Məhkəmə qərarları › İş №2(103)-32/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-32/2024

29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-32/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının hüquqi varisi X1 Cavabdeh qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “darvazanın sökülməsi, maneələrin aradan qaldırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X5 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5190/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1669 saylı, 0,1248 ha. ölçülü bağ sahəsi 21 iyun 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əvvəllər torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, mübahisənin həlli kimi tərəflər arasında notarial qaydada barışıq sazişi bağlanmış, həmçinin 04 iyun 2021-ci il tarixdə 1669 və 60 saylı bağ sahələrinin bölgü sxemi hazırlanaraq tərəflər arasında razılaşdırılmış qaydada notarial təsdiqlənmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan və AA 533182 saylı torpaq sahəsinin plan-ölçüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 60 saylı bağ sahəsi cavabdehin mülkiyyətindədir.

4. Birinci instansiya məhkəməsində məhkəmənin təşəbbüsü ilə mübahisəli ərazinin yerinə müayinəsi təyin edilmiş, müayinə zamanı müəyyən edilmişdir ki, bir-biri ilə yanaşı yerləşən 60 və 1669 nömrəli bağ sahələrinin təxminən ortalarından "xxxx" ASCyə məxsus magistral su kəməri keçir. Cavabdehə məxsus 60 nömrəli bağ sahəsinin nəzəri şimal, yəni fərdi yaşayış evi tikilmiş hissəsindən cənuba doğru bağ sahəsinin sonunadək, həmçinin su kəmərinin keçdiyi sahə də daxil olmaqla heç bir arakəsmə müəyyən edilməmiş, bağ sahəsinin qurtaracağı mişar daşları ilə hörülmüş, dəmir darvaza qoyulmuşdur. Həmçinin, həmin bağ sahəsinin su kəməri keçən sahəsinin üzü nəzəri şimal istiqamətində sol tərəf sərhəddi taxta materialdan, sağ tərəfi, yəni 1669 saylı bağ sahəsi ilə həmin sahədən keçən sərhəddi isə kiçik ölçülü dəmir darvazadan ibarət arakəsmədir. 1669 saylı bağ sahəsinin isə 0,125 ha. sahəli hissəsi su kəmərinin ayırdığı sahədən mişar daşları ilə hörülmüş, kəmərin mühafizə zonasından sonrakı 0,025 sahəli hissə də həm kəmərin keçdiyi şimal, həm də cənub tərəfdən mişar daşları ilə hörülmüşdür. 1669 saylı bağ sahəsinin 0,125 ha. ölçülü hissəsindən, eləcə də 0,025 ha. ölçülü hissəsindən su kəməri istiqamətində qapı mövcuddur. 60 saylı bağ sahəsinin gediş-gəliş yoluna birbaşa çıxışı mövcuddur, 1669 saylı bağ sahəsinin isə yalnız 0,025 ha. ölçülü hissəsinin yola çıxışı mövcuddur.

5. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli Rəyindən görünür ki, iddiaçının yol kimi iddia etdiyi sahə 60 saylı bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsü daxilində deyil.Lakin arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 60 saylı bağın ərazisidir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1669 saylı bağ sahəsinə, həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələrin, o cümlədən darvazanın sökülməsi, gedişgəliş yolunun həmin hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1669 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh istifadəsində olan 60 saylı bağ sahəsi iddiaçının bağ sahəsi ilə həmsərhəd olmaqla qonşuluqdadır. İndiyə kimi tərəflər arasında digər predmetlər üzrə məhkəmə mübahisələri olmuşdur. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan bağ sahəsinin bir hissəsi zəbt edilərək zəbt olunan torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi tikilmişdir. Bununla əlaqədar olaraq iddiaçı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun qanuni istifadəsinə verilmiş torpaq sahəsinin boşaldılmasını tələb etmiş, məhkəmənin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və fərdi yaşayış evinin həmin əraziyə düşən hissəsinin sökülməsi, İlkin cizgi üzrə hasarın bərpa edilməsi Cavabdeh həvalə edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, şikayət təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya yönəlsə də, iddiaçı tərəfindən cavabdehə güzəşt edilmiş və tikilmiş evin sökülməməsi üçün evin faktiki ölçülərini nəzərə almaqla bölgü sxemi tərtib edilərək notarial qaydada imzalanmışdır. Həmin bölgü sxeminə əsasən, cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun istiladəsində qalması şərtilə sərhədlər müəyyən edilmiş və hasar iddiaçı tərəfindən inşa edilmişdir. Bundan sonra üç ildən artıq müddətdə aralarında hərhansı bir mübahisə olmamışdır. Bu müddət ərzində iddiaçı özünə məxsus olan bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata aldırmışdır. Bəhs edilən torpaq sahəsi iddiaçının mərhum anası X2 ayrılmışdır. Vərəsəliyin rəsmiləşməsi qaydasında iddiaçının adına keçirilməsi ilə bağlı bacısı İradə ilə aralarında olan anlaşmaya əsasən, bağ sahəsinin bir hissəsi yekunda iddiaçının bacısının mülkiyyətinə keçməli idi. Ayrılmış bağ sahəsinin ortasından "xxxx" ASC-yə məxsus olan su borusu çəkilmiş olması səbəbindən bağ sahəsi digər qonşu sahələrdə olduğu kimi iki hissəyə bölünmüşdür. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat zamanı bu fakt nəzərə alınmış və mərhum anasının adına bağ sahəsi biri 1669, biri isə 1669K ünvanı ilə qeydiyyata alınmış iki hissə olmaqla qeydiyyat aparılaraq müvafiq çıxarışlar verilmişdir. 1250 kv.metr hissə olan 1669 saylı bağ sahəsi iddiaçının mülkiyyətində qalmış, 250 kv.metr hissə olan 1669K saylı bağ sahəsini isə iddiaçı əvvəldən olan razılaşmamıza əsasən, bacısı İradəyə bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan əvvəl də, "xxxx" ASC-yə məxsus olan magistral su borusu çəkildiyi dövrdən, su borusunun mühafizə zolağı yol olaraq istifadə edilməkdədir. Bütün bu müddət ərzində, hətta, torpaq zəbti ilə bağlı məhkəmə mübahisəsi davam etdiyi müddətdə də iddiaçı bu yoldan istifadə etmişdir. Məsələ burasındadır ki, bağların sxematik xəritəsinə əsasən, bağ sahəsinə gedən yol, hal-hazırda iddiaçının bacısına bağışladığı sahənin aşağı tərəfinə nəzərdə tutulmuşdur. Lakin, sxematik xəritə tərtib edilən zaman magistral su xətti olmamışdır. Su xəttinin çəkilməsi sıra ilə bütün bağ sahələrinə öz təsirini göstərmişdir. Halhazırda iddiaçının bağ sahəsinə gəlmək üçün nəzəri cəhətdən iki yolu var. Biri bacısı İradəyə bağışlanmış 250 kv.m. lik hissədən keçir. 250 kv.m. bağ sahəsinin yol üçün ən azı 70 kv.m. hissəsi yol üçün bağlanmalıdır ki, bunu da ədalətli hesab etmək olmaz. Onsuz da iddiaçı bacısına daha artıq sahə vermək istəyirdi, lakin, texniki cəhətdən bunu etmək mümkünsüz oldu, çünki, 250 kv.m-lik hissəni qalan 1250 kv.m.lik hissədən borunun mühafizə zolağı ayırır. Digər variant isə, yolun magistral boru xəttinin perimetri boyunca nəzərdə tutulan, bu səbəbdən özəlləşdirilməsinə yol verilməyən, bu müddət ərzində yol kimi istifadə edilən yerdən keçməsidir ki, bu variant həm qanunvericilik, həm üçüncü şəxslərin maraqlarının qorunması, həm də optimallıq baxımından daha məqbuldur. İddiaçının mərhum anasına məxsus bağ sahəsində olduğu kimi, cavabdehin istifadəsində olan bağ sahəsi də magistral su borusu xətti ilə iki hissəyə bölünmüşdür. Boru xəttinin paylayıcı olan hissəsi də məhz iddiaçının bağını iki hissəyə bölən əraziyə düşdüyü üçün həmin hissənin maneəsiz keçidi təmin edilməlidir. Çünki, hər-hansı təmir, profilaktik yoxlama, hansısa xətlə bağlı işlərin "xxxx" ASC tərəfindən görülməsi üçün ilk növbədə məhz həmin paylayıcıya baxış keçirilir. Bu müddət ərzində dəfələrlə "xxxx" ASC əməkdaşları tərəfindən həmin hissəyə baxış keçirilməsinin, hansısa cari təmir işlərinin görülməsinin şahidi olunmuşdur. Ancaq hal-hazırda bu da mümkün deyil, çünki artıq 1 ilə yaxındır ki, su borusunun mühafizə zolağına aid olduğuna baxmayaraq, həmin hissə cavabdeh tərəfindən bağlanmışdır. İddiaçı faktiki olaraq bağ sahəsinə gedib-gələ bilmir. Yaxın zamanlarda su borusunun paylayıcısında işlərin görülməsi ilə bağlı əməkdaşların yerinə gedib çıxa bilməmələrinin, sonda kifayət qədər yaşlı əməkdaşların həmin maneələri aşmaq və alətləri oradan çətinkilə keçirmək məcburiyyətində qaldıqlarının şahidi olunmuşdur. Magistral su borusu xəttinin keçdiyi zolaq boyunca cavabdehin metal hasarı mövcud olmuş və su borusu xətti çəkildiyi vaxtdan həmin hissəyə hansısa maneələr quraşdırmamışdır. Tərəflər arasında bağlanmış barışıq sazişinin 2-ci bəndində qeyd edilmiş ki, tərəflər təsdiq edir ki, Ağaşirinovun magistral su xəttinə paralel olaraq mövcud hasarı və digər qonşu — 61/1671 saylı bağ sahəsi ilə sərhəd xətti metal hasardır. Göründüyü kimi, magistral su xəttinə paralel olaraq mövcud hasar olmuşdur. İddiaçı gedişgəliş yolunun müəyyən olunması üçün öz hesabına ekspertiza keçirilməsi üçün sifariş vermiş və müvafiq rəy alınmışdır. Ekspert rəyinin məzmunundan müəyyən edilir ki, bağların sxematik xəritəsinə əsasən, ilkin olaraq bağlara gəlməli olan yol daha aşağıdan müəyyən edilmiş olsa da, sonradan magistral su boru xəttinin çəkilməsi ilə əlaqədar müəyyən qaçılmaz dəyişikliklər baş vermişdir. Belə ki, magistral su borusu xətti bəhs edilən bağların sırasından keçirilmiş olduğu üçün sırada olan bütün bağlar faktiki olaraq iki təcrid olunmuş hissəyə parçalanmışlar. Bundan əlavə, magistral su borusu xəttinin mühafizə zolağı müəyyən edilmişdir ki, həmin hissənin mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına, eləcə də həmin hissədə hansısa əsaslı tikinti işlərinin aparılmasına qanunvericiliklə qadağa var. Magstral su borusu xəttinə paralel olaraq isə, ərazinin avtomaşın yolu kimi istifadə edilməsi mümkündür. Belə olduqda, iddiaçıya məxsus bağ sahəsinə gəlmək üçün yeganə variant hal-hazırda mübahisələndirilən sahədir. Çünki, ilkin olaraq 1669 saylı bağ sahəsi olaraq ayrılmış, sonradan magistral su borusu xəttinin mövcudluğu ilə əlaqədar 1669k ünvanı ilə qeydiyyata alınmış bağ sahəsi artıq digər şəxsin mülkiyyətindədir və ekspert rəyindən də məlum olduğu kimi, onsuz da kiçik sahəsi olan 1669k saylı bağ sahəsinin bir hissəsinin də iddiaçıya gələn yol üçün alınması həm ədalətsizlikdir, həm də bu variant digər alternativin olmadığı halda nəzərdən keçirilə bilərdi. İddia tələbi üzrə cavabdeh tərəfindən gediş-gəliş yolunun bağlanılması ilə iddiaçının mülkiyyətində olan bağ sahəsindən sahiblik və istifadəyə maneələr yaradılmışdır. Bu maneələrin aradan qaldırılmasını iddiaçı dəfələrlə tələb etsə də nəticəsi olmamışdır. Hal-hazırda da cavabdeh tərəfindən bu cür hərəkətlər davam etdirilir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, "xxxx" ASC-yə məxsus olan magistral su borusu çəkildiyi dövrdən su borusunun mühafizə zolağı heç də qeyd olunan kimi yol olaraq istifadə edilməmişdir. Çünki, iddia ərizəsində də qeyd edildiyi kimi, "xxxx" ASC-yə məxsus olan magistral su borusu ayrı-ayrı şəxslərə məxsus olan torpaq sahələrinin demək olar ki ortasından keçməklə, həmin torpaq sahələrini şərti olaraq 2 hissəyə ayırmışdır. Mühafizə zolağı hesab edilən hissədən də yalnız həmin torpaq sahələrinin sahiblərinin sahibləri və zərurət olduqda "xxxx" ASC-nin əməkdaşları istifadə edirlər. Yəni, nə magistral su borusunun çəkildiyi vaxtdan əvvəl, nə də sonra qeyd olunan yerdə hər-hansı yol olmamış, hazırda da yoxdur. Sözügedən 60 saylı bağ sahəsi 16 noyabr 2001-ci il tarixli Bağın icarəyə verilməsi haqqında 15436 saylı müqaviləyə əsasən cavabdehə icarəyə verilmiş, həmin vaxtdan da sözügedən bağ sahəsi cavabdehin sahiblik, istifadə və mülkiyyətindədir. Hazırki iddia tələbi açıq-aşkar şəkildə əsassız olmaqla hüquqdan sui-istifadədir. İddia ərizəsində göstərildiyi kimi, 1669 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olmuş, sonradan bağın bir hissəsini bacısına bağışlamışdır. Həmçinin, ərizədə qeyd olunur ki, güya ki, bağışlanmış torpaq sahəsinin ölçüsü cəmi 250 kv.metrdir. halbuki, reallıqda həmin ərazi göstəriləndən təxminən 3 dəfə böyükdür. Həmin torpaq sahəsinin kənarı ilə iddiaçıya yol verilməsi ən optimal variantdır. Hazırki iddia tələbi həm də ona görə absurddur ki, hazırki iddia təmin edilsə belə, gərək iddiaçı ən azı daha 20 nəfər qonşuya qarşı eyni tələblə məhkəməyə müraciət etsin. Sonra Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5190/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5190/2021 saylı, xx.xx.2021-ci il qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, iddiaçı tərəfindən 1669k saylı bağ Sahəsinin bağışlanma əsasında özgəninkiləşdirilməsini mövcud olan əlaqə xətlərinin özbaşına ləğv edilmə kimi qiymətləndirmişdir. Halbuki, həmin sahə əvvəldən ayrıca daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmış və bağışlama tərəflərinin şifahi razılığına əsasən sənədləşdirilmişdir. Bağışlama müqaviləsi üzrə tərəflər etibarlı ailə ıpünasibətləri zəminində bir-birinə vicdanlı davranmışlar. Əks halda, 1669k saylı bağ sahəsinin indiki mülkiyyətçisi, iddiaçı ilə birlikdə vərəsə olaraq hər ki sahənin paylı mülkiyyətçisi olacaqdı və sonra aralarında naturada bölgü olunmaqla yenə də indiki mülkiyyət hüquqlarına sahib olacaqdılar.

12. Apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-texniki –tikinti ekspertizası təyin olunmuş, lakin rəy verilməsindən imtina olunaraq mülki iş məhkəməyə qaytarılmış, həmçinin daha sonra iddiaçı vəfat etdiyindən, məhkəmənin 28.11. 2022-ci il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi müəyyən olunanadək iş üzrə icraat dayandırılmışdır.

13. İddiaçının hüquqi varisi X3 müəyyən edildikdən sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-texniki –tikinti ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi məhkəməyə daxil olmuş və işin icraatı təzələnmişdir.

c) Apellyasiya şikayətinə yazılı etiraz

14. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisinin vəkili (nümayəndəsi) iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır.

23. Belə ki, işin faktiki hallarına əsasən iddiaçı və cavabdeh qonşu torpaq sahələrinin mülkiyyətçiləridirlər.

24. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda yerləşən və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolu təmin edən torpaq sahəsində özbaşına hasar və darvaza inşa etmişdir.Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış mümkünsüz olmuşdur.

25. Cavabdehin özbaşına inşa etdiyi hasar və darvazanın cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda yerləşməsi iş materialları ilə sübut olunur.

26. Belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə-tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyindən görünür ki, iddiaçının yol kimi iddia etdiyi sahə 60 saylı bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsü daxilində deyildir.

27. Həmin Rəydə arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli tikili olan torpaq sahəsi 60 saylı bağın ərazisinə düşməsi qeyd edilməsi vəziyyəti cavabdehin xeyrinə dəyişmir.

28. Belə ki, 60 saylı bağın ərazisinə mülkiyyətə dair çıxarış verilərkən bağ sahəsinin düzgün olan sxematik xəritəyə uyğunlaşdırılması aparılmaqla cavabdehin adına çıxarış verilmişdir.

29. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda yerləşən və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolu təmin edən torpaq sahəsində özbaşına hasar və darvaza inşa etməklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışı mümkünsüz etdiyindən iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5190/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia təmin olunmalıdır.

30. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən ekspertiza rəyi ilə razılaşmamağa əsaslar görmür.

32. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi verilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin kadastrbaza məlumatları üzrə mütəxəssis rəyinə də istinad olunmuşdur.

33. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5190/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5190/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. İddiaçının (hüquqi varisin) mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1669 saylı bağ sahəsinə, həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələr, o cümlədən darvaza sökülsün, gediş-gəliş yolunun həmin hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat, cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar