Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3204/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2237/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 65-ci kmdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Lada 21214” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı etibarnamə əsasında idarə etdiyi “Mitsibushi Mirage” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.
2. Hadisə ilə bağlı aparılmış araşdırma nəticəsində, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir.
3. İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7027-8/2418 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “AUTO COLORS” Avtoservis tərəfindən tərtib edilmiş qüsur aktında 2013-cü il buraxılışlı “MİTSUBİSHİ MİRAGE” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6.335 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələri qiyməti 3.310 manat, təmir-bərpa işlərinin qiyməti 3.025 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.000 (altı min) manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 80 (səksən) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 65-ci kmdə Cavabdeh idarə etdiyi “Lada 21214” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi “Mitsibushi Mirage” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər qızı X6 və oğlu X7 xəsarət almışdır. Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, Cavabdeh və onun izahatı da alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Məhkəmə-kimya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1570/K saylı rəyinə əsasən, qanında heç bir etil spirti aşkar edilməmişdir. Avtomobili xx.xx.2023-cü il tarixli 6069 saylı kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, illik faizi 23% olmaqla 8600 (səkkiz min altı yüz) manat məbləğində kreditlə əldə etmişdi. Qəzadan sonra avtomobili idarə etmədiyi halda bu günədək hər ay lizinqə 333 (üç yüz otuz üç) manat məbləğində pul ödəyir. Online işlərdə işləyərək çox çətinliklə ödəniş edir. Avtomobil təmir olunmadığına görə qəzaya düşdüyü vaxtdan bu günədək istifadə olunmamışdır. Avtomobil olmadığına görə taksidən istifadə etməli olur, buna da maddi imkanı çatmır. Qeyd edir ki, övladları X6 və oğlu X7 qəza baş verərkən həm xəsarət almışlar həm də psixoloji sarsıntı keçirmişlər. Belə ki, MTE və PA birliyi hüquqi şəxsin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 75 saylı rəyə əsasən, oğlu X2 bədəni üzərində qarnın ön divarının yumşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Həmin xəsarət qəza baş verən zaman bərk küt əşyanın təsirindən yaranmışdır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə MТЕ və PA birliyi hüquqi şəxsin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 76 saylı rəyə əsasən, qızı X3 bədəni üzərində sol ayaq pəncəsinin yumşaq ayaq-baldır oynağının gərilməsi aşkar olunmuşdur. Həmin xəsarət də qəza baş verən zaman bərk küt əşyanın təsirindən vararmışdır. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Təhmuraz Səmədov tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmaqla onun idarə etdiyi “Mitsibushi Mirage” ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona və övladlarına ehtiyatsızlıqdan dərəcələrinin təyin edilməməsi barədə xx.xx.2024-cü il tarixli Cinayət işi başlanılmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər X1-Psixiatr Komissiyasının xx.xx.2024cü il tarixli, 105-712 saylı protokoluna əsasən, oğlu X4 xx.xx.2024-cü ildə baş vermiş qəza ilə əlaqədar qorxu yaranmış, həmin qorxu onun həyat şəraitini çətinləşdirmiş, gecələr sidik qaçırma halları, iştahı azalma və yuxu problemi yaranmışdır. Qəzadan sonra müstəqil ekspertin rəyinə görə avtomobilin təmiri üçün tələb olunan xərclərin cəmi 7.155 (yeddi min yüz əlli beş) manat məbləğində müəyyən olunmuşdur. Lakin 5.000 (beş min) manat məbləğində sığorta ödənişi olunmuşdur ki, həmin məbləğin 4.330 (dörd min üç yüz otuz) manatını avtomobilin sıradan çıxmış ehtiyyat hissələrinə xərcləmişdir. Avtomobilin təmiri üçün cavabdehə müraciət etdikdə isə ona “Get hara istəyirsən şikayət elə, əlindən gələni elə, heç kimdən qorxmuram” deyə cavab verir. Yuxarıda qeyd etdiklərinə əsasən bildirmək istəyir ki, Cavabdeh Nləcməddinoviç ona ümumilikdə 6.000 (altı min) manat məbləğində ziyan vurmuşdur.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11:20 radələrində idarə etdiyi «Lada 21214» markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 65-ci km ilə hərəkət edərkən «Mitsubushi Mirage» markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vuraraq toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mitsubushi Mirage» markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər dərəcəsi təyin olunmayan xəsarət almışlar. İddiaçı ona qarşı irəli sürdüyü iddia ərizəsinə etiraz edərək bildirir ki, «Mitsubushi Mirage» markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil arxa tərəfindən vurulmuş və dəymiş ziyan isə şişirdilərək sığorta şirkəti tərəfindən yüksək göstərilmişdir. Həmin avtomaşının bazar qiyməti 11.000 manat təşkil edir, sığorta isə 7.155 manat dəymiş ziyanı qeyd etmişdir. Lakin dəymiş ziyanda 5.000 manatı sığorta şirkəti İddiaçı ödəmişdir. O, özü həmin avtomobili təmir etdirmək istəmiş və maşın ustaları təmirə görə ondan 2.000 manat pul tələb etdilər, lakin iddiaçı onunla razılaşmayaraq sığorta şirkəti tərəfindən ödənilməsini tələb etmişdir. Bütün bunlara baxmayaraq sığorta şirkəti iddiaçıya avtomobilə dəymiş ziyanla bağlı 5.000 manat pul ödəmişdir. İddianın rədd edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7027-8/2418 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “AUTO COLORS” Avtoservis tərəfindən tərtib edilmiş qüsur aktında 2013-cü il buraxılışlı “MİTSUBİSHİ MİRAGE” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6.335 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələri qiyməti 3.310 manat, təmir-bərpa işlərinin qiyməti 3.025 manat müəyyən edilir
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2237/2024 saylı, 18 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 1.335 manat pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 6.000 manat kimi göstərmişdir. Ekspertiza rəyi ilə isə həmin məbləğ 6.335 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlmişdir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 6.335 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
11. Daha sonra məhkəmə qeyd etmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyanın 5.000 manat hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsi nəzərə alınmaqla, qalan 1.335 manat hissəsi pul tutulmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1097.1 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək, işin bütün hallarının yenidən araşdırılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 11:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 65ci km-də idarə etdiyi “Lada 21214” markalı 77CK221 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən həmin an İddiaçı etibarnamə əsasında idarə etdiyi “MİTSUBİSHİ MİRAGE” markalı, ** AM *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobildə olan sərnişinlər, iddiaçının azyaşlı övladları yüngül bədən xəsarətləri almışlar. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış və barəsində AR İXM-nin 327.1ci maddəsi ilə İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və hadisə zamanı digər nəqliyyat vasitəsinə dəymiş zərər ilə bağlı "xxxx" ASC tərəfindən 5.000 (beş min) manat məbləğində sığorta ödənişi verilmişdir. Lakin buna baxmayaraq iddiaçı hazırkı iddia tələbini irəli sürərkən özünü qeyri-səmimi apararaq baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş həqiqi ziyan məbləğini məhkəmədən gizlətmiş, habelə “Auto Colors” avtoservisə müraciət edərək qəsdən özündə şişirdilmiş ziyan məbləğini əks etdirən qüsur aktını almağa nail olduqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə həmin hissədə etiraz və dəlillərə qəsdən hüquqi qiymət verməmişdir. Əgər İddiaçı məhkəməyə təqdim etdiyi “Auto Colors” Avtoservis tərəfindən tərtib edilmiş qüsur aktı ilə hazırkı apellyasiya şikayətinə əlavə edəcəyi qüsur aktı müqayisə edilsə iddiaçının qəsdən ona dəymiş ziyanın məbləğini şişirtməyə nail olmağa çalışmış olduğunu, əslində ona “Auto Colors” Avtoservis tərəfindən tərtib edilmiş qüsur aktında hesablanmış 5.000 (beş min) manat məbləğində ziyan dəydiyi, onun həmin ziyan məbləği ilə razı olduğunu və nəticə etibarı ilə həmin məbləği qəbul etdiyini, habelə qeyd olunanları məhkəmədən gizlətdiyini açıq aydın görünər. Sadəcə ora qeyri-rəsmi xidmət haqqı verilərək oradan şişirdilmiş qiymətlərlə qüsur aktı alınmışdır. Həmin qüsur aktının həqiqiliyi şübhə altındadır. İddiaçı avtomobilinə 7.155 (yeddi min bir yüz əlli beş) manat məbləğində ziyan dəydiyini və həmin məbləğdə avtomobilinin təmirinə pul xərclədiyini sübuta yetirən qəbzləri məhkəməyə təqdim etməmiş, lakin məhkəmə bu hissədə iddiaçının heç bir mötəbər sübut təqdim etmədiyinə baxmayaraq iddianı əsassız olaraq təmin etmişdir. Belə ki, həmin qüsur aktı tərtib edilərkən həmin akta “MİTSUBİSHİ MİRAGE” markalı avtomobilin ehtiyyat hissələrinin göstərilən qiymətlərini sübuta yetirən qaimə fakturaları əlavə edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi yalnız AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspert rəyinə əsaslanmış və əsassız olaraq qətnamə qəbul etmişdir. Halbuki məhkəmədə təhlil olunmuş ekspert rəyi ilə razı olmadığını, etiraz olaraq iş üzrə təkrar ekspertizanın keçirilməsini tələb etsə də, lakin işə baxan birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, hətta baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı BDYP-nə sorğu verilərək iş üzrə materialların əldə edilərək məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatət versə də bu halı da nəzərə almamış, qəsdən, bilərəkdən, əsassız və qeyri-formal mülahizələrə əsaslanaraq məhkəmə qətnaməsi qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2237/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində qeyd edildiyi kimi ekspertiza keçirilməsinə etiraz edir. Həmçinin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək nəzərə alınmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
22.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 23.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 27.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 28.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 29.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
30.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 31.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 35.Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 36.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 37.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyəti təqsirindən asılı olmayaq yaranır. 38.İş materiallarından göründüyü kimi, “Lada 21214” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh olmuşdur. O, mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olmuş qanunsuz hərəkətlərə yol verməklə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə əsasən 2013-cü il buraxılışlı “Mitsubishi Mırage” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 6.335 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində etdiyi 2013-cü il buraxılışlı “Mitsubishi Mırage” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi-iddiaçıya 5.000 manat məbləğində sığorta ödənişi verilmişdir. 39.İşə baxan birinci instansiya məhkəməsi tərəfindən də qanunvericiliyin yuxarıda qeyd olunan normalara uyğun olaraq, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirli olması müəyyən edilmişdir. Əksini, yəni onun yuxarıda qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşımadığını, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini, həmçinin dəymiş zərərin daha az məbləğdə olduğunu təsdiq etmək üçün hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 40.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında daşıdığı mülki məsuliyyət həddi, yəni müəyyən edilmiş zərərin məbləği barədə gəldiyi qənaət ilə də razılaşır. Avtomobilin əvvəlki vəziyyətini bərpa etmək üçün iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə xərc çəkməli olduğu ağlabatandır və cavabdeh bu məbləğin daha az olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. 41.Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına pozulmuş hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.
42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
45. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 1.335 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2237/2024 saylı, 18 dekabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev