Məhkəmə qərarları › İş №2(103)-3195/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3195/2023

10.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3195/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3195/2023 (Açar sözlər: borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli e-2(006)-355/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh iddiaçi İddiaçı yazılı müqavilə bağlamadan qaytarmaq şərti ilə xx.xx.2020-ci il tarixdə 5.000 manat, xx.xx.2020-ci il tarixdə 3.500 manat olmaqla, umumilikdə 8.500 manat borc almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7 250 manat borc, 1.250 manat əldən çıxmış fayda və 1.000 manat mənəvi zərər olmaqla, cəmi 9 500 manat pul vəsaiti və ödənilmiş 115 manat dövlət rusumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki o, Cavabdeh xx.xx.2020-ci il tarixdə 5.000 manat, xx.xx.2020-ci il tarixdə 3 500 manat olmaqla, ümumilikdə 8.500 manat borc vermişdir və bu faktı onunla aralarında olan danışıqlar, yazışmalar, səs yazıları və şahidlər təsdiq edir. Belə ki, cavabdeh ona təcili pul lazım olduğunu bildirmiş, ondan aldığı 8 500 manat məbləği ən gec 5-6 aya qaytaracağını öhdəsinə götürmüşdur. Lakin cavabdeh üzərinə götürdüyu öhdəliyi yerinə yetirmir və borc aldığı tarixdən bu günə qədər ona borclu olduğu 8 500 manat borcdan çox cuzi bir hissəsini geri qaytarmışdır. Belə ki, borclu müxtəlif vaxtlarda (fevral-mart 2021-ci il) cəmi borcundan 1250 manat (750+500) geri qaytarmışdır. Cavabdehi onunla tanış edən təxminən 5 ilə yaxındır tanıdığı X2 da bu barədə dəfələrlə desə də, narahat olmamasını və tezliklə borcu qaytaracağını söyləmişdir və hələ də söyləməkdə davam edir. Cavabdeh hər dəfə görüşdən qaçır, onunla əlaqədən yayınır, zənglərinə cavab vermir. Sonradan əldə etdiyi məlumata əsasən cavabdeh ondan aldığı pulla özünə biznes qurmuşdur. Bunu öyrəndikdə qurduğu biznesə baxmağa getmişdir, cavabdeh bir obyektdə dil kursu açmış və fəaliyyət göstərirdi. O, borcumu qaytarmasını tələb etdikdə narahat olmamasını, işlərinin yaxşı getdiyini və ona daha çox pul verəcəyini qeyd etmişdir. O isə cavabdehə artıq pul istəmədiyini qeyd edərək sonuncuya verdiyi məbləğdə pulun geri qaytarılmasını tələb etmişdir. Sonradan min cur bəhanələr gətirərək işinin qaydasında getmədiyini, hal-hazırda ödəmə imkanının olmadığını qeyd edərək ödəmə etməkdən yayınmışdır. Cavabdeh Bakı şəhəri 47 saylı orta məktəbdə Rus dili müəlliməsi işləyir. Hətta iş yerinə qədər gedib ondan pulunu tələb etməyə cəhd etmiş, lakin təəssüf ki, məktəbdə onu tapa bilməmişdir. Məktəbin rəhbərliyindən cavabdehi şoruşanda başqa şikayətçilərin də onu axtardığı haqqda məlumat almışdır. Bu məlumatlardan sonra aldandığını və ona qarşı dələduzluq əməli törətdiyini başa düşmüşdür Bu barədə dərhal Nəsimi rayon 20 saylı polis bölməsinə şikayət etmiş, işə Həbib kımı özünu təqdim edən əməliyyatçı tərəfindən baxılmışdır. Bölmədə izahatını yazmış və cavabdeh haqqında əlində olan butun məlumatları təqdim etmişdir. Cavabdeh bolməyə gələrək izahat vermiş və etdiyi əməli etiraf etmiş və fakt öz təsdiqini tapmışdır. Sonradan anlamadığı səbəblərdən Həbib kimi özünü təqdim edən əməliyyatçı onunla kobud şəkildə davranmağa başlamış, cavabdehlə guya görüşə bilmədiyini, onu tapa bilmədiyini qeyd edərək işə xitam verməyə çalışmışdır. Haqqını tələb etsə də onu hədələmiş, süründürməçilik edərək işi suni şəkildə uzatmışdır. Sonda cavabdehin tapıla bilmədiyi əsas gətirilərək işə xitam verilmişdir. Çox maraqlıdır ki, iş yeri, telefonu, yaşadığı yer bəlli olan adamı polis orqanlarının əməkdaşları niyə tapa bilmir? Cavabdehə bu günə qədər dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh borclu olduğu məbləği vaxtında qaytarmadığı üçün o, müəyyən məbləğdə qazancından da mərhum olmuşdur. Belə ki, Cavabdeh verdiyi pul onun dövriyyəsindən çıxmışdır, həmin məbləğ dövriyyəsində olsaydı düşünür ki, o, əlavə olaraq 1.250 manat qazana bilərdi Həmçinin psixoloji sarsıntı keçirmişdir. bütün əsəb sistemi sıradan çıxmışdır, ürək xəstəliyi tapmışdır və hal-hazırda da intensiv olaraq müalicə alır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-355/2023 nömrəli 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, 7.250 manat əsas borc, qaytarılmamış əsas borca iki il ərzində hər il 5 % hesabı ilə hesablanmış cəmi 725 manat əldən çıxmış fayda və ödənilmiş 115 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.975 manat məbləğində pul vəsaiti cavabdeh Karmella Hüseyn qızından tutularaq iddiaçı X1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 337.3, 337.4, 337.5, 449.1, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 191.3, 220.4. 217.4cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddiaçı barədə qanunsuz sələmə pul verdiyi üçün tədbir görülməsini xahiş etmişdir.

7. Apellyasiya onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında müqavilə yoxdur. Həmin pulu o, ödəmiş, cəmi 2500 manat borcu qalıb. İddiaçının ondan tələb etdiyi faizdi. İddiaçı ona pulu faizə vermişdi və o, həmin pulun faizini hər ay 750 manat olmaqla vermişdir. O, ona 8 ay faiz vermiş, cəmi 6000 manat pul ödəmişdir. Sonra demişdir ki, “artıq gücüm catmır gəl pulunu ödəyim”, lakin o razılaşmadığını bildirmişdi ki, “mənim pulumu faizlə birlikdə ver”. Onun iddiaçının pulu ona faizlə verməsi barədə əlində sübutlar vardır. Belə ki, onda Whatsapp yazışmaları və həmçinin səs yazısı vardır. Onun ona 2500 manat borc qalıb. Məhkəmə proseslərində iştirakı təmin olunmadığı üçün hüquqlarını müdafiə edə bilməmişdir. Belə ki, o, həmin pulu ödəməkdən imtina etmir, amma məhkəmə tərəfindən çıxarılan qətnamədəki məbləğlə razı deyil, ona görə ki, 7975 manatın ondan tutulması göstərilib, lakin o, 8500 manatdan artıq 6000 ödəmişdir. Belə ki, bunu onları iddiaçı ilə tanış edən Svetlana Babaxanova da bilirdi. Hətta iddiaçı özu də izahatında göstərib ki, Svetlana onları tanış edib, mənə pul ödəməyi bildirib. Ona görə də o, Svetlananın ona Whatsap-da yazağı səs yazısını məhkəmədə təqdim edəcdir. Belə ki, orada onun iddiaçıya pulu verdiyini bildirir. Həmçinin iddiaçının özü ilə də onun Whatsapda yazışmaları vardır və orada da iddiaçı ona aşağıdakı məzmunda yazmışdır: "Mən o pulu qazanc məqsədi ilə vermişəm, verməmişəm ki siz istədiyiniz vaxt hər ay istədiyiniz qədər qaytarasınız. Nə qədər sezondu mana 500 verin qoyun faiz düşsün. Həftənin axırına kimi heç olmasa 1000 manat kimnənsə borc götürün verin, sonra faizi saxlasınlar" Bunlar iddiaçının da dediyi kimi onların arasında olan yazışmalardı. Lakin iddiaçı yazışmaları hər halda məhkəməyə özünə sərf edən formada təqdim etmişdir. Burdan da görünür ki, o məhkəməni də aldadır. Belə ki, o, pulu ödəyib qurtarmış. Lakin iddiaçı ondan pulun faizin istəyir. Yazışmalardan da görünürki, iddiaçı ona pulu faizə verib və ondan də pulu deyil pulun faizin istəyir. O, isə ona olan pulun 6000 ödəmişdir. Hətta iddiaçı öz xətti ilə yazıb ki, 6500+900 10 faiz ümumi 7500 manat. Həmçinin pulun xx.xx.2020-ci il tarixdə ona faizə verdiyini yazılı yazıb qol çəkmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışı zamanı cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.]

12. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

13. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

14. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

15. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

16. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər

17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

20. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [717]

22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “725 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasındakı borc müqaviləsi ilə əlaqəli yazışmalardan, cavabdehin məhkəmədə verdiyi etirafedici izahatından görünür ki, Cavabdeh iddiaçi İddiaçı şərtləşdikləri tarixdə qaytarmaq şərti ilə, faizsız olaraq - 29.07 2020-ci il tarixdə 5.000 manat, xx.xx.2020-ci il tarixdə 3.500 manat olmaqla, umumilikdə 8.500 manat borc almışdır.

32. İddiaçı bildirir ki, cavabdeh hissəvi olmaqla, cəmi 1.250 manatı geri qaytarsa da, qalan 7.250 manat borcu iddiaçıya qaytarmamışdır. Borcun qalan hissəsinin qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etmiş, nəticəsi olmadığından hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmiş. müraciəti araşdırılaraq cinayət xarakterli və inzibati xəta tərkibli olmadığından iddiaçıya mülki xarakterli mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

33. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən olundu ki, tərəflər arasında 8500 manat pul məbləğinə dair borc müqaviləsi bağlanmışdır. Lakin həmin borc müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən, şifahi formada bağlanmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) əqddir.

34. Həm birinci instansiyada, həm də apellyasiya baxışında iştirak edən cavabdeh izahatında aldığı borcdan 6000 manatını qaytardığını bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

35. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

37. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından mülki qanunvericiliyin tələblərinə görə cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmağa borcludur. Belə ki, tərəflər arasında olan mülki hüquq münasibətlərindən görünür ki, cavabdeh hazırki vəziyyətdə iddiaçının vəsaiti hesabına faktiki olaraq varlanmışdır.

38. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan tərəflər arasında Whatsapp yazışmalarından da cavabdeh tərəfindən daha çox pul qaytarılması və ya daha az pul qaytarmalı olması halı müəyyən olunmur.

39. Məhkəmə kollegiyası illik 5% dərəcəsi ilə əldən çıxmış fayda formasında zərər hesablanması hissəsində qətnaməni əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında göstərilmişdir ki, muqavilənin quvvədə olma muddətinin bitməsinə baxmayaraq müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339 4-cu maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi uçun məsuliyyət» adlanan 23-cu fəslində müəyyən edilmiş muddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit muqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cu maddəsinə əsasən onun zərərın əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.

42. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

43. Kollegiya qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, verilmiş pul məbləğlərinin hansı müddətə verildiyini müəyyən etmək mümkün olmadığından, yəni öhdəliyin də hansı vaxtdan pozulduğu müəyyən olunmadığından, həmçinin, iddiaçı tərəfindən də əldə çıxmış fayda tələbi ilə bağlı hər hansı bir sübut təqdim olunmadığıdan (cavabdehin pul məbləğindən sonuncunun faydalanması ilə bağlı onun gəlir, artım, bəhər və s. əldə etməsini təsdiq edən sübutlar) iddia tələbinin həmin hissəsinin təmin olunmasını əsassız hesab edir.

44. Kollegiya apellyasiya şikayətinin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh hazırlıq iclasında iştirak etmiş və izahat vermişdir. Növbəti məhkəmə iclasında ərizə verərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərsə də, bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi də düzgün olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-355/2023 saylı iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən, yəni “725 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar