Məhkəmə qərarları › İş №2(103)-3193/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3193/2025

14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3193/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “avtomaşının üzərindən borcun silinməsi və texniki baxış keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1038/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı - cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “avtomaşının üzərindən borcun silinməsi və texniki baxış keçirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır. Hazırda İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “mən bu tələbi iddia icraatı kimi deyil, inzibati qərardan şikayət kimi verməliyəm. Məhkəmə bu zamanmənim iddiamın mahiyyətini düzgün anlamamışdır. Belə ki, mən həmin avtomobili sürən sürücü barəsində tərtib edilmiş qərarı mübahisələndirmirəm ki, həmin qərardan şikayət verim. Həmin qərar qanunidir və icradadır, sürücü cəriməni ödəmədiyi üçün məhkəmə qərardadı ilə sürücülük hüququndan məhrum edilib və hazırda həmin qərar icradadır. Mən cavabdeh tərəfindən qanunsuz olaraq həmin cərimənin avtobusun üzərində saxlaması və buna görə də avtomaşını texniki baxışdan keçirməkdən imtina etməsi barədədir. Bu barədə iddia ilə inzibati məhkəməyə müraciət etmişdim, inzibati məhkəmənin qərardadı ilə iddia mümkünsüz hesab edilmiş və mübahisə mülki xarakterli olduğu üçün mənə ümumi məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məndə ümumi əsaslarla iddia icraatında cavabdehə qarşı iddia qaldırmışam ki, qanunsuz olaraq mənim avtobusumu üzərində saxlanmış borc götürülsün. Burdan da görünür ki, iddiam mülki xarakterlidir, DYP-nin mənə və avtobusuma qarşı hər hansı bir qərarı yoxdur ki, mən İXM-dən irəli gələn tələblər kimi həmin qərardan vəzifəli şəxsin qərarı kimişikayət verim. Ona görə də belə hesab edirəmki, bu mülki iddiadır, cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomaşınımın üzərinə borc göstərilib və həmin borc məhkəmə qətnaməsi ilə qanunsuz hesab edilərək silinməlidir. Məhkəmə işin bu konkret hallarına düzgün qiymət vermədiyi üçün iddiamı geri qaytarmışdır, hansı ki, işin konkret hallarına düzgün qiymət versəydi, bu qərardadı qəbul etməzdi.” Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin düzgün olaraq qeyd etdiyi kimi, iddiaçı öz iddia ərizəsində inzibati xəta haqqında qərara əsasən tətbiq edilmiş cərimənin götürülməsi və avtomobilin texniki baxışdan keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya izah edilməlidir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yəni iddiaçı tətbiq edilmiş cərimənin silinməsini xahiş edirsə, bu barədə mülki məhkəmə icraatı çərçivəsində müstəqil iddia ərizəsi verməklə deyil, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı iddiasını iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar