Məhkəmə qərarları › İş №2(103)-3196/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3196/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3196/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)-170/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 36454,18 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 04.05.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi İddiaçı ilə bank arasında 04.05.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında olan öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. 19.10.2018-ci il tarixdə İddiaçı bank hesabından zaminlik müqaviləsinə əsasən 249784,18 manat məbləğində pul silinmişdir. Halhazırda İddiaçı zamin kimi Cavabdeh əvəzinə ödədiyi pulun 36454,18 manat hissəsini tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)-170/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, İddiaçı tərəfindən zamin kimi 249784,18 manat məbləğində pul ödənildiyi halda, yalnız 36454,18 manat pul məbləğini tələb etməsinin səbəbi araşdırılmamışdır. Əslində isə iddiaçı cavabdehə məxsus "xxxx" Tikinti Kooperativi tərəfindən inşa olunan Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın ümumi sahəsi 140,59 kv.metrdən ibarət 3 otaqlı 64 saylı mənzilini qeyri-qanuni olaraq, adından çıxararaq öz adına keçirmiş, sonradan isə həmin mənzil "xxxx" tərəfindən digər şəxsə satılmışdır. İş materiallarında olan qiymətləndirmə rəyindən görünür ki, mənzilin bazar dəyəri 245000 manat təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının 20 fevral 2020-ci il tarixli rəyinə əsasən isə, Cavabdeh "xxxx" ASC-yə 08.01.2018-ci il tarixə 213330 manat əsas borcu və 20647,95 manat faiz borcu vardır. Belə olan halda, mənzilin bazar dəyəri və banka olan borcun məbləğini əsas götürdükdə, əslində iddiaçının cavabdehə (245000- (213330+20647,95)=11022,05 manat məbləğində borcu var. Bundan əlavə, məhkəməyə müraciət olunana qədər Bank və ya zamin tərəfindən cavabdehə qarşı hər hansı pretenziya məktubu və ya digər məktub göndərilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil1 isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasına öz nümayəndəsini göndərmədiyindən, apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)- 170/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, Cavabdeh 04 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün İddiaçı zamin kimi onun əvəzindən "xxxx" ASC-yə 249784,18 manat ödəniş etmişdir. Belə ki, cavabdehin öhdəliyi üzrə iddiaçının Bankda olan hesablarından 249784,18 manat pul tutulmuşdur. Beləliklə, zamin İddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. İş materiallarında olan 04 may 2016-cı il tarixli, 1-04-05-2016-SM-BP nömrəli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 240 ay müddətinə, illik 8% ödəmək şərti ilə, 213330 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04 may 2016-cı il tarixli, 1-04-05-2016-SM-BP nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış 04 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 213330 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin "xxxx" Mənzil Tikinti Kooperativi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan 04 may 2016-cı il tarixli, 1-04-05-2016-SM-BP nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış 04 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 213330 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin İddiaçı borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 20 fevral 2020-ci il tarixli 24267 №-li rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları əsasında və 04.05.2016-cı il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh "xxxx" ASC-yə 08.01.2018-ci il tarixə 213330 manat əsas borcu, 20647,95 manat faiz borcu vardır. 08.01.2018-ci il tarixdən sonra kredit müqaviləsi üzrə 01.02.2018-ci il tarixdə 500 manat, 19.10.2018-ci il tarixdə 249784,18 manat ödəniş edilmişdir. 249784,18 manat məbləğində olan ödəniş 04 may 2016-cı il tarixli 1-04-05-2016- SM-BP nömrəli zaminlik müqaviləsi əsasında zamin kimi çıxış edən İddiaçı məxsus ******************** saylı hesabdan silinmişdir. İş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının 30 avqust 2019-cu il tarixli 20760 saylı rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh adından bağlanmış 04 may 2016-cı il tarixli 1-04-05-2016-SM-BP nömrəli zaminlik müqaviləsinin 1-ci və 2-ci nüsxələrinin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ tərəfindəki imzalar və 3-cü vərəqələrində “borclu” hissəsində “imza” qrafasındakı imzalar---Cavabdeh tərəfindən icra olunmuşdur. Apellyasiya icraatı zamanı "xxxx" MTK-ya edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh ipoteka krediti müqaviləsində qeyd olunan öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Azərbaycan Beynəlxalq Bankı tərəfindən Cavabdeh adına olan ümumi borc İddiaçı əmanət hesabından silinmiş və zaminlik müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzil İddiaçı sərəncamına verilmişdir. Qeyd olunan mənzil İddiaçı tərəfindən "xxxx" MTK vastiəsi ilə X1. Mənzilin dəyəri müqavilə üzrə 170500 manat təşkil etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh ilə "xxxx" MTK arasında 04 may 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzilin alınmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, bu Müqavilə üzrə mənzilin 1 kv.metrlik sahəsinin qiyməti 1686 manat olmaqla müqavilənin qiyməti cəmi 237034,74 manat müəyyən edilmişdir. Müqavilə üzrə tərəflər pul vəsaitinin 213330 manatının "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən götürülmüş pula əsasən ödənilməsinə dair razılaşmışlar. "xxxx" MTK tərəfindən verilən 04 may 2016-cı il tarixli maliyyə arayışından isə göründüyü kimi Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilib (İ cild, i.v.90). Birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının da rəyindən göründüyü kimi cavabdeh tərəfindən banka 08 yanvar 2018-ci il tarixədək 8033,44 manat, həmin tarixdən sonra 500 manat ödənilmiş və həmin məbləğlər faiz borcundan silinərək Cavabdeh banka olan əsas borcu 213330 manat, faiz borcu isə 20647,95 manat təşkil etmişdir. Lakin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi səbəbindən zamin İddiaçı hesabından 249784,18 manat pul silinmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi zamanı alınmış "xxxx" MMC-nin 27 iyun 2019-cu il tarixli hesabatından görünür ki, Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzil 245000 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə İddiaçı borclunu xəbərdar etmədən zamin kimi kredit müqaviləsi üzrə tələbi icra etmiş, mənzil onun sərəncamına keçmiş, sonradan isə mənzili X2. Mülki qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etməmişdən əvvəl bu barədə borclunu xəbərdar etməli idi. Əgər qanunvericiliyin tələb olunan normasını zamin pozmuşdursa, bu halda borclu zaminin reqress tələbinə qarşı kreditora qarşı olan öz etirazlarını irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.2-ci maddəsinə zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə görə isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. İş materiallarından görünür ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh 04 may 2016-cı il tarixli, 1-04-05-2016-SM-BP nömrəli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 08.01.2018-ci il tarixə 213330 manat əsas borcu, 20647,95 manat faiz borcu olmuşdur. 08.01.2018-ci il tarixdən sonra kredit müqaviləsi üzrə 01.02.2018-ci il tarixdə 500 manat, 19.10.2018-ci il tarixdə 249784,18 manat ödəniş edilmişdir. 249784,18 manat məbləğində olan ödəniş 04 may 2016-cı il tarixli 1-04-05-2016- SM-BP nömrəli zaminlik müqaviləsi əsasında zamin kimi çıxış edən İddiaçı məxsus ******************** saylı hesabdan silinmişdir. İddiaçı tərəfindən zamin kimi əsas borclu Cavabdeh əvəzinə pul ödənildiyi 19.10.2018-ci il tarixə isə Cavabdeh banka müqavilə üzrə 8 faiz dərəcəsi ilə 40202,04 manat məbləğində faiz borcu ödəməli olduğu halda (1-ci cild i.v.197), cəmi 8033,44+500=8533,44 manat ödəniş etmiş, ödənilən pulların hamısı faiz borcundan silinmişdir. Beləliklə, 19.10.2018-ci il tarixinə Cavabdeh "xxxx" ASC-yə 213330 manat əsas borcu, 31668,6 manat faiz borcu, cəmi 244998,6 manat borcu qalmışdır. İddiaçı isə həmin tarixdə Cavabdeh əvəzinə banka 249784,18 manat ödəniş etmiş, bunun əvəzində "xxxx" MTK-nın verdiyi 04 may 2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən dəyəri tam ödənilmiş və "xxxx" MMC-nin 27 iyun 2019-cu il tarixli hesabatına əsasən bazar dəyəri 245000 manat olan Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzil onun adına keçirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı Cavabdeh əvəzinə 249784,18 manat məbləğində pul ödədiyi halda, iddia ərizəsində ondan əvvəlcə 44988,32 manat pul tələb etmiş, daha sonra isə iddia tələbinin həcmini azaldaraq 36454,18 manat pul tələb etdiyini bildirmiş, ödədiyi qalan pulu tələb etməməsinin səbəbini izah etməmişdir. Cavabdeh "xxxx" ASC-yə 19.10.2018-ci il tarixinə borclu qaldığı 244998,6 manat pulun müqabilində Cavabdeh tərəfindən dəyəri tam ödənilmiş, bazar dəyəri 245000 manat olan mənzil İddiaçı adına keçirildiyindən, sonuncunun Cavabdeh əvəzinə ödədiyi pulu geri tələb etməkdə haqlı olmamışdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunan hallar Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia rədd edildiyindən və apellyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilməli, məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 272 manat pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)-170/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilsin. Məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 272 manat pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar