Məhkəmə qərarları › İş №2(103)-3199/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3199/2025

18.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3199/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Manafova Arifə Pərviz qızı və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3199/2025 (Açar sözlər: istifadənin qadağan edilməsi və maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı (X15 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “yaşayış sahəsindən istifadənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən, 28.4 kv.m. meydançadan ibarət olan B tikilisindən istifadənin cavabdehə qadağan edilməsi, B tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, B tikilisinə giriş üçün cavabdeh tərəfindən yol verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı ərizəsinə dəqiqləşdirmə verərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 m2 yaşayış, 36.8 m2 köməkçi sahədən, 28.4 m2 meydançadan ibarət olan “B” tikilisindən istifadənin Cavabdeh qadağan edilməsi və “B” tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Rayon Məhkəməsinin 2(003)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən, 28.4 kv.m. meydançadan ibarət olan B tikilisindən istifadədən cavabdeh X18 tərəfindən hər hansı maneənin edilməsimin qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.1, 158.2, 158.4, 215.1, 215.5, 215.6-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam olaraq təmin edilməməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən təqdim olunmuş sübutları (miras sənədləri, kadastr çıxarışları və s.) nəzərə almayaraq, prosessual qaydalara uyğun tərəflərin bərabərliyini və ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir və bununla da sonuncunun torpaq sahəsi üzərindəki mülkiyyət hüququnu tanımamış və bu hüququn pozulmasına zəmin yaradan qətnamə çıxarmışdır. Belə ki, qeyd edilməmişdir ki, həmin torpaq sahəsi Cavabdeh məxsusdur və sonuncunun adı yuxarıda çəkilən torpaq sahəsinə mülkiyyət hüquqları daha əvvəl yaranmışdır, kobud surətdə qanun pozuntusu nəticəsində həmin torpaq sahəsində yerləşən tikiliyə mülkiyyət hüquqları başqa şəxsin adına qeydə alınmışdır. Çünki yeni tikililərlə bağlı bundan sonra Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamı, həmin sərəncam əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və reyestrdən çıxarışın verilməsi məhz tikililərin yerləşdiyi torpaq sahəsi 08 sentyabr 2005-ci il tarixdə həmin torpaq sahəsi X6 bağışlandıqdan sonra aparılmışdır. Yəni bu proseslərin aparıldığı dövrdə torpaq sahəsinin mülkiyyətçisi X3 və ya İddiaçı Məmmətağı qızı olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

11. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

12. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

13. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

14. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

15. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırda cavabdeh tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

26. Belə ki, iş materiallarında olan Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi bağın icarəyə verilməsi haqqında müqavilə ilə X4 ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000152 saylı 03 may 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

27. X3 Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi İddiaçı Məmmətağı qızına bağışlamış, sonuncu isə Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini X6 bağışlamışdır.

28. Bakı şəhəri Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kv.m yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.

29. Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində mövcud yaşayış evi sökülmüş, yerində 87.1 kv.m sahəli 6 yaşayış otağı, 94,4 kv.m köməkçi sahədən ibarət 2 yaşayış evi tikilmiş, həyətdə qazanxana sahəsi - 6,3 kv.m, 2 yay mətbəxi sahələri - 87,8 kv.m və 70,0 kv.m əlavə olaraq tikilmiş, cəmi torpaq sahəsi - 1538,0 kv.m-dən ibarət olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 21 aprel 2006-cı il tarixli 374-E/6 nömrəli rəyində də Əzizbəyov (hazırkı Xəzər) rayonu Buzovna qəsəbəsi 330 a nömrəli ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin tikildiyi, “tikintinin qısa xarakteristikası” hissəsində həmin ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin layihələndirildiyi öz əksini tapmışdır.

30. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 08 iyun 2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun “torpaq sahəsinin planı” və “sahələrin xarakteristikası” hissələrində Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində 3 otaqlı “A” tikilisinin, 3 otaqlı “B” tikilisinin mövcud olması qeyd edilmişdir.

31. Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsinin 0,16 ha hissəsi İddiaçı mülkiyyətinə verilmişdir.

32. Bakı şəhəri Buzovna qəsəbəsi 0,08 ha torpaq sahəsi olan 330a nömrəli bağ sahəsi üzərində X5 mülkiyyət hüququ 12 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 29 dekabr 2019 tarixdə ölmüş X5 vərəsələri Cavabdeh, X15, X14r. Miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir.

33. "X19 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla iddiaçı Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Sualda qeyd olunan V tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.

34. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

35. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Lakin belə hərəkətlərə son qoyulmazsa mülkiyyətçi onlara son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

36. Neqator iddia (lat. actio negatoria– inkar edən iddia mənasını verir) mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələbdir. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

37. Həmçinin hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

38. Beləliklə, adı çəkilən iş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi üzərindəki tikili ilə birlikdə ilk növbədə X2 məxsus olmuş, daha sonra həmin bağ evi sonuncu tərəfindən nəvəsi İddiaçı Məmmətağı qızına bağışlanmışdır. İddiaçı isə həmin sahənin 0,08 hektar olan hissəsini X6, yəni hazırki iş üzrə cavabdehin mərhum atasına bağışlamışdır. Sonradan bağ sahəsinin İddiaçı məxsus olan hissəsindəki tikili sökülərək 2 ayrı tikili inşa edilmiş və hər iki tikili üzərində sonuncunun hüquqları dövlət qeydiyyatına alınmışdır. X6 məxsus olan 0,08 ha torpaq sahəsi üzərində isə mərhumun hüquqları qeydə alınmış və onun ölümündən sonra miras əmlak qaydasında vərəsələrinə, o cümlədən hazırki iş üzrə cavabdehə keçmişdir. Hazırda iddiaçı özünə məxsus olan evdən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını xahiş edir və cavabdeh də iddianı qəbul etməyərək mübahisəli tikilinin və onun altında yerləşən torpaq sahəsinin vərəsəlik qaydasında onun mərhum atasından keçdiyini bildirir.

39. İş materiallarından da göründüyü kimi, əvvəllər X2 məxsus olan torpaq sahəsi iddiaçıya bağışlanaraq onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və iddiaçı da özünə məxsus olan sahədən 0.08 ha olan hissəni cavabdehin mərhum atasına bağışlamışdır. "X19 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla iddiaçı Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Bu isə o deməkdir ki, istər iddiaçının, istərsə də cavabdehin atasının mülkiyyət hüquqlarının çatdığı və qorunduğu sahələrin dairəsi konkret olaraq məlumdur. Məhkəmələrin aydınlaşdırmalı olduğu məsələ isə hazırda mübahisəli tikilinin kimə məxsus olan torpaq sahəsində inşa edilməsi və həmin tikilinin özünün mənsub olduğu mülkiyyətçiyə dair hüquqların etibarlı olub-olmaması ilə bağlıdır.

40. Yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri Buzovna qəsəbəsi 1 mərtəbəli 6 otaqlı 88.1 kv.m yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd – “A” və “B” tikililərindən ibarət 330a nömrəli bağ evi İddiaçı mülkiyyətindədir və iddiaçı da məhz “B” tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılmasını xahiş etmişdir.

41. Bununla əlaqədar Cavabdeh həmin “B” tikilisinə dair çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)- 374/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyriyaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin İddiaçı mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-249/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)-374/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın rədd edilməsi qət edilmiş, sözügedən qətnamə kassasiya instansiyasında da qüvvədə qalmışdır.

42. Sözügedən işlə bağlı apelyasiya instansiyasında aparılmış araşdırmadan görünür ki, hazırda da mübahisələndirilən “B” tikilisinin İddiaçı mülkiyyətində olan və müvafiq olaraq texniki pasportunda qeyd olunan “B” tikilisi mi olması, yaxud həmin evin sökülərək mövcud tikilinin Cavabdeh məxsus torpaqda tikilmiş olması məsələsi araşdırılmış və bu barədə ekspertiza təyin edilmişdir.

43. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin ölçüləri İddiaçı bağışlandıqdan sonra tərtib olunmuş texniki pasportda olan göstəricilərlə eynilik təşkil edir, fərq yoxdur, faktiki vəziyyətdə göstərilən yaşayış evi texniki pasportda qeyd olunan “B” literli həmin evdir.

44. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, nə qədər ki, mübahisəli “B” tikilisi İddiaçı mülkiyyət hüququ ilə mənsubdur və həmin mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlər və hüquq münasibətləri, yəni X1 mülkiyyət hüqununun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında tikililərin nəvəsi İddiaçı bağışlanması barədə 12 oktyabr 2006-cı il tarixli müqavilə qüvvədədir, bu halda İddiaçı mübahisəli tikili üzərindəki mülkiyyət hüquqlarını şübhə altına alan hər hansı hal mövcud deyildir.

45. Göründüyü kimi, mübahisəli tikilinin iddiaçının İddiaçı məxsusluğu və bunu təsdiq edən müvafiq çıxarışın etibarlılığı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunduğundan hazırda bu hal yenidən mübahisələndirilə bilməz.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya ona məxsus əmlakdan mülkiyyətdən irəli gələn hüquqların həyata keçirilməsinə maneə törədilmiş və bunun üçün heç bir qanuni və hüquqi əsası mövcud olmamışdır. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə toxunmaqla onu hazırki iddia ilə məhkəməyə müraciət etməyə sövq etmişdir.

48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyə haqlı olmuşdur. birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar