının köməyi ilə əldə etmişdir, əvvəl orada cavabdehin qardaşının yoldaşı yaşamışdır, ev çox pis vəziyyətdə olmuşdur, qardaşları gəlmiş, onların köməyi ilə evi təmir etmişdirlər, cavabdeh qardaşı Mehdidən kirayə pulu almışdır, evi Mehdi dolandırmışdır, cavabdeh ailəsinin saxlanması üçün pul verməmişdir, özü də həmi evin yanında bir müddət kirayə qalmış, bu zaman görmüşdür ki, evdə həqiqətən də heçnə yoxdur, hətta iddiaçının qızı da bu səbəbdən xəstələnmiş, yeməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, iddiaçının qardaşıdır, cavabdehlə münasibətləri normaldır, həmin evdə kirayə qalmış, evi özü təmir etmişdir, təmir zamanı tək olmuşdur, ona qonşular kömək etmişdir, usta pulunu, həmçinin kirayə pulunu özü vermişdir, maşını cavabdeh tapmış, 1994-cü ilin maşını olmuşdur, 1500 manata həmin maşını özü almışdır, ev təmir olunduqdan sonra ilk olaraq oğlu Nurlanı, 2013-cü ildə onu, daha sonra 2015-2016-cı illlərdə iddiaçını və uşaqları həmin evdən qovmuşdur, cavabdeh ancaq Toğrula baxacağını bildirmişdir, evə çəkdiyi xərci tam deyə bilmir, cavabdeh də xərc çəkmiş, özü də yardım etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X10 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır, cavabdeh ilə münasibətləri pisdir, mübahisəli evə o, 10-cu sinifdə oxuyanda köçmüşdürlər, həm oxuyub, həm işləmişdir, bacısı və qardaşı da işləmişdir, maaşı evin təmiri üçün xərcləmişlər, cavabdeh 2019-ci ildə səhər tezdən qapını bərkdən döyərək içəri daxil olmuş, onları evdən çıxarmışdır, hətta həmin gün işə getmədiyi üçün bacısını da işdən çıxarmışlar, evin təmirinə dayısı, özü və evdə qalan digərləri maddi kömək etmişdir. İş materiallarında olan: AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15A, mənzil 74 11.06.2019-cu il tarixdən X6 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1247/2007 saylı Qətnaməsi ilə X5 uşağı ilə birlikdə Hövsan qəsəbəsi, Hövsan yolu, E.Qasımov 15A saylı evi 74 saylı mənzilində çıxarılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3964/2019 saylı, 25.09.2019-cu il tarixli Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı azyaşlı övladları X14, X7, X19, X11, X8 əşyaları ilə birlikdə iddiaçı X9 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15A, 74 saylı mənzildən çıxarılması qət edilmiş, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 978/2020 saylı 08.01.2020-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3964/2019 saylı 25.09.2019-cu il tarixli Qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. 15.01.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, vətəndaş Cavabdeh ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4904/2020 saylı 30.11.2020-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdehlər X9 və Cavabdeh Ağa oğluna qarşı əsaslı təmirə xərclənmiş pul vəsaitinin və ona hesablanmış faizin qaytarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. Beləliklə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, tərəflər faktiki nikah münasibətində olmuşlar, onların bu münasibətdən bir uşaqları var, iddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3964/2019 saylı 25.09.2019-cu il tarixli Qətnaməsinin icrası üzrə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15A, 74 saylı mənzildən çıxarılmışdır. Bununla belə, mənəvi zərərin vurulmasına dair, o cümlədən cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlinə (hərəkət və ya hərəkətsizlikdir) dair hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı. Kollegiya hesab edir ki, iddiaçının ona mənəvi zərər vurulması ilə bağlı irəli sürdüyü dəlillər iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqətinin ləkələnməsi, habelə cavabdehin əməli nəticəsində digər qaydada mənəvi zərərə uğraması hallarına dair hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də, kollegiya hesab edir ki, iddia tələbi apellyasiya baxışının predmetdə qalan hissədə əsassızdır və ona görə də təmin edilməməlidir. Kollegiya şahid ifadələrinə münasibətdə hesab edir ki, bu sübutlar mənəvi zərərlə bağlı iddia tələbinin təmin olunması üçün nəzərə alına bilməz. Şahidlər evin təmiri ilə bağlı ifadələr verməklə, həmin ifadələrdə iddiaçıya hər hansı mənəvi zərərin vurulması halları müəyyən olunmur. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim olunmuş “CD” diskə baxış keçirilmiş, həmin diskdə olan çəkilişlərdə iddiaçıya mənəvi zərərin vurulması halları müəyyən edilməmişdir. Kollegiya iddiaçının “cavabdehin onu və uşaqlarını evdən qovması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, qüvvədə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3964/2019 saylı 25.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və onun uşaqlarının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15A, 74 saylı mənzilindən çıxarılması qət edilmişdir və qanuvericiliyə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Buna görə də, kollegiya hesab edir ki, iddiaçının və onun uşaqlarının mənzildən çıxarılması məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməli kimi qiymətləndirilə və iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, kollegiya təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə idda tələbi təmin edilməməlidir. Kollegiya apellyatorun qardaşı Abdullayev Mehdinin hüquqi statusunu, yəni prosesin hansı iştirakçı rolunda olduğunu aydınlaşdırmaması, onun müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iştirak etməli olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd elir ki, X4 birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid qismində təqdim olunmuş, məhkəmə onu şahid qismində dindirərkən, iddiaçının qardaşı olmasını qeyd etmişdir. Digər tərəfdən MPM-nin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. İş materiallarından X2 müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb edilməsi barədə iddiası mövcud deyildir. Kollegiya həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən iddia apellyasiya baxışının predmetində qalan hissədə rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu önun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)-7814/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi apellyasiya baxışının predmetində qalan-mənəvi zərərlə bağlı hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3193/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3193/2022
01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver