Məhkəmə qərarları › İş №2(103)-320/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-320/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-320/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Baki Şifer və Keramika'' ASC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər:maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X2 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İş üzrə üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 1991-ci ildən “Bakı Aspest-Şifer və X1”nda peşə xəstəliyinə görə 2-ci qrup əmək əlili olmuşdur. Sonradan müəssisə "xxxx" ASC adlandırılmışdır. İddiaçının əlillik vəziyyəti xx.xx.1999-cu ildə ilkin qiymətləndirilmiş və “Peşə xəstəliyi” səbəbindən (əmək qabliyyətinin 80% itirilməsi ilə) müddətsiz ikinci dərəcə əlillik təyinatı almışdır. Müəssisədən 2012-ci ilin sonuna kimi 48 manat aylıq zərərin ödənilmə məbləği ödənilmişdir. 1 yanvar 2013-cü ildən indiyədək ümumiyyətlə aylıq zərərin ödənilmə məbləği ödənilməmişdir.

2. Tərəflər arasında bundan əvvəl də çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Belə ki: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 242/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə və "Baki Şifer və Keramika'' ASC-yə qarşı "2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi'' tələbinə dair iddiası rədd edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5354/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "Baki Şifer və Keramika'' ASC-yə qarşı "avtomobil və yaxud pulun ödənilməsi'' tələbinə dair iddiası rədd edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-405/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "Baki Şifer və Keramika'' ASC, "Sosial Xidmətlər Agentliyi'' X5rşı "maddi və mənəvi zərərin ödənilməsi'' tələbinə dair iddiası təmin edilməmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 1792/2021 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında bu suallar qoyulmuşdur: 1). 1992-ci ilin sentyabrın 1-dən 2012-ci ilin dekabrın 31-dək İddiaçı əmək qabiliyyətinin itirməsi ilə əlaqədar dəymiş zərərin "Baki Şifer və Keramika'' ASC tərəfindən ödənilməmiş hissəsi nə qədər təşkil edir (illər və aylar üzrə)? 2). 2012-ci ilin dekabrın 31-dən indiyə kimi İddiaçı "Baki Şifer və Keramika'' ASC tərəfindən ödənilməli olan aylıq zərərin məbləği nə qədər təşkil edir (illər və aylar üzrə)? Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/7315 nömrəli ekspert rəyi ilə rəy verilməsindən imtina olunmuşdur. Belə ki, "Baki Şifer və Keramika'' ASC tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən "özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi'' haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarın bu hala şamil olunmasını müəyyən etmək mümkün olmamışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 154/2022 saylı qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, eyni səbəbdən rəy verilməsi mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "Baki Şifer və Keramika'' ASC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən 330.000 (üç yüz otuz min) manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildən “Bakı Aspest - Şifer və X1”nda peşə xəstəliyinə görə o, 2-ci qrup əmək əlili olmuşdur. Sonradan müəssisə "xxxx" ASC adlandırılmışdır. 1991-ci ildə aylıq zərərin ödənilmə məbləğinin təyin olunması üçün iddiaçının orta aylıq əmək haqqı düzgün hesablanmamışdır. Qanuna müvafiq olaraq son 12 ayın əmək haqqından natamam iş günləri olan aylar (xəstəlik arayışları, məzuniyyət, ali məktəbdə semestr ayları) çıxarılaraq əvvəlki ilin tam iş günləri olan ayları ilə əvəz edilməklə tam iş günləri olan 12 ayın orta aylıq əmək haqqına və əmək qabiliyyətini itirmə faizinə görə aylıq zərərin ödənilmə məbləği təyin olunur. İddiaçının orta aylıq əmək haqqı 432,93 sovet rublu götürülməliydi (son ilin 13-cü əmək haqqı da hesablanır), əmək qabiliyyətini 80 faiz itirdiyinə görə 1991-ci ildə 346,34 sovet rublu aylıq zərərin ödənilmə məbləği təyin olunmalıydı. Halbuki, 286,24 sovet rublu təyin edilmişdir. Əmək əlilləri müəssisələrin əlil olmuş işçiləridir, onların öz orta aylıq əmək haqlarına və əmək qabiliyyətlərini itirmə faizinə görə aylıq zərərin ödənilmə məbləğləri hesablanır, ödənilməsi təmin edilir. Qanunvericiliklə bütün əmək haqları, eləcə də əmək əlillərinin orta aylıq əmək haqları hər il respublika üzrə minimum əmək haqqı artımlarına görə indeksasiya olunmaqla artırılmalı olsa da, buna əməl olunmamışdır. Müəssisədən 2012-ci ilin sonuna kimi 48 manat aylıq zərərin ödənilmə məbləği ödənilmişdir. 1 yanvar 2013-cü ildən indiyədək ümumiyyətlə aylıq zərərin ödənilmə məbləği ödənilməmişdir. 1992-ci ildən indiyədək hər il dəfələrlə müəssisə "xxxx" ASC rəhbərliyinə, bütün yuxarı dövlət instansiyalarına və məhkəmələrə aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin olunması, ödənilməmiş məbləğin ödənilməsi üçün iddiaçının çoxsaylı müraciətləri nəticəsiz olmuşdur. Vaxt itkisinə, nəqliyyat xərclərinə, minlərlə ərizənin kompüterdə yazılması, on minlərlə arayışların surətlərinin çıxarılması xərclərinə, fiziki və mənəvi ziyana görə 15.000 manat əlavə kompensasiya ödənilməlidir. İndiyədək ödənilməmiş 336.000 manat aylıq zərərin ödənilmə məbləği də əlavə olunmaqla, cəmi vurulmuş 351.000 manat ziyan AR Konstitusiyasının 68-ci maddəsinə görə müəssisə tərəfindən, yaxud dövlət büdcəsindən ödənilməlidir. ƏƏSM Nazirliyi nəzarətedici dövlət orqanı olsa da, aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin olunması və ödənilməsinin təmin olunmasını həyata keçirməmişdir. Baş nazirin iddiaçıya ödənilməli “Aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin edilməsi və yenidən hesablanmasına dair” xx.xx.2013-cü il tarixli, 033313 nömrəli “Göstərişi”nə müəssisə rəhbəri, nə ƏƏSM Nazirliyi, nə də Nazirlər Kabineti əməl etməmişdir. İddiaçı müəssisədə 2000-ci ildən avtomobil növbəsinə dayanmışdır. İstismar müddəti 10 il götürüldüyündən indiyədək 3 ədəd avtomobil verilməli idi, yaxud 100 faiz dəyərləri ödənilməli idi, azı 60.000 manat da buna görə müəssisənin iddiaçıya borcu vardır. Nəqliyyat pulu da ödənilməlidir. İddiaçıya dair bütün mühasibatlıq məlumatları, orta aylıq əmək haqqını hesablamaq üçün son 2 ilin əmək haqqı, 2012-ci ilin sonuna kimi ayda 48 manat ödəniş edilməsi, 1 yanvar 2013-cü ildən indiyədək heç bir ödəniş olmaması barədə müəssisənin, 5 saylı region üzrə X3 arayışları ərizəyə əlavə olunmuşdur. 2014-cü ilin mart ayından 2025-ci ilin mart ayına qədər müəssisənin fəaliyyətinin müvəqqəti dayanması barədə Vergilər Nazirliyinin məktubları, eləcə də bütün təsdiqləyici arayışlar iddia ərizəsinə əlavə olunmuşdur. Müəssisədən əlavə mühasibatlıq məlumatlarına lüzum yoxdur, müəssisənin ona aid ola biləcək əlavə mühasibatlıq məlumatları ümumiyyətlə yoxdur. Ödənilməli məbləğ iddiaçının öz orta əmək haqqının respublika üzrə minimum əmək haqqı artımlarına uyğun indeksasiya olunması ilə hesablanmışdır. Yəni müəssisə "xxxx" ASC-nin də aid olduğu “Tikinti materialları istehsalı” sahəsində əmək haqlarının illər üzrə respublika üzrə minimum əmək haqqı artımlarına görə indeksasiya olunması qaydasında iddiaçının orta aylıq əmək haqqı illər üzrə minimum əmək haqqı artımlarına görə indeksasiya olunmuş və ödənilməmiş aylıq zərərin ödənilmə məbləği hesablanmışdır. Hesablamanı ali təhsilli, iqtisadçı mühasib mütəxəssis olaraq iddiaçının özü aparmışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 442/2024 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd edilmişdir.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmasına, iddiaçının iddia ərizəsində qeyd etdiyi aylıq zərərin ödənilmə məbləğinin düzgün hesablanmadığına və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkməsi başqa bir işdə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 154/2022 saylı iş hakim Cəmilə Musayeva) olan nəticəsiz ekspertiza rəyinə istinad etməsi əsassızdır. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti onun işinə aid olmayan müəssisə üzrə mühasibatlıq məlumatlarının olmamasını bəhanə edərək ödəniləcək məbləğin hesablanmasını mümkün hesab etməmişdir. Ona aid mühasibatlıq məlumatlarının işdə olmasına əhəmiyyət verməmişdir. Ona ödəniləcək məbləğ öz əmək haqqına görə illər üzrə onun miniumum əmək haqqı artımlarına uyğunlaşdırılmaqla hesablanmalıdır. Hesablamanı qanuni və düzgün aparıb, iddia tələbi tam əsaslandırılmışdır, bütün lazimi sənədlər işə əlavə olunmuşdur, təmin olunmalıdır. Bundan başqa Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarının onun iddia tələbinə adiyyatı yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 5 saylı Region Üzrə X4 tərəfindən cavabdeh müəssisənin rəhbərinə ona verilən zərərə görə ödənc məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləğinin 3.5-ci bəndinə əsasən yenidən hesablanaraq ödənilməsi barədə xx.xx.2013-cü iltarixli 033313 nömrəli göstəriş verimişdir. Lakin işə götürən verilmiş göstərişi yerinə yetirmədiyindən barəsində xx.xx.2013-cü il tarixli,002955 nömrəliinzibati xəta haqqında protokol tərtib edilərək,xx.xx.2014-cü cü il tarixli 003523 nömrəli İnzibati Xəta haqqında qərar ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bu bir daha sübuta yetirilir ki, cavabdeh tərəfindən ödənişlər edilməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İş üzrə üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sonuncu məhkəmə iclasında iştirak etməsə də, o, ekspertiza təyin olunana qədər keçirilən məhkəmə iclaslarında iştirak etmiş və apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı:

məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

23. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

24. Birinci instansiya məhkəməsi tədqiq olunan sübutlara məcmu halında qiymət verərək və sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək hesab etmişdir ki, araşdırma zamanı cavabdehin iddiaçıya zərər vurulmasında təqsiri müəyyən edilməmişdir.

25. Birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq ekspertizalar təyin olunsa da, ekspert tərəfindən rəy verilməsi mümkün olmamışdır. Buna görə də apellyasiya baxışı zamanı yenidən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında 1992-ci ilin sentyabrın 1-dən 2012-ci ilin dekabrın 31-dək İddiaçı "Baki Şifer və Keramika'' ASC tərəfindən ödənilməli olan aylıq zərərin məbləğinin nə qədər təşkil etməsi (illər və aylar üzrə) və 2012-ci ilin dekabrın 31-dən bu günə qədər olan dövr üçün İddiaçı "Baki Şifer və Keramika'' ASC tərəfindən ödənilməli olan aylıq zərərin məbləği nə qədər təşkil etməsi ilə bağlı suallar oyulmuşdur. Lakin iş üzrə zəruri olan sənədlər təqdim edilmədiyindən ekpsert rəy verməkdən imtina etmişdir.

26. Göründüyü kimi, iddia tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

28. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar